Media indiki dönəmdə vətənpərvər olmalıdır Müşfiq Ələsgərli
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Çünki yaşadığımız dövrdə müasir texnologiyalara uyğun olaraq çoxsaylı dezinformasiyalar yayılır"
Milli mətbuat xalqın maariflənməsi, ictimai fikrin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda milli mətbuatın təməli 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə qoyulub. Bu tarix təkcə bir qəzetin nəşr günü yox, həm də Azərbaycanın ictimai-siyasi və mədəni həyatında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Milli Mətbuatın 150 illik yubileyi çərçivəsində müəyyən tədbirlər keçirilir. Təşkil olunan tədbirlərdə jurnalistikamızın keçdiyi tarixi yol dəyərləndirilir, həm də müasir dövrün çağırışları fonunda mətbuatın cəmiyyət üçün daşıdığı əhəmiyyət yenidən vurğulanır. Qeyd edək ki, 8 iyul tarixində Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib. Bununla yanaşı, Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında seminarlara başlanıb. Həmçinin, AMEA milli mətbuatın 150 illiyi ilə bağlı tədbirlər keçirəcəyini açıqlayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Sherg.az-a deyib ki, mətbuatın fəaliyyətində gələcəyə baxış çox mühümdür. Ekspert vurğulayıb ki, tədbirlərdə əsas müzakirə motivlərindən biri budur:
"Azərbaycan mediası əvvəlki fəaliyyəti dövründə olduğu kimi həm özünün peşəkar missiyasını yerinə yetirməli, məlumatlandırmalı və maarifləndirməlidir. Eyni zamanda medianın indiki dönəmdə vətənpərvər olması çox zəruridir. Çünki yaşadığımız dövrdə müasir texnologiyalara uyğun olaraq çoxsaylı dezinformasiyalar yayılır. İctimai rəyi çaşdıran fikirlər dövriyyəyə buraxılır. Azərbaycan mediası bu məsələlərdə aktiv olmalıdır. Həmin dezinformasiyaların iflasa uğradılması, cəmiyyətə həqiqətin çatdırılması, ictimai rəyin düzgün formalaşması istiqamətində öz fəaliyyətini qurmalıdır. Bu baxımdan media ictimaiyyətinin iştirakı ilə keçirilən bu tədbirlərdə həm medianın keçdiyi yol müzakirə olunur, həm də gələcək fəaliyyəti üçün müəyyən istiqamətlər cızılır. Bu baxımdan tədbirlər kifayət qədər mühümdür və davam etdirilməlidir. Konfranslar Azərbaycan mediasının inkişafına da önəmli töhfələr verəcək".


