Icma.az
close
up
RU
Çağdaş ədəbiyyatımız niyə dünyada tanınmır?

Çağdaş ədəbiyyatımız niyə dünyada tanınmır?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ədəbiyyat sərhədləri aşanda məşhur olur, o zaman yazıçı–nəşriyyat–oxucu üçbucağı tamamlanır, tərəflərin arasında möhkəm bağlar yaranır. Təəssüf ki, bu gün müasir Azərbaycan ədəbiyyatı özünəməxsus estetik və fəlsəfi qatlarla zənginləşsə də, onun sərhədləri bir çox hallarda milli məkanla məhdudlaşır. Yəni biz yazırıq, çap edirik, bəzən müzakirə də edirik, amma oxunmur, ən azı, xaricdə oxunmur. Bəs problem nədədir?

Problem təkcə yazıçının tanınmamasında deyil. Burada dediyimiz üçbucaqda pozulmuş əlaqələr sistemi var. Zəncirin bir halqası qırıldıqda, ədəbi əsər, olsa-olsa, sadəcə yerli “mədəniyyət hadisəsi”nə çevrilir, bəşəri hadisə olmaq imkanı isə itir.

Azərbaycan yazıçılarının əsərləri zaman-zaman xarici dillərə tərcümə olunub. Ancaq bu çevirmələr, əsasən, dövlət dəstəyi ilə ərsəyə gəlir, çox vaxt peşəkar redaktə və yayım siyasətindən xali olur. Hətta yaxşı tərcümələr də sonda bazar və auditoriya tapılmadığı üçün yaddan çıxır. Beləliklə, kitab bir neçə festivalda nümayiş olunur, sonra isə kitabxana arxivinin bir hücrəsində ömrünü başa vurur.

Hər hansı bir əsərin mükəmməl yazılması kifayət etmir – onu görünən, oxunan və müzakirə olunan hala gətirmək üçün həm tərcüməçinin mədəni çevikliyi, həm nəşriyyatın yayım və əlaqə imkanları, həm də dövlətin strateji yanaşması lazımdır.

Tərcüməçiyə gəlincə isə deməliyik ki, o, sadəcə dildən-dilə keçid edən deyil, bədii əsərin bir növ 2-ci müəllifidir. Yəni tərcüməçi nə qədər savadlı olsa da, ədəbi dilin ruhunu duymursa, kontekstdən doğan mənanı çevirməyi bacarmırsa, əsər bədii çəkisini itirəcək. Bu gün bizdə ədəbi tərcümə sahəsində peşəkar kadrlar çox deyil. İngilis, fransız və ya alman dillərində Azərbaycan ədəbiyyatını yüksək səviyyədə təqdim edə biləcək tərcüməçilər barmaqla sayılacaq qədərdir. Çünki bu, sadəcə linqvistik yox, mədəniyyətlərarası düşüncə çevikliyi tələb edən sahədir. Tərcüməçi həm müəllifi, həm oxucunu, həm də dövrü anlamalıdır. Tanıtım da vacibdir, əgər o yoxdursa, tərcümə də faydasızdır. Elə dilimizə də çox vaxt xarici ədəbiyyatı rus dili vasitəsilə çeviririk ki, bu zaman da orijinalın dadı-duzu ikiqat azalır.

Bir çox hallarda yazarların tərcümeyi-hallarında, vikipedik məlumatlarda onların əsərlərinin filan-filan xarici dildə çap olunduğu bildirilir. Amma bu hələ onun xaricdə oxunacağı anlamına gəlmir. Mütləq şəkildə ədəbi agentliklər, nüfuzlu ədəbiyyat portalları, festival iştirakları, kritik yazılar və qlobal oxucuya yönəlmiş kampaniyaların faydalı iş əmsalı yüksəldilməlidir.

Müsbət nümunələr də yetərli qədərdir. Məsələn, Gürcüstanda dövlət dəstəyi ilə formalaşdırılan “Books from Georgia” (“Gürcüstandan kitablar”) proqramı nəticəsində ədəbiyyatları Avropanın bir çox ölkəsində çap olunur, məşhur Frankfurt, London və Paris kitab yarmarkalarında fəal şəkildə təbliğ edilir. Əlbəttə, bizim də “Literature from Azerbaijan” (“Azərbaycandan kitablar”) tipli davamlı və institusional platformaya ehtiyacımız var.

Ən yaxşı halda ən yaxşı yazıçı əsər yazır, amma kim tərcümə edir, kim yayır? Bax, bu sualın cavabı çox vaxt qeyri-müəyyəndir. Yazıçı həm yazmalı, həm tərcümə ilə maraqlanmalı, həm xarici əlaqələr qurmalı, həm də satış qayğısı çəkməlidirmi? Bu, yaradıcılığın mahiyyətinə olduqca zidd yükdür. Burada dövlətin və ya qeyri-hökumət təşəbbüslərinin rolu böyükdür. Ədəbi fondlar, mükafatlar, mükəmməl tərcümələrə dəstək proqramları, tərcüməçi məktəbləri yaradılmalıdır. Tərcümə prosesinin təsadüfi və ya şəxsi əlaqələr üzərindən qurtulub peşəkar sistemə keçməsi vacibdir.

Bəs kimlər xaricdə tanına bilər? Bəzən soruşurlar: “Yaxşı da, hansı yazıçını xaricə tanıdaq?” Bu da problemli yanaşmadır. Yazıçının tanınması üçün onu əvvəlcə özümüz tanımalı, sonra strateji baxımdan təqdim etməliyik. Yusif Səmədoğlunun “Qətl günü”, Mövlud Süleymanlının “Şəhərin qırağında ev”, ya da çağdaş yazarlardan Elçin Hüseynbəylinin, Günel Mövludun, Şərif Ağayarın əsərləri beynəlxalq oxucuya təqdim edilə biləcək bədii tutumdadır. Yəni problem yazıçıda deyil, məhsulun paketlənməsi və bazara çıxarılmasındadır.

Deməli, ədəbiyyat yalnız yazmaq deyil, həm də çatmaqdır, çatdırmaqdır. Əgər oxucuya lazımınca çatmırsa, onda ədəbiyyat öz dövrünə şahidlik edə, mənəvi aləm salnaməsinə çevrilə bilmir.

Vilayət Quliyev,
ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru

– Çox mürəkkəb bir məsələyə toxunursunuz. Tanınmaq üçün yalnız öz ölkəndə deyil, ən müxtəlif ölkələrdə insanların hisslərinə, duyğularına toxuna bilən mövzulara müraciət etmək lazımdır. Yəni məhəlli mövzularla, hətta ən nəfis şəkildə çap olunmuş kitab, ən yaxşı tərcümə edilmiş əsər də ölkə hüdudlarından kənarda özünə böyük oxucu kütləsi qazana bilmir. Ən ümdə məsələ ümumbəşəri mövzulardır. Niyə, məsələn, Hüseyn Cavid çox yerdə tanınır, oxunur, diqqətlə qarşılanır (Təəssüf ki, heç onu da böyük dünya miqyasına layiqincə çıxara bilməmişik)? Çünki onun toxunduğu məsələlər yalnız azərbaycanlının, rusun, ləzginin, gürcünün problemi deyil, insanlığın problemidir. Bu, 1-ci şərtdir, yəni ədəbiyyat adamları kiçik mövzular üzərində yox, ümumbəşəri mövzular üzərində işləməlidirlər.

2-cisi, müasir dövrdə yazıçıdan böyük intellektuallıq tələb olunur. Yəni yazıçı, deyək ki, məhdud kənd həyatını öyrənib bu həyatdan əsər yazmaqla çox uzağa gedə bilməz. İnsanları düşündürən, maraqlandıran, onların cavab axtardıqları qlobal məsələlərə toxunmağa çalışmalıdır. Sonra da milli ədəbiyyatın peşəkar tərcüməsi mühüm şərtlərdən biridir. Etiraf edək ki, biz Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi yaxşı tərcümə edib dünya miqyasına çıxara bilməmişik. Mən Macarıstanda işləyəndə həm Mirzə Cəlilin, həm də Haqverdiyevin hekayələrini və Axundovun komediyalarını macar dilinə tərcümə elətdirdim. Orda bir Maria Kineş var, türkoloq-alimdir – vaxtilə Bakı universitetinin Azərbaycan şöbəsini bitirib. AYB-nin üzvüdür – o çevirdi. Sonra nə qədər rəylər gəldi ki, bu yazarlar sanki macar insanının probleminə toxunublar, macar kəndinin, macar obasının məsələsini gündəliyə çıxarıblar, 100 il əvvəl bizdə də bu məsələlər vardı. Yazıçının, yenə deyirəm, dünya miqyasına çıxması üçün bu lazımdır. Yaxşı tərcümə lazımdır, nəfis nəşr lazımdır, sanballı əsərlər yaxşı təbliğ olunmalıdır. Biz, təəssüf ki, ədəbiyyatımızı lazımınca təbliğ eləyə bilmirik. Çünki bu təbliğat üçün mühüm olan şərtlər də yoxdur, yəni xarici dilləri bilən, xarici auditoriyada onu tanıda bilən ədəbiyyatçılar, tənqidçilər azdır.

Düzdür, inkişaf edirik, yeni imzalar gəlir, yeni kitablar yazılır. Və deyim ki, roman yazmaq da son vaxtlar asan bir işə çevrilib, amma bu romanların ömrü çox qısa, vəzni və çəkisi də çox yüngül olur. Buna görə ədəbiyyata çox ciddi yanaşmaq lazımdır, ədəbiyyat tək bir insanın hisslərini, duyğularını ifadə edəndə güclü olmur, o gərək fərdin duyğuları üzərindən bütöv bir millətin, bəlkə də bütün bəşəriyyətin hisslərini, duyğularını tərənnüm etməyi, ortaya qoymağı bacarsın. Təəssüf ki, bizdə, hələ ki, belə əsərlər yoxdur. Oxucularımız da, təəssüf ki, belə əsərlərin yer almasına stimul vermirlər, onlar daha çox asan oxunan əsərlər axtarırlar. Bu kompleks bir məsələdir.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see228

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see188

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see153

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see151

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see146

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see136

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see136

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see125

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see120

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see119

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri