Amerika və Azərbaycan postmodernist şairlərinin yaradıcılığı müqayisəli tədqiq edilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın elmi məqaləsi Avropanın “E-REI – E-Journal of Intercultural Studies” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Scopus” indeksli bu beynəlxalq elmi jurnal mədəniyyətlərarası elmi tədqiqatlara dair aktual mövzulara yer verir.
Məqalə “Postmodern poeziyada poetik təsvir və çağırışlar: Amerika və Azərbaycan poeziyasının müqayisəli təhlili” adlanır. Tədqiqatda Amerika və Azərbaycan postmodernist şairlərinin yaradıcılığı müqayisəli şəkildə araşdırılır, postmodern ədəbi-estetik xüsusiyyətlər – fraqmentləşmə, mədəni simvollarla oyun, miflərin dekonstruksiyası, ironiyaya və hiperreallığa əsaslanan ifadə vasitələri təhlil olunur.
Müəllif, həmçinin postmodernizmdə mənaların qatlaşması və fərqli mədəni kodların iç-içə keçməsi məsələlərini elmi əsaslarla izah edib. Bu araşdırma müxtəlif mədəni mühitlərdə postmodern poeziyanın ümumi və fərqli cəhətlərini üzə çıxararaq gələcək tədqiqatlar üçün ciddi nəzəri baza formalaşdırır.
Bu elmi uğur Azərbaycan humanitar elminin beynəlxalq miqyasda nüfuzunun artmasına, eləcə də milli ədəbiyyatımızın dünya kontekstində daha geniş tanıdılmasına töhfə verir.


