Icma.az
close
up
RU
525ci qəzet Qarabağ savaşı və çağdaş ədəbiyyatımız Heyran Amanova yazır

525ci qəzet Qarabağ savaşı və çağdaş ədəbiyyatımız Heyran Amanova yazır

Heyran AMANOVA
Azərbaycan Dillər Universitetinin "Azərbaycan ədəbiyyatı" kafedrasının baş müəllimi

Azərbaycan xalqı son 50 ildə iki böyük müharibə yaşayıb və ağrılı nəticələrin şahidi olub: 1988-1994-cü illərdə baş vermiş Birinci Qarabağ müharibəsi və 2020-ci ildə Böyük Zəfərlə nəticələnən İkinci Qarabağ müharibəsi. Bu müharibələr xalqın həyatında dərin izlər buraxmaqla yanaşı, həm sosial, həm də psixoloji baxımdan əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Müstəqilliyimizin ilk illərində Sabir Əhmədlinin "İyirmi yanvar hekayələri", Xalidə Hasilovanın "Kəşfiyyatçı", "Yollara yağan qərənfillər", İsi Məlikzadənin "Məndən nigaran qalmayın",  Vidadi Babanlının "Ana intiqamı", Əlabbasın "Halal qan", Mehriban Vəzirin "Müsahibə" və sair əsərlərdə təkcə dövrün qan yaddaşına çevrilmiş hadisələr, məşəqqətli talelər  deyil, həm də insanın daxili gücü, itkilər qarşısında göstərdiyi mübarizə əzmi təsvir edilir. Elçin Hüseynbəylinin "Ağ. Qara", "Gözünə gün düşür" kitablarında Qarabağla bağlı silsilə hekayələri və "Qurdun Şərqisi" povesti, Aqil Abbasın "Dolu" romanı, Elçinin "Bayraqdar" povesti, Əli Səmədlinin "Gəlin gəlir" hekayəsi, Varisin "Qırmızı ləçəklər" romanı, Mustafa Çəmənlinin "Üç yaşlı əsir" povesti, Orxan Fikrətoğlunun "Tək" romanı, Kamran Nəzirlinin "Dördüncü möhür" tarixi-psixoloji romanı, Nüşabə Məmmədlinin "Zəngulə", "Qondarma qız" romanları, Seymur Baycanın "Quqark" romanı, Fazil Güneyin "Qara qan" romanı, Sevindik Mehmanın "İşğal" trilogiyası və onlarla digər nəsr əsəri Qarabağ həqiqətlərinə fərqli rakursdan baxışların təzahürü idi. Bu əsərlər, Azərbaycan xalqının yaşadığı tarixi həqiqətləri ədəbi kontekstdə yaşatmaqla yanaşı, gələcək nəsillərə ötürülməsi baxımından da böyük dəyərə malikdir.

I Qarabağ müharibəsi ərəfəsində Azərbaycan ədəbiyyatı və poeziyası xalqın milli ruhunu oyatmaq, baş verəcək hadisələrə hazırlamaq və insanları həmrəyliyə səsləməkdə mühüm rol oynadı. Şairlərimiz dövrün çətinliklərini və qarşıda gözlənilən fəlakətləri öncədən hiss edərək, öz əsərləri vasitəsilə xalqı xəbərdar edir və mənəvi cəhətdən gücləndirməyə çalışırdılar.

Bu dövrdə şeir yalnız sənət forması olaraq deyil, həm də milli mübarizənin və birliyin ifadəsi kimi çıxış edirdi. Hüseyn Arifin "Göyçəlilər, dağılmayın Göyçədən!" nidası, vətənin dəyərini, yurd itkisinin ağrısını və vətənpərvərlik hissini tərənnüm edən güclü bir çağırış idi. Nəbi Xəzri "Çəkin Qarabağdan qara əlləri" şeiri ilə vətən torpağına göz dikənlərə öz etiraz səsini yüksəldir, bu torpağa, onun milli-mənəvi dəyərlərinə olan bağlılığını dilə gətirirdi. Xəlil Rza Ulutürk isə "Silahlan" şeirilə artıq müdafiə mövqeyindən çıxaraq xalqı fəal mübarizəyə səsləyirdi.

Şairlərimizin bu kimi əsərləri yalnız o dövrün milli ruhunu əks etdirmir, həm də müharibə zamanı xalqın mənəvi dirənişini təmin edən mühüm faktorlardan biri rolunda çıxış edirdi. Onların yaradıcılığı ilə tarix yalnız yazılmadı, həm də milli yaddaşda canlı şəkildə yaşadıldı.

Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Nəbi Xəzri, Cabir Novruz, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub və başqaları ictimai-siyasi hadisələrə öz münasibətlərini şeirlə ifadə edirdilər. Qarabağ mövzusu Nəriman Həsənzadə, Fikrət Qoca, Famil Mehdi, Vaqif Bəhmənli, Məmməd İsmayıl, Məmməd Aslan, Hüseyn Kürdoğlu,  İlyas Tapdıq, Ələmdar Quluzadə, Vaqif Aslan, Adil Cəmil, Firuzə Məmmədli və digər dəyərli qələm sahiblərimizin yaradıcılığından həm bir vətən itkisi, həm də mübarizə simvolu kimi əks olundu.

Zaman irəlilədikcə ədəbiyyatımızın mövzu problematikası da zənginləşərək yeni qəhrəmanlıq nümunələrini - 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfəri işıqlandırmaq zərurətini meydana gətirdi. 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə əldə etdiyi tarixi Zəfər, təkcə torpaqlarımızın azadlığı deyil, xalqımız üçün milli qürur və birlik nümunəsi oldu. 30 illik işğala, yurdsuzluq ağrısına son qoyulması xalqımızın əzmini, ruhunun sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Milli Ordumuzun şücaəti ilə mümkün oldu. Əsgər və zabitlərimizin qəhrəmanlığı, onların torpaqlarımız uğrunda göstərdiyi fədakarlıq yalnız hərbi müstəvidə deyil, həm də milli ruhun yüksəlməsi baxımından əbədi iz qoydu. Bu mövzu gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişməsində, vətənə bağlılıq, mübarizə əzmi və qəhrəmanlıq kimi keyfiyyətlərlə formalaşmasında mühüm rol oynadı.

Müasir Azərbaycan ədəbiyyatında Vətən müharibəsindən sonra qələbə sevincinin, milli birliyin, Türkiyə-Azərbaycan qardaşlığının, qəhrəman Azərbaycan əsgərinin və şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsinin poetik tərənnümünə geniş yer verilib.

"Qarabağ Azərbaycandır" çağırışı isə həm siyasi, həm də mədəni sahələrdə bir rəmz olaraq ədəbiyyatımızda xüsusi yer alıb. Bu mövzu ətrafında qələmə alınan şeirlərdə və nəsr əsərlərində torpaq uğrunda döyüşən əsgərlərin qəhrəmanlığı, xalqımızın birlik və əzmkarlığı poetik dillə ifadə edilib. Bu əsərlər, həm keçmişin ağrılarını unutmamağı, həm də gələcək üçün böyük ümidlər qurmağı təbliğ edir. Gənc şair Əli Bədirin "Zəfər marşı", Vaqif Aslanın  "Anam, mən şəhid oldum...", Vahid Əzizin savaş sırasında qələmə aldığı "Qara bulud, sonra ələn...", Xanım İsmayılqızının əsgərlərə xitabla yazdığı "Geri dön" şeiri, Vaqif Bəhmənlinin "Vətən əsgəri", "Gözünə dönüm", "Şairin sübh duası", Məmməd İsmayılın "Azərbaycan əsgəri", Elçin Mirzəbəylinin "Azərbaycan əsgəri", Əyyub Qiyasın "Diriliş marşı" şeirləri kimi əsərlər qəhrəman əsgərlərimizi Böyük Zəfərə ruhlandırırdı.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ədəbiyyatı yeni bir dövrə qədəm qoydu. Vətən mücadiləsinin, qazanılan Zəfərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə hissləri qısa mətnlərə sığmayan şairlərimiz bu tarixi hadisələri daha geniş poetik ölçüdə təsvir etməyə çalışdılar. Poema janrı bu məqsədə ən çox xidmət edən vasitələrdən biri oldu.

Sabir Rüstəmxanlı İkinci Qarabağ müharibəsinə həsr olunmuş ilk poemanı yazaraq bu ədəbi cəbhədə öncül müəlliflərdən biri kimi yadda qaldı. Onun "Qarabağa dönüş" poemasının tərkib hissəsi olan və Vətən müharibəsinin davam etdiyi günlərdə yazılmış "Qələbə tvitləri" şeirində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan müharibənin şanlı qəhrəmanları tərənnüm olunub:

Bu bizim haqq işimiz, ədalət savaşımız,

İntiqam ala-ala dikələcək başımız.

Vur, əsgərim, vur! - deyə əmr eləyir Komandan,

Qoy bir də yurdumuza tökülməsin nahaq qan.

Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,

Başımızın üstündə üçrəngli bayrağımız!

44 günlük Vətən müharibəsi ilə ədəbiyyatımızda ilk dəfə "Qalib Rəhbər" obrazı bədii təsvir vasitəsi ilə geniş şəkildə əks olundu. Prezident, Ali Baş Komandan İlham Əliyevin Zəfər yolundakı qətiyyəti, sarsılmaz iradəsi və xalqı bir araya gətirən liderlik keyfiyyətləri ədəbi əsərlərdə böyük ruh yüksəkliyi ilə təsvir edildi.

Müharibə dönəmində Azərbaycanın yanında olan qardaş Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan da bu əsərlərdə dərin minnətdarlıqla xatırlandı. Türkiyə-Azərbaycan qardaşlığı, "Bir millət, iki dövlət" şüarının həqiqi mənasının 44 günlük müharibədə özünü göstərməsi və iki ölkənin liderlərinin birlik nümayişi şeirlərdə və digər ədəbi nümunələrdə məmnuniyyətlə tərənnüm olundu.

Vahid Əzizin "Heyrət səcdəsi", Abuzər Turanın  "Müqəddəs Qalib Üçlük "Zəfər nəğməsi", Zahid Xəlilin "Dəmir yumruq dastanı" Azərbaycan-Türkiyə birliyinə həsr olunmuş poemalardır. Elxan Zal Qaraxanlının "Azərbaycan simfoniyası", Əsəd Cahangirin "Xarıgülnar", Balayar Sadiqin "Zəfər simfoniyası", Ramiz Duyğunun "Bir oğul istəyir Vətən", Güneyli şair Rəsul Qədirinin "Xarıbülbül" poeması da bütövlükdə II Qarabağ döyüşlərindən sonra yazılan nümunələrdir.

Böyük Zəfər deyəndə yaşadığımız qürur və sevinc hissi ilə yanaşı, itirdiyimiz üç minə yaxın şəhidin ağrısı da qəlbimizi göynədir. 44 günlük Vətən müharibəsi zamanı əldə edilən bu möhtəşəm qələbə, şəhidlərimizin fədakarlığı sayəsində mümkün oldu. Onların adı tariximizdə əbədi olaraq yazıldı və bu müqəddəs mövzu Azərbaycan ədəbiyyatında həm ilham mənbəyi, həm də bir borc olaraq işlənməkdədir.

Şəhidlik mövzusu 90-cı illərdən bu yana Azərbaycan poeziyasında geniş yer tutub və günümüzdə də bu ənənə davam edir. Şairlərimiz şəhidlərin obrazını yalnız bir itki kimi deyil, həm də fəxarət simvolu olaraq poetikləşdirirlər. Onların həyat yolunu, göstərdikləri qəhrəmanlığı, azadlıq uğrunda verdikləri mübarizəni təsvir etməklə, həm şəhidlərin xatirəsinə hörmət göstərilir, həm də gələcək nəsillər üçün vətənpərvərlik örnəyi yaradılır.

Zəfər poeziyasında təkcə ümumi qəhrəmanlıq deyil, konkret şəhərlərə, qəhrəman əsgərlərə və yüksək hərbi rütbəli zabitlərə həsr olunmuş şeirlər də xüsusi yer tutur. Bu əsərlərdə döyüş səhnələri, qəhrəmanların igidliyi və xalqın birliyi detallı şəkildə təsvir olunur.

Bu prosesdə poeziya ilə bərabər, nəsr və dramaturgiya sahələrində də Qarabağ müharibəsinin qəhrəmanları və xalqımızın Zəfər ruhu əsas ilham mənbəyinə çevrilib. Gənclərin bu əsərləri oxuyaraq həm öz tarixlərini, həm də milli kimliklərini dərk etmələri ədəbiyyatın ən böyük təsir gücünə malik olmasının göstəricisidir.

Müharibənin təsiri ilə yazılan ilk nəsr əsərləri xalqımızın keçdiyi ağır yolun, qəhrəmanlıq salnaməsinin və Zəfərin yaratdığı qürur hissinin ədəbi təcəssümüdür. Elçin Hüseynbəylinin Qarabağ mövzulu yaradıcılığı bu dövrdə yeni məzmun kəsb etmişdir. Onun "Sükutda hıçqırtı" (2020), "Əsgər barmağını əmən körpə" (2021), "Arxadan vuracağını gözləyirmiş kimi" (2021) əsərləri müharibənin insan talelərinə təsirini, döyüş səhnələrinin dramatizmini və müasir qəhrəmanlıq hekayələrini əks etdirir. Azad Qaradərəlinin "Cəbrayıl əfsanəsi" romanı və onun son bir ildə qələmə aldığı hekayələr, Kənan Hacının "Qarabağ hekayələri" silsiləsi, Yunus Oğuzun "Cığır" romanı, Etibar Muradxanlının "İlin beşinci fəsli" romanı, Nazilə Gültacın "Şəhid atası" povesti II Qarabağ müharibəsi dövründə və ondan sonra yazılan nəsr nümunələridir.

Azərbaycan dramaturgiyasında Vətən müharibəsinin mövzu kimi işlənməsi ədəbi mühitə yeni bir nəfəs gətirdi. Qəşəm Nəcəfzadənin "Ölüm qaldı o dünyada" əsəri Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun qəhrəmanlıq hekayəsinə həsr olunaraq, qəhrəmanlıq, vətənpərvərlik və millətlərarası birlik mövzularını dramaturji bir nümunə kimi təqdim edir. Albert Aqarunovun xatirəsi bu əsərdə yalnız bir şəxsiyyət olaraq deyil, həm də xalqımızın hər kəsə açıq ürəyinin, multikultural dəyərlərinin və əsl vətənpərvərliyin simvolu kimi canlandırılır.

Aybəniz Əliyarın "Xarıbülbül" pyesi isə Qarabağın simvolik çiçəyi olan xarıbülbülü və onun mənəvi gücünü təsvir edir. Bu əsər müharibənin yalnız fiziki zəfər deyil, həm də milli mədəniyyətin, dəyərlərin və mənəvi yüksəlişin bədii ifadəsidir. Pyes, həmçinin Qarabağın azadlıq mücadiləsinin dərin emosional qatlarını və torpağın ruhunu əks etdirən bədii gücə malikdir.

Bu əsərlər Vətən müharibəsi dövrünün dramaturgiya sahəsindəki ilk addımlarıdır və gələcəkdə yazılacaq daha genişmiqyaslı və monumental əsərlərə zəmin yaradır.

seeBaxış sayı:34
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri