525ci qəzet Özəl pensiya fondlarının yaradılması nəyi dəyişəcək?
Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına hazırlıq gedir. Bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır. Özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir. Bununla da vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70 faiz civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu vətəndaşların pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilməsinə imkan verir: "Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa, məsələn, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq".
Millət vəkili bildirib ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir: "Çünki belə pensiya fondlar yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir".
Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, özəl təqaüd fondlarının yaranması rəqabətli mühitin formalaşması baxımından müsbət yenilikdir. Amma bu fondların vətəndaşlar üçün nə qədər əlverişli olacağı qanunda öz əksini tapacaq müddəalardan asılıdır: "Qeyri-dövlət pensiya fondları haqqında" qanun layihəsi hələ ictimaiyyətə açıqlanmadığından, indidən bununla bağlı qəti fikir söyləmək mümkün deyil. Maraqlı məqamlardan biri odur ki, özəl pensiya fondları yarandıqdan sonra DSMF-də hesabı, yəni pensiya yığımı olan şəxs özəl təqaüd fondu ilə müqavilə bağlaya biləcəkmi? Həmin vəsaitin özəl təqaüd fonduna köçürülməsi prosesi necə olacaq? Fərdi yoxsa tipik müqavilələrin hansının olacağı bilinmir. Ödənişlərlə bağlı seçim imkanlarının olub-olmayacağı da hələ məlum deyil. Amma ümumilikdə özəl təqaüd fondlarının yaranması bu sahədə ciddi rəqabətli mühitin formalaşmasına səbəb olacaq. Bu da vətəndaşlara seçim imkanları verəcək ki, pensiya yığımlarını hansı fondda saxlasın. Seçim imkanının hansı səviyyədə olması isə artıq qəbul ediləcək qanundan asılı olacaq".
Ekspertin dediyinə görə, yeni qanunda mütləq vətəndaşın DSMF-də olan yığımını istədiyi halda və tam şəkildə özəl təqaüd fonduna köçürmək imkanı əks olunmalıdır. Bundan əlavə, vətəndaşlara fərdi müqavilə və ödəniş həcmini özəl fondlarla razılaşdırmaq hüququ verilməlidir. Eyni zamanda vətəndaşın DSMF və özəl fondlarda toplanan vəsaitinə sərəncam hüququ olmalıdır ki, həmin vəsaiti vərəsələrinə verə, müəyyən hissəsini özü xərcləyə bilsin.
Bununla yanaşı, N.Cəfərli qeyd edib ki, özəl təqaüd fondlarının vəsaiti dövlət tərəfindən tam sığortalanmalıdır ki, bu fondlarla bağlı problem yarananda vətəndaşlar öz vəsaitini tam qoruya bilsinlər: "DSMF və özəl təqaüd fondları topladığı, vətəndaşın fərdi hesabında olan vəsait üçün hər ilin sonunda, ən azı, inflyasiya səviyyəsi qədər indeksləşmə ödəməlidir. Özəl təqaüd fondlarının iqtisadiyyata o zaman böyük dəstəyi olur ki, onlar investora çevrilib risksiz, yaxud da minimum riskli sahələrə yatırımlar edirlər. Bunun üçün isə ölkədə investisiya mühiti yaxşılaşdırılmalı, indiki vəziyyət aradan qaldırılmalı, rəqabətli mühit formalaşmalıdır. Özəl təqaüd fondları yatırımdan qazandıqları vəsaitin bir hissəsini öz üzvlərinə pay kimi ilin sonunda ödəməlidir. Hələlik bunları qanuna salsalar, qəbul edilmiş yeni qaydaların hər kəsə, o cümlədən ölkəmizə müsbət təsiri ola bilər".
İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, özəl pensiya fondlarının fəaliyyəti üçün bəlli dövriyyəyə nail olmaq vacibdir. Müəyyən bir vəsait olmalıdır ki, bu proseslərin təşkili və mənfəətin əldə edilməsi mümkün olsun: "Ölkədə insanlar depozitlərini daha çox qısa müddətli dövrdə banklara yerləşdirir. Uzunmüddətli maliyyə institutlarına etibar aşağıdır. Özəl pensiya fondlarına da münasibət eyni olacaq. Çünki burada etibar vacibdir".
İqtisadçı bildirib ki, özəl pensiya fondlarına yığılmış vəsaitlər dövlət tərəfindən yüz faiz sığortalanacaqsa, insanlar buna etibar edəcək: "Çünki bu, uzunmüddətli planlama tələb edir. İnsanlar az qala 50 ilə qədər olan dövrü planlamalıdır. Bu müddət yığım edən hər bir şəxs həmin vaxtdan sonra bunun faydasını görməlidir".
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədovun fikrincə, vətəndaşlarda yaranacaq özəl təqaüd fondlarına inam olmalıdır: "Özəl pensiya fondlarına insanlarda inam olmalıdır. Bunun üçün isə özəl təqaüd fonduna toplanacaq pul investisiya olunmalıdır. Burada maraqlı məqamlardan biri odur ki, Fond bu pulu hansı sahəyə investisiya formasında yatıracaq ki, oradan gələn gəlirlə həm özünü saxlasın, həm də camaata pul ödəsin. Fondun investisiya yatıracağı sahə risksiz sahə olmalıdır. Əks halda həmin pul bata bilər. Vətəndaşlarda həmin Fondlara inam olmalıdır. Hələ özəl pensiya fondlarına qoyulacaq pulun nə qədərinin dövlət tərəfindən sığortalanacağı bilinmir. İndi insanlar ona görə banka pul qoyur ki, o pulu dövlət sığortalayır. Əgər özəl təqaüd fonduna qoyulacaq vəsaitlər sığortalanmasa, vətəndaşlar bu riskə getməyəcəklər. Ondansa pulu banka qoyub üzərində faiz əldə etməyə daha çox üstünlük verəcəklər".
S.Məmmədov qeyd edib ki, ƏƏSMN hazırda beynəlxalq praktikanı öyrənir. Nazirlik istəyir ki, Azərbaycanda elə özəl pensiya fondları yaradılsın ki, onlar işlək olsun.
Xatırladaq ki, özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Bu fondlar əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Ekspertlərin fikrincə, qeyri-dövlət pensiya fondlarının yaranması rəqabəti formalaşdırmaqla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsinin transfertlərindən asılılığını da azalda bilər.
İqtisadçı Xalid Kərimlinin sözlərinə əsasən, minimum əmək haqqı səviyyəsi ilə pensiyaların həcmi az olur. Ümumiyyətlə, hökumət pensiyanın məbləğini, misal üçün, 280 manatı daha da artıra bilər. Amma bunu edə bilmir, çünki imkanı yoxdur. Pensiya ödənişləri məcburi ödənişlərdir, daima verilməlidir. O ki qaldı özəl pensiya fonduna, bununla bağlı hələ ki qanun layihəsi olmadığından, sadəcə, dünyada olan təcrübədən danışa bilərik. Dövlət onsuz da bütün vətəndaşlarına minimum pensiya təminatını həyata keçirir. Bir də imkan olur ki, vətəndaşlar könüllü özəl pensiya sistemində iştirak etsin. Bu da heç kimə hədiyyə olunmur. Yenə də maaşınızdan müəyyən rəqəmlər ödənilir. Özəl pensiya fondlarına üzv olmaq da könüllülük əsasında olur. Misal üçün, icbari pensiyada maaşımızdan 3 faiz tutulur. Amma özəl pensiya fondlarında artıq seçim olur: "Qərbdə belədir ki, əmək bazarı işçilərin xeyrinə olduğuna görə bəzi işverənlər işçi cəlb etmək üçün özəl pensiya təkliflərini də irəli sürürlər. Amma Azərbaycanda iş tapmaq problemi var. İqtisadiyyat zəifdir. Neft sektorunda işləyənləri çıxmaq şərtilə özəl sektorda fəaliyyət göstərən təşkilatlar inanmıram ki, işçi üçün özəl pensiya təklifi versin. Bu, bizim bazar üçün real deyil. Necə ki "Həyat" sığortası üçün seçim edirlər, iştirak edək-etməyək, özəl pensiya sistemində də bu cür olacaq. Amma "Həyat" sığortası üç illik bir mexanizmdir, yığım sığortasıdır. Özəl pensiyada isə bu daha uzunmüddətli olacaq və şərtlər bir az fərqli olacaq. Özəl pensiya fondunun üstünlüyü odur ki, vətəndaş pensiya yaşına çatanda ola bilsin məbləği tam götürsün, yaxud da pensiya yaşına çatanda həmin fond ona əlavə pensiya ödəsin. Özəl pensiya fondu könüllü olacağına görə burada hökumət daha rahat çevikliklər təqdim edə bilər. Qanun layihəsi açıqlananda görəcəyik bunu. Pensiya yaşına çatanda böyük məbləğ alırlar, bununla yatırım edə, dünya səyahətinə çıxa bilirlər. Amma özəl pensiya fondu bunu özü deyil, bizdən topladığı pullar hesabına verəcək. Üstünlüyü odur ki, dövlət nəzarət edəcək, insanlar risk etməyəcək. Bunu peşəkar menecerlər idarə edəcək. O pul peşəkar menecerlər tərəfindən yatırımlar ediləcək. Yəni uzunmüddətli investisiyadır. Dövlət nəzarətində xüsusi lisenziya şərtləri altında olacaq. Necə ki Neft Fondu idarə olunur, bu cür fikirləşə bilərik. Yəni özəl pensiya fondunun olması üç istiqamət üzrə müsbət sayılır: birincisi, vətəndaşın gələcəyi üçün yatırım baxımından alternativ imkan olacaq. İkincisi vətəndaşın başına iş gəlsə, bu fonddan vəsait varislərinin hesabına keçəcək. Üçüncüsü isə bu fondu toplayan istitutsional fond ciddi surətdə biznesin maliyyə mənbəyinə çevriləcək. Bu, maliyyə bazarı üçün, iqtisadiyyat üçün əhəmiyyətlidir".
Sevinc QARAYEVA