Rəşid Behbudov Türkiyədə
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycanın Xalq artisti, görkəmli sənətkar Rəşid Behbudov 1961-ci ildə Türkiyədə unudulmaz konsert proqramı ilə çıxış edib. Bu konsert Türkiyədə yaşayan azərbaycanlı mühacirlər üçün böyük sevinc və həyəcan yaradıb, ömürlərinin ən duyğulu anlarını yaşayıblar. Azərbaycanlı mühacirlərdən Nurəddin Xəzər "Mücahid" jurnalında (sayı 35-36, yanvar-fevral 1961) bu konsert haqqında məqalə qələmə alıb, öz hisslərini, düşüncələrini ifadə edib. Məqalədə həmçinin Rəşid Behbudovun səhnədən çəkilmiş bir neçə fotoşəkli də verilib.
Rəşid Behbudovun bu tarixi konsertinin əhəmiyyətini nəzərə alaraq "Mücahid" dərgisində çıxan yazını dilimizə uyğunlaşdıraraq təqdim edirik.
Uzun müddətdir gözlənilən Azərbaycan musiqi sənətçiləri nəhayət Türkiyəyə gəldilər. Xatırlanacağı kimi, vokal sənətçisi Rəşid Behbudovun həyat yoldaşı və üç dostu ilə birlikdə Türkiyəyə gələrək Ankara, İstanbul və İzmir şəhərlərində konsertlər verəcəyi əvvəlcədən elan edilmişdi. Lakin məlum olmayan bir səbəbdən bu səfər təxirə salındı və təşkilatçı "Türkiyə Səs və Tel Birliyi" 11 və 13 noyabr 1960-cı il tarixlərində Ankarada keçirilməsi planlaşdırılan konsertlərin satılmış biletlərini geri almaq məcburiyyətində qaldı.
Bu səbəbdən, budəfəki konsertləri təşkil edən "Türkiyə Ev İqtisadiyyatı Dərnəyi"nin satışa çıxardığı biletlər böyük maraqla qarşılandı və insanlar bir-biri ilə yarışaraq biletləri alırdılar. Lakin işin ciddiliyinə o qədər də inanılmırdı, çünki son anda konsertin yenə təxirə salınacağı ehtimalı vardı.
Allahdan, qorxulduğu kimi olmadı. Azərbaycan sənətçiləri 5 mart 1961-ci ildə Ankaraya gəldilər; 7 martda Rəngli Kinoteatrda və 9 martda Böyük Kinoteatrda iki konsert verdikdən sonra İstanbul şəhərinə yola düşdülər. Orada da 13 və 15 mart tarixlərində Atlas Kinoteatrında iki konsert verdilər.

Türkiyə turunda iştirak edən sənətçilər dörd nəfərdən ibarət idi. (Əvvəlcə düşünüldüyü kimi olmayıb və Rəşid Behbudovun həyat yoldaşı qafiləyə qatılmamışdı). Qafilənin rəhbəri Rəşid Behbudov idi.
Rəşid yaxın tariximizin məşhur xanəndəsi qarabağlı Məcid Behbudzadənin oğlu olub, hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Aydın, şirin, axıcı və tükənməz hisslər yaradan çox nadir tenor səsinə malikdir. Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operasındakı "Əsgər" və Fikrət Əmirovun "Sevil" operasındakı "Balaş" rolları onun adını sənət tarixinə unudulmaz şəkildə yazdırmışdır. Azərbaycan Film Studiyası tərəfindən çəkilmiş bir neçə filmdə də baş rolları ifa etmişdir. "Arşın mal alan" və "Sevimli mahnı - Bəxtiyar" filmləri bu sıradadır. Amerikadan başqa, dünyanın hər yerinə qastrol səfərləri etmişdir. 1949-cu il Budapeşt Festivalında mükafat qazanmışdır. Bütün fəaliyyətlərində qeyri-adi bir uğur və haqlı olaraq dünya miqyasında şöhrət qazanmışdır. Çox gənc yaşında bir sənətçi üçün ən yüksək ad olan "Azərbaycanın Xalq Artisti" fəxri adına layiq görülmüşdür. 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan Ongünlüyü" tədbirindən sonra isə ona "SSRİ Xalq Artisti" adı verilmişdir (9 iyun 1959).

Heyətin ikinci üzvü, Əhsən Dadaşov Azərbaycanın tanınmış tarzənlərindən biridir. O, Bakı Radiosunda çalışır. 1953-cü ildə Budapeştdə keçirilən Dünya Festivalında birinci yer və qızıl medal qazanmışdır. Peşəsində böyük uğurlar əldə edən sənətçilərə məxsus "Azərbaycanın Əməkdar Artisti" adına layiq görülmüşdür.
Türkiyədəki konsertlərdə ifa etdiyi bütün musiqilərdə Rəşid Behbudova müşayiət edən və eyni zamanda pianoda solo ifalar təqdim edən Çingiz Sadıqov Qarabağın Kəlbəcər rayonunda doğulmuşdur. O, sənətsevər bir türk ailəsinə mənsubdur. Hazırda Bakıda yaşayır, evlidir və iki uşaq atasıdır. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışır. Çingiz Sadıqovun sənətinin əsas xüsusiyyətləri dərin və gözəl səsli piano ifası və virtuoz texnikasıdır.
Heyətin ən gənc üzvü istedadlı skripkaçı Azad Əliyevdir. Azad 1928-ci ildə Azərbaycanda doğulmuşdur. 1951-ci ildə gənc bəstəkar Qara Qarayev tərəfindən yaradılan "Azərbaycan Simli Kvarteti"ndə birinci skripka ifaçısı kimi fəaliyyət göstərmişdir. 1957-ci ildə keçirilən Dünya Gənclər Festivalında qızıl medal qazanmışdır (Azad Əliyev, Murat Tağızadə, Rəşid Seyidzadə və Sabir Əlizadədən ibarət Simli Kvartet həmin festivalda komanda halında gümüş medal qazanmışdır). Azad Əliyev həmçinin "Azərbaycanın Əməkdar Artisti" adına layiq görülmüşdür. O, Türkiyədəki konsertlərdə də ustad və hissiyyatlı skripka ifaçılığı ilə seçilmişdir.
Konsertlərin proqramına daxil olan əsərlər:
Skripkaçı Azad Əliyev tərəfindən: Qara Qarayevin "Yeddi gözəl" baletindən "Vals", Cahangir Cahangirovdan "Rondo", Sarazatdan "Çingənə" mahnısı.

Pianoçu Çingiz Sadıqov tərəfindən: F.Şopenin "Vals"ı, Tofiq Quluzadədən Xalq melodiyaları, A.Xaçaturyandan "Tokkatta".
Tarzən Əhsən Dadaşov tərəfindən: Çahargah və Şur muğamları, Adil Gəraydan "Tarantella".
Vokal ifaçı Rəşid Behbudov tərəfindən: "Küçələrə su səpmişəm", "Qalasan yana-yana", "Ağacda leylək", "Dedim bir busə ver" və "Aman ovçu" adlı Azərbaycan xalq mahnısı.
"İncəcikdən bir qar yağar", "Gülizar", "Helvacı", "Solğun durma istəklən" adlı Anadolu mahnıları; Tofiq Quluzadənin "Bəxtəvər (Bəxtiyar) Oldum", "Bakı haqqında mahnı" və "Sənə də qalmaz"; Rauf Hacıyevin "Sevgilim"; Cahangir Cahangirovun "Uzun gecələr" və "Füzuli kantatası"ndan qəzəl, Fikrət Əmirovdan "Korun mahnısı", Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettasından "Əsgərin ariyası".
Rəşid bəy proqramını öz bəstəsi olan "Salam" mahnısı ilə açmışdır. "Mən azəri oğlu Rəşid" sözləri ilə başlayan mahnıda "Bakıdan Ankaraya və İstanbula ürək dolusu salam gətirdiyini" bildirirdi.
Rəşid səhnəyə çıxanda tamaşaçıların ardıcıl alqışları səbəbindən proqramına başlamaq üçün çətinliklə fürsət tapmışdır. Lakin bu dəfə mahnının davamı boyu alqışlardan xilas ola bilməmişdir.
Konsertlərin bütün parçaları dolub-daşan kinoteatr salonlarında tamaşaçıların sonsuz alqışları, "bravo, sağ ol, var ol" nidaları ilə qarşılanmışdır. Tofiq Quluzadənin "Bakı haqqında mahnı" adlı xalq mahnısında bu sözlər səslənmişdir:
"Mən sənə qurban,
Şöhrətin adım,
Qolum qanadım"
"Azərbaycan, Azərbaycan"
Bu sözlər səsləndiyi anda salondakı həyəcan zirvəyə çatmış, tamaşaçıların alqışları sənətçinin səsi ilə birləşmiş və Rəşid Behbudov mahnının bir hissəsini təkrar oxumaq məcburiyyətində qalmışdır. Hər dəfə "Azərbaycan" deyildikdə eyni reaksiya təkrarlanmışdır. Bu vəziyyəti görən sənətçi, ikinci konsertindən sonra S.Rüstəm tərəfindən yazılmış bu mahnının adını dəyişərək "Azərbaycan, Azərbaycan" kimi təqdim etmişdir.
Fikrət Əmirovun sözlərini Hüseyn Cavidin "Şeyx Sənan" dramından götürdüyü "Korun mahnısı" və Cahangir Cahangirovun Füzulinin bir qəzəlinə bəstələdiyi musiqi tamaşaçıları duyğulandırmışdır. Ankara və İstanbul tamaşaçıları bu misilsiz və bənzərsiz musiqi ziyafətlərindən doya bilmədiklərini yekdilliklə ifadə etmişlər. Təəssüf ki, bu uğurlu konsertlər çox qısa müddət davam etmiş, Rəşid və dostları vətənlərindən uzaq düşmüş Türkiyədəki azərbaycanlıların ürəklərində dərin izlər buraxaraq ayrılmışlar.
Rəşid, Azad, Əhsən və Çingiz bəylər yüksək sənətkarlıqları ilə yanaşı, nəzakətli davranışları, gülərüzlü, yaraşıqlı və mehriban xarakterləri ilə Ankara və İstanbul tamaşaçılarının qəlbini fəth etmişlər.

Sənətçilər də bu səfərdən çox məmnun qalmış və vətənlərinə döndükdən sonra radioda çıxış edərək Türkiyədəki isti qarşılanmaya görə təşəkkürlərini bildirmişlər. Rəşid Behbudov demişdir: "İndiyə qədər olduğum yerlərin heç birində bu qədər isti qarşılanmamışam".
Konsertləri izləyən mütəxəssislər Azərbaycan musiqi mədəniyyətinin yüksək səviyyəsinə heyran qalmışlar. Unutmamaq lazımdır ki, Azərbaycanın Bülbüllü, Qəmər xanımlı Opera və Baleti, Musiqili Komediya Teatrı, Mahnı və Rəqs Ansamblı, Maestro Niyazinin rəhbərliyi ilə 100 nəfərlik Simfonik Orkestri, tar, kamança və nağara ilə tam bir saz ansamblı hələ Türkiyə tamaşaçıları qarşısına çıxmamışdır.
Qeyd etmək lazımdır ki, bu uğurlar xalq motivlərinin harmonizasiya edilməsi, rəng və ahənglə milli musiqi yaradılması, bir sözlə indiki inkişaf səviyyəsinə çatması, XIX əsrdən bəri aparılan ciddi işlərin, xalqın davamlı marağının nəticəsidir. Xüsusilə Qarabağ bölgəsi xalqının dərin musiqi bilikləri və yüksək sənət qabiliyyəti bu nailiyyətlərdə böyük rol oynamışdır.
Bir şair dostum demişdir: "Türk ləhcələri arasında ən lirik şeirləri yazmaq üçün ən əlverişli ləhcə Azərbaycan ləhcəsidir". Rəşid və dostlarının konsertlərini dinlədikdən sonra Azərbaycan musiqisi haqqında da eyni şeyi deməmək mümkünsüzdür.
"Əzizim gözlərinə,
Sürmə çək gözlərinə,
Özüm özümə qurban,
Gözlərim gözlərinə"
kimi mahnılardakı səmimiyyət, sadəlik və yüksək lirizm hansı əsərdə vardır?
Qoşadır eyvanımız
Ay qız, qoşadır eyvanımız
Sən ordan çıx, mən burdan
Kor olsun düşmənimiz.
Bu misalları istədiyimiz qədər çoxaltmaq mümkündür. Lakin mövzunu uzatmadan, bir sözlə deyə bilərik ki, Ankara və İstanbul sakinləri ömürlərinin sonuna qədər damaqlarından silinməyəcək, bir daha əldə olunmaz yüksək səviyyəli musiqi ziyafətində iştirak etdilər. Hər kəsin arzusu, növbəti dəfə bu sənətçiləri azadlığa qovuşmuş vətənlərində dinləməkdir.
Materialı Dilqəm ƏHMƏD çapa hazırlayıb.

