Icma.az
close
up
RU
525ci qəzet İlahi dəqiqliklə... Bahəddin Həzi yazır

525ci qəzet İlahi dəqiqliklə... Bahəddin Həzi yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bahəddin HƏZİ

Argentinalı yazıçı Luiza Valenzuelanın bir hekayəsində maraqlı sual var: "Bizim olmayan zamanda saat sənin nəyinə lazımdır?"

Bu, heç sual da deyil, əslində cavabdır.

Bilirsiniz, bəzi sualların özü cavabdır, bəzi cavabların özü sualdır. Elə nida cümləsi də olur, baxırsan, içində hər şey var...

Yazıçı səni zamanın içində deyil, zamanı sənin içində görür bəlkə. Robin Şarma da elə o cür məsləhət vermişdi: "Hərdən saatı evdə "unudun".

"İtirin" deyir. Vaxt itirməyin, yox, vaxtın ölçüsünü "itirin" hərdən. Ya da elə, doğrudan da, müddətlərin mühasibatını itirin. Heç olmasa, müəyyən bir müddətə.

Görürsünüz, doğmalarla, dostlarla görüşürsünüz, saatlarla oturursunuz, deyib-gülürsünüz. Bir də qayıdıb deyirsiniz: "Nə yaxşı görüşdük, çox maraqlı gün oldu; heç bilmədik vaxt necə gəlib keçdi".

Niyə elə deyirsiniz?!

Çünki ailənizlə, dostunuzla, doğmanızla vaxtı unudursunuz. Onları sevdiyinizdən zamanı unudursunuz - sevgi hissi vaxt ölçüsünə qalib gəlir.

Niyə belə olur?!

Ona görə ki, sizə o keçən vaxtın ölçüsü maraqlı deyil, vaxtın içindəki insanlar, o insanların gözündəki işıq, üzündəki təbəssüm, o doğmalıq daha maraqlı və gərəklidir.

Beləcə, hərdən vaxtın necə gəlib keçdiyini unutmaq istəyirsiniz. Bəlkə də vaxt özü ömrün başlanğıcı, ortası, sonu olduğuna görə ölçüsünü yaddan çıxarmaq istəyirsiniz. Həmişə yox, arabir vaxtın özünü unutmaq üçün özünüzə vaxt ayırırsınız. Deyirsiniz: "Bu axşam çıxıb gəzmək, ailəcə doğmalarla, eləcə də, dostlarla vaxt keçirmək lazımdır".

Vaxt keçirmək! Belə hallarda hiss edirsiniz ki, vaxtı unutmağın əsl vaxtıdır. Ömür yoldaşını da o üzdən seçirsiniz. Həm də o üzdən. Ömür yolunu tək getməkdən ürpənər insan. Yolu birlikdə getməyə yoldaş axtarırsan. Yol yolçuluğu xoşbəxt keçsin deyə. Xəstəlikdə, sağlıqda - enişdə, yoxuşda, dönüşdə-döngədə bir-birinizin əlindən tutursunuz axı. Məsafəni necə "əritdiyinizi" hiss etmirsiniz. Və bir gün geriyə baxıb deyirsiniz: "Elə bil dünən idi; vaxt necə də sürətlə gəlib keçdi".

Geriyə baxmaq demişkən, insanı yaşadan dünənin xatirələri, bugünün qayğıları, sabahın arzularıdır. Bütün həyatımız vaxta bağlıdır. Xoşbəxt ömür - arzuların ən axırda tükəndiyi ömürdür. Hansı ömrün arzuları nə vaxt bitibsə, ömür orda bitib demək.

Ömür, sadəcə, keçib gedən vaxt deyil, o vaxt içindəki yaşantılar, doğma insanlardır.

"Düşməncəsinə sevgi, sublimasiyalı aqressiya" adlı essemdə bu haqda belə bir fikir yazmışdım: "Çox görmüşük: birinin varlığında varlığına dözə bilməyən, yoxluğunda yoxluğuna heç dözə bilmir: "İndi sağ olsaydı, yanımda olsaydı, bərk-bərk qucaqlayardım" deyir..."

Məşhur mahnıda deyildiyi kimi: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim".

Bu, keçmiş, keçib getmiş vaxtın xiffəti deyil, o vaxtın içində sənin ömründən keçib getmiş insanların özləmidir.

Amma deyəsən, axı bu, bir az şişirdilib: insanın keçmişini gələcəyinə qarşı qoymaq, məncə, yanlışdır. Keçmişin də sənindir, gələcəyin də. Arzuların əlçatmazdırsa, xatirələrə çox da sığınma; heç nə qazandırmayacaq. Keçmiş - keçmiş zamandır, gələcək isə hələ qarşıdan gələcək. Hər ikisi sənin vaxtındır. Keçmişində hər şey yaxşı olubsa, hardan bilirsən, gələcəyin pis olacaq. Sənin keçmişin də öz vaxtında gələcək idi; yaşadın, keçdi, keçmiş oldu. Həm də keçmişi dəyişə bilmərik, ancaq gələcəyi, hə!

Vaxt dediyin elə sən özünsən:  əvvəl başlanğıc idin, sonra başlanğıcın sonu oldun, daha sonra sonun başlanğıcı oldun, axırda da son olacaqsan. Sən - səndən keçib gedən vaxtsan. Vaxtın riyazi ölçüsü qolundakı saatda görünə bilər, bioloji ölçüsü üzündəki qırışlardan "boylanar". Ancaq ən dəqiq işləyən saat ruhun "ölçdüyü" zamandır. Ruh bədəndə varsa, varsan, yoxdursa, deməli, bu dünyadakı zamanın dayanıb artıq. Sənin arzuların üçün Tanrının ayırdığı vaxt bitib, indi artıq sən yalnız hələ vaxtı bitməmiş başqalarının xatirələrindən ibarətsən. 

Körpə beşiyində keçirdiyin də vaxtdır, ölüm döşəyində keçirdiyin də. Sevgi də vaxtdır, ayrılıq da. O ayrılığın içində unutmaq da vaxtdır, unudulmaq da. 

...Küçədə, parkda bir cavan oğlan bir qıza ilk baxışdan vurulur. Yaxınlaşıb vaxtı soruşur: "Xanım, bağışlayın, deyə bilərsinizmi saat neçədir?"

Bilirsinizmi, niyə?! Çünki həmin an oğlanın da, qızın da sevmək vaxtıdır. Həmin anda oğlanı qızın qolundakı saat, o saatın içindəki vaxt maraqlandırmır. Qızın qoluna taxdığı saat bəhanədir; oğlan qızı öz qoluna taxmaq hayındadır. Bəlkə ötəri hisslərdir bunlar, bəlkə bir ömürlük eşq?! Kim bilir. Bunların hamısı vaxta bağlıdır: ötəri heyranlıqlar da, dəlicəsinə sevgilər də.

Vaxtın özünə dərdimizin dərmanı kimi də baxırıq; zaman hər dərdin əlacıdır deyə inandıq. Ölümün özü də vaxt ölçüsüdür; bir cavan insan dünyadan köçəndə: "Vaxtsız getdi", - deyə ah çəkirik, bir qocanın arxasınca isə: "Vaxtı bitmişdi, getdi" deyirik.

Ən ağır xəstənin də sağalacağına ümid vaxta bağlıdır: "Allahdan ipi üzülməyibsə, sağalacaq" deyərlər. Hələ üzülməmiş o ip var ha, onun özü vaxt deməkdir. Səbir etmək də vaxtladır. Doğmasını itirənə təsəlli kəlməmiz: "Allah səbir versin" olur. Yəni Allah bu itkinin ağrısını xəfiflədəcək zaman versin. Yaxud deyirik: "Son qəmin olsun". Yəni "Allah bu dərdi unutduracaq başqa dərd verməsin". Çünki insan unudulanda ölür. Unudulmaqdan amansız cəza, ağır dərd yoxdur.

İtirdiyin doğmanı unutmursansa, deməli, başqa - fərqli zaman ölçülərində yaşadırsan.

Yox-yox, yoxluğu ilə barışmırsan. Sadəcə, bu yoxluğun varlığı ilə birlikdə yaşamağı öyrənirsən. İnsanı istəyəndə unudan da, istəyəndə xatırlayan da vaxtın özüdür. Məzar daşında insanın bircə adı yazılır, bir də doğulduğu və öldüyü tarixlər. Ölmüş insan tarixdir. Ancaq dünyaya o qədər insan gəlib və gedib, çoxunun ya doğulduğu tarix yanlışdır, ya öldüyü tarix. Yaxud hər ikisi. Məhəmməd Füzuli beşcə əsr bundan əvvəlin adamıdır. Füzuli boyda adamın belə doğum və ölüm tarixini bu boyda Tarix dəqiq xatırlaya bilmir.

Arxeologiya torpağı qazanda, nə axtarır orda?! Tapdığı maddi dəlillər əslində yüz il, yüz min il, yüz milyon il... bundan qabaqkı vaxtdır. Azıxantropun çənəsi də elə "ən qədim" kimi bildiyimiz o Vaxtın abidəsidir.

Millətlər qədimliyi ilə öyünür: "Köküm dərindədir" deyə mənşəyi ilə qürurlanır. Əslində bu, bir az da mənə qəribə gəlir: onsuz da, hansı etnik kimliyi daşıyır-daşısın, Yer üzündə qədim olmayan xalq yoxdur axı. Hamının kökü gedib ən birinci insana çıxırsa (hamı bir tarixi "beldən" gəlirsə), bu, nəyin davasıdır belə?! Amma xalq var, vaxtı qabaqlayır, xalq da var, vaxta ilişib qalıb. Hələ vaxtın dalınca sürünənləri demirəm.

Ən qədim olduğunu sübut etməyə sərf etdiyin vaxtı, gücü, enerjini çağdaş olmağa, hətta özündən, öz vaxtından belə öncül, qabaqcıl olmağa sərf et. Ən qədim olmaq əsas üstünlük olsaydı, Dünyanın supergücü Yunanıstan, İraq, Misir... olardı, 248 illik ABŞ deyil.

Belə bir söz birləşməsi var: "Vaxtı dəyərləndirmək". Vaxtı dəyərləndirəcək olan kimdir?! Əlbəttə, insan. Siz heç heyvanın öz boynundan, ya da ağacın öz budağından saat asdığını gördünüz?! Yox! Doğrudur, təkcə insanın deyil, heyvanın da, ağacın da bioloji saatı var; hər çiçək vaxtında açar, hər meyvə öz vaxtında yetişər... Amma yenə də vaxtın dəyəri insanın vaxta yanaşmasından doğar.

Yer üzündə zaman anlayışı, daha doğrusu, vaxt ölçüsü insanın varlığına bağlıdır. İnsan var deyə zaman ölçüsü var, insan olmayan yerdə bu ölçü də yoxdur. Yer kürəsində insan ayağı dəyməyən yerlər, insansız adalar var. Orda vaxtı kim ölçür? Heç kim. Vaxt insan təfəkkürünün, ya da təxəyyülünün meyvəsidir. Vaxt insanla doğulub, vaxtı dəqiq ölçülərdə yaşadan insandır. Amma sanki vaxt insanı... öldürür.

...Az əvvəl bu ifadəni işlətmişdik: "vaxt öldürmək". İnsan vaxtı öldürdüyünü düşünür. Əslində bu düşüncənin özü elə vaxtın insanı öldürdüyünün sübutudur. Vaxtı, sadəcə, boş keçirib "öldürmək" istəyəni, vaxt özü, əlbəttə, öldürəcək, bu, vaxtın özündən də dəqiqdir.

Biz həyata, bəli, vaxt ölçüsü kimi baxırıq. Amma: "Həyat nədir?" sualına Dostoyevski: "Cəhənnəmdir" deyib. Nitsşeyə görə həyat - hakimiyyət, Sokrata görə sınaq, Pikassoya görə incəsənət, Rasselə görə rəqabətdir. Stiven Hokinqə görə ümid, Qandiyə görə sevgi, Fyedə görə sondur. Frans Kafka isə deyib: "Bu, sadəcə, başlanğıcdır".

Kafka haqlıdırsa, biz hələ həyata indi-indi başlayırıq; daha vaxtımız var demək.

Yox-yox, nə qədər yaşayacağımızı heç vaxt bilə bilmərik.

Belə çıxır ki, reinkarnasiyaya inanmaq lazımdır; ruh əbədi yaşayır, sadəcə, vaxtı çatdıqca, bədənlər dəyişir. Ruh başqa cismdə yenidən, həm də dönə-dönə qayıdırsa, deməli, biz vaxtın fövqündə - əbədi  yaşayırıq. Bəlkə ruhumuz başqa cismlə başqa planetə qayıdır, kim bilir?! Bəlkə başqa planetdə qohum-qardaşımız var! Bəlkə onlarla energetik kontaktımız var.

Söz də ona görə öz vaxtından uzun yaşayır! "Hər yeni olan çoxdan unudulmuş köhnədir"sə, bəlkə də bizim bu gün yazdıqlarımız çoxdan, lap çoxdan unutduğumuz lap köhnədir. Həm də özümüzün əvvəlki vaxtlarımızda - keçmiş həyatlarımızda dediyimiz, yazdığımız sözlərdir bəlkə.

Allahın yaşamaq üçün bu dünyada bizə ayırdığı vaxt, Dostoyevskinin dediyi kimi, tam bir cəhənnəmdirsə, Umberto Eko, görünür, elə bu sözə  təəccüblənib. "Bu cür cəhənnəm məşəqqətləri ilə dolu olan dünyanın hələ üstəlik, bir cəhənnəmi də var?" deyə ritorik sual verib.

Tək bircə Mahatma Qandi dünyanı "sevgi" kəlməsi ilə ifadə etmişdi. Nifrətlə dolu bu dünyanı sevgiyə bənzətmək! Nə bilim!

Bugünkü dünyanı mən, nə yazıq ki, başqa bir sözlə tanıdardım: MÜHARİBƏ! Bu kəlmədə sınaq da var, əzab da. Ölüm də var, ölümdən də betər Cəhənnəm atəşi də. İndiki vaxtın adı, bəli, savaşdır, savaş!

Yazının əvvəlinə - Valenzuelanın: "Bizim olmayan zamanda saat sənin nəyinə lazımdır?" sualına qayıtsaq, yəqin ki, bunun ən doğru cavabı Bajaular imiş. Cənub-Şərqi Asiyada yaşayan bu xalqın zaman anlayışı yoxdur; gün, saat nədir, bilmirlər.

Deməli, bu dünyada vaxtı ölçmədən də yaşamaq olarmış! Deməli, əzilib-bükülüb zamana sığışmadan da yaşaya bilərmiş insan! Vaxtın konkretikasına yerləşmədən ömür sürmək mümkün imiş, sən demə. Bu yerdə düşünürsən: hərəyə verilən vaxtın hesabı hər kəs üçün ayrı-ayrı, həm də "İlahi dəqiqliklə" aparılırsa, bəndənin ömür riyaziyyatı nəyə yarayar?! Heç nəyə.

Bir sözlə, başlıcası yaşamaqmış, yaşamaq! Odur ki, sən ALLAHIN VERDİYİ QƏDƏR VƏ ÖZ ÜRƏYİNİN İSTƏDİYİ KİMİ yaşa! Vaxt çatanda onsuz da hamı ölür.

Buna qəti əminəm: Yer üzündə hamı məni unutsa belə, əcəl heç vaxt unutmaz. Vədə dolanda özü gələcək.

Müdriklər: "Hər günü sonuncu günmüş kimi yaşa" deyir. Əbəs yerə demirlər. Müdriklər demək istəyib ki, vaxta taxılıb qalma, divardakı saatın kəfkirindən asılıb qalma. Qoluna taxdığın saatın siferblatındakı rəqəmə, əqrəblərin hərəkətinə tutunub qalma. Nə qədər hesablayırsan-hesabla, xeyri yoxdur. Vaxt sənə işləmirsə, sən vaxtı özünə işlətməyi öyrən. Vaxtdan önə keçərək...

24.12.2024

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri