34 milyard manatdan çox...
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
İqtisadiyyata kredit qoyuluşu artsa da, biznes üçün faiz dərəcələri yüksək olaraq qalır
2026-cı il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 34 milyard 155,1 milyon manat təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 0,8 faiz, yanvar ayı ilə müqayisədə isə 6,9 faiz çoxdur. Son bir illik nisbətdə isə kredit axınları 12,9 faiz artıb. Kredit qoyuluşunun 23 milyard 593,9 milyon manatı və yaxud 69,1 faizi özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 11,8 faiz çoxdur. Mərkəzi Bankın (MB) məlumatına görə, bu dövrdə dövlət banklarının kredit qoyuluşu isə 8 milyard 501,4 milyon manat təşkil edib və illik müqayisədə 14,9 faiz artıb.
Avqustun 1-nə olan dövrdə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 2 milyard 059,8 milyon manat olub. BOKT-lar son bir ildə iqtisadiyyata pul axınını 17,1 faiz artırıb və ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 faizdən 6 faizə yüksəlib.
Kreditlər ən çox ticarət sektoruna yönəldilib
Banklar tərəfindən bizneslərə verilmiş kreditlərin həcmi isə 17 milyard 333 milyon manat olub. Biznes kreditlərinin ən böyük hissəsi - 4 milyard 213 milyon manatı və ya 24,3 faizi ticarət müəssisələrinə verilmiş kreditlərin payına düşüb. Sənaye sahələrinə verilmiş kreditlərin həcmi 2 milyard 722 milyon manat (15,7 faiz), nəqliyyat sahəsinə verilmiş kreditlərin həcmi 2 milyard 686 milyon manat (15,5 faiz) təşkil edib. Biznes sahələri arasında dördüncü yeri 1 milyard 988 milyon manat (11,5 faiz) kredit ilə kənd təsərrüfatı, beşinci yeri isə 1 milyard 823 milyon manat (10,5 faiz) kreditlə tikinti sahəsi tutub. Ən az biznes krediti isə informasiya və rabitə sahəsinə verilib - 793 milyon manat və ya ümumi kredit portfelinin 4,6 faizi qədər. Digər qeyri-istehsal və xidmət sahələrinə verilmiş biznes kreditlərinin həcmi 3 milyard 108 milyon manat olmaqla, ümumi biznes kreditlərinin 18 faizini təşkil edib.
Mərkəzi Bank kredit aktivliyinin artımı fonunda ölkə iqtisadiyyatı üzrə artım proqnozlarını yeniləyib. 2026-cı ildə iqtisadi artımın 0,5 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının isə 2,4 faiz olacağını proqnozlaşdırılır. 2027-ci ildə isə iqtisadi artımın 2,6 faiz, qeyri-neft-qaz sektoru üzrə artımın isə 3,9 faiz təşkil edəcəyi gözlənilir.
Bölgələrdə kredit dərəcələri 20 faizdən yüksəkdir
Kreditlərin dərəcələri üzrə müqayisələr onu təsdiqləyir ki, hələ də faiz həddi yüksəkdir. Hətta biznes kreditləri bir sıra hallarda az qala istehlak kreditlərinin dərəcələrindən yüksəkdir. Məsələ ondadır ki, bank və kredit təşkilatlarının cari ilin ötən ayları ərzində kreditlərdən əldə etdiyi faiz gəlirləri də artıb. Yanvar-iyul aylarında banklar müştərilərə verilmiş kreditlərdən 2 milyard 538 milyon manat faiz gəlirləri əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 370,3 milyon manat və ya 16,7 faiz çoxdur. Kreditlərdən gəlirlər bankların cəmi faiz gəlirlərinin böyük hissəsini - təxminən 80 faizini təşkil edir.
Göründüyü kimi, bankların kreditlər üzrə faiz gəlirləri kifayət qədər çoxdur. Bu rəqəm ona dəlalət edir ki, bank sektoru daha münasib şərtlərlə kreditlər verə, faiz dərəcələrini aşağı sala bilər. Yəni faizləri aşağı salmaqla, yenə də gəlir əldə etmək potensialları var. Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması da bankların kredit portfelinin böyüməsi faizləri artırmağa yox, azaltmağa imkan yaradır. Halbuki son bir ildə nəinki faizlər aşağı düşüb, əksinə, artıb. Bu, bölgələr üzrə kredit resurslarında daha açıq görünür. Ölkə üzrə orta faiz dərəcəsi 14,2 faiz olsa da, regionlarda bu göstərici 18-20 faizdir. Hətta bəzi bölgələrdə daha yüksəkdir. Belə ki, kredit faizlərinin ən yüksək olduğu iqtisadi rayonların sırasında Dağlıq Şirvan bölgəsi ilk yeri tutur. Bu, iqtisadi rayonda kreditlər üzrə orta faiz dərəcəsi 20,65 faiz təşkil edir. İkinci yerdə Mərkəzi Aran iqtisadi rayonu qərarlaşıb. Burada bu göstərici 20,24 faizdir. Qazax-Tovuz iqtisadi rayonunda bu rəqəm 20,06 faizə, Şirvan-Salyan iqtisadi rayonunda 19,84 faizə, Lənkəran-Astara iqtisadi rayonunda orta faiz dərəcəsi 19,8 faizə bərabərdir. Qarabağ iqtisadi rayonunda kredit dərəcəsi 19,7, Mil-Muğan iqtisadi rayonunda isə 19,4 faiz təşkil edir. Ən aşağı göstəricilər isə Bakıdadır- 12,75 faiz. Paytaxda kreditlərin dərəcəsinin aşağı olmasının əsas səbəbi faizi aşağı olan dövlət kreditlərinin (ipoteka kreditləri və daxili ipotekalar) daha çox olması, eləcə də sahibkarlığa güzəşt xətti ilə maliyyələşmə, həmçinin neft şirkətlərinə ayrılan dollarla aşağı faiz dərəcəli kreditlərin əldə edilməsidir. Şərqi Zəngəzur (13,6 faiz) və Naxçıvan (15,5 faiz) iqtisadi rayonları da nisbətən aşağı kredit dərəcəsinə malikdir. Burada da güzəştli maliyyələşmə və digər dövlət kreditlərinə çıxışın nisbətən əlçatan olması faiz stavkasının aşağı enməsinə səbəb olmaqdadır.
Banklar pensiyaçıların da kredit təklifinə müsbət yanaşır
Yeri gəlmişkən, 2026-cı ilin yeddi ayı ərzində sosial xarakterli kreditləşmədə də artım qeydə alınıb. Belə ki, bankların yaşı 65 və daha çox olan, yəni pensiyaçılara verdiyi kreditlərin həcmində də artımlar baş verib. Ən çox pensiya krediti verən maliyyə təşkilatı “Kapital Bank”dır. Bu bank 70-73 yaşlı şəxslərə qədər kredit ayırır, hətta əmanət təminatlı kredit üçün yaş həddi qoyulmayıb, 90 yaşadək şəxslər də həmin qaydalar üzrə kredit götürmək imkanına malikdir. Beynəlxalq Bank (BB) isə maksimum 70 yaşa qədər olan pensiyaçılara kredit verir. “Xalq Bank”da istehlak kreditində yaş həddi 65-70 yaş arasındadır. “Unibank”da nağd kredit və mikrokreditlər 70 yaşa qədər verilir. Eləcə də “Bank Respublika”da kredit üçün müraciət 70 yaşadək qoyulub. “Accesbank” pensiyaçılara kredit verir, 70 yaşa qədər. “Rabitəbank”da qaydalar əvvəlki banklarla oxşardır - təqaüdçülər 70 yaşa qədər götürə bilərlər. Həmçinin “TuranBank” və “Yapı Kredi Bank”, “Express Bank”da 70 yaşadək pensiyaçılara kredit təklifinə müsbət baxılır.
Bir məqamı da xatırladaq ki, sentyabr ayından etibarən banklar arasında rəqabəti gücləndirmək üçün vətəndaşlara pensiya və maaş verilən bankı seçmək hüququ veriləcək. Yəni vətəndaşlar maaş və pensiyanı alacaqları bankı özləri seçəcəklər. Belə vəziyyətdə müştəriləri daha yaxşı şərtlərlə cəlb etmək üçün banklar müəyyən şərtləri yumşaldacaqlar. Həmin tədbirlərdən biri də kredit yaşının artırılması olacaq.
E.CƏFƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 03 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















