Sabah Selye ilə cavab görüşündə nə vəd edir?
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gecə "Bank Respublika Arena"da keçirilən UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Selye" matçında təmsilçimizin son anda buraxdığı qolla məğlubiyyəti azarkeşlərin ümidlərinin sınmasına səbəb olub.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında idman jurnalisti Elsəvər Məmmədov bildirib ki, "Sabah" "Selye"yə qarşı matça heç də pis başlamamışdı.

"Daha çox irəli xətdə oynamağa, rəqibin yaxşı hücum xəttini qapıya yaxın buraxmamağa çalışdılar. Bu, doğru seçim idi, məncə. İlk hissədə bu taktika tamamilə işə yaradı. Qol epizodları oldu, rəqibə təzyiq var idi. Amma təəssüf ki, hücumçular fürsətlərin ən azı 50 faizini qola çevirə bilmədilər. Pavoş Şafranko biri penaltidən olmaqla iki qol vurdu, amma daha çox fürsət var idi. Fikrimcə, baş məşqçi Valdas Dambrauskas Mikelsi forvard kimi oynatmağı yoxlamalıdır. Məsələn, onun "Sabah"dakı ilk dönəmlərini yada salaq. Hücumçu kimi əla effekt verirdi. Amma bu gün sanki onun həmin yaradıcı oyunundan əsər-əlamət yoxdur. Bu, qeyd olunası məqamdır.
İkinci məsələ, müdafiə xəttində bir az daha inamlı oynamaq lazımdır. Standart vəziyyətlər və ya hava ötürmələri Azərbaycan klublarının sanki bəlasına çevrilir. "Qarabağ"ın timsalında bu problemi çox görmüşük və hazırda Ağdam klubunda da eyni şey davam edir. Amma "Sabah" da ötən gün standart vəziyyətlərdə həddən çox əziyyət çəkirdi. Rəqib də qolları bu tərzdə vurdu. Düzdür, baş məşqçi təzə gəlib və böyük ehtimalla bunun üzərində işləyəcək. Amma Avroliqada növbəti mərhələ üçün yalnız bir oyun qalır".
Digər idman jurnalisti Mirbağırağa Cəfərli isə Oxu.Az-a açıqlamasında bildirib ki, ümumi görünüş "Sabah"ın əvvəlki oyunlarından fərqlənmədi:

"Valdas Dambrauskas "Sabah"ı ilk rəsmi oyuna çıxarmışdı. Doğrudur, taktiki gedişlər baxımından haradasa dəyişikliklər var idi. Amma, düzünü desəm, ümumi görünüş "Sabah"ın əvvəlki oyunlarından fərqlənmədi. Dambrauskas oyundan öncə keçirilmiş mətbuat konfransında bildirmişdi ki, daim hücum oynatmağı sevən məşqçiyəm. Amma "Selye" ilə görüşdə əks-hücumlarda oynatdı. Hər halda, burada rəqibin də önəmi var idi. Nə qədər şans verirlərsə, o qədər hücum oynaya bilirsən. Çox inamlı danışır Dambrauskas. Bu, bir tərəfdən yaxşıdır. Öz komandası üçün, motivasiya baxımından. Amma ilk görüşdə "Selye" üstün və dominant futbol oynadı. Cavab qarşılaşmasında "Sabah"ın geridönüş edərək mərhələ adlayacağı çətin görünür. "Sabah"ın qol epizodları az deyildi, haradasa futbolçu keyfiyyəti lazımı epizodları dəyərləndirməyə imkan vermədi. Cavab görüşü barədə pozitiv düşüncədə deyiləm. Çünki "Selye" dominant oynadı, topla çox yaxşı idilər. Hər halda, bir komandanın baş məşqçisi ispandırsa, belə də olmalıdır.
Böyük ehtimalla Dambrauskas yaxşı işlər görəcək "Sabah"da. Amma zamanla. Yeni transferlər lazımdır komandaya. Hər halda, Avropa Liqasında olmasa belə, Konfrans Liqasında əsas mərhələyə qədər irəliləmək uğrunda mübarizə aparmaq olar. İstənilən halda, "Selye" ilə Sloveniyadakı görüşdə təmsilçimizə uğurlar arzulayıram. Ümid edək ki, mərhələni adlayacaqlar. Lakin ilk oyundan və "Selye"nin həm nəticədə, həm də meydandakı futbolu ilə yaratdığı üstünlükdən sonra "Sabah"ın növbəti mərhələ şanslarının çox olmadığını düşünürəm.
Forma məsələsinə gəlincə, elə komandalar meydana çıxanda həmkarlarımızla bu barədə danışdıq ki, çox bənzər, tünd rəngdə olan formalarla oynamasına hakimlər necə icazə verib? Hətta Riera da matçdan sonra buna çox sərt şəkildə münasibət bildirdi. Onlar ikinci formaların gətirmişdilər, lakin nədənsə hakimlər bu məsələdə məsuliyyətsiz davranıblar. Deyim ki, nəticəyə çox təsiri oldu, yox. Amma istənilən halda, futbolçu ilk dəqiqədən son dəqiqəyə qədər narahat oynayır".
Oxu.Az-a açıqlama verən digər bir idman jurnalisti Cavid Əliyev isə qeyd edib ki, "Sabah" ilk yarıda qol vuraraq, üstünlük əldə etsə də, son dəqiqədə buraxılan qol fərqli nəticəyə səbəb oldu.

"Azərbaycan təmsilçisi ilk yarıda nəzarəti əlində saxladı, hücumlarda səmərəli idi. Amma ikinci hissədə fiziki yorğunluq və oyunun ritminə nəzarətin itməsi komandanın zəifləməsinə gətirib çıxardı. Müdafiədə boşluqlar, mərkəz xəttində əlaqənin qırılması və zamanında edilməyən dəyişikliklər məğlubiyyəti şərtləndirən əsas faktorlardan idi.
Rəqib isə təcrübəsini göstərdi: səliqəli ötürmələr, sürətli əks-hücumlar və sona qədər mübarizə, nəticəni onların xeyrinə çevirdi.
"Sabah" üçün bu nəticə məyusedici olsa da, cavab oyununda hər şey mümkündür. Çox istəkli və əzmkar oyun sərgilədilər. Lakin avrokuboklarda nəticə üçün təkcə motivasiya deyil, təcrübə, taktiki çeviklik və fiziki dayanıqlılıq vacib rol oynayır.
Hücumdakı məhsuldarlıq ümid verir, lakin müdafiədəki boşluqlar təcili düzəliş tələb edir.
Təmsilçimizin bu məğlubiyyətdən nəticə çıxararaq, cavab oyununa daha hazırlıqlı çıxacağına inanırıq".
Oxu.Az-a açıqlama verən idman jurnalisti Emin Şəmsiyev isə bildirib ki, rəqib komanda artıq "Sabah"ı tanıdı və öz evində, yəni cavab matçında nə etməli olduqlarını da bilirlər.

"Yay fasiləsi zamanı komandaya uyğunlaşmış rusiyalı çalışdırıcı Berezutskinin məlum səbəblərdən klubu tərk etməsi, sözsüz ki, əks-təsir göstərməyə bilməzdi. Dambrauskasın nəyə qadir olduğunu hələ heç bir oyunda görməmişdik. Odur ki, qarşılaşmadan öncə komandanın qalib gələcəyi elə də real görünmürdü. Erkən qol və hesabda irəli çıxmaq göstərici deyil. Əgər onlar 2:1 üstünlüyü əldən verib və heç olmasa bərabərliyi qoruya bilmədilərsə, deməli, burada heç bir məşqçi işindən söhbət gedə bilməz. Bu da təbiidir. Valdasa zaman lazımdır. Qeyd olunanları nəzərə alsaq, oyun barədə konkret danışmağa ehtiyac yoxdur. Rəqib komanda artıq "Sabah"ı tanıdı və öz evində, yəni cavab matçında nə etməli olduqlarını da bilirlər. Masazır komandasının isə şanslarını konkret silmək olmaz. "Sabah"ın resursu var. Əgər Dambrauskasda belə stresli oyunlara qarşı immunitet varsa, möcüzə baş verə bilər. Səfər oyununda komandamıza uğurlar".
Anar Həsənov


