Icma.az
close
up
RU
Köhnə Kişinin portret cizgiləri Bahəddin Həzi yazır

Köhnə Kişinin portret cizgiləri Bahəddin Həzi yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Bahəddin HƏZİ

Bəzi insanlar həyatı o qədər diri yaşayır ki, ölümünə inanmaq olmur.

...Onunla tanışlığımız təsadüf idi. İlk dəfə bir dövlət mərasimində qarşılaşdıq. Salonun girişində bir balaca izdiham yaranmışdı. Hamı kimi, o da növbədə dayanmışdı.

Girişə mən daha yaxın idim. O, məni tanımır, ancaq mən onu tanıyıram. Təbii ki, kənara çəkilib: "Buyurun" dedim. Bir anlıq duruxdu, sonra təşəkkür ifadə edən bir təbəssümlə içəri keçdi. Protokoldakı yerində əyləşdi. Elə o andaca arxaya qanrılıb göz gəzdirdi, baxışları ilə məni tapıb, bir daha təbəssüm etdi.

Bu təsadüfdən sonra ara-sıra rastlaşırdıq. Bir dəfə ayaqüstü söhbətləşdik, özü telefon nömrəsini mənə verdi. Bayramlarda təbrikləşirdik. Uzun-uzun söhbətlərimiz olmamışdı. Elə haradasa qarşılaşanda, salamlaşır, hal-əhval tuturduq. Həmişə də sanki çoxdan tanıdığı biri sayaq, hətta doğması imiş kimi ayrıca isti münasibət göstərirdi. Bu insanın tükənməyən həyat eşqi, heç kimdən əsirgəmədiyi pozitiv enerjisi məni heyran etmişdi. Üzündəki nurdan hamıya pay tuturdu.

Dediyim kimi, onunla təsadüfən tanış olmuşduq. Amma bu, yəqin ki, zəruri bir təsadüf idi. Ya da təsadüfi zərurət. Bizi qarşılaşdıran da, uzaqlaşdıran da bizdən ucadakı qüvvədir - İlahi qüvvə. Elə deyilmi?! Anatol Fransın maraqlı bir deyimi var, burda yerinə düşür: "Təsadüf Tanrının öz imzasını qoymaq istəmədiyi zaman istifadə etdiyi ləqəbdir". "Göyün cazibə qüvvəsi" adlı essemdə isə Jan-Pol Sartrın bir fikrini iqtibas gətirmişdim: "Ayrılıq - bizi birləşdirən zamanın adıdır". Budur, zaman sanki bizi o Köhnə Kişidən - böyük insandan uzaqlaşdırır; artıq beş ildir, aramızdan ayrılıb gedib. Ancaq zaman, Sartrın dediyi kimi, bizi birləşdirməyə doğru axıb gedir. Onun getdiyi yerə - son mənzilə hamımız gedəcəyik. Vaxt keçdikcə, yaş üstünə yaş gəlir, biz ömrün vaxt limitini əridirik və İlahi dərgaha yaxınlaşırıq. Orada doğmalarımızla görüşəcəyik. O doğmalardan biri də bu essenin qəhrəmanıdır. Həmin o Kişi adam.

Lao Tszı deyirdi: "Heç vaxt heç kəsdən heç nə ummuram, ona görə də heç vaxt heç kəsdən küsmürəm".

Mən də o Kişidən heç vaxt heç nə ummadım, heç bir xahiş etmədim, nəsə bir şey istəmədim. Hər dəfə rastlaşanda mənə: "Çətinliyin olsa, çəkinmə, əlaqə saxla" deyirdi. Amma mən heç vaxt onu hansısa bir məsələ ilə bağlı rahatsız etmək istəmədim.

Bizdə - millətimizdə böyüklərin yeri bir başqa olur. Evdə-ailədə də, cəmiyyətdə də. İllah da atanın özünə xas bir ayrıcalığı var, bunu bilirsiniz. Biz tərəflərdə belə bir söz də var: "Atam mənim qaraçuxamdır". Sanki gözümüzün işığı, ürəyimizin dirəyi, kürəyimizin söykəyi, qolumuzun qüvvəti, biləyimizin taqəti, ruhumuzun təpəri - çətin günün güman yeri, dayağımız, qoruyucu qəhrəmanımız anlamında deyilir bu söz.

Bəli, böyüyü olmayan böyüməz. Ya da bir yanı həmişə sanki yarım qalar; qəlbi sınıq, qanadı qırıq halda böyüyər. Özü ilə bərabər, içindəki o çatı, bağrındakı ağrını, gözündəki qüssəni, ruhundakı nisgili də "bəsləyib böyüdər". Heç özü də bilmədən, hiss etmədən... İstəmədən!

Bir essemdə yazmışam: "İndi mən odu söndürülmüş ata ocağının külü ilə oynayan ahıl uşağam".

Altmış yaşa çatsam da, artıq ahıllığa qədəm qoysam da, içimdə bir məsum uşağı yaşatmaqda davam edirəm. Həm də erkən atasızlığın yaraladığı o məsum-məzlum uşağı. Ata itkisi ilə vaxtsız incinmiş ruhum vaxtlı-vaxtında yaşanmamış bir uşaqlıq çağındadır elə bil. Bu yarım buraxılmış çağlarım ata qayğısı ilə bütövləşə bilərdi. Bəlkə mən bu hisslərlə yanaşıram mənə doğma kimi gələn özgə atalara.

Həyat çox qəribədir, deyilmi?! Əvvəli ilə sonu bir-birindən kəskin fərqlənsə də, insan öz əvvəlini bir şəkildə sona qədər özü ilə daşıyır. Axırı ölüm olsa da, qocalığını sanki ikinci uşaqlıq çağı kimi yaşayır. Artıq qocalmış bir uşaq və ya hələ də uşaq kimi qalmış bir qoca olursan. Ölümə də, dediyim kimi, hələ də uşaq qalmış qoca olaraq gedirsən.

Yazıçı dostum İlqar Rəsulun belə bir fikri var: "Həyat - sonu ölümlə nəticələnən ən uzun xəstəlikdir".

Əgər, doğrudan da, belədirsə, biz niyə tez "sağalmaq" istəyirik?!

Bəziləri bu "xəstəlik"dən çox erkən... "sağalır". Başqa sözlə, həyata çox erkən vida edir. Bəzi insanlar həyatı boyu o qədər dəyər qazanır ki, hətta səksən, doxsan, yüz il yaşasa belə, gedişi həmişə adama erkən kimi görünür. Buna, "uzun sürən xəstəlik"dən "erkən sağalmaq" deyəkmi, görəsən?!

Bəlkə hə, bəlkə yox. Bilmirəm.

Bildiyim bir şey var: bu essenin qəhrəmanının günahlarla dolu, zalım dünyada yaşadığı ömür bir gümrahlıq çeşməsi, həyat eşqinin qurumayan qaynağı idi.

Gözləri həmişə gülən adama heç vaxt heç bir xəstəliyi yaraşdırmaq olmur, o da ola ölümü.

Onu bizdən beş il "dərinliyində" bir vaxt yarğanı, zaman uçurumu ayırır. Ancaq hələ də beynimizin bir payı bu müdrik möhtərəmin ölümünə inanmaqda çətinlik çəkir.

Olur axı bəzən: bir doğmanı itirirsən, normal şüur bu fakta "təslim olsa da", təhtəlşüur irrasional bir israrla gerçəkliyi geri itələyir. Ruhunun hansısa "küncündə" solğun da olsa, bir ümid işığı həmişə közərir. Sənə elə gəlir, ya da təbii sövqlə özünü "inandırmağa" - ovundurmağa çalışırsan ki, o, harasa uzaq bir səfərə çıxıb və bir gün mütləq dönüb gələcək. Bu səfərin son yolçuluq olduğunu - bu mütləq doğrunu sənin arxa şüurun israrla inkar edir. Birinin gəlməyəcəyini bilə-bilə gözləyirsən. Bəlkə unutmaqdan qorxursan. Axı əslində insan elə unudulan gün... ölür. Unutmadığın, unutmaq istəmədiyin, istəsən də, unuda bilməyəcəyin insan isə həmişə yanındadır. Kamil obrazı, nurlu çöhrəsi, gülümsər gözləri ilə.

Bax, mən əvvəl də bunu yazmışdım: BƏZİ İNSANLAR HƏYATI O QƏDƏR DİRİ YAŞAYIR Kİ, ÖLÜMÜNƏ İNANMAQ OLMUR.

Bəlkə bu insanın yoxluğuna alışırsan, amma bu yoxluqla heç vaxt barışmırsan. Barışa bilmirsən. Bir frazamı yeni biçimdə təkrar dilə - yazıya gətirmək istəyirəm: varlığında varlığından doya bilmədiyin adamların yoxluğunda yoxluğundan tez "doymaq" istəyirsən. Bu yoxluq sanki yoxdur sənin üçün.

İnsan sevdiyinin, əzizinin yoxluğunu asan həzm edə bilmir. İlahinin təqdiridir, o başqa. Ancaq özündən sonra dərin boşluq doğuran insanın yoxluğu həmişə ağrıdır. İçində bir sızı, bir göynərti kimi qalır. Bu yoxluğu düşündükcə, aldığın hər nəfəs ürəyinə ox kimi batır.

Niyə?! Çünki belə böyük şəxsiyyətlərin varlığı qədər, yoxluğu da böyük olur.

Bəli, həyatda fərqli-fərqli adamlar var. Var-dövlət adamları çoxdur, dövlət adamları isə az olur.

Adam var - öz vəzifəsi böyükdür, adam da var - öz vəzifəsindən böyükdür.

Mənim qəhrəmanım öz rəsmi vəzifəsindən böyük adam idi. Vəzifəsi ilə böyüyən yox, vəzifəsini böyüdən kişi idi.

İstər Sovetlər zamanında, istərsə müstəqil dövlətimizdə çox sayda məsul vəzifələr tutmuşdu. Ancaq onun həmişə bircə vəzifəsi var idi: Vətəni sevmək. İnsan sevdiyi qədər sevimlidir. Vətənini sevəni, Vətən daha çox sevər.

Bilirsiniz, mən həmişə yeri düşəndə deyirəm: Vətəni dəlicəsinə sevərsən, ancaq Vətənə yalnız ağılla xidmət edə bilərsən. Vətənə ağılla xidmət etməyin çox yolları var. Əgər dövlət vəzifəsində oturan adam özünü səngərdəki əsgər kimi hiss edirsə, o, gerçəkdən Vətəni sevir. Mənim qəhrəmanım Vətənini dəlicəsinə sevirdi və ona ağılla xidmət edirdi.

O, Sovetlər dönəmində partiya katibi də olmuşdu, hökumətdə nazir də, parlamentdə deputat da olmuşdu; ömrünün çox hissəsi rəhbər vəzifələrdə keçmişdi. Cavanlığını da yaşamışdı, ahıllığını da. Ağsaqqallığa da yüksəlmişdi. Hətta onu ölkənin Ağsaqqallar Şurasının sədri seçmişdilər. Ağsaqqalların ağsaqqalı məqamına qədər gəlib çatmışdı. Hər cür orden-medala layiq görülmüşdü. Yüksək təltiflər görmüşdü. Ancaq onun ən yüksək fəxri adı da, ən uca titulu da bircə dənə idi: Kişi adam. El dilində deyirlər: "Filankəs kişi adamdır". Bu adı ona xalq vermişdi. Çünki heç vaxt özünü xalqdan kənarda, xalqdan yuxarıda qoymamışdı. Xalqın arasından çıxsa da, həmişə... xalqın arasında idi. Dediyim kimi, onun fərdi məzmunu, həyat kredosu, İlahidən missiyası bu idi: bu dünyada Kişi kimi yaşamaq, bu dünyadan Kişi kimi getmək. Belə bir bəxtəvərlik hər insana nəsib olmur.

El arasında bir söz var: köhnə kişilər. Hətta məşhur söz ustalarından biri belə deyib: "Köhnə kişilərin zamanında köhlən atlar vardı. O kişilər o atlara mindilər və getdilər". Məncə, tam elə deyil; dövrümüzdə də köhnə kişilər - kişi adamlar olub və var. Atlar da var. Ancaq o kişi adamlar o atlara minib, geriyə - keçmişin dərinliyinə çapmadılar. Bu gündən sabaha doğru gedən yolda bizə bələdçilik elədilər və edirlər də. Cismən aramızdan ayrılsalar belə.

Köhnə kişilər dedik. Bir var köhnə kişi, bir var köhnəlmiş kişi. Bu essenin qəhrəmanı köhnəlmiş kişilərdən deyildi. İz saldığı keçmişi də bəlli idi, üz tutduğu gələcəyi də. Keçmişini üzünə tutub yaşayanlardan olmadı, həmişə üzü gələcəyə - yeni açılan səhərlərə tərəf idi. Üzündəki nuru da bu səhərlərdən alırdı.

Belə insanlar adətən başqalarının həyatlarını xoşbəxt toxunuşlar edərlər həmişə. Bu toxunuşlar onun özünü də hər dəfə əvvəlkindən daha xoşbəxt edərdi. Bioloji saatı sanki "geri qalmışdı"; yaşından çox cavan görünürdü. Bu qoca dünyada belə cavan qalmaq hər kəsə nəsib olmayan bir bəxtəvərlikdir.

Həyatımıza xoşbəxt toxunuşlar dedik. Bəli, doğrudur, biz həyatımızı bəzən insanlarla o qədər doldururuq ki, orda özümüzə yer qalmır. Ancaq insan da var, o, sənin həyatından çıxanda yeri həmişə boş qalır.

Bəli, həyatı diri yaşayanların ölümünə inanmaq olmur. Çünki həyatı dolu yaşayanların yeri həmişə boş qalır. Yeri boş qalsa da, yolu boş qalmır. Onun çırağını yandıran varsa, irsini yaşadan varsa, adını daha da ucaldan varsa, sağlığındakı qədər yoxluğunda da yolunu gətirən varsa - həyat və amal məktəbində davamçıları hələ varsa, deməli, adamın ölümü ilə yaratdığı boşluqda qaynayan - qaynayacaq bir həyat bulağı həmişə var.

Adamların hamısı məktəb oxuyur. Ancaq öz məktəbini yarada biləcək az adam var. Qəhrəmanımız o çox adamın arasındakı az adamlardandır. Həyatda öz yolu, cəmiyyətdə öz mövqeyi, idarəçilikdə öz üslubu vardı, ona görə də ürəklərdə öz yeri var.

...Anatol Frans "Tanrının imzası" ifadəsini işlədib. Böyük insanları Tanrının Yer üzünə qoyduğu imzalara bənzətsək, Fəttah Səməd oğlu Heydərov da o İlahi imzalardan biri olsa gərək. Avqustun 4-də onun vəfatının beşinci ili tamam olur. Ruhu şad olsun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Avqust 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see232

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see220

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see111

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri