525ci qəzet SON NƏFƏSƏDƏK KEŞİKDƏ Rafael Hüseynov yazır
Rafael HÜSEYNOV
Akademik
Onun səsinin ucadan gəldiyini heç eşitmədim. Hamıyla mehriban davranar, həlim səslə danışardı. Əlbəttə, insanlarla birgəydi, çalışdığı yerlərdə adamlar çox, səviyyələr müxtəlifdi, iş gedişatında əsəbiliklərin olması da mümkün idi. Ancaq yəqin ki, içəri verirdi, hirsi olurdusa da, daxilində söndürürdü, alicənablığını, nəzakətliliyini həmişə hifz edirdi. Həm də özünü məcbur edərək yox. Bu, Həmid müəllimin təbii halı idi. Həmin səbəbdən də hərdən özlüyümdə onu yanına köməyə, məsləhətə gələn hər insanı ovutmağı bacaran müdrik bir ruhaniyə oxşadırdım.
Ömür yoluna dərindən bələd olduqca başa düşdüm ki, bu cür dürüst əxlaqın və belə mütəvazi rəftarın qandan gələn tərəfi varsa da, onu tərbiyə etmiş mühitdən kök alan təməlləri də olmamış deyil. Həmid Araslı ilə mənim yaxın ünsiyyətlərim başlayanda o, 70-in astanasında idi, çoxdanın oturuşmuş müəllimi idi və fikir verirdim ki, nədirsə hər görüşümüzdə sözü hökmən gəlib keçmiş ustadlarının üzərinə çıxır və müəllimlərini sayğıyla yad edir.
O, bir ruhani ailəsində doğulmuşdu və bəxt ayrı naxış cızsaydı, bəlkə də həmin xətti tutub gedər, ən azı atası - ərəbcəyə, şəriətə, dinin əsaslarına mükəmməl yiyələnmiş, ərəbcədən tərcümə edərək şərhlər yazdığı "Təşrih əl-fəraiz" kitabı da əllərdə gəzən Məmmədtağı Ərəszadə kimi axund olardı (1867-1911-ci illər arası yaşamış, Nəcəf şəhərində mükəmməl dini təhsil almış, Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü olmuş, zəmanəsində görkəmli nüfuzlu din alimlərindən biri, eyni zamanda tərcüməçi və dini publisistika ustası kimi şöhrətlənmiş Axund Hacı Məmmədtağının həmin kitabı 1907-ci ildə Tiflisdəki "Qeyrət" mətbəəsində basılmışdı).
Amma din xadimliyi Həmidin yolu deyilmiş. Hərçənd o, ruhaniliyə bağlanmadısa da, hər halda ruh adamı oldu.
Füzuli sual edirdi və əslində sualı qoyaraq elə cavabı da sual içində vermiş olurdu: "Aya hər xilqətə gərçi bir səbəb var, Bəs bu səbəbi kim etdi izhar?"
Həmid Araslıda, zahirən sakit, əsla inadkar, döyüşkən görünməyən kimi bu yumşaq insanda zəruri məqamlarda qəti prinsipiallıq, öz xəttini nurani ağsaqqallara xas arxayın əminliklə aparmaq, haqlı olduğunu və əvvəl-axır sözünün keçəcəyini bilən bilici qazi kimi səsini qaldırmadan, müvazinətini itrimədən sonacan dediyinin üstündə durmaq və qalib çıxmaq səriştəsi ondan fitrətdən gəlirdi, ya bu, oxuyub-öyrənmənin nəticəsi idi?
Həm o, həm bu varmış, amma bu, ilk növbədə həm də elə qandan gəlirmiş. Həmid müəllim ata üzünü və tərbiyəsini göz və ürək dolusu görməmişdisə, atasını 2 yaşındaykən itirmişdisə də, qan qandır.
Və atası Məmmədtağı Ərəszadənin mövqeyini, doğru sandığı fikri müdafiə etməkdə sonacan ardıcıllığı, həm də bu gedişatda tam soyuqqanlılığını başacan saxlaya bilməsi haqda həqiqətlərdən xəbərdar olduqca anladım ki, oğluna da həmin keyfiyyətlər elə ondan irsən keçibmiş.
Axund Məmmədtağı Həmidi dünyaya gətirəcək Dürribəyimlə evlənəndə vəfat etmiş arvadından ona yadigar qalan Hacı adlı bir oğlu varmış. Nüşabə xanım danışır ki, onu "Hacı əmi" çağırardıq.
Bu qohumluq bağlılığından da xəbər bilin ki, sonraların məşhur bəstəkarı Telman Hacıyev ixtisasca kimyaçı olan həmin Hacının - Həmid Araslının atabir qardaşının oğlu imiş. Telmanınsa Tariq adlı bir geoloq qardaşı da olub.
Həmid müəllim Nüşabə xanıma söyləyibmiş ki, iki qardaş çox mehribanmışlar və uşaq vaxtı məhəllə davalarında Hacı həmişə onu digər tay-tuşlardan qoruyarmış. Sonradan bu mehribanlıq onların uşaqlarına da keçdi. Nüşabə xanımın sözüncə, Hacı əmi ona sevərək "anamsan" deyirmiş.
Axund Məmmədtağı, ailə rəvayətlərinə görə, varlı-hallı adammış. O, vəfat edəndən sonra, yəqin, elə Dürribəyimə miras qalan mala-pula iştahlanaraq ona evlənmək təklifi göndərənlər çoxmuş, hətta razılıq verməsə götürüb qaçmaqla hədələyənlər də varmış. Vəziyyəti belə görən Dürribəyim nisbətən kasıb, amma daha etibarlı hesab etdiyi bir adamla ailə qurur. Həmid müəllimin uşaqlıq illərindən xatirində anasının sanki üzrxahlıq edirmiş kimi dediyi bu sözləri də qalıbmış ki, atanın sərvətini səninçün qoruya bilmədim, təkcə saxlaya bildiyim kitabları oldu.
Və bir də kəc taleylə barışmağın bu bayatısı ki, hərdən həzin səslə oxuyarmış.
Anası Həmidçün zümzümə edərmiş, Həmid müəlllim Nüşabə xanıma söyləmişdi, o da mənə deyir, mən də yazıya alıram ki, daha heç vaxt unudulmasın:
Əzizim inci könlüm,
Dürr könlüm, inci könlüm,
Sənə Allahdan yoxmuş
Nə küs, nə inci, könlüm.
Həmid müəllim atalığını rəhmətlə anırmış ki, onu yaşı çatınca, yəqin ki, ailə ənənəsini davam etdirəcəyini düşünərək mədrəsəyə yollamışdı. Sonra ömrü boyu karına gələcək ərəbcəni, farscanı orada elə kiçikkən Həmid elə bu səbəbdən yaxşıca öyrənə bilmişdi.
Mollaxana təhsilini, oradakı müəllimlərini həmişə minnətdarlıqla yad edirdi. Onları sadəcə molla, axund kimi dilə gətirmir, ehtiramla "üləma" deyərək xatırlayırdı.
Doğrudur, özü də etiraf edirdi ki, həmin müəllimlərinin arasında əsl din alimləri yox idi, amma hamısını bu sözün çəkisini də anlayaraq "üləma" adlandırırdı və dəqiqləşdirirdi ki, indinin çox alimləri onların biliyi qarşısında aciz qalardı. Deyirdi ki, o müəllimlərim olmasaydı, mən müxtəlif xətt növlərindən xəbərdar olmayacaqdım, əlyazmaları oxuya bilməyəcəkdim, ərəbcənin, farscanın dərin qatlarına enməyə gücüm çatmayacaqdı, klassik ədəbiyyatdakı bir çox təlmihlərin, təşbihlərin, istilahların sirrindən xəbərsiz qalacaqdım. Söyləyirdi ki, o nurani kişilər mənimçün darülfünun oldular. Həmin "darülfünun adamlar"ın - universitet kişilərin əksərinin də Gəncədən didərgin salındığını, sovetləşmənin ilk illərindəcə Sibirin buzlu "səhralarına" sürgün edilərək yoxa çıxarıldığını da Həmid müəllim doluxsunaraq yada salardı.
...Həmid Araslı 1921-26-cı illərdə Tiflis Müəllimlər Seminariyasında təhsil almışdı, orada da qarşısına bir-birindən qüvvətli müəllimlər çıxmışdı. Ustadlarının nümunəsi onu müəllimlik peşəsinə qəlbən bağlamışdı, ağlı kəsəndən müəllimlərinin sevgisini, nəvazişini gördüyündən özü də həyatı boyu şagirdlərinə, tələbələrinə eyni qayğıkeşlik və canıyananlıqla yanaşdı. Müəllimliyə lap gənc yaşlarında Gəncəbasarda başlamışdı, necə müəllim olmasının əks-sədası sonrakı onillərə də gəlib çatmışdı.
2024-cü ilin fevralında Həmid Araslının 115-ci ildönümünü qeyd etməyə toplaşdığımız məclisdəkilərin bir çoxu ağsaçlı müəllimlər, neçə nəsil tələbəyə dərs vermiş təcrübəli ustadlar idi. Ancaq onların da əksərinin müəllimi Həmid Araslı olmuşdu. Artıq ömrünün 93-cü ilinə qədəm qoymuş (o, 1932-ci ilin yanvarında dünyaya gəlib), həmin məclisdəkilərin bir çoxuna dərs demiş, elə mənim də universitetdə oxuyarkən müəllimim olmuş və bu gün də köhnə səliqəsi ilə yeni tələbələrinə mühazirələr oxuyan professor Təhsin Mütəllimov, əlbəttə ki, o gün söz söyləməsəydi, olmazdı. Təhsin müəllim ustadı haqda xatirələrini 1763-1862-ci illər arası yaşamış, teatr tarixində parlaq reformator kimi qalmış yəhudi mənşəli fransız aktyoru Fransua-Jozef Talmanın düşüncələriylə başladı. Məşhur səhnəni həyatının mənası saymış görkəmli aktyor memuarlarında yazıb ki, mən fikirlərini, hisslərini bir parça kağızda əbədiləşdirən şairə, yazıçıya qibtə edirəm, təəssüratlarını, həyəcanlarını rənglərlə kətana köçürüb daimiləşdirən rəssama həsəd aparıram. Çünki mən aktyoram, hər axşam səhnədə yaradıram və pərdə örtülən kimi yaratdıqlarım itib gedir, məndən yadigar bir şey qalmır. Təhsin müəllim bu müşahidəni vacib bir əlavəylə müəllimlik sənətinə də aid etmişdi. Demişdi ki, müəllim də, aktyor kimi, hər dərsə hazırlaşır, çalışır, auditoriyaya girir, 45 dəqiqə, saat yarım nəyə qabildirsə şagirdlərinə, tələbələrinə təqdim edir, zəng çalınır, dərs bitir, sinif otağında, auditoriyada söylənənlər uçub gedir. Qalan yadigar ancaq tələbələrdir. Ona görə də şagirdlərin, tələbələrin müəllimlərinin xatirəsini yad eləmək yalnız qədirşünaslıq deyil, həm də savabdır.
"Bizə tələbə olanda gözəl alimlər pleyadası dərs deyib. İnanın ki, bu gün də onları həsrətlə yad edirəm. İndi daha artıq dərk edirəm ki, Allah bizə necə xoşbəxtlik bəxş edibmiş. Müəllimlərimiz Məmməd Arif, Məmməd Cəfər, Mir Cəlal, Həmid Araslı, Mirzə Feyzulla Qasımzadə kimi nəhənglər idi. Adları çəkiləndə istər-istəməz ayağa qalxmaq istəyirsən. Onlar hərəsi bir şəxsiyyət idi və müəllim də ilk növbədə gərək şəxsiyyət ola, varlığı ilə tələbəsinə nümunə göstərə. Öyrətmək, bilik vermək bundan sonra gəlir. Tələbə müəllimə inanmasa, elmini qəbul etməyəcək. Bizim müəllimlərimizin hər biri öz kursunu yaradan, öz yolu olan, hər biri özünəməxsus intonasiya ilə dərs deyən, öz geyim üslubu, yeriş və mühazirə demək üslubu olan ustadlar idi. Onlarla bağlı nə varsa, bizimçün örnək idi. O vaxt hələ çox dərsliklər yox idi, biz kitab oxumurduq, onlara qulaq asırdıq, onlar bizə mühazirələrini deyə-deyə gələcək dərslikləri elə auditoriyalarda yaradırdılar.
Həmid müəllim danışırdı, nə deyirdisə təzə deyirdi, nə deyirdisə orijinaldı. Son dərəcədə mülayim, yüksək mədəniyyətli bir şəxsiyyət idi. Qəribə də imtahan götürməyi vardı. Biz öyrəşmişik ki, tələbə bilet çəkib bir sualı bilməyəndə deyirik keç obiri suala. Həmid müəllimdə elə adət yox idi. Tələbə hansısa sualı bilmirdisə, özü başlayırdı danışmağa, sonra deyirdi keç obiri suala. Yəni imtahanda da öyrətməyini davam etdirirdi. Həmid müəllim orta əsr ədəbiyyatını tədris edirdi, orada da poeziya əsasdır, ancaq qəribədir ki, şeir deməyi xoşlamırdı, çox nadir halda misallar çəkirdi. Ancaq klassik şeirdəki hər misranı, hər beyti elə açır, elə izah edirdi ki, sətirlər beynimizə həkk olunurdu, auditoriyadan çıxanda görürdük ki, ən qəliz şeirlər artıq əzbərimizdədir. Həmid müəllimin oğlu Elman da bizimlə oxuyurdu. O, əvvəlcə fəlsəfə şöbəsində idi, ancaq beşinci kursa keçəndə universitetdə həmin şöbə bağlandı, oradakı tələbələri də arzu etdikləri fakültələrdə yerləşdirdilər. Elman bizim qrupu seçdi. Onunla dostluq edirdim, həm də Tolstoy küçəsində qonşuluqda yaşayırdıq. Elman da çox ayıq, səviyyəli oğlan idi. Həm də yaxşı güləşirdi, universitetin çempionu olmuşdu. Həmid müəllim də bəzən gəlib yarışlarda ona baxardı. Sonra Elman Moskvada şərqşünaslıq üzrə aspiranturanı qurtardı və ərəb ölkələrində diplomat olaraq böyük fəaliyyət göstərdi. Elman danışırdı ki, atam səfir göndəriləcəyimi biləndə çağırdı, dedi: "Oğul, elə işlə, üçqat məsuliyyətli ol ki, bizim familiyamıza, nəslin adına söz gəlməsin".
Elman Araslı hər cəhətdən ata nəsihətinə əməl etdi. Həm filologiya elmləri doktoru, professor oldu, həm də Səudiyyə Ərəbistanı və İordaniyada fövqəladə və səlahiyyətli səfir vəzifəsini yerinə yetirərkən Azərbaycan diplomatiya məktəbinin ən sanballı, ən təqdirəlayiq təmsilçilərindən biri kimi ad çıxardı.
Təhsin müəllimin 1972-ci ildə Şərqşünaslıq fakültəsində bizə "Ədəbiyyatşünaslığın əsasları"ndan oxuduğu ilk mühazirə saatlarını xatırlayıram. Auditoriyaya daxil oldu və ilk sözünü müəllimlərindən başladı, dedi ki, siz bəxtəvər gənclərsiniz ki, Ələsgər Məmmədov, Rəhim Sultanov, Mübariz Əlizadə, Yusif Ziya Şirvani, Fuad Qasımzadə kimi müəllimləriniz var, ancaq biz sizdən də xoşbəxt olmuşuq, çünki müəllimlərimizin hamısı canlı klassiklər idi, bir çoxları da sizin indiki müəllimlərinizin müəllimi idi.
Başladı onlarla bağlı hekayətləri nağıl etməyə və sən demə, bu, Təhsin müəllimin indiyədək davam edən şakəri imiş. Həmid Araslı gecəsində bunu da danışdı ki, keçmiş tələbələrindən olan indiki həmkarı, Bakı Dövlət Universitetində xarici ölkələr ədəbiyyatından dərs deyən Nüşabə Sadıqova bir gün ondan soruşub: "Təhsin müəllim, bizə birinci dəfə auditoriyaya gələndə bilirsiniz necə başladınız? Dediniz ki, biz gözəl, çox güclü müəllimlər görmüşük, sizə suyunun suyunun suyu gəlib çatıb. Biz indi onların öyrətdikləri əsasında nəsə deyirik".
Təhsin müəllim bir vaxt yarızarafat-yarıciddi söylədiyi bu sözləri yada salaraq belə yekunlaşdırdı ki, o böyük müəllimlərimizin suyunun suyunun suyuyuq, onlarsa əsl bulaqlar idilər, Həmid Araslı da həmin bulaqların ən gurlarından biri!
Unudulmaz rəssamımız Baba Əliyevin (1915-1991) yaratdığı tarixi bir tablo var. Yəni o köhnə nəsil rəssamlarımızın fırçasından çıxmış lövhələrin hər biri indi özlüyündə ayrıca bir tarixdir, amma haqqında bəhs etdiyim əsərdə tarix içində tarix var. Bir masa ətrafında tanınmış simalar toplaşıb. Bir yanda Məmmədhüseyn Təhmasib (1907-1982) ayaq üstə, sol küncdə oturan Mikayıl Rəfili (1905-1958), onların böyründəki də Heydər Hüseynov (1908-1950). Obiri yanda isə digər ulduzlar - Məmməd Arif Dadaşzadə (1904-1975), Həmid Araslı, Mir Cəlal (1908-1978), Mirzə Feyzulla Qasımzadə (1898-1976). Onları bir masa arxasına toplayaraq bu tabloda əbədiləşdirən hansı hadisədir? İlk dəfə olaraq üçcildli, çoxmüəllifli, akademik "Azərbaycan ədəbiyyatı tarixi" kitabı yaranacaq, onu müzakirə edirlər. O üçcildliyin yaradılmasını isə əsla elə sadəcə kitab yazmaq məsələsi kimi qəbul etməyin. Onsuz da tez-tez görüşmüş, təmasda olmuş bu məslək və duyğu qardaşlarının qovuşduğu rəsm əsəri millət quruculuğu yolundakı mühüm addımın atılması ərəfəsidir. O kitab əslində xalq üçün bir bələdçi olacaq, millətin gələcək zaman içərisində özünü tanıyaraq inamla irəliləyə bilməsindən ötrü səmt çırağı vəzifəsini yerinə yetirəcək. O cildlər yarandı və onların təməlində nə qədər başqa cildlər ortaya çıxdı. Millət bu gün də o işığı tutub gedir. Bir azərbaycanlı bu gün özünü əmin, güvənli, qüvvətli hiss edirsə, özünü dünyanın irəli gedən xalqlarından sayırsa, bu arxayınçılığın səbəbi odur ki, onun babaları var.
Həmin masa arxasındakı kişilərin də xidməti xalqın hər sıra nəfərinə doğma babalarını tanıtmaq, o babalarla iftixar duyğusunu aşılamaq idi. Zamanına görəsə bu, sadə iş olmayıb. Zahirən böyük vaxt da keçməyib. Tarixçün 80-90 il nədir ki! Ancaq XX əsrdə Azərbaycanın yaşadığı sovet onilləri büsbütün fərqli tarixdir, millət taleyinin indilərlə heç vəchlə tutuşdurulabilməz parçasıdır. Həmin keşməkeşli tarixin özəlliklərindən bugünkü nəsillərin xəbəri yoxdur, heç maraqlanmırlar da. Ancaq o dövrün sərt gerçəklərindən agah olmasan, bu gün əlimizdə-ovcumuzdakıların da qədrini bilməzsən. Bilmədiyininsə itirilmə təhlükəsi, bixəbərləşdikcə, biganələşdikcə mənəviyyatımıza oxşar təcavüzlərin başvermə qorxusu həmişə var və məkr də artrıq həm əl altdan, həm də elə açıqca yeridilməkdədir. Sərvətlərimizi, dəyərlərimizi, bizi biz edən üstünlükləri ən çətin əyyamlarda qoruyan, yaşadan, bir dərsliyə döndərib sabaha ötürən o cür kişilər olduğuna görə girdablar bizi sovura bilməyib, çöhrəmizi hifz etmişik, dirçəlmişik, müstəqilliyimizə qovuşmuşuq. O dəyərlərə sahib olmadan insan maşınlaşır, əsirinə düşdüyü ayrı dilin, təsirinə düşdüyü ayrı mənəviyyatın (ya mənəviyyatsızlığın) balasına çevrilir.
Bu gün çox ciddi şəkildə bir ayrı biçimdə var olan həmin hürkülər Həmid Araslıgilin vaxtında başqa bir şəkildə ortadaydı. Qoruyuculuq o vaxt çox çətin, məşəqqətli, sınaqlı idi, amma indi zahirən guya daha rahat kimi görünən zəmanədə o cür sadiq, fədakar mübarizlərin qıtlığı ucbatından daha qəlizdir.
Sovet dövlətinin, bolşevikləşdirilmiş kommunist ideologiyasının məqsədi əslini-kökünü tanımayan, fərdləri bir-birində əriyib itən, milli özünəməxsusluqdan uzaq olan bivec kütlə, asan idarəolunan qul təfəkkürlü, aqibəti ilə barışmış sürü, amorf sovet xalqı yaratmaq idi. Həmid Araslı və onun məsləkdaşları çalışırdılar ki, bu xalqın milli sifəti qeyb olmasın, rişələr dərinə işləsin, xalq öz əcdadından güc alsın. Ədəbiyyatşünaslığa yalnız bir elm sahəsi kimi deyil, ən başda ümdə milli siyasət kimi yanaşan Həmid Araslı ömrü boyu yalnız qədim ədəbiyyatla məşğul oldu. Sovet onillərində yaşadı, amma həm də heç vaxt bu dövrün adamı olmadı. O, Nizamilərlə, Xaqanilərlə, Füzulilərlə həmzaman idi, onları bizim zamanınkı edirdi və çağdaşlarını da ruhən onların həmdövrünə döndərirdi.
Çəkmiş olduğu acıların verdiyi dərslər və mükəmməl bildiyi keçmiş ona bu ibrəti də aşılamışdı ki, qətiyyən arxayınlaşmaq olmaz, ömür müvəqqəti, yol bitməzdir, bu səbəbdən də etibarlı ardıcıllar yetişdirilməlidir. Ümid bəslədiyi tələbələri, aspirantları, doktorantları öz yerində, buna da çalışdı ki, canı canından, qanı qanından olanlardan, övladlarından, qohum-əqrəbasından da onun yolunu davam etdirənlər olsun.
Onlardan biri - görkəmli türkoloq alim, professor Tofiq Məliklinin Nizami muzeyindəki Həmid Araslı tədbirində iştirakı üçün ayrıca dəvətə ehtiyacı yoxdu. Çünki uzun illər SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda (1969-1992), daha sonra İstanbul Universitetində (1991-1994), ardıncasa Moskva Dövlət Linqvistika Universitetində (1994-2015) çalışmış, Rusiya Türkoloqları Komitəsi sədrinin müavini vəzifəsini tutmuş Tofiq Məlikli vətəndən uzaqlarda karyerasını başa vurandan sonra, nəhayət ki, birdəfəlik Bakıya yığışdı və köhnə dostu mən Nizami muzeyinə işləməyə dəvət etdim. Tofiqsə mənə çox illər əvvəl söyləmişdi ki, türkologiyanı özünə məslək olaraq hələ orta məktəbi başa vurub ali məktəbə girməyə hazırlaşdığı 1960-cı ildə yaxın qohumu akademik Həmid Araslının xeyir-duası ilə seçib. 2024-cü ildə, Araslı gecəsində isə artıq bunun təfərrüatlarını Tofiq hamıyla bölüşürdü: "Universitetə sənədlərimi verməyə hazırlaşanda anam məni götürüb Məmməd dayı adlı qohumumuzla birlikdə Həmid müəllimgilə gətirdi. Oturduq, söhbət elədik. Həmid müəllim hansı fakültəyə qəbul olunmaq istədiyimi soruşanda şərqşünaslığın türk filologiyası şöbəsinin adını çəkdim. Bir az dalğınlaşdı, qayıtdı ki, sən başıbəlalı bir yol seçirsən, çünki türkoloqların arasından sağ çıxan azdır. Əgər türkoloq olmaq istəyirsənsə, çox ciddi alim olmalısan və ciddi çalışmalısan. Tək türk dilinə, osmanlıcaya deyil, ərəbcəyə də, farscaya da marağın olmalıdır, onları da öyrənməlisən. Mənim şərqşünaslıq fakültəm Şah Abbas məscidindəki mollaxana olub, sənin indi dilləri öyrənmək imkanın daha da çoxdur. Mən razı, bil ki, bu, çətin, amma şərəfli, vətənə də çox lazımlı ixtisasdır".
O gün Tofiq anası ilə bərabər, onunla Həmid müəllimgilə gələn Məmməd dayı dediyi qohumu haqda da söz açdı. Tofiq Məlikli ogünəcən mənə naməlum olan həmin adamın Gəncədə XX yüzilin əvvəllərində "Difai" partiyasını quranlardan olduğunu, 1918-ci ilin sentyabrında Bakını xilas etmək üçün gələn Nuru Paşanın dəstəsində vəzifə tutduğunu, 1920-ci ildə sovet cəza orqanlarının təqiblərindən can qurtararaq İstanbula sığındığını, 5 il orada qalandan sonra gizlicə Azərbaycana qayıtdığını, Gəncədə yaşadığını, hər bazar günü xəlvəti Bakıya baş çəkdiyini söyləyirdi, düşünürdüm ki, gör xəbərsiz qaldığımız nə qədər düyünlü taleli insanlarımız olub ki, əslində gərək onları tanıyaq, bilək, çünki hər birinin istiqlalımızda özünə görə xidməti, danılmaz payı var.
Həmin Məmməd dayı yad gözlərdən yayınaraq Bakıya ona görə gəlirmiş ki, burada ailə qurduğu alman xanımı və 3 oğlu varmış. Pünhanca gəlib ailəsini yoluxar, onlara pul, ərzaq gətirərmiş.
"Yəqin, Nüşabə də, Dürdanə də xatırlayacaq. Məmməd dayı hər bazar günü gizli gəlib əvvəlcə bizə baş çəkirdi, sonra gedirdi uşaqlarının yanına. Hərdən məni də götürüb Həmid müəllimgilə gedirdi".
Təbii ki, dərdləşməyə gedirdi. Məmməd dayının Həmid müəllimlə tutan söhbətləri az deyildi.
Həmid Araslı siyasətə qarışmazdı. Şərqşünaslıq İnstitutunda birgə çalışdığımız illərdə onun dilindən heç vaxt hər hansı siyasi mövzuda söhbətə müdaxiləni eşitmədim. O dövrdə bəzən aparıcı qəzetlər görkəmli elm, mədəniyyət adamlarına Sovet İttifaqının siyasi həyatındakı ayrı-ayrı hadisələrlə bağlı münasibəti ifadə edən yazılar sifariş verərdi, ya özləri məqaləni hazırlayar, razılığını alaraq altda hansı tanınmışınsa imzasını qoyardılar. Həmid müəllimin imzası belə yazıların da altında görünmədi. Mən o vaxt Yaxın və Orta Şərq Xalqları İnstitutundakı (sonrakı Şərqşünaslıq) "Yazılı Şərq Mənbələrinin Tədqiqi və Nəşri şöbəsi"ndə elmi işçi idim. İllik planlar tərtib edilərkən bizim şöbənin işləri ilə bağlı mötərizədə həmişə rəsmi və zəruri bir dəqiqləşdirmə edilirdi: "Oktyabraqədərki ədəbi, mədəni və tarixi irsin öyrənilməsi". Yəni tarixin sovetlərədərki hissəsi.
Bir dəfə şöbənin illik planları cədvəlini verdilər ki, imzalatdırmaq üçün Həmid müəllimə aparım. Bir-bir hər fərdi planın ilk səhifəsinə yuxarı başdan qol çəkirdi, dilləndim ki, institutdakı bütün şöbələrin içində ən sanballısı bizim şöbənin adıdır, əlavəsi isə lap gözəldir.
Gülümsündü, başını qaldırdı, bildim ki, ürəyincədir, amma kəlmə kəsmədən gözü ilə "elə demə" işarəsini verdi.
Özü onsuz da həmişə "oktyabraqədərki" dövrdə idi, bilirdim ona çox xoşdur ki, mən də yolumun başlanğıcından, lap tələbəlik illərimdən klassik ədəbiyyatla məşğulam.
Fəqət Həmid müəllim oktyabrdansonrakı dövrün də hər sifətinə bələd idi, ona görə də nə özü adam arasında siyasi çaları olan söhbətlə qarışardı, nə də qəlbinə yaxınların hansısa mümkün bəlalara düçar olmamasından ötrü belə danışıqlara meyl etməsini tövsiyə edərdi.
Ən azı elə o gün mənə gözü, baxışları, dodaqlarının sözsüz hərəkəti ilə dediyi qədər.
Lakin daxilində həmin söhbətləri etməyə ehtiyacı da varmış axı. Ona görə də keçmiş "Difai"çi, yaxın qohumu Məmməd dayı Həmid müəllimçün, Həmid müəllim də Məmməd dayıdan ötrü xısınca ürəkboşaltma girəvəsiymiş.
Tofiq Məlikli o vaxt dünyadakı əsas şərqşünaslıq mərkəzlərindən sayılan Moskvada türkologiya sahəsində ən sözükeçər mütəxəssislərdən biri mərtəbəsinə ucalmışdı. Bu da xatirimdədir ki, SSRİ Ali Attestasiya Komissiyasında ona çox inanır, ən mübahisəli işləri ekspert rəyi üçün məhz Tofiqə göndərirdilər və elmi obyektivliyinə də o qədər etibar edirdilər ki, yeri düşdükcə Azərbaycandan gələn və türkologiya məsələləri ilə bağlı dissertasiyaları da başqalarına yox, məhz son söz üçün ona yönəldirdilər.
Ancaq Tofiq o vaxt da deyirdi, indi də etiraf edir ki, həmin illərdə Bakıya hər gəlişində mütləq Həmid müəllimə baş çəkər, məsləhətlər alar, yığılıb qalan suallarına münsif cavabını ondan istərmiş.
"Moskvada Sovet Türkoloqları Komitəsinin sədr müavini seçiləndə xarici əlaqələr üzrə bütün işlər mənə tapşırılmışdı. O vaxt 1926-cı ildəki ilk Türkoloji qurultaydan sonra Bakıda 1988-ci ildə sovet türkoloqları və türkiyəli alimlərlə bərabər, ilk Sovet-Türk kollokviumunu keçirdik. Mənim tək idim və istəyimlə sonra silsiləyə çevriləcək kollokviumlardan birincisi "Kitab-i Dədə Qorqud"a həsr olunmuşdu. Həmin kollokviumda Türkiyənin ən ünlü alimləri Orxan Şaiq Gökyay, Bəhaəddin Ögəl, Əhməd Bican Ərcilasun və başqaları iştirak edirdi. İlk iclasın həmsədrləri Azərbaycan Akademiyası tərəfindən Bəkir Nəbiyev, Moskvadan, Sovet Türkoloqları Komitəsindən mən idim. Açılış nitqimdə mən elan etdim ki, bu kollokvium akademik Həmid Araslının xatirəsinə həsr olunur. Bu, Həmid müəllimin haqqı, hamımızın, ilk növbədəsə mənim ona qaytardığım borc idi".
İndinin insanlarının bu həqiqəti qavraması çətindir, gələcəkdəkilər üçünsə lap anlaşılmaz olacaq ki, niyə vaxtilə kimlərisə millətini, vətənini vəsf edən şeirlər yazdığına görə, xalqına, yurduna vurğunluğundan ötrü, öz tarixini araşdırdığına, ədəbiyyatının, sənətinin əski nümunələrini axtarıb-tapıb üzə çıxardığına görə cəzalandırıblar, azadlıqdan, həyatdan məhrum ediblər, "xalq düşməni" damğası vurublar. Məəttəl qalacaqlar ki, tutalım, niyə biz Həmid Araslı kimi alimləri sanki görülməsi tam məqbul və arzuolunan işləri yerinə yetirdiyinə, bir araşdırıcı olaraq vəzifə borcuna əməl etdiyi halda cəsur, qorxmaz, qəhrəman adlandırmışıq.
1990-cı illərin sonlarında mənə ilk dəfə İstanbulda, dəvət olunduğum televiziya verilişində canlı yayımda Türkiyə vətəndaşlarına söz demək imkanı nəsib olmuşdu. Oradan başladım ki, bu anlarda məni görən, dinləyən insanların hamısından Türkiyəni ən çox sevən mənəm. Dərhal səbəbini də izah etdim ki, çünki sizin heç birinizə Türkiyəni sevdiyinizə, bu məhəbbəti dilə gətirdiyinizə görə cəza verilməyib, məni isə vaxtilə Sovet İttifaqında buna görə suçlandırıblar, hələ tələbə ikən televiziya verilişlərində çıxış edərək dilimizə yatmayan, artıq əvəzlənməsi vaxtın tələbi olan hansısa ərəb, fars kəlməsinin yerinə daha münasib doğma kəlməni, türk sözünü işlətdiyim üçün "pantürkist", "ekstremist" adlandırıblar, aylarla efirə çıxmağıma icazə verməyiblər, xaricə çıxışıma qadağa qoyublar.
Odur ki, məsum və faydalı, millətəxeyir işi ilə məşğul olmuş Həmid Araslının bütün fəaliyyəti mahiyyətcə ardıcıl mübarizə və müqavimət idi.
1950-ci illərin başlanğıcında Azərbaycanda Moskvanın ötürməsi ilə "Kitab-i Dədə Qorqud"a və qorqudçulara qarşı həmlələr tüğyan edəndə, Həmid müəllimin övladları Elman və Nüşabə Araslıların mənə söyləməsincə, qəzet-jurnallar sanki amansız məhkəmə kürsüsünə çevrilibmiş. Hər gün, günaşırı Həmid Araslı haqqında həqarət dolu yazılar dərc edilirmiş. Həmin məqalə müəlliflərindən bəziləri, yenə Araslının övladlarının təsdiqincə, axşam evə gələrək üzrxahlıq edirmişlər ki, vallah, mən yazmağa məcbur idim, keç günahımdan, amma hər halda çalışdım ki, onlar istədiyindən bir az yumşaq alınsın. Bu da Nüşabə xanımın xatirəsidir, deyir ki, iş elə gətirdi atam haqqında tənqidi məqalə yazanlardan biri çox keçmədən oxşar vəziyyətə düşdü, indi onu təqib etməyə, haqqında hərzə-hədyanlı məqalələr dərc etməyə başladılar; anam Balacaxanım bir axşam atama dedi ki, ay Həmid, dur gedək o adama təskinlik verək.
Geyinib gedirlər, qapını döyürlər, onları həmin adam özü qarşılayır. Qarşısında az əvvəl kəskin tənqid atəşinə tutduğu Həmid Araslı və xanımını görüncə pərtləşir, "hə, nədir, məni təbrik etməyə gəlmisiniz?" deyir.
Cavab verirlər ki, yox, niyə elə fikrə düşürsünüz, indi sizin başınıza gələn bəlanı biz çəkmişik, ona görə gəlmişik ki, ürək-dirək verək.
O mədhuş zaman zolağında hədəfə götürülənlər, tutulmağa hazırlananlar, ya artıq həbsə atılmışların ailə üzvləri yazılmamış qayda ilə ağır yoluxucu xəstəliyə düçar olmuş yaxındüşülməzlər zümrəsinə aid edilirmişlər. Hamı onlardan gen gəzir, oturub-durmamağa səy göstərir, hətta salamlaşmaqdan belə çəkinirmiş.
Vaxt ən qabil təbibdir, çox acıları unutdurur, çox dərdləri yaddaşın alt qatına çəkir. Ancaq qəribədir ki, söz və münasibət yarası nə qədər zaman keçsə də, səngimir, üstündən xeyli müddət ötəndən sonra da qaysaq bağlamadan qalır, anı gəldikcə yenə keçmişdəki kimi göynədir.
Nüşabə xanım o vaxt uşaq olub, atası, ailə gözümçıxdıya salınan dövrdə 10-12 yaşı varmış, indi sinni səksəni keçib. Ancaq o günlərdə onlara salam verməyənlərin də, hayan durmaqdan çəkinməyənlərin də üzləri elə ovaxtkı ağlığı və qaralığı ilə yadındadır.
Yada salır ki, ayağı evimizdən kəsilməyən, əksinə, həmin nigaran günlərdə get-gəli artan nadirlərdən biri Mir Cəlal idi. Həm də çox vaxt tək gəlmirdi, yoldaşı da, uşaqları da yanında olurdu.
Bunu da səbəbsiz etmirmiş. Çünki o günlərdə təcridin, biganəliyin, ətrafdakıların soyuqluğunun əzabını evlərin xanımları, təqib olunan ailələrin uşaqları hədəfə götürülənlərin özlərindən az çəkmirmiş.
O qatmaqarışıq əyyamlarda ziyalılar arasındakı ailəvi yaxınlığın bəxş etdiyi siyasətdənkənar bir başqa məziyyət də varmış. Xanımların, uşaqların qaynayıb-qarışması ilə belə ailələr bir-birinə qohumdan da yaxın olurmuş. Bəzən kişilərin sözləri çəp gələndə, müəyyən yaradıcılıq məsələlərinə görə arası dəyəndə, umu-küsünün dərinə işləməməsi, münasibətlərin təzədən bərpa olunması üçün mötəbər zəmanət vardı - birevli kimi uşaqlar, xanımlar sərinliyin tezcə aradan getməsi, elə öz-özünə barışıq üçün ən təmənnasız və təbii körpü idilər.
O gün - 2024-cü ilin fevralında bu ürəkaçan mənzərə gözlərimin önündə idi. Həmid müəllimin məclisinə gələnlərin bir çoxu indi ata-analarından daha yaşlı olan 1940-50-60-cı illərin uşaqları, yeniyetmələri idilər. Bu gün hər biri Azərbaycan cəmiyyətində hörmətli yer, məqam sahibi şəxsiyyətlər, çətin, imtahanlı çağların ailəvi dostları, böyük yazıçıların, şairlərin, alimlərin övladları...
Onların hər biri qısa olmayan ömürləri boyunca, əlbəttə, nələrisə tapıb, nələrisə itiriblər. Ancaq əminəm ki, onların hamısının həyatdakı ən vacib qazanclarından biri elə sadə olmayan zamanın ələyindən keçərək bugünə çatmış belə saf, təmiz hisslər, bundan belə qırılması mümkünsüz birgəlikdir.
Elə bu sabitlik və dəyişməzlik də onlara mərd, dəyanətli ataların yadigarıdır. Məgər Həmid müəllim özü dəyişdimi? Cavanlığında hansı şövqdə, hansı mübarizlikdə, hansı əqidədə idisə, ixtiyarlığınacan da o cür qaldı.
1981-ci ildə Həmid Araslı 72-yə çatmışdı və bir alim üçün sən deyən qoca yaşda deyildisə də, çox düşmüşdü. Ötmüş onillərin sıxıntıları, sarsıntıları izini qoymuşdu, yüksək qan təzyiqi vardı, digər löyün-löyün səhhət böhranları da onu mütəmadi narahat edirdi. Ancaq ürəkdəki eşq və şövq, ruhdakı əzm və ötkəmlik elə əvvəlki idi.
1981-ci ildə daha heç kim bir ədibi, bir ədəbiyyatşünası qınamırdı ki, sən niyə "Kitab-i Dədə Qorqud"dan yazırsan, nədən Füzuli ilə bağlı tədqiqat aparırsan, nə üçün qədim əlyazmalara çox maraq göstərirsən. Artıq meydanda kəm köhnə, həm orta, həm yeni nəsildən bolluca ədəbiyyatşünaslarımız, görkəmli alimlərimiz vardı.
Və 1981-ci ildə Tehranda fars dilində Xətaidən bəhs edən bir kitab nəşr edildi. İranda çox kitablar buraxılırdı ki, heç xəbərimiz olmurdu, ancaq görünür tədbir də tökmüşdülər ki, həmin kitab tezliklə göz dağı kimi Bakıya da gəlib çatsın.
Firuz Məhsuri adlı müəllifin kitabının elə adı gendən "vur-vurum" deyirdi: "Şah İsmayıl şair olmayıb və o, "Divan"a da sahib deyildi" ("Şah Esmail şaer nə bude və "Divan"a həm nə daşteəst").
Çoxlarının xəbəri vardı ki, belə ziyanvurucu kitab yazılıb, yəqin, vərəqləyib məzmunu ilə tanış olanlar da bəs deyincə idi. Ancaq yenə başqalarının bu təxribata laqeyd qaldığı əsnada səsini qaldıran, qələmini sıyıran qoca şir oldu.
İlk gənclik illərindən ədəbiyyatımızın, sözümüzün, mənəvi varlığımızın keşikçisi, sərhədçisi olmaq məsuliyyətini bir vicdan vəzifəsi kimi boynuna götürmüş ixtiyar Həmid Araslı səhhətindəki nasazlıqları sanki unudaraq masa arxasına keçdi, Şah Xətaimizə dil uzadanın dilini yandıran sərt bir cavab və ifşa məqaləsi yazdı, "Ədəbiyyat qəzeti"ndə dərc etdirdi, bununla da həm dosta, həm düşmənə bəyan etdi ki, əvvəlki səbat və qətiyyətlə yenə meydandayıq, yenə keşikdəyik!
5 yanvar 2025