Bu gün etibarlılıq, fakt yoxlanışı və ictimai etimad əsas dəyərə çevrilib Əhməd İsmayılov
Согласно информации сайта Day.az, сообщает Icma.az.
Dövlət orqanlarının kommunikasiyaya məsul şəxslərinin və jurnalistlərin təcrübə mübadiləsinin, hər iki ölkənin ictimai rəyinin formalaşmasında ciddi təsir imkanına malik şəxslərinin şəbəkələşməsinin təşkil olunması birgə platformamızın əhəmiyyətinin göstəricisidir.
Day.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.
O bildirib ki, ötən il Daşkənd şəhərində keçirilmiş Özbəkistan-Azərbaycan Media Forumu "Rəqəmsal dövrdə həqiqət axtarışında: Dezinformasiyaya qarşı mübarizə" adlanırdı:
"Texnoloji inkişaf özü ilə birlikdə sərhədləri aşan, ölkələrin informasiya mühitini çirkləndirən nüanslar da gətirməkdədir. Bu kontekstdə dezinformasiyaya qarşı mübarizə ölkələrimiz üçün prioritet təşkil edən məsələlərdəndir. Xatırlayırıq ki, forum çərçivəsində aparılan müzakirələrdə bu məsələlər ətrafında maraqlı fikirlər səslənmiş, atılacaq addımlarla bağlı praktik tövsiyələr verilib. Bu dəfəki forumumuz da media gündəminin daim diqqətdə saxladığı və jurnalistikanın müasir inkişaf tempindən irəli gələn mövzuya - "Rəqəmsal transformasiya və media" məsələsinə həsr olunmuşdur. Qeyd edək ki, bugünkü müzakirəmizin mövzusu - rəqəmsal transformasiya və media - sadəcə texnoloji yenilikləri ehtiva etmir, eyni zamanda cəmiyyətlərin informasiyaya münasibətini, media kontentinin dərk edilməsini, bütövlükdə jurnalistikanın gələcəyini şərtləndirən, onu köklü şəkildə dəyişdirən bir prosesi nəzərdə tutur".
O qeyd edib ki, indi xəbərlər yalnız ənənəvi media modelləri olan qəzet səhifələrində və ya televiziya ekranlarında deyil, mobil telefonların ekranlarında, sosial şəbəkə lentlərində və süni intellekt tərəfindən hazırlanmış analitik platformalarda formalaşır.
"Əgər ötən illərdə əsas prioritet informasiyanın sürətli çatdırılması idisə, bu gün etibarlılıq, fakt yoxlanışı və ictimai etimad əsas dəyərə çevrilib. Bu prosesi, qlobal trendləri təhlil edərkən belə qənaətə gələ bilərik ki, medianın gələcəyi təkcə jurnalistlərin deyil, bütün ictimai institutların birgə səylərindən asılıdır. Rəqəmsal transformasiya qarşısında seçimimiz yoxdur - biz bu prosesin müşahidəçisi yox, fəal iştirakçısı olmalıyıq. Əminik ki, forum çərçivəsində qarşılıqlı əməkdaşlıq, bilik və təcrübə mübadiləsi ilə bu texnoloji tərəqqini ölkələrimizin inkişafı, vətəndaşlarımızın daha keyfiyyətli informasiya təminatı üçün üstünlüyə çevirə bilərik" - deyə o vurğulayıb.


