Uşaqdan dost olarmı?..
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bəzi valideynlər öz uşaqlarını nəzarət altında saxlamaq üçün onlarla “dost olmaq” prinsipinə üstünlük verirlər. Bəzi valideynlər isə öz uşaqlarını nəzarət altında saxlamaq üçün onlara “cəza vermək” prinsipini əsas götürürlər. Halbuki “cəza vermək” prinsipi ilə uşağı nəzarət altında saxlamaq nə qədər səhvdirsə, “dost olmaq” prinsipi ilə uşağı nəzarət altında saxlamaq da o qədər səhvdir. Digər tərəfdən, uşaqlar öz ata-analarından hər şeydən əvvəl dostluq və ya düşmənlik yox, valideynlik gözləyirlər. Buna görə də, valideynlər ilk növbədə bu iki prinsipin ortaq məxrəcini tapmalı, başqa sözlə, nə ifrat dərəcədə “dost”, nə də ifrat dərəcədə “düşmən” olmalıdırlar. Təbii ki, bütün bunlarla yanaşı uşaqları ilə münasibətdə yaxşı valideyn olmağı da unutmamalıdırlar.
Valideynlik xüsusiyyətlərini unutmayın!
Yeriməyə və ya danışmağa başladığı gündən yaşa dolduğu günə qədər hər uşağın yüzlərlə dostları olur. Ancaq bütün bunlara baxmayaraq onların valideynləri birdir. Və təbii olaraq, uşaqlar öz valideynlərində dostluq xüsusiyyətləri yox, valideynlik xüsusiyyətləri axtarırlar. Buna görə də, valideynlər ilk növbədə uşaqları ilə münasibətdə valideynlik xüsusiyyətlərini əldə etməyə çalışmalıdırlar. Digər tərəfdən, valideynlər uşaqları ilə dost olmağa çalışmaqla ailədə avtoritet boşluğunun meydana gəlməsinə səbəb olurlar. Çünki əgər valideyn və uşaq arasında qarşılıqlı dostluqdan söhbət gedirsə, deməli qarşılıqlı avtoritetdən söhbət gedə bilməz.
Dostluğun əsası bərabərlikdir
Dostlar bərabər hüquqlara malikdirlər. Və təbii olaraq, tərəflərdən heç biri o biri üzərində üstünlük əldə etməsinə imkan vermirlər. Əks halda, iki dost qütb iki rəqib qütbə çevrilir. Başqa bir problem isə ailədə avtoritet mihitinin 100 faiz aradan qalxmasıdır (təbii ki, valideynlər və uşaqlar dost olduqları üçün). Üstəlik, bu problemlə daha çox təkuşaqlı ailələr qarşılaşırlar. Və təbii olaraq, belə ailələrdə valideynlər başqa ailələrlə müqayisədə daha çox problem yaşayırlar.
Valideynlər hansı valideynlik xüsusiyyətlərinə malik olmalıdırlar?
İlk növbədə, valideynlər uşaq tərbiyəsinin həm maddi, həm də mənəvi məsuliyyətini hiss etməlidirlər. İstər böyüklərin, istər kiçiklərin yanında necə hərəkət etməli olduqlarını öyrətməlidirlər. Digər tərəfdən, uşağa aşılanacaq məsələlərdə həm ata, həm də ana həmfikir olmalıdırlar. Bununla yanaşı, valideynlər uşaqlarının məsuliyyətlərini artırmağı bacardıqları kimi, həvəslərini də artırmağı bacarmalıdırlar. Eyni zamanda, uşaqlar sevgidən və qayğıdan da məhrum qalmamalıdırlar. Həmçinin, uşaqlarından etimad tələb etdikləri kimi, etimad da göstərməlidirlər. Bundan başqa, valideynlər özlərindən tələb edə bilmədikləri bir işi uşaqlarından tələb etməməlidir. Əgər uşaq özünə dost tapa bilmirsə, valideynlər onunla dost olmaq əvəzinə ona dost tapmaqda kömək etməlidirlər. Əks halda, uşağın dostları yalnız doğmalarından ibarət olar və o, ömür boyu doğmalarına bağlı qalar.
Valideyndən niyə dost olmaz?
- İlk növbədə, atalar uşaqlarından orta hesabla 25, analar isə orta hesabla 20-25 yaş böyükdürlər. Belə olduqda, uşaqlar istər-istəməz ata-analarını bir dost kimi qəbul edə bilmirlər. Onlar üçün ata-anaları hər şeydən əvvəl bir böyükdürlər.
- Dostlar bərabər hüquqlara malikdirlər. Və təbii olaraq, tərəflərdən heç biri o biri üzərində üstünlük əldə etməsinə imkan vermirlər. Əks halda, iki dost qütb iki rəqib qütbə çevrilir.
- Uşaqlar hər işlərinə müdaxilə edən, hər işlərində yol göstərən, hətta qanunlar, qadağalar qoyan dostları sevmirlər.
- Uşaqlar dostlarından cəza görmək istəmirlər.
- Uşaqlar dostlarından icazə almaq istəmirlər.
- Və nəhayət uşaqlar dostlarından səhvlərini gizləmək istəmirlər (Halbuki dost olsalar da-olmasalar da, ata-analarından səhvlərini gizləyirlər).
Aygün Vəliyeva

Hər beş uşaqdan biri obezdir
24 Aprel 2025 01:32
Uşaq naziri uşaqdan uşaq dünyaya gətirib
22 Mart 2025 14:02
Uşaqdan telefonu aldıqda nə baş verir?
09 Aprel 2025 17:23
Türkiyədə hamı bu uşaqdan danışır VİDEO
20 Aprel 2025 13:00
Tovuzda ananın imtina etdiyi uşaqdan xəbər var
29 Mart 2025 13:16

