Çətin görüşdə qələbəyə inanan Sabah klubu Selye ilə qarşıdurmada nə vəd edir?
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Anar Həsənov yazır...
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Selye" (Sloveniya) ilə qarşılaşacaq "Sabah" klubunu sabah çətin görüş gözləyir. "Selye" Sloveniya futbolunda özünü təsdiqləmiş, Avropa səviyyəsində sürprizlər etməyə meyilli klublardan biridir. Dinamik oyunları və gənc futbolçulara əsaslanan sistemləri ilə tanınırlar. Xüsusilə öz meydanlarında aqressiv və sürətli templə oynamağı sevirlər.
İyunun 20-də "Sabah" klubu litvalı tanınmış mütəxəssis Valdas Dambrauskasla üçillik müqavilə imzaladı. Bu təyinat təkcə məşqçi dəyişikliyi deyil, həm də klubun gələcək layihələrinin təməlidir.
Dambrauskasın bioqrafiyasında Litva, Latviya, Bolqarıstan və Xorvatiyada qazandığı titullar var. O, "Ludoqorets"lə UEFA qrup mərhələlərində uğurla çıxış etmiş, "Hayduk Split" və "Qoritsa" kimi klublarda sistemli futbolun tərəfdarı kimi tanınıb. Onun əsas üstünlüyü - gənc futbolçularla işləmək bacarığı, təzyiq altında qərar vermə çevikliyi və təkmilləşmiş pressinq sistemidir. Hətta jurnalistlərə açıqlamasında da qeyd etmişdi ki, "bu il bizdən çoxlu qollar gözləyin".
Əlbəttə, istər futbol azarkeşləri, istərsə də idman ictimaiyyəti hər klubdan bol qollu və maraqlı futbol tamaşası gözləyir. Bu qarşılaşma üçün Dambrauskasın istifadə edəcəyi 4-2-3-1 və ya 4-3-3 formatı ilə "Sabah" topa nəzarəti ələ alaraq, cinahlardan sürətli hücumlarla rəqibi təzyiq altına salmağa çalışacaq. Azərbaycan klubları üçün avrokuboklarda I və II təsnifat mərhələləri çox vaxt səddə çevrilir. Lakin bu dəfə "Sabah" həm daha balanslı heyət, həm peşəkar texniki heyət, həm də daxili motivasiya baxımından uğur qazanacaqlarını vəd edir.
Azərbaycan futbolu üçün yeni nəfəs ola biləcək "Sabah" bu yay etdiyi dəyişikliklərlə avrokuboklarda ən azı iki mərhələ keçmək gücündədir. "Sabah" FK Valdas Dambrauskasın rəhbərliyi altında bu yay təkcə heyətini gücləndirməyib, həm də ambisiyalarını dəyişib. Litvalı baş məşqçinin gəlişi ilə komanda həm oyun fəlsəfəsində, həm də beynəlxalq düşüncədə fərqli mərhələyə qədəm qoyub. Sloveniya təmsilçisi "Selye" ilə ilk sınaq öncəsi, "Sabah" artıq "bir mövsümlük təcrübə" yox, uzunmüddətli avrokubok iştirakçısı olmağı hədəflədiyini açıq şəkildə göstərir.


