Icma.az
close
up
RU
17 ilə yazılan, 28 ilə oxunan əsər...

17 ilə yazılan, 28 ilə oxunan əsər...

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Aygün ƏZİZ

“Dahilər səhv buraxmırlar. Onlar qəsdən yanlışlığa yol verirlər” (Ceyms Coys)

Hazırda dünyanın ədəbi tənqidçilərinin diqqəti məşhur “Ulis” romanının müəllifi irland modernist-yazıçı Ceyms Coysun “Finneqanın yası/oyanışı/izi” əsərinə yönəlib. “Ulis” “gündüz romanı” olsa da, indi haqqında danışacağımız əsər “gecə romanı”dır. Real həyatla yuxunun qarışığından ibarət mövzu ilə geniş şəkildə sərbəst söz yaradıcılığına rəvac verən mifoloji və komik eksperimental əsərdir. Mətləbə keçməzdən əvvəl kiçik bir izaha ehtiyac var:

Əsərin adı, ingilis dilində “Finnegans Wake” ifadəsi bəzi iddialara görə, irland balladasından götürülüb. Hərçənd yazıçının bu xalq nəğməsinin süjetindən bəhrələnməsi ədəbiyyat tənqidçilərinin mübahisə mövzusudur. Çünki Coys XVIII əsr italyan filosofu Cambattisto Vikonun nəzəriyyəsindən yola çıxaraq bu əsəri qələmə alıb. C.Viko dörd əsas inkişaf dövrünü qeyd edir: Allahların dövrü, qəhrəmanların dövrü, insanların dövrü və keçid/yenilənmə dövrü. Roman da 4 kitabdan ibarətdir və hər kitab bir dövrü əhatə edir. Ümumilikdə 17 fəsil var, I kitab 8, II və III kitablar hər biri 4, sonuncusu isə yalnız 1 fəsildən ibarətdir.

Mahnıda Finneqan adlı ölmüş bir əyyaş kişidən bəhs olunur. Üzünə “həyat suyu” – viski çiləndikdən sonra Finneqan dirilir. “Wake” sözünün isə bir neçə mənası var: “oyanış, yuxudan ayılma”, “suda hərəkətdə olan qayığın, gəminin arxasında buraxdığı iz”, “dəfn mərasimi, yas”. Bu əsərin nə normal başlanğıcı, nə də normal sonluğu var. Cəncəl tərəflərdən biri də odur ki, burada fikir cümlənin ortasında bitir, elə təzədən ortadan da yeni cümlə başlayır və heç gözləmədiyin halda ortadan başlayan cümlə oxucunu romanın əvvəlinə aparır. Yəni bu elə-belə, küçədə-bacada, tələsik mütaliə ediləsi əsər deyil.

Kaliforniyada bir kitab klubu əsəri nə az, nə çox – düz 28 (iyirmi səkkiz!!!) ilə oxuyub bitirib. Dünya ədəbiyyat tarixinin barmaqla sayılan ən çətin və müşkül əsərlərindən biri hesab edilən və “fikir axını” üslubunda olan bu əsərin yazılmasına C.Coys 17 il sərf edib (10 mart 1923-cü ildə yazmağa başlayıb). Qələmə alınması da, tam mənası ilə təhlil edilib oxunması da hər biri, necə deyərlər, bir igidin ömrüdür.

Klub üzvləri bir aya yalnız 1–2 səhifəni oxumaqla geniş müzakirələr keçirmiş, peşəkarlarla məsləhətləşmələr aparmış, 70 (yetmiş!) dildən istifadə edilərək ərsəyə gələn romanda bircə-bircə sözlərin mənalarını araşdırmışlar. Burada çoxlu sayda sətiraltı mənalara, kalamburlara, neologizmlərə və allüziyalara rast gəlmək mümkündür ki, bu da mətnin anlaşılmasını çətinləşdirir. Sadaladıqlarımdan əlavə, uydurma sözlərlə də zəngin olan romanda mübahisəli məna verən çoxlu sayda ifadələr işlənib.

Ceyms Coys 1939-cu ildə əsərin nəşrindən sonra dünyasını dəyişib və əsərin “sirr”lərini də özü ilə aparıb. Kitab haqqında fikirlər ziddiyyət təşkil edir. Bir oxucu yazır ki, yeddi dəfə oxumağıma rəğmən, hər dəfə yeni şeylər kəşf edirəm, digəri üzrxahlıqla qeyd edir ki, əsər mürəkkəb olduğu üçün heç nə anlamadığımı deməkdən utanmıram, bir başqası isə, ümumiyyətlə, bu kitabı cəfəngiyyat, absurd fikirlər xaosu adlandırır.

Tanınmış rus fiziki, riyaziyyatçısı, filosofu və ilahiyyatçı alimi Sergey Xoruji deyir ki, bəzi sözlərin və eyhamların mənalarını təxmin etmək olar, lakin bununla belə güclü erudisiyası və zirək fəhmi olan hiperqlot biri bu mətnin təxminən 30 faizini anlaya bilər, yaxud da xüsusi ədəbiyyatlardan istifadə etmək və uzun saatlar keçirməklə ən yaxşı halda 70 faizini anlaya bilər.

T. Uaylder isə yazır ki, bu əsəri oxuyub anlamaq üçün ən azı 1000 (min!) saatını həsr etməlisən.

Bəzi faktları da xatırlatmağı özümə borc bilirəm. Sözügedən əsəri qələmə alan ərəfələrdə yazıçı artıq gözünün nurunu xeyli dərəcədə itirmişdi. Kitabda 49200 söz yalnız bir dəfə istifadə olunub.

600 səhifəlik romandakı dil/söz oyununu ədəbiyyatçılar “semiotik hibridləşmə” adlandırırlar.

Bir məsələ də diqqəti cəlb edir: ad məsələsi. İngiliscə bu “Finnegan’s Wake” və “Finnegans Wake” kimi verilir. Birincidə yiyəlik hal istifadə olunub və tərcümədə “FinneqaNIN yası/izi/oyanışı” kimi tərcümə olunur. İkinci variant isə “FinneqanLAR oyanır” deyə tərcümə edilir. Lakin Coys burada da söz oyunundan istifadə edib: “Finn” fransızca “son” deməkdir, “again” isə ingiliscə “yenidən”. Yəni “Finn yenidən oyanır/qalxır/ayılır” deməkdir.

Yaxşı, bəs bu kitab sərsəmləmədirmi? Yazıçının qızının müəyyən psixoloji problemləri olub, bunun da ataya təsirsiz ötüşmədiyi qənaətindəyəm. Suala müəllif özü belə cavab verib: “Bəlkə də, bu, dəlilikdir. Lakin bunu bir əsr sonra müzakirə etmək mümkün olacaq. Yazmağa başlayanda hiss etdim ki, sözləri adi mənalarında və öz axarlarında istifadə edə bilməyəcəyəm”.

Qeyd etmək istərdim ki, mən şəxsən əsərin adının “Finneqanın yası” kimi yox, “Finneqanın oyanışı” kimi verərdim. Çünki kulminasiya OYANIŞ ilə gəlir.

P.S. Son olaraq, qəddarcasına səslənsə də, iki fikri deməyə bilmirəm:

1. Bu roman hər oxucu üçün deyil. Xüsusi hazırlıqlı və dünya ədəbiyyatı və dillərindən yaxşı baş çıxara bilən yüksək hazırlıqlı peşəkarlar üçün “ƏDƏBİ TƏAM”dır. Bu standartlara cavab verməyən oxucu əsəri “həzm” edə bilməyəcək...

2. S.Xorujinin daha bir rəyi məndə şübhə oyatdı: “Əsəri tam anlamaq ümidi yoxdur. Heç müəllifin özünün də ümidi olmayıb. Bəzi yerlərdə nə demək istədiyinin mənasını unudub və sonra davam edəndə bərpa edə bilməyib”.

Deməli, belə çıxır ki, C.Coys oxucuları üçün, ən yumşaq halda desək, ƏDƏBİ TAPMACA yaradıb və indi ruhu göylərdən baxıb bığaltı qımışır...


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri