525ci qəzet ZƏFƏR MƏŞQİ Rafael Hüseynov yazır
Rafael HÜSEYNOV
Akademik
Milləti millət edən ortaq dəyərlərin hər biri xalqın bütün sıra nəfərləri üçün müştərək sayılan amal, qədri bilinməli milli sərvət, uğrunda mübarizə aparılası hədəflərdir. Milləti qovuşduran belə körpülərimiz nə qədər çox və güclü olarsa, xalq və yurd içəridən o qədər bütöv, o qədər mütəşəkkil, o qədər qüdrətli olar.
2005-ci ildə bu millətin bütün övladları üçün ortaq sərvətlər cərgəsində duran dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 120 illiyi münasibətilə nəcib bir ənənənin əsası qoyuldu. Bakıda, Beynəlxalq Muğam Mərkəzində sonralar mütəmadiləşəcək, bir çox yeni nəsil qabiliyyətli ifaçıların ortaya çıxmasına səbəb olacaq "Televiziya Muğam müsabiqələri"nin ilki işə başladı.
Dünyanın dörd bucağına səpilmiş, sayı altmış milyona çatan azərbaycanlılarımız Yer üzünün müxtəlif saat qurşaqlarında yaşayır. Amerika və Kanadada ömür sürənləri də var, Avstraliyada yaşayanları da, Asiyada və Afrikada ömür sürənləri də.
Muğam müsabiqələri adətən televiziyada axşam saatlarında nümayiş olunur, gecə saatlarınadək davam edirdi. Hansısa ölkələrdə bu göstərilmələr gündüzə, insanların iş-güclə məşğul olduğu saatlara təsadüf edirdi, haralardasa gecənin lap dərin saatlarına, yuxunun şirin vaxtına düşürdü. Ancaq saatının gec, ya tez olmasına fikir vermədən, gənc və canayatan Azərbaycan xanəndələrinin oxularının davam etdiyi saatlarda dünya boyunca soydaşlarımız ellikcə televiziya ekranları qarşısında olurdular. Bunu mənə bir çoxları özləri deyib, amma yaxın-uzaq xarici şəhərlərdən birbaşa zəng vuraraq canlı yayıma qoşulanlar, təəssüratlarını bölüşənlər az deyil.
Həmin saatlarda minillərlə yaşı olan muğamlarımız, ölməz şairlərimizin muğamlara qovuşan qocalmaz sözləri millətimizi hər kəsin görüb şahid olduğu bir gözəllikdə birləşdirir, eyni ovqata kökləyirdi. Buna sevinməmək, bununla öyünməmək mümkünsüz idi.
2020-ci ilin son sentyabr günlərində, oktyabr boyunca, noyabrın ilk ongünlüyündə yenə dünyanın beş qitəsindəki azərbaycanlıların həyəcanlı diqqəti Bakıdan gələn xəbərlərə zillənmişdi. 44 gün davam edərək Azərbaycanın Böyük Zəfəri ilə başa çatacaq İkinci Qarabağ müharibəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi eşqi millətimizi bəlkə də bütün tarixində olduğundan daha artıq mütəşəkkil, daha çox həmdüşüncə və həmürək etmiş, dəmir bir yumruğa çevirmişdi.
Xoşbəxtik və bir xalq kimi məhz həm də bu səbəbdən güclüyük, tarixin çox sınaqlarından buna görə üzüağ çıxmağa müvəffəq olmuşuq ki, zaman-zaman bizi yekdil edən belə dəyərlər və rəmzlər həmişə var olub və az da olmayıb.
Kimin ağlına gələrdi ki, elə bir gün gələcək, kəlmə də kəsmədən, sadəcə, meydanda top qovan milli futbol komandası xalqın vəhdətinə xidmət edən ən vacib amillərdən birinə dönəcək?! Elə dövr yetişdi ki, Güneyin məşhur futbol komandası "Traktorsazi"nin təməlinin qoyulduğu 1960-cı illərin sonlarından bəri bir neçə dəfə dəyişdirilmiş adına Vətənin də adı qoşuldu və 2019-cu il iyunun 22-dən etibarən "Azərbaycan Traktor Klubu" çağırılmağa başlandı.
Bu futbol komandamızı Millətinki edən, otaylı-butaylı bütün Azərbaycanınkı kimi tanınıb təsdiqlənmək haqqını qazanmağına səbəb olan yalnız məharətli oyunu deyil, ilk növbədə xalqın ruhunun ifadəçisinə çevrilməyə nail olmasıdır.
Bizlərdə, XX yüzilin üçüncü-dördüncü onilliyinədək, nə traktor anlayışı olub, nə də dilimizdə belə bir söz işlənib. Əslində, elə traktor özü də dünyanın cavan istehsallarındandır. İlklərini XIX yüzilin sonlarında düzəldiblər, kütləvi buraxılışları XX əsrin əvvəllərindən başlayıb. İnsanların ona ehtiyacı artdıqca dünyada traktorların miqdarı da çoxalmağa başlayıb. "Traktor" bir qədim latın sözü idi ki, mənası "dartıcı"dır.
Traktor yalnız ağır yükləri dartıb aparmırdı, zahirən ləng təsir bağışlayan, ancaq göründüyündən qat-qat yeyin sürətlə insanları tərəqqinin yeni üfüqlərinə doğru çəkirdi.
Bu da bir ayrı tarixdir - Quzey Azərbaycanda 1930-40-50-ci illərdə uşaqlarına Traktor, Kombayn adı qoyan ailələr də varmış. Söz yox, bu, avamlıqdan yox, bəlkə insanların içərisində yeni günə uyğunlaşmaq şövqündən, traktorun, kombaynın gəlişiylə təsərrüfat həyatına ayrı bir rövnəq verməsinə sadədil məftunluqdan doğurdu.
Haçansa traktorun buxarla işləyən ilk sadəsindən bugünkülərədək ömrünü əks etdirən bir araşdırma aparılıb kitab yazılarsa, gərək orada bizim "Tıraxtur"a da səhifələr həsr edilə.
Çünki "Tıraxtur" möcüzəsi fəlsəfəsi etibarı ilə yalnız Azərbaycan hadisəsi deyil, dərindən düşünülürsə və daha nəhəng müstəvidə götürülürsə, əks-sədası sonralar hələ daha qabarıq duyulacaq, ənənəyə çevrilməli qüvvətli milli xarakter təzahürüdür.
Azərbaycanın səs və ahəng ülgülərinə görə "traktor" dilimizə yatmayan sözdür. Lakin yüzillər və minillər boyu Qərbdən bizə o qədər belə sözlər gəlib ki, el-oba onları öz deyiş tərzinə uyğunlaşdırıb, dilinin gücü çatdığı qədər türkləşdirib. Beləcə, latıncanın "traktor"u çevrilib türkün "tıraxtur"una. Ancaq vaxtilə bu kluba rəsmiyyətdəki adına müvafiq olaraq camaat "Tıraxtursazi" də deyirdi.
Fəqət buradakı "saz" da farscadakı "saxtən" - düzəltmək feilinin kökündən daha artıq adama dədə-baba musiqi alətimiz saz kimi gəlir. Çünki "Tıraxtur" əslində Təbrizçün, Güneyçün, elə bu millətdən ötrü xalqın içərisinin səsi olan telli və mindilli SAZdır!
Dünyanın müxtəlif ölkələrində futbol vurğunları müxtəlif cür adlanır. İtalyan dilində kəlmə də bilməyən insana "tiffozi" sözünü desən, anlayacaq ki, söhbət futbol aşiqindən gedir. Braziliyada futbol azarkeşlərinə torsida deyirlər, Uruqvay və Argentinada inçada, Danimarkada, Bolqarıstanda, Xorvatiyada, Fransada ventilator, özbəklərdə, taciklərdə müxlis, hollandlarda və bosniyalılarda ultras... çoxdur, dünya boyu hamısını yazsan, elə ayrıca bir lüğət kitabı alınar. Ulduzlu fəzanın dərinliklərindən baxanda gendən elə futbol topuna oxşayan Yer Kürəsində azarkeşlərə aid edilən ən geniş yayılan deyişlərdən biri "fan", "fanat"dır.
Bu sözlərin əksərindən futbol səriştəli Təbrizdə, Güneydə yaxşı xəbərdardılar, ancaq ən sadiq təbrizli futbol azarkeşlərinin bunların heç birinə bənzəməyən məxsusi adı da var: "TT" - T-nin biri Təbrizdir, digəri "Tıraxtur".
1960-cı illərin sonlarına doğru İranın həm iqtisadi, həm mədəni həyatında özünəməxsus intibah dövrüdür. Neft gəlirləri artır, ölkə zənginləşir və sənayeləşmə istiqamətində də əhəmiyyətli addımlar atılır. Təbii ki, inkişaf Təbrizdən də yan keçmir. O dövrdə Təbrizin Qaraməlik məhəlləsinin də bəxti gətirir ki (bu məqamda zavodun hisini-tüstüsünü, ətraf mühitə vura biləcəyi ziyanı bir qırağa qoyaraq, dolanışığını əsasən xırda ticarət, xalçaçılıq və belə-belə ənənəvi məşğuliyyətlərlə yola verən əhali üçün birdən-birə yaranan o qədər iş yerini düşünürəm), burada iki böyük zavod tikilir. Çexoslovakiyayla iş birliyində maşınqayırma, Rumıniya ilə əməkdaşlıqla traktordüzəltmə zavodlarının inşa edilməsiylə hər birinin nəzdində də bir futbol komandası yaradılır. Biri "Maşın", digəri "Tıraxtur". Başlanğıcda guya zavod əməkçilərinin sağlamlığına və iş keyfiyyətinin artmasına kömək göstərəcəyi məqsədilə təsis edilmiş hər iki klub ildən-ilə püxtələşir, təbrizlilərin sevimlisi və iftixarına çevrilir. Əvvəllər Təbrizin "Azər" və "Simurq" kimi iki güclü futbol komandası olmuşdu. Ancaq "Tıraxtur" bir simurq quşu qüdrətiylə elə möhtəşəm uçuşlara başladı ki, "Azər" sözü də, "Azərbaycan" kəlməsi də "Tıraxtur" əzmkarlığından əlavə bir cilvə alaraq daha artıq parladı.
Təyinatına görə əsasən müəssisənin həvəskar komandası kimi yaranmış "Tıraxtur" klubu (xeyli müddət bu komandanın oyunçuları, məşqçiləri həm də "Traktorsazi" zavodunun işçiləri idilər və onlara yalnız müəyyən saatlarda birbaşa çalışmalarından ayrılaraq futbolla məşğul olmaq icazəsi verilirdi) bir TRAKTOR olmaqdan daha əvvəl bütöv əməkçi xalqın sevdalarını qanadına alıb böyük məqsədlərə doğru uçuran TƏYYARƏYƏ döndü!
