Icma.az
close
up
RU
525 ci qəzet Uşaq dünyası

525 ci qəzet Uşaq dünyası

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Ələsgər ƏLİOĞLU

OĞRU TƏKƏ

Artıq iki gün idi ki, çoban Məcidin çörəyi xurcundan yoxa çıxırdı. İki gün idi ki, evdən götürdüyü yumurtanı və üzlü pendiri çörəksiz yeyirdi. Düşünə-düşünə qalmışdı. Axı bu iki dağın arasında onun bir parça çörəyinə kim göz dikmişdi? Çoban bu sualın qarşısında aciz qalmışdı...

Üçüncü gün çoban Məcid qərara gəldi ki, xurcunu gözdən qoymasın. Necə olursa-olsun oğrunu tapmalıdır. O, tütək çala-çala yamac boyu asta yerişlə var-gəl edirdi. Amma bir gözü sürüdə olsa da, bir gözü nəhəng sal daşın dibinə qoymuş olduğu xurcunda idi.

Günortaya az qalmışdı. Birdən sürüdən ayrılan boz təkə xurcuna sarı yaxınlaşdı.Təkə imsiləyə-imsiləyə başını xurcunun çörək qoyulan gözünə soxdu. Çörəyi xurcunun gözündən çəkib çıxartdı və yeməyə başladı.

Məcid kişi artıq oğrunu yaxalamışdı. O, bir istədi ki, təkəni çomaqla yaxşı-yaxşı əzişdirsin, bir də nə düşündüsə, fikrindən əl götürdü...

Təkə başını qaldırıb çobanı başının üstə görərkən əvvəlcə döyükməyə başladı və sonra qaçıb özünü sürünün içinə verdi...

Çoban Məcidin sürüsündəki üçillik qara təkə qayadan uçmuşdu. O, ötən bazar günü bu təkəni qonşu kənddə yaşayan çörəkçi İsadan almışdı. Çoban Məcid çörəkçi İsanı xəyalında gözünün qabağına gətirib, asta-asta başını buladı və dodağının altda nəsə deyindi. Daha hər şey aydın idi...

1982

BİR DƏSTƏ QƏRƏNFİL

Aylinin nənəsi gül həvəskarıdır. Həyətdə qəşəng bir güllük salıb. Burada hər cür gülə rast gəlmək olar: qızılgül, məxmərgül, zanbaq, nilufər, qərənfil... Bunların hər biri də xoş ətir yaymaqla yanaşı, həyətə xüsusi bir gözəllik də verir.

Bir gün Aylin nənəsigilə gəlib gül dərmək istədiyini bildirdi.

Nənə dedi:

- Əziz balam, mən əlimdə nəhrə çalxalayıram. Bunu yarımçıq buraxa bilmərəm. Bağ qayçısını dolabdan götür, get hansı güldən istəyirsən, dər. Ancaq ehtiyatlı ol, barmağına tikan batar...

Aylin nənəsi dediyi kimi də etdi və bir azdan güllükdən çıxdı. Nənə baxdı ki, qızın əlindəki ancaq bir dəstə qərənfildir... O, təəccüblə nəvəsinə dedi:

- Qəşəng bala, neçə cür gül-çiçək var... Yoxsa tanımırsan?  Niyə hər birindən dərmədin?

- Nənə, mənə ancaq qərənfil lazım idi. Sabah məktəbimizin şagirdləri şəhidlərimizin məzarlarını ziyarətə gedəcəklər...

Nənə doluxsunub dilləndi:

- Azlıq eləməz ki, qəşəng balam?

- Yox, nənə, sayıb dərmişəm!..

28.11.2024

SARIMSAQ...

Uşaqlar nahardan sonra həyətdə top-top oynayırdılar. Turqut anidən ayaq saxlayıb üzünü dostu Samirə tutdu:

- Sarımsaqlı yemək yemisən, eləmi?

Samir təəccüblü bir görkəm alıb ondan sorusdu:

- Bunu sənə kim dedi!?

Turqut elə də çox fikirləşmədən cavab verdi:

- Sarımsaq!..

Samir astaca başını tərpətməklə Turqutun sözünü təsdiqləmiş oldu...

25.02.2024

SUYU DƏRİNLƏŞƏN ARX

İsti yay günləri gəlmişdi. Uşaqlar arxda çimmək istəyirdilər. Ancaq yaxınlıqdan axıb keçən arx heç topuqlarından da deyildi. Başqa bir kənd də normasını bu arxdan götürdüyü üçün su az gəlirdi. Fikirləşə-fikirləşə qalmısdılar: heç belə dayaz arxda da çimmək olar!?

Bu zaman Vüsalın babası camışı arxda sulamağa, sərinlətməyə gətirdi. Camış suya girən kimi arxın içinə uzandı. Arxın yuxarısında su tədricən şişməyə basladı. Arxda su artıq qurşağa çatırdı...

Bunu görən uşaqlar paltarlarını soyunub arxın yuxarısında çimməyə başladılar. Bundan sonra onlar hər gün gözləyirdilər ki, baba camışı arxa sulamağa, sərinlətməyə gətirsin...

Hər dəfə uzaqdan babanın camışı qabağına qatıb arxa sarı gəldiyini görəndə onlar sevincdən atılıb-düşürdülər. Bilirdilər ki, paltarlarını soyunub suyu dərinləşən arxda doyunca çiməcəklər...

26.11.2024

ÇİYƏLƏKLİKDƏ

Nənə çiyələkliyi hərlənərkən nəvələri Ələsgəri, Aqili və Turqutu yanına səslədi:

- Ay uşaqlar, bir gəlin bura. Bu çiyələkliyə bir qiymətli şey düşüb. Onu tapa bilmirəm. Gəlin çiyələkliyi alaqdan təmizləyək, tapan kimi onu sizə bağışlayacağam. Amma ehtiyatlı olun. Çiyələkləri zədələməyin...

Uşaqlar işə başladılar. Onlar bir azdan çiyələklərin böyür-başındakı alaq otlarını yolub ləkdən qırağa çıxardılar. İş başa çatdı. Uşaqlardan hansısa dilləndi:

- Ay nənə, heç nə tapmadıq!

Nənə gülümsəyə-gülümsəyə dilləndi:

- Tapdınız, əziz balalarım, Hərənizə bir "sağ ol!" düşür. Bayaqdan elə gəzdiyim də bu idi!

AZMIŞ DURNA

Payızın soyuğu hiss olunmaqda idi. Qusların köçü başlamışdı. Bu zaman bir durna dəstədən gen düşmüşdü. İndi hansı səmtə uçacağını bilmirdi. Elə havada dövrə vura-vura qalmısdı. Birdən qarşısına bir bulud karvanı çıxdı.

O, üzünü bulud karvanına tutdu:

- Hara belə gedirsiniz, ay buludlar?

Bulud topalarından biri dilləndi:

- Biz getmirik, gəlirik. Hamımız da qarla, buzla, çən-çisəklə yüklüyük. Gəlişimizlə qışı bu ellərə gətiririk. Gəl bizə qoşul, göy üzünü gəzək, dolaşaq!..

- Yox, mən sizə qoşula bilmərəm. Amma hansı səmtdən gəlirsiniz, onu mənə göstərin. Mənim öz yoldaşlarım var, onları gəzirəm...

Həmin bulud topası uçub gəldikləri səmti durnaya göstərdi.

GÜNƏŞ VƏ BULUD

Günəşin buluddan heç xoşu gəlmirdi. Çünki bulud tez-tez qanad çalıb günəşin qabağına keçirdi. Axırda günəş möhkəm qəzəbləndi və nəfəsilə onu yandırıb-yaxmağa başladı. Günəşdən qorxuya düşən bulud bıldır-bıldır göz yaşı axıtdı. O qədər, o qədər ağladı ki.

Günəş bir də göz gəzdirdi ki, bulud göy üzündə yoxdur... Damcılara dönüb harasa qaçıb.

Günəşin əlindən başını götürüb yerin altda qaçan bulud yaz ağzı göy donunu dəyişib, al-yaşıl geyinərək yavaş-yavaş üzə çıxdı. Dərədə-düzdə görünməyə başladı. Elə düşündü ki, günəş onu tanımayacaq.

Ancaq nə vaxtdan bəri buludu yerdə gəzib axtaran günəş diqqətlə baxıb onu tanıdı. Daha qəzəblənmədi. Nəfəsilə ona sığal çəkdi, onu isindirdi.

Günəşin hərarətindən bulud yavaş-yavaş qol-qanad açmağa başladı.

19.11.2024

BALA KİRPİNİN ŞARI

Bala dovşan yuvasının ağzında şar oynadırdı. Bunu görən bala kirpi ona yaxınlaşdı:

- Nə olar, şarını ver, bir az da mən oynadım.

Bala dovşan şarını ona uzadıb dedi:

- Ehtiyatlı ol, birdən partladarsan.

Bala kirpi heç bircə dəfə atıb-tutmamış şar partladı. Bala dovşan göz yaşı axıdıb haray-həşir saldı. Kənardan baxıb bunu görən ana kirpi yaxın gəlib bala dovşanı sakitləşdirdi:

- Ay bala, ağlama, indi gedib sənə təzə şar alaram.

Ana kirpi bazardan iki şar alıb gətirdi. Birini bala dovşana, ikincisini isə öz balasına verdi. Bala kirpi şarı üfürüb doldurdu. Yenidən havaya atıb-tutarkən bu şarı da partlatdı... Ana kirpi bir xeyli düşünüb-daşındıqdan sonra yenidən bazara üz tutdu. O, satıcıdan dəmir şar istədi. İşdən halı olan satıcı ona bir dəmir kürəcik-şar verdi...

Ana kirpi dəmir şarı götürüb balasının yanına qayıtdı:

- Di al oynat, nə qədər istəyirsən...

Bala kirpi dəmir şarı oynatmağa başladı. Daha onun şarı partlamadı. Ancaq havaya atılan kimi bircə anın içində qayıdıb yerə düşürdü. Buna görə də o, şarını elə yerdə oynadırdı.

Bala kirpinin şarını görənlər soruşurdular:

- Niyə şarını havada oynatmırsan?

Bala kirpi özünü o yerə qoymayıb deyirdi:

- Özüm istəmirəm: birdən külək götürüb aparar!

20.11.2024

LOVĞA SÖYÜD

Arxın qırağındakı söyüd yellənə-yellənə elə hey özünü öyürdü: "Mən ömür boyu tufanlara sinə gərmişəm. Ancaq həmişə də məğrur dayanmışam. Məni heç nə yıxa bilməz. Heç şimşəkdən də qorxub-çəkinmirəm!"

Arxqırağı cərgələnmiş çinar, cökə və qarağac onun bu davranışını kinayəli bir baxışla süzüb acı-acı gülümsəyirdilər. Axırda qarağac hövsələsini basa bilmədi:

- Ay söyüd, az lovğalan, az özünü öy!.. Neçə yaşın var ki?

Söyüd təşəxxüslə dilləndi:

- Payızda otuz yaşım tamam olacaq.

- Bəs bilirsənmi o böyründəki çinarın neçə yaşı var?..

- Yox, bilmirəm...

- Di onda bir onun özündən soruş.

Söyüd ədalı bir görkəmdə dilləndi:

- Ay çinar, neçə yaşın var?

Çinar başını ağır-ağır qaldırdı:

- Keçən yaz yüz əlli yaşımı tamamladım...

Qarağac:

- Görürsənmi, ay söyüd, səndən beş dəfə böyükdür. Sən neçə dəfə tufan görmüsənsə, o, beş qat artıq görüb. Amma heç sənin kimi lovğalanmır...

Aradan bir müddət keçdi. Günlərin birində havada yüngülcə meh vardı. Birdən söyüd gövdə-sindən qopub "vay budarlarım, vay budaqlarım" deyə çığıra-çığıra yanıüstə düşdü... Söyüdün son nəfəsi idi. Zarıya-zarıya qalmısdı. Onun gövdəsi üzülən yerdən neçə-neçə başı qara və bədəni ağımsov ağacqurdu üzə çıxırdı.

24.11.2024

TÜLKÜ, AYI, BİR DƏ XORUZ...

Tülkü ağzında da bir xoruz kənddən çıxıb dağ yolundan keçərkən ayı ilə qarşılaşdı. Ayı onun arxasınca düşdü. Tülkü cəld dağın yuxarısına doğru dırmasdı. Bundan qeyzlənən ayı var gücünü toplayıb onu qovmaqda davam etdi.

Ayı çathaçatda tülkü anidən dayanıb fikirləsdi və yenidən üzüaşağı götürüldü. Ayının qabaq ayaqları arxa ayaqlarından gödək olduğuna görə, enişə qaçmağa çətinlik çəkdi. Buna görə mayallaq aşa-aşa tülkünü qovmağa basladı. Dərənin dibinə azacıq qalmış, tülkü anidən fikirləşib ayaq saxladı. Təkərək kimi mayallaq aşa-aşa gələn ayı özünü saxlaya bilməyib düz dərənin dibinə düşdü... O, yenidən üzü yuxarı yamac boyunca tülkünü qovmağa basladı... Bu zaman xoruz yaxınlıqdakı ağacı göstərib tülküyə dedi:

- Tülkü lələ, mən sənə yük oluram. Məni burax, qoy ağacın başına qonum. Ayıdan canını qurtar, sonra məni də gotür gedək.

Vahimə içində olan tülkü elə də dərindən düşünüb-daşınmadan xoruzla razılaşdı...

Bu zaman artıq ayı tülküyə yetişməkdə idi. Tülkü yenidən dərə aşağı götürüldü... Bu qaçdı-qovdu xeyli davam etdi. Axırda ayı yoruldu və istəyindən əl çəkib öz yolu ilə çıxıb getdi.

Tülkü özünə gəlib ağaca yaxınlaşdı:

- Ay xoruz, di gəl, getdik.

Xoruz dedi:

- Tülkü lələ, qorxudan qanadlarım tutulub, düşə bilmərəm. Daha mən gedəsi olmadım!..

Tülkü nə qədər dil töksə də, xoruz ağacdan yerə düşmədi. Axırda tülkü də ayı kimi başını aşağı salıb öz yoluyla çıxıb getdi...

Bir azdan sakitlik yarandığını görən xoruz ağacdan atılıb düşdü və kəndə - toyuqların yanına üz tutdu.

1982

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see151

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see145

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see139

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see133

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see130

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see124

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see120

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see118

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see117

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see115

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see111

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see111

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri