“Putin inanır ki, Ukrayna yaxın aylarda çökəcək” “The New York Times”
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Vladimir Putin Rusiyanın cəbhədəki üstünlüyünün artdığına və Ukraynanın müdafiəsinin yaxın aylarda çökəcəyinə əmin olduğu üçün ABŞ-nin təzyiqlərinə məhəl qoymur.
“AzPolitika” xəbər verir ki, bunu “The New York Times” Kremlə yaxın mənbələrə istinadla yazıb. Mənbənin fikrincə, Rusiya prezidenti hesab edir ki, indi Ukraynadan əhəmiyyətli güzəştlər qoparmadan döyüşləri dayandırmaq mümkün deyil.
Qəzet hesab edir ki, Putin Trampın səbrinin tükənməsinə və ABŞ-nin yeni sanksiyalar tətbiq etməsinə hazır idi. Lakin Kreml lideri özü istədiyi və müharibəni bitirməyə hazır olduğu vaxt şərtlərin yumşaldılması ilə bağlı danışıqlar aparmağa ümid edir.
Karnegi Rusiya-Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya qəzetə açıqlamasında deyib: “O, Ukraynadakı məqsədlərini Trampla münasibətləri yaxşılaşdırmaq naminə qurban verməyəcək”.
Berlindəki Almaniya Xarici Əlaqələr Şurasının Rusiya üzrə eksperti Stefan Meister isə qeyd edib ki, Putin cavab zərbəsi almadan geri çəkilməyəcək: “O, müəyyən dərəcədə rasionaldır. Qarşı tərəf təzyiqi artırmırsa, niyə davranışını dəyişməlidir?”.
Xatırladaq ki, Donald Tramp bazar ertəsi Rusiya ilə bağlı mühüm bəyanatla çıxış edəcəyini deyib.
“AzPolitika.info”