"Tıraxtur"u bu gün Güneydə hər kəs özününkü, doğması bilir. Cəmiyyətin bütün təbəqələri üçün "Tıraxtur" rəmzdir. Fəlsəfəsi etibarilə vahid rəmz - istiqlalın, daxili azadlığın, müstəqilliyin, öz iradəsinin şəriksiz sahibi olmağın, elin, dilin simgəsi; amma "Tıraxtur" həm də bu anlayışların hər birini təcəssüm etdirən bir-birindən sevimli rəmzlər silsiləsidir. O, kiminçünsə urmiyalı Zərdüştdür, kiminçünsə Urmiya gölünün özü. Kiminçünsə Savalandır, kiminçünsə həsrətli gözləri Heydərbabaya dikilmiş Şəhriyar. Kiminçünsə Babək qalasıdır, kiminçünsə mərd Babəkin özü. Kiminçünsə Çənlibeldir, kiminçünsə qoç Koroğlu. Kiminçünsə Səttarxandır, kiminçünsə Xiyabani. Kiminçünsə Pişəvəridir, kiminçünsə Firudin İbrahimi. Kiminçünsə millətin xoşbəxt dəqiqələrini nişan verəcək Təbrizdəki Qüllə saatıdır, kiminçünsə o sahillə bu sahili birləşdirən Xudafərin körpüsü. Kiminçünsə Səməd Behrəngidir, kiminçünsə Həbib Sahir; alim də, avam da, tacir də, şair də, zərgər də, dülgər də onun məftunudur. Uşaq da, böyük də, qadın da, kişi də onu çılğın məhəbbətlə sevir. İstisnasız olaraq aşağı-yuxarı hamının sevdiyi, yaxud ən azı biganə olmadığı yeganə nəsnə puldur. Ancaq camaat pulunu verib bilet alır, "Tıraxtur"un görüşünə can atır. Onu görən də heyrandır, görməyən də uzaqdan-uzağa valehdir. Bizim millətin tarixində belə hüdudsuz sevgiyə nail olmuş ikinci varlığı mən tanımıram. Kimsə qımıldanarsa ki, yox, tanıyır, deyər, amma göstərə bilməz. Çünki "Tıraxtur" müstəsna bir millət hadisəsidir, fövqəladə bir Azərbaycan fenomenidir ki, bənzəri indiyədək olmayıb. "Tıraxtur" millətin ən fərqli təbəqələrindən olan ən müxtəlif insanların bütün amal və diləklərini ürəyində, zehnində qovuşduraraq cisimləşdirdiyi bir vətən yavrusudur. Köhnə şairlərin sözü ilə desək, dərin millət sevdasının təcəllasıdır.
"Tıraxtur" indinin "Tıraxtur"u deyil və millət könlünün güzgüsünə çevrilmək üçün XX əsrin 40-cı illərindən bu günə uzun və sınaqlı yol keçərək gəlib. Yəni ürəkləri fəth etməkdə "Tıraxtur" elə futbolun özü ilə müqayisə oluna bilər. İngiltərədə futbolun 1865-ci ildə doğumunun rəsmiləşdirilməsindən də sən deyən çox böyük zaman keçməyib. Futbola qədər də dünyanın dörd bucağında oyunlar vardı, futboldan sonra da nə qədər yeniləri yaranıb. Ancaq futbolca ümumbəşəri olmağı heç biri bacarmayıb. Baxmayaraq ki, həmin oyunlar arasında şahmat kimi lap qədim tarixi olanlar da az deyil. Onillər ərzində "Tıraxtur"un məşqçiləri, qapıçıları, müdafiəçiləri, hücumçuları, oyun tərzi dəyişib, ancaq mahiyyəti sabit qalıb. İl-il, addım-addım bu komanda millət ruhunun əsl ifadəçisi ola bilmək zirvəsinə doğru irəliləyib.
Yaşlı nəslin adamları bugünün "Tıraxtur"nu sevərək onun dünənini və dünənindəkiləri də xiffətlə anırlar. Əslində onlar "Tıraxtur"u düşünüb öz cavanlıqlarından ötrü qəribsəyirlər. Necə ki, indi "Tıraxtur"u izləyən hər azərbaycanlı futbol azarkeşi onu seyr edərək əslində yurdu, milləti görür.
İdmanın amansız və yetərincə boz üzü də var. Sənə erkən yaşlarında ölçüyəgəlməz şöhrət, ad-san da gətirir, amma gəncliyinin gülü solunca səndən qəddarca üz də döndərir. Nə qədər oynayacaqsan ki?! Lap 30-40 yaşınadək meydandan getmə. Əvvəl-axır yaş sözünü deyir axı. Ən ağır olan da elə sonrasıdır. Bir vaxtlar futbol meydanlarında başgicəlləndirici fəndlə dörd-beş rəqibini arxada qoyub sərrast zərbə ilə uzaqdan topu qapının yuxarı çatının ən qapıçı əliçatmaz küncünə göndərən hücumçu ilə günlərin birində dünənin heyran tamaşaçısı artıq qocalmış, ovurdları batmış, dişləri tökülmüş, indi çörəkpulunu taksi sürücülüyü ilə çıxaran, ailəsini bunca ağır zəhmətlə dolandıran miskin ixtiyar qiyafəsində qarşılaşanda köhnə kumirini belə görüb mat qalan sabiq azarkeş yaddaşındakı ötkəm surətlə bu aciz çöhrəni necə eyniləşdirəydi, həm də vaxtın belə insafsızlığını görüncə qəlbi necə ağrımayaydı?! Axı qəhrəmanını tanımışdı, əmindi ki, qarşısındakı məhz həmin adamdır.
Bir vaxtlar surəti təbrizli qızların incə ilmələri ilə xalçalaşan ayağı qızıl "Tıraxtur"çunun indi güzəran sıxıntılarına möhtaclığını görəndə köhnə illərin futbol azarkeşi necə vaysınmayaydı?!
O anlarda özü də artıq yaşa dolmuş keçmiş azarkeş bu futbolçu ilə bərabər, həm də ömrü boyu itirdiklərinə, layiq olub çatmadıqlarına yanırdı...
Milli simgəyə dönmüş "Tıraxtur"un və tıraxturçuların bir məziyyəti də müxtəlif görsənişləri ilə hər soydaşa həm də öz taleyini, öz ömürnaməsini, öz istəklərini göstərən aynaya dönmək özünəməxsusluğudur.
1970-ci illərdə də "Tıraxtur" İranda tanınırdı. Ancaq sevimliliyi və şöhrəti elə Təbriz boydaydı. Heç Azərbaycanın digər şəhərlərində onu İranın güclü komandalarından biri kimi qəbul etmirdilər və sonrakı ümumxalq məhəbbəti də hələ xeyli uzaqdaydı. Amma 2000-ci illər gəldi, əsr dəyişdi, yeni minillik asta-asta yaşa dolmağa başladı və "Tıraxtur" da zamanın gedişiylə yavaş-yavaş başını daha dik tutmağa başladı. Bir vaxtlar bütün iranlıların gözü Tehranda idisə, "Tac" şəriksiz birinci idisə, "Tıraxtur"un onu diksindirəcəyi illər də yetişdi.
...İki komanda meydanda üz-üzə dayanır. Qaydadır - biri udar, biri uduzar, hətta elə heç-heçələr var ki, onlar da ya udmaq, ya uduzmaq əlamətidir.
"Tıraxtur" paytaxtda "Tac"ı udanda qalib oyunçular şadlanardılar ki, xal qazandıq, vəzifəmizi yerinə yetirdik, yarış cədvəlində bir pillə də qalxdıq. Lakin bu uduşa Təbrizin, Güneyin sevinməsi başqa miqyasda, başqa dadda idi, bu sevinmənin boyaları da, o boyaların çalarları da hədsiz idi. Hər qələbə artıq 11 oyunçunun uğuru, sadəcə "Tıraxtır"un "Tac"ı aparması kimi yox, elə Təbrizin, Güneyin rəqibə qalib gəlməsi təki qavranılırdı. Bu isə yalnız qürur məsələsi deyildi, fəxrdən daha hündürə qalxan bir hiss, "buna nail ola biliriksə, bundan artığına müvəffəq olmağımız da xəyal deyil" inamını oyadan təkan idi.
...Ortaq acılar, müştərək dərdlər insanları sevincdən daha çox yaxınlaşdırır. Hayan olmaq nəcibliyi, hamının yaşadığı sıxıntılara çarə qılmaqçün vasitəyə dönmək səyləri həmişə hörmət, istək qazandırır.
Qaradağ mahalında zəlzələ qopur. Müdhiş dağıntılara və çoxsaylı faciəli itkilərə Mərkəz biganə qalanda, fəryadları eşitməyəndə "Tıraxtur" növbəti oyununa çıxırdı, stadiondakı insan dənizi dalğalanırdı və buradan ucalan nidalar elə qüvvətli olurdu ki, onları ən uzaqdakı kar qulaqlar da hökmən eşidirdi; Tükmənsəhranı sel, daşqın çənginə alırdı, evlər yıxırdı, canlar alırdı, bir gecənin içində dünənəcən rahat həyat yaşamış neçə ailə bədbəxtə çevrilirdi, "Tıraxtur" turnir cədvəlindəki növbəti yarışını başlayırdı, stadion yenə uğuldayırdı, yardıma səsləyirdi, oyun bitənəcən yüzlərlə, minlərlə insan fəlakətə uğramışlara dəstək göstərməkçün səfərbər olurdu; duzlaşan, quruyan, göz qabağında diri-diri ölən Urmu gölünə əl uzatmalı olanlar laqeyd qalanda, bu boyda müsibəti görməzliyə vuranda, belə etinasızlıq aylarla, illərlə uzananda "Tıraxtur" yenə meydanda idi, oyun ardınca oyun gəlirdi, hər növbəti yarışda Urmunun xilasına çağırışlar stadionu lərzəyə gətirirdi.
Üzdən baxanda "Tıraxtur" neyləyirdi ki?! Hakim fitini çalırdı, oyun adi qaydasında başlanırdı, futbolçular həmişəki işlərini görürdülər. Stadionu qaynadan o sözləri nə "Tıraxtur"un məşqçiləri deyirdi, nə oyunçuları. Amma bütün bu çağırışları əslində həm də onlar edirdilər. O sözlər, o çağırışlar "Tıraxtur"la birləşdiyindən təsir gücü birə-min artırdı.
"Tıraxtur" tədricən ümummilli müstəviyə, millətin səsini çatmalı olduğu ünvanlara yetirən rupora - səsucaldanların ən güclüsünə döndü, millət diləklərini ən açılmaz qapıları açaraq, ən aşılmaz divarları keçərək hədəfinə səmtləndirən qasid oldu.
..."Tıraxtur" İran, Güney gerçəkliyinə yeni şüar mədəniyyəti gətirdi. Elə şüarlar ki, onları görməmək, eşitməmək mümkünsüzdü. Çünki bu şüarlar hər görüşünə onminləri toplayan "Tıraxtur"un fırtınalı dərya kimi aşıb-daşan insan dalğaları ilə yayılırdı. Minlərlə insan oyunun düz 15-ci dəqiqəsində bir ağızdan səslənirdi və səslənməkdədir: "Türk dilində mədrəsə olmalıdır hər kəsə!"
Niyə 10-cu, 20-ci, 30-cu dəqiqədə deyil, məhz 15-ci dəqiqədə? Çünki "Tıraxtur" ruhunun ifadəçisi olan və o şüarı vəcdlə dilə gərirən on minlərlə insan yaxşı bilirdi ki, sabah hansısa kəmsavad, siyasətdəndayaz məmurlar, onların qısqırtdıqları qəzetçilər başlayacaqlar şər atmağa, iftiralar yaymağa ki, burada araqarışdırıcılıq var, İrana zərər vurmaq cəhdi görünür, bölücülük, irqçilik və neçə cür bu təhər qondarma yarlıqlar. Öz ana dilində oxuyub-yazmