Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi diplomatik fəaliyyəti

525 ci qəzet Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi diplomatik fəaliyyəti

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Fəxri VALEHOĞLU-HACILAR
Tarix elmləri doktoru, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri

(Əvvəli ötən sayımızda)

Mahmud bəy Əfəndiyevin həyatının Türkiyə dövrü

Mahmud bəy Əfəndiyev Türkiyəyə keçdikdən sonra əvvəlcə Qars hərbi xəstəxanasında çalışmış, sonra isə 1922-1923-cü illərdə Trabzonda mülki həkim kimi fəaliyyət göstərmiş, daha sonra İzmir şəhərində məskunlaşmış və həmin ölkəyə sığınmış müsavatçılarla əməkdaşlıq etmişdi.

Abdulla Şaiqin Mənzil Muzeyinin arxivində saxlanılan "Naxçıvan əsgəriyyə komissarı və xarici işlər naziri Yusif Ziya Axund Mustafa oğlu Talıbzadənin Azərbaycan dövlət xadimləri Mirzə Davud Hüseynova və Əliheydər Qarayevə məktubu"ndan Acarıstanda sovet hakimiyyəti qurulduğu zaman M.Əfəndiyevin artıq Qars şəhərində olduğu bəlli olur. 1921-ci ilin ilk yarısında Qarsda qələmə aldığı bu məktubunda Y.Z.Talıbzadə Azərbaycan SSR-in Qars şəhərində konsulu vəzifəsinə Türkiyədə tanınan və türklərlə ünsiyyət qura biləcək siyasi mütəxəssisin təcili surətdə göndərilməsini zəruri hesab edir və sözügedən vəzifəyə həmin parametrlərə cavab verən M.Əfəndiyevin namizədliyini tövsiyə edirdi: "Sabiq Batum konsulu Mahmud bəy Əfəndiyev buradadır. Kəndisinə türklərin etimadı vardır. Mümkünsə, ona etimadnamə göndəriniz, o müvəqqəti konsul olsun".

1923-cü ildə M.Əfəndiyev artıq İzmirdə məskunlaşmışdı və burada həm öz ixtisası üzrə həkimlik edir, həm də həmin dövrdə Finlandiyadan Türkiyəyə gələn Məhəmməd Əmin Rəsulzadənin İstanbulda qurduğu Müsavat Partiyasının Xarici Ölkələr Bürosunun İzmir Komitəsinin rəhbərliyində təmsil olunurdu.

Mahmud bəy Əfəndiyev 1923-cü ildə İzmir vilayətinin Urla qəsəbəsinin karantin həkimi vəzifəsində çalışıb. O, İzmirin Buca rayonunda həkimlik edən ilk türk tibb işçilərindən idi. Mahmud bəy o zamanlar Bucada yerləşən (sonradan Göztəpə məhəlləsinə köçmüşdür) İzmir Amerika Kollecinə (American Collegiate Institute) həkim təyin edilmişdi. Türkiyənin əhalinin rəsmi dövlət qeydiyyatı bəlgələrindən Mahmud bəy və xanımının Bucanın Vali Rahmi bəy məhəlləsində daimi qeydiyyatda olduqları bəlli olur.

1927-ci ildən etibarən Mahmud bəy İzmirin Karşıyaka səmtinə köçmüş və burada "Hilali-əhmər" ("Qızılay") cəmiyyətində düz 17 il peşə fəaliyyəti ilə məşğul olmuşdu. Türk Qızılay Cəmiyyətinin Karşıyaka şöbəsinə bəlli bir dövrdə rəhbərlik də edən M.Əfəndiyev 1944-cü ildə pensiyaya çıxmışdı.

Mahmud bəy Karşıyakada Aydoğdu küçəsində böyük bir bağçanın içərisində inşa edilmiş ikimərtəbəli malikanədə yaşamış, Türkiyədə 2 yanvar 1935-ci ildən qüvvəyə minən "Soyad Qanunu"ndan sonra Mahmud Şəfqət Atalkın ad-soyadı ilə tanınmışdı.

Mahmud bəy və ailə üzvləri (soldan sağa: oğlu Niyazi, xanımı Mahinur, qızı Fevziyyə, özü, qızı Leyla; oturan: kiçik oğlu Süleyman Paşa)

Mahmud bəy və Mahinur xanım Atalkın cütlüyü ailələrində 4 övlad (Leyla, Niyazi, Fevziyyə, Süleyman Paşa) böyüdüb tərbiyə etmiş, qızları İzmirdə Amerika Kollecində, oğulları isə fransız kollecində orta təhsil almışlar.

Dr. M.Ş.Atalkın eyni zamanda xeyriyyəçiliklə məşğul olur, şəhərin və xüsusən, yaşadığı Karşıyaka məhəlləsinin ictimai-sosial həyatında yaxından iştirak edirdi. Onun həm özü, həm də "Bambino Süleyman" ləqəbi ilə tanınan kiçik oğlu Süleyman Paşa Atalkın "Karşıyaka" idman klubunun fəal azarkeşləri və dəstəkçiləri olmuş, futbol hakimi olan Süleyman Atalkın hətta 1948-ci ildə adıçəkilən klubun idarə heyətində təmsil olunmuşdu.

Mahmud bəyin böyük oğlu Niyazi də kiçik qardaşı Süleyman kimi idman sahəsində məşhur olub atletika idman növü üzrə hakimlik edib. Niyazi Atalkına Türkiyə Atletika Federasiyasının 1952-ci il tarixli qərarı ilə milli, 19 mart 1957-ci il tarixli qərarı ilə isə beynəlxalq hakim statusu verilib.

Mahmud bəyin ilk övladı Leyla Atalkın Akgönenç Axalkələkdə, Mahinur xanımın atası evində dünyaya gəlmişdir. İzmir Amerika Kollecinin məzunlar cəmiyyətinə başqanlıq edən Leyla xanım Osmanlı və Azərbaycan türkcəsindən əlavə, rus, ingilis və fransız dillərini yüksək səviyyədə bilib. O, dərc olunmuş kiçik hekayələr müəllifi, İzmir Kültür, Sənət və Təhsil Vəqfinin qurucularından olub. Leyla xanımın böyük qızı Prof. Dr. Oya Akgönenç Muğisuddin Fəzilət (sonradan Səadət) partiyasından 21-ci dönəm (1999-2002-ci illər) Türkiyə Böyük Millət Məclisinin Ankaranı təmsil edən millət vəkili, Səadət Partiyasının Ümumi İdarə Heyətinin üzvü seçilib. Mahmud bəyin kiçik qızı Fevziyyə Atalkın Birol opera ifaçısı (soprano) olub.

Mahmud bəy kiçik oğluna qardaşı Süleymanın adını vermişdi. Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev (Əfəndizadə) Xalq Cümhuriyyəti dövründə miralay (polkovnik) hərbi rütbəsində Tərtərdə yerləşən 2-ci Qarabağ süvari alayına komandanlıq etmiş, hökumətin 29 dekabr 1918-ci il tarixli qərarı əsasında mirliva (general-mayor) rütbəsi almışdır. Bu rütbəyə layiq görülən ilk AXC zabitlərindən olan S.Əfəndiyev I piyada diviziyasının komandiri vəzifəsini icra etmişdi. O, həyat yoldaşı Laləndar xanımın xahişi ilə Qazax qəzasının Dağ Kəsəmən kəndində dəfn olunmuşdur. Hökumətin qərarı ilə Süleyman bəyin Batumda yaşayan ailə üzvləri (xanımı və 3 övladı) məvacib və yemək xərci ilə təmin olunmuşdular.

Mahmud bəyin qızı Leyla xanım valideynlərinin məzarları üstündə dua oxuyarkən...

General-mayor Süleyman bəy Əfəndiyev 1919-cu ilin fevral ayının 21-də Azərbaycan Ordusunun Ağdam qarnizonunda yayılmış səpmə yatalaq (tif) xəstəliyindən dünyasını dəyişmişdi. Ondan bir az əvvəl Süleyman bəyin böyük oğlu Həsən də Batumda intihar edərək həyatla vidalaşmışdı. Əhməd Həmdi "Azərbaycan" qəzetinin 27 fevral 1919-cu il tarixli buraxılışında "bütün həyatını millətə xidmət, haqq yolunda qeyrət etməklə Zaqafqaziya islamları arasında tanınmış" Süleyman bəy Əfəndiyevin vəfatı ilə bağlı emosional tərzdə, hüznlə yazırdı: "İsti yay aylarında, qışın soyuq günlərində Ağdamda, Tərtərdə və Qarabağın sair yerlərində vətənin hüdudlarını mühafizə edərək düşmən qarşısında ər kişilərə məxsus bir qəhrəmanlıqla çalışıb-çabalayan o ali qiymət əsgər kiçik bir dövreyi-istirahətə nail olammadan və Azərbaycanın müşkül və zəhmətli şu zamanında həyata vida etdi... Zavallı həyatında oğlunun Batumda intihar etdiyindən də xəbərdar olmamışdı. Bəradəri (qardaşı), Batumda camaat xadimliyi ilə bilinmiş Azərbaycan Hökumətinin Batum konsolosu doktor Mahmud bəy Əfəndiyev sözsüz bütün ailənin böyüyü olmaq etibarı ilə çox mütəəssir olacaqdır. Biz bütün ailəsilə bərabər hörmətli Mahmud bəyə təziyət edir və səbr təmənni ediriz".  

Azərbaycan SSR-in Batumdakı konsulu Şeyxəli Hüseynov Gürcüstanın Batum şəhəri və vilayətində xüsusi səlahiyyətli nümayəndəsinə 25 noyabr 1920-ci ildə yazdığı məktubda doktor Fazil bəy və "dul qadın Əfəndiyeva"nın adlarını çəkir, onların eyni ailə olduğunu vurğulayırdı. Süleyman bəy Əfəndiyevin ailəsinin Batumda yaşadığını nəzərə alaraq, bu məktubda barələrində bəhs edilən "dul qadın Əfəndiyeva"nın Süleyman bəyin arvadı Laləndar xanım olduğu qənaətindəyik, dr. Fazil bəy isə Süleyman bəyin kiçik qızı Adilə xanımın həyat yoldaşı idi.

Süleyman bəy və Mahmud bəy Əfəndiyev qardaşları həm də bacanaq idilər. Onların qayınatası Məmmədəli bəy Palavandovun Münəvvər, Laləndar, Bədirmah, Dərviş və Mahinur adlı 5 övladı olub.

Azərbaycan sevdalı Mahmud bəy hər nə qədər Türkiyədə özünü doğma mühitdə hiss etsə də, Qafqaz nisgili, vətən həsrəti daim onun qəlbini göynədirdi. O, Karşıyakadakı evində tez-tez "Azərbaycan günü" təşkil edir, öz azərbaycanlı həmvətənlərini bir araya toplayırdı. 

Dr. Mahmut Şəfqət Atalkın 1969-cu ilin 30 noyabr tarixində 89 yaşında vəfat edir və İzmirdə Karşıyaka Soğukkuyu məzarlığında həyat yoldaşı Mahinur Atalkının (01.07.1893 - 09.06.1954) yanında dəfn olunur.

Bu barədə İstanbulda Türk Göçmən və Mültəci Dərnəkləri Federasyonu tərəfindən yayımlanan 3 aylıq "Türk Dünyası" fikir-kültür dərgisinin 1969-cu ildə işıq üzü görmüş 15-ci sayında yazılırdı: "Keçmiş Azərbaycan dövlətinin Batum baş konsulu, yoxsulların atası olaraq tanınan dürüst insan Dr. Mahmut Şevket Atalkın (Əfəndizadə) 30.11.1969 tarixində vəfat etmişdir. Tanrı məğfirət eyliyə" (Bu mənbəni mənimlə bölüşən dəyərli tədqiqatçı dostum Dilqəm Əhmədə minnətdarlığımı bildirirəm. Mahmud bəy Əfəndiyevin Türkiyədə daşıdığı soyadın məhz bu mənbə əsasında müəyyən edilməsiylə onun nəvəsi, hörmətli Mahinur Atalkın Düvənci ilə irtibat qurub, görkəmli diplomatımızın həyatının Türkiyə dövrü və ailə üzvləri barədə daha dolğun məlumatların əldə edilməsinə nail ola bildik). 

Dr. M.Ş.Atalkının (Əfəndizadənin) övladları və nəvələri "ölümü ilə onları sonsuz kədərə qərq edən" Mahmut bəyin həyatda ikən müalicəsiylə böyük diqqət və qayğı ilə məşğul olan Dr. Feridun Bilginerə, eləcə də bu məsələdə yardımlarını əsirgəməyən Dr. Yavuz Doğaner, Dr. Mesut Bayatlı, Dr. Tahsin Bor və Dr. Kemal Tanselə, eləcə də ailənin hüznünü bölüşən dostlarına "Yeni Asır" qəzeti (1969-cu il, № 7680) vasitəsi ilə sonsuz təşəkkürlərini bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Yanvar 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see139

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see137

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see122

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see120

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri