Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

İLAHİ TANQO NUN HİKMƏTİ Bahəddin Həzi yazır

İLAHİ TANQO NUN HİKMƏTİ Bahəddin Həzi yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bahəddin HƏZİ

Səninlə qan qohumu deyilik, ruh qohumuyuq.

Hamı hamının qan qardaşı deyil, bilirsən. Hamı hamının qardaşı ola bilməz. Ancaq... QARDAŞ ola bilər.

Hə, o da doğrudur, görürsən, hamı bir-birinə "qardaş" deyir, amma hamıdan qardaş olmur ki! Bir-birinə "sevirəm" deyən də çoxdur, "bağışla" deyən də. Ancaq gerçəkdə heç də hamı sevmir. Heç kim də heç kimi bağışlamır, nə yazıq ki! Dildə deyilənə baxma.

"Distillə olunmuş" bir həyat yaşamırıq biz. Sol Bellou da deyirdi, çox düzgün yaşamaq da düzgün deyil. Yəqin "mümkün deyil" mənasında. Ya da həmişə mümkün deyil.

Yerin dərinliklərindən, ən uzaq süxurlardan çıxıb, bizə göz "süzdürən" bulaqların gözündən süzülən su da keçdiyi dolama yollarda çox dolaşır, qarışır, bulaşır, bulanıb gəlir. Sonda durulub çıxır torpaqda. Heç nə başlanğıc nöqtədə, ilk variantında, ilkin versiyasında - təbii halında qala bilmir axı.

İnsan bir dəfə tərtəmiz olur, o da doğulanda. Bu körpə böyümək üçün yaşamağa, yaşamaq üçün böyüməyə məhkumdur və böyüdükcə, yaşadıqca, mütləq günaha batır. Kimisi az, kimisi çox, kimisi də lap çox.

Sən isə bu dünyada ən günahsız (bəlkə hamımızdan, ya da çoxumuzdan günahsız) qalmağı bacardın. Düzgün yaşamağın ən düzgün olduğunu Bellounun özünə də, bizə də isbatladın.

Elə dərinlərdə axıb, elə yüksəklərdən keçdin ki! Uzaq süxurlarda damcı-damcı düzülüb, elə daşlardan süzüldün ki!

Çay olmağa, göl olmağa nə var, dəniz olmağa nə var! Kimi "bəyənmirsən", özünə - dibinə çəkib batırırsan. Amma sən gəl, bulaq ol, görüm.

Bulaq olmaq asan deyilmiş, qardaş!

Elə səni yaxşı tanıyan, yaxşı tanıdığın İsa bulağına bax. Bütün o qan-qadanın içində, o qədər uzun zamanda öz suyunun sərinliyini, təmizliyini qoruyub saxlamasaydı, işğalçı vəhşət onu da çoxdan batırmışdı, elə deyilmi?!

Düşmən dediyin təkcə sənin düşmənin deyildi ki! Səndən də əvvəl sənin bulağının, sənin bağ-bağatının, əkin-biçininin, dağ-daşının, sənin meşənin, torpağının düşməni idi.

Madam, söz torpaqdan, yetimlikdən düşüb, deyim. Belə bir el məsəlimiz var: uşaq atadan yetim qalmır, anadan yetim qalır.

Bilmirəm. Nə deyim?!

Məncə, yox! Belə deyil: yetim elə yetimdir. Nə fərqi var, anasını itirib, ya atasını.

Hə, deyə bilərik, ananı itirəndə uşaq yetimliyi daha çox hiss edir, o başqa. Elədirsə, TORPAQ yetimliyindən daha ağır yetimlik yoxdur, qardaş! Bu, sadəcə, dəhşətlidir. Torpağa da "ana" demişik axı.

Bayaq deyirdim e, sən, mən - biz qan qardaşı deyilik. Elədir, biz başqa-başqa ataların belindən gəlmişik, başqa-başqa anaların bətnindən doğulmuşuq; biz səninlə qan qardaşları ola bilməzdik. Ancaq QAN-QADA QARDAŞLARI olduq.

Axı ikimizi də eyni ANA TORPAQ yetirib, ikimiz də eyni torpağın yetimiydik. Bizi müharibə yetim qoymuşdu, qardaş; biz torpaqdan yetim qalmışdıq.

Bu, insan yetimliyinin ən dözülməzidir, bilirsən.

Ancaq şükür qovuşdurana! Millət olaraq, dövlət olaraq o torpaqları əsirlikdən qurtara bildik, axır ki!

Bu torpaq yetim-yesirliyini götürüb özü ilə "o tərəfə" aparanlara baxanda, hə, biz şükürlüyük.

Dünyadakı insanın ən xası, xalisi  dünya malında gözü olmayandır. Bax, elə sənin kimi. Belə insan kasıb da olsa, xoşbəxt yaşayır, arxayın yaşlanır.

Yoxsulluğun bəxtəvərliyinə bax!

Ancaq o kəslər xoşbəxt ölür ki, gözü arxada qalmır. Hər xoşbəxt olan, xoşbəxt ölmür.

Bizim torpaqlarda bitib-pöhrələmiş, böyüyüb kök atmış, qol-budaq açmış hər kəs beş-altı il əvvələ qədər dünyadan gedəndə, gözü arxada qaldı. Həyatdaykən, nəfəs alırkən, dediyim o torpaq yetimliyindən qurtulan biz - sən və mən bu mənada çox şanslıydıq; bəxtimiz oyaqmış! Necə deyərlər, analarımız namaz üstündəymiş.

Bu dünyada vədəmiz dolanda sən də, mən də gözümüzü arın-arxayın yumub, uçub gedə biləcəyik; gözümüz arxada qalmayacaq.

Çünki bax, dünən dərdini çəkdiyimiz Şuşanın, bu gün gedib şəklini çəkirik. Tək Şuşanın yox, bütün Qarabağın. Tək şəkil çəkmək də deyil...

Vaxt var idi, torpaq nə zaman azad olunar deyə qüssəli gözlərimiz yol çəkirdi, indi o dağlara yol çəkirik, elə deyil?!

O torpaqların həsrətini çəkməkdən gözümüzün işığı da sönükmüşdü, bu gün oralara işıq çəkirik.

Beş-altı il əvvəl formal danışıqlardan, vasitəçilərdən-filanlardan, cürbəcür sülhəbənzər aldadıcı (alçaldıcı) planlardan gözümüz heç su içmirdi, indi özümüz Kəlbəcərin çeşməsindən ovuclayıb su içirik.

"Quş olub, o yerlərə uçaydım..." deyə dəfələrlə xəyal qurmuşduq, ancaq indi uçmaq da xəyal deyil: üç hava limanı var. Elə təkcə Füzulidəki hava limanı xəyaldan da tez uçmağa bəs edir.

Fərqə bax, fərəhlən! Qürrələn...

Doğrudur, hələ ki biz - sən və mən o torpaqlara qayıtmamışıq. Mən bu sətirləri hələ də Bakıda yazıram, sən də oxusan, Bakıda oxuyacaqsan yazdıqlarımı. Hələ nə sən təzədən dönüb həminki-həmişəki qarabağlı ola bilmisən, nə də mən. Qismət olar, o torpağa qayıdıb qovuşarıq. Nə vaxtsa ömrümüz bitəndə üstümüzdə bitən ot da Abşeron yarımadasının deyil, Qarabağ yaylasının bitirdiyi olar.

Bu yaşda başqa nə istər ki insan?!

Qarabağ azadlığa çıxandan sonra sənmi məndən öncə getmişdin Şuşaya, ya mən səndən qabaq, bunu bilmirəm. Dəqiq xatırlamıram. Ancaq mən ora sənsiz getdiyimdən həmişə rahatsızlıq duymuşam.

Düzdür, sən də getdin, gəldin, yazı da yazdın. Mən də yazmışam. Yenə də deməyə, yazmağa çox söz qalıb. Sözün belə təsvir edə bilmədiyi çox nəsnələr var, qələmin ucuna hələ gəlib çatmayan çox "nəsə"lər var.

Hətta elə kəlmələr var, dilimin ucunda duruxub, qələmin ucunda karıxıb geri qayıdıb. Düşünmüşəm, bunu yazmağa, deməyə Hikmət Sabiroğlunun daha çox haqqı var, onun haqqını yeməyim.

Bax, elə bu sətirləri yazanda, elə bil sənin Şuşa haqqında hələ yazmadıqlarını oxuyuram.

Mən azad Şuşadan ilk yol qeydlərimi "qaralayanda", yalan olmasın, az qala hər abzasda istər-istəməz sənin siman gəlib dayanırdı gözlərimin qarşısında. Ürəyimdə deyirdim: "Görəsən, bu cümləni Hikmət necə yazardı?!"

Bilirəm, çoxdandır, yazmırsan. Ya da çox yazmırsan. Bəlkə də mən az oxuyuram. Görünür, pis oxucuyam.

Fikir eləmə, yaxşı yazanın da pis oxucusu olur. Pis yazanın yaxşı oxucusu olduğu kimi.

...Sənin yazdıqların, sadəcə, yazı deyil ki! Vicdan ağrılarıdır, həqiqət sancılarıdır. Göynərtili təəssübdən qaynaqlanan ədəbi-publisistik "ürəktutmalar"la dolu - ürəkdolusu təhkiyələrdir.

Biz analarımızın ağrılarından necə doğulmuşuqsa, vicdanlı mətnlər də, bax, eləcə ağrılardan sıyrılıb çıxır.

Kiminsə başı ağrıyar, kiminsə ayağı. Hərənin bir yeri ağrıyar, ya da birinin hər yeri ağrıyar. Amma ömrü boyu vicdanı ağrıyan adamlar da var. Gördüyü hər işə ürəkdən yanaşanın - üzüləndə də ürəkdən üzülən, sevəndə də ürəkdən sevən adamların ürəyi ağrımasın, neyləsin?!

Sən də o insanlardan birisən, özün bilirsən. Səni sən edən qürurlu tənhalığındır: sən yaradıcı yalnızlığın bəxtəvərliyini yaşayırsan.

Amma mən! Bərk yorulmuşam.

Nədən?! Nədəni çoxdur.

Bəlkə yorulmuşam söz oyunundan. Ya da çoxdan uduzmuşam öz oyunumda...

Keçmişi süsləyib-püsləmək, bəzəyib-düzəmək fikrində deyiləm; aqillər deyib: "Həmişə geriyə baxan irəlini görə bilməz". Amma hər halda keçmişi də keçmişdə qoyub heç yerə gedə bilməzsən...

Bir gerçək var: qədimlərdə fikir öndəydi, indi xəbər öndədir. O səbəbdən, məncə, keçmişin insanı daha ağıllı görünür, indiki insan isə daha məlumatlı. Özümüzə "kreativ" deyirik. Bəlkə, doğrudan da, kreativik, lakin deyəsən, müdrik deyilik. Keçmişdən götürdüyümüz nədir, gələcəyə ötürdüyümüz nə?!

Bu haqda çox düşünüb, çox yazmışam. Bəli, biz telepatiyanı "işdən çıxarıb", yerinə teleqraf, telefon, smartfon qoymuşuq. İntuisiyanı taxtından endirmişik, əvəzində quruca informasiyanı mataha mindirmişik. Onun da çoxu informasiya adına dezinformasiyadır. (Dez)informasiya erasında düşüncə miqyası kiçilir, emosional zəkanın eroziyası başlanır, ya da mənə elə gəlib.

Biz gəlib-gəlib, gör, hara çıxmışıq: erqodik mətn artıq verbal antikvara çevrilməyə doğru gedir.

Doğrudan a! Hanı bəs "informasiya erası"nın Sokratı, Konfutsisi?!

Oldos Haksi haqlıymış: "Tibb o qədər inkişaf etdi ki, artıq heç birimiz sağlam deyilik". Belə deyilsə, varmı indi Hippokrat, İbn Sina?!

Bəlkə də var: mən boyaları çox tündləşdirdim. Hərçənd qaradan betər rəng yoxdur. Əgər qara özü də rəngdirsə...

Deyəsən, sualdan sual doğdu, fikirdən fikir törədi, söz sözü çəkdi. Dərdin yükü yenə də Sözü yerindən oynatdı.

Bəlkə elə bu da bir növ söz oynatmaqdır. Nə bilim! Hərçənd söz oynatmağın özü də qəbahət deyil. Bir şərtlə: əgər sözü sirk arenasının yarıac ayısına, yaxud turist marağının yorğun meymununa çevirməmisənsə...

Amma sən heç mənim kimi, bax, bu cür naşıcasına söz oynatmırsan.

Sən Sözlə oynayırsan. Rəqs edirsən. Sənin yaradıcılığın Sözün "Tanqo"sudur; rəqs edən ikilinin bu qədər dərin emosional uyumu, səmimi duyğuların "oynaq" (hərəki) sinxronluğu heyrətləndirir.

Sən həmişə özünə yaraşan sözü yazmısan. Bəlkə əsl Söz də özünə yaraşanı seçir. Hər halda sənin Sözlə yaradıcı "izdivac"ın qarşılıqlı sevgi üzərində qurulub. Sən verbal sənət adına açdıqları ədəbsiz "ədəbi publik evlərdə" Sözü "bir gecəlik" siğə etdirənlərdən olmadın heç vaxt.

Bilirsən, Sözün şəhvətinə sulananlar ayrıdır, şəfqətinə tutunanlar ayrı.

Səninki qarşılıqlı sevgidir; oxuyanlar səni oxuyub, bilənlər bilir artıq. Bundan daha ötəsi nədir, nə yazasan?! Necə yazasan?!

...Bilirsən, ana südü ilə mayalanan körpələr cismən sağlam böyüyür. Sonra bu uşaqlar ana dili ilə də mayalanıb həm də ruhən sağlam yetişir. Ana dili - ana südü kimi halal nemətdir. Bir də sən ana dilinə - bu, halala haram qatmadan indiki və gələcək nəsillərə ötürürsənsə, deməli, talantın, zəhmətin, qələmin öz məqsədinə çatıb. Deməli, sənin Sözlə oynadığın "Tanqo" istədiyin kimi alınıb, ürəklərə toxunub.

Sən öz yaradıcılığında ana dilinin təbii enerjisini qoruyursan, aşındırmadan oxucularına aşılayırsan.

Sən bütün qovğalardan çox uzaqda, öz hücrəndəki masa arxasındasan. Heç kimə minnət qoymadan, heç kimdən minnət götürmədən, öz tənhalığının içində, sakitcə, səssiz-səmirsiz gündəlik işindəsən; doğma dili "sığallayırsan", Sözü cilalayırsan. Hər yazınla mənəvi ortamı dalğalandırırsan. İctimai mühiti həyəcanlandırırsan.

Bəli, Hopi qəbiləsi: "Dəniz dalğalanır" demir, "dəniz həyəcanlanır" deyir. Cəmiyyəti dənizə, bəşəriyyəti dünya okeanına bənzətsək, bu insan dənizi, insan okeanı dalğalandıqca, yəni həyəcanlandıqca, diridir, nəfəs alır, yaşayır.

Sənin Sözlə oynadığın bu ecazkar "Tanqo" yuxulu ruhları, susmuş ürəkləri, sönükmüş bəbəkləri tərpədir, silkələyir, həyacanlandırır. Sən dayanmadan, yorulmadan, usanmadan öz rəqsinə qapılıb, hətta vurulub, qəlbən  tutulub-tutunub gedirsən və İlahi vəcdə yetirsən.

Tamaşaçın var, ya yoxdur, azdır, ya çoxdur - xırdalığına getmədən, heç eyninə almadan, fikir vermədən, kimdənsə tərif ummadan, kimdənsə alqış gözləmədən öz səhnəndə, o "Tanqo"la həyatımıza və hissiyyatımıza xəfif toxunuşlar edirsən...

MÜƏLLİFDƏN: Bu esse usta yazar, qələm dostum, tale ortağım Hikmət Sabiroğlunun qarşıdan gələn 60 illik yubileyinə hədiyyəmdir. Əlimdən bunu yazmaq gəldi. Necə deyərlər, varını verən utanmaz...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Yanvar 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see389

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see172

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see153

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see149

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see145

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see143

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see137

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri