Icma.az
close
up
RU
1998 ci ildə Petrosyan Qarabağla bağlı razılığa gəldi, sonra isə… Metyu Brayza sirləri açır

1998 ci ildə Petrosyan Qarabağla bağlı razılığa gəldi, sonra isə… Metyu Brayza sirləri açır

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– Cənab Brayza, ABŞ Dövlət Departamenti “Meğri dəhlizi”nə dair danışıqlarla bağlı sənədləri ictimailəşdirib. Bilirik ki, 1999-cu ildə ABŞ Qarabağ məsələsində “Qobl planı” ilə aktivləşmişdi, lakin Rusiyanın müdaxiləsi ilə (Ermənistan parlamentində terakt – red.) qismən geri çəkilməyə məcbur oldu. Hazırda ABŞ-ın regionda yenidən fəallaşmasına səbəb kimi nə göstərilə bilər? Azərbaycanın İranda yenidən səfirliyinin açılması, Türkiyənin Suriya siyasətində uğuru bu mənada hansı yerdə durur? Dövlət Departamentinin sənədləri yayması nəyə yönəlib? ABŞ-ın regionda nüfuzunu artırmaq istəyi necə nəticələnəcək?

– Minsk qrupunun keçmiş ABŞ həmsədri olaraq 1998-99-cu illərdə “Qobl planı” haqda eşitməmişdim. Baxmayaraq ki, Pol Qobl böyük şəxsiyyətdir və ona xüsusi rəğbətim var. 1998-ci ildə Azərbaycanın çox bəyəndiyi “Mərhələli həll” planı masada idi. Levon Ter-Petrosyan bununla bağlı sövdələşməyə getməyə hazırlaşırdı, lakin vəzifəsini tərk etmək məcburiyyətində qaldı. Az sonra Ermənistan parlamentində sui-qəsd oldu və buna görə də proses dayandı.

ABŞ-ın bölgədə yenidən aktivləşməsinə gəlincə, mən bunu qətiyyən görmürəm. ABŞ Prezident Trampın dövründə regionda aktiv deyil. Onun xarici siyasəti müəyyən edilməyib, administrasiyası yeni fəaliyyətə başlayıb. Əgər siz ABŞ və Ermənistan arasında Strateji Tərəfdaşlıq sazişini nəzərdə tutursunuzsa, bu, bürokratik və strateji fəaliyyətin nəticəsi idi. Çünki Ermənistan, bildiyimiz kimi, Baş nazir Paşinyanın dövründə Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar aparmağa çalışırdı. Lakin o, açıq şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını və bəlkə də Avrasiya İqtisadi İttifaqını tərk etmək istədiyini bildirdi. Güman ki, nəticədə Avropa İttifaqı ilə yaxınlaşmaq və hətta illər sonra ona üzv olmaq istəyir. Başqa sözlə, Ermənistanın Rusiya ilə münasibətləri strateji qırılma nöqtəsindədir.

Pol Qobl

Məncə, Bayden administrasiyası Ermənistana təhlükəsizliyini qorumağa kömək etməyin vacib olduğunu düşünürdü. Rusiya bəlkə də artıq onun himayədarı olmayacaqdı. Buna görə də ABŞ və Avropanın Ermənistana hərbi yardım göstərməsi və təlimlər keçirməsinin, eləcə də Strateji Tərəfdaşlıq Sazişinin şahidi olduq. Vaşinqtonda 2023-cü ilin sentyabrından sonra narahatlıq var ki, ola bilsin, Azərbaycan yenidən Ermənistana qarşı hərbi güc tətbiq etsin. Şəxsən mən Azərbaycanın 2023-cü ilin sentyabrında əməliyyat keçirməsinə tam haqq qazandırıram, çünki Ermənistan 10 noyabr 2020-ci il tarixli atəşkəs bəyanatını pozaraq geri çəkilməmiş, faktiki olaraq qoşunlarını Qarabağa qaytarmışdı. Bəyanatın digər aspektlərini, o cümlədən Zəngəzur dəhlizi və ya regionda olan bütün dəhlizlərin əvvəlki kimi açılmasını həyata keçirməmişdi.

Yenə deyirəm, Prezident Trampın rəhbərliyi altında Vaşinqtonun hələ dəqiq xarici siyasəti yoxdur. O, yenidən İrana maksimum təzyiq göstərməkdən danışır. Bu baxımdan güman ki, Azərbaycanın İranda səfirliyini yenidən açması Trampın xoşuna gəlməyəcək, amma kim bilir? Kim bilir, o, İrana qarşı təzyiq siyasətinə sadiq qalacaqmı? O qərarlarını ləğv etməyə davam edir. Gördüyümüz kimi, ötən şənbə Kanada və Meksikaya qarşı tətbiq etdiyi tariflərlə bağlı geri addım ataraq bir ay gözləməyi qərara aldı.

Bəs Türkiyənin Suriyada uğur qazanması məsələsi?

– Vaşinqton Türkiyənin Suriyada uğur qazanacağını çox da düşünmür. O, Suriyada mahiyyətcə PKK olan YPG-nin Suriya ordusuna inteqrasiya edərsə, qondarma İslam Dövləti (İŞİD – red.) ilə necə mübarizə aparacağı barədə fikirləşir. Ümid edirəm ki, Vaşinqton Türkiyəni Suriyada İŞİD təhlükəsini dəf etmək üçün tərəfdaş kimi qəbul edəcək. Həmçinin Ankaranın Suriyaya öz ordusunu və dövlət strukturunu qurmağa, nəqliyyat və enerji kimi əsas sektorlara investisiya cəlb etmək baxımdan düzgün yolda olduğunu görəcək. Amma bildiyiniz kimi, Vaşinqtonda Türkiyənin Suriyada hər hansı rol oynamasından narahat olanlar çoxdur. Xüsusilə də Pentaqon YPG-nin PKK-nın bir qolu olduğunu bəyan etmir. YPG ilə əməkdaşlıq bir terrorçu qruplaşmaya qarşı digəri ilə əməkdaşlığı qadağan edən ABŞ siyasətini kobud şəkildə pozur. Ümid edirəm, Prezident Tramp Suriyadan bütün ABŞ qoşunlarını çıxarmaq istədiyini deməsi ilə vahid, firavan Suriyanın bərpası prosesində Türkiyəni NATO tərəfdaşı kimi görəcək.

– Zəngəzur dəhlizi açılarsa və sülh sazişi imzalanarsa, bu, ABŞ-a nə qazandıracaq?

– Zəngəzur dəhlizinin açılmasından Birləşmiş Ştatlar birbaşa heç nə qazanmır. Bununla yanaşı, ABŞ dəhlizin açılmasından regional sabitliyin və rifahın bərqərar olması, Azərbaycanla Ermənistan arasında uğurlu sülh müqaviləsinin imzalanmasına zəmin yaranması ilə dolayı yolla faydalanacaq.

– Tramp administrasiyasının Ermənistan Baş naziri Nikol Paşinyana münasibəti birmənalı qiymətləndirilmir. Ancaq böyük dövlətlərin sabit xarici siyasət yürütməsini nəzərə alsaq, yaxın gələcək üçün ABŞ-Ermənistan münasibətlərini necə dəyərləndirərdiniz?

– Tramp administrasiyasının Ermənistan baş nazirinə münasibətdə hər hansı bir siyasəti yoxdur. Prezident Tramp erməni diasporu ilə maraqlanmır. O, əslində Amerikanın yəhudi icmasından başqa heç bir diaspora əhəmiyyət vermir. Hətta bu da ona hər hansı bir siyasi təsir göstərmir. İndi o, ənənəvi ABŞ strategiyasından daha çox, fərdi sövdələşmələr və məsələlər üzrə danışıqlara əsaslanan yeni xarici siyasət planlayır. O, özünü sülhməramlı kimi təqdim etdiyinə görə ümid edirəm ki, Ermənistan-Azərbaycan sülh müqaviləsini barışın əldə olunmasına yardım etməkdə bir fürsət kimi dəyərləndirəcək. Hazırda isə Prezident Trampın Cənubi Qafqaza dair konkret siyasəti yoxdur. Lakin nəticə etibarilə, aşağı səviyyədə daxili müzakirələr olacaq. Hələliksə, hamının da bildiyi kimi, Trampın xarici siyasəti dağıdıcı və pozucu olub. Prezident Tramp ABŞ-ın Qrenlandiya və Panama kanalına iddiası və Kanadanı ola bilsin ki, 51-ci ştata çevirmək barədə danışıb. İndi isə son iki gündə ABŞ-ın Qəzzanı ələ keçirməsi və fələstinliləri oranı tərk etməyə inandırması və ya məcbur etməsi, sonra da Qəzzanı daşınmaz əmlak layihəsi kimi yenidən inkişaf etdirmək istəməsindən danışır. Bu, bütün dünyada və Prezident Trampın öz Respublikaçılar Partiyasında da pislənir. Belə bir radikal vəziyyətdə Tramp administrasiyasının ABŞ-ın Ermənistan, Azərbaycan və ya Gürcüstanla bağlı siyasətini müəyyənləşdirməyə vaxtı yoxdur. Yəqin ki, sonra olacaq.

İlham Əliyev və Donald Tramp

– Tramp-Əliyev münasibətinin növbəti 4 ildə yaxşı olacağı, bunun Bakı-Vaşinqton arasında ciddi yaxınlaşmaya gətirib çıxaracağı haqda deyilənlərə sizin yanaşmanız necədir? Ağ Evin yeni administrasiyasının Azərbaycanla isti münasibətləri Qərbə inteqrasiya edən Ermənistanı yenidən Rusiyanın orbitinə qaytara bilərmi?

– Prezident Trampın regiona marağı artarsa, bu, Azərbaycan və Ermənistanın sülh müqaviləsi bağlamasına kömək edəcək. Beləliklə, Azərbaycan-ABŞ münasibətləri inkişaf etməyə davam edəcək. Deməliyəm ki, Baydenin dövründə Azərbaycanla münasibətlər inkişaf edib və Ermənistanla da münasibətlər yaxşı idi. Bu səbəbdən Tramp Baş nazir Paşinyanı və onun siyasi rəqiblərini Azərbaycanla sülh müqaviləsi istiqamətində irəliləməyə inandıra bilər.

ABŞ Cənubi Qafqazda ola bilsin ki, öz vasitəçiliyi ilə sülhə nail olmaq və həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətlər istəyir. Amma Tramp administrasiyası hələ belə bir təşəbbüs irəli sürməyə hazır deyil. Mən, əlbəttə ki, Tramp administrasiyasında olan bütün dostlarımı və keçmiş həmkarlarımı fürsətdən istifadə etməyə, bəlkə vasitəçilik etmək və ya heç olmasa Azərbaycan və Ermənistanı sülh müqaviləsini imzalamağa razı salmağa çağırıram. Bu isə həm Bakıda, həm də İrəvanda bir-birinə etimadın yaradılmasını tələb edir.

seeBaxış sayı:42
embedMənbə:https://www.turkustan.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri