525ci qəzet Bölgələrdə istedadlı şagirdlərin təhsil ala biləcəyi lisey və gimnaziyaların şəbəkəsi genişləndirilir
Bölgələrdə istedadlı şagirdlərin təhsil ala biləcəyi lisey və gimnaziyaların şəbəkəsi genişləndirilir.
525.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib. Onun sözlərinə görə, Oğuz, Qobustan, Sumqayıt, Lənkəran, Mingəçevir kimi bir çox rayon və şəhərlərdə yeni liseylər yaradılır:
"Ötən il 34 müxtəlif lisey və gimnaziyada təhsil almaq üçün 25 min nəfərə yaxın şagird müraciət edib və onlar arasından ən yaxşı 3 min şagird bu müəssisələrə qəbul olub. Regionlarda istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə son iki ildə 5 lisey yaradılıb və fəaliyyət göstərir. "Ölkə daxilində istedadlı şagirdlərin aşkar edilməsi üçün həyata keçirilən müxtəlif müsabiqə və olimpiadalarda iştirakçıların sayı 15% artaraq 150 min nəfər təşkil edib. Olimpiada və müsabiqələrin keçirilməsində məqsəd şagirdlərin istedadının aşkar edilməsi üçün müvafiq platforma və gələcək perspektivin verilməsidir. Respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisaslarda birbaşa təhsil almaq hüququ əldə etməsi bu istiqamətdə motivasiyaya səbəb olur".
Sevinc Qarayeva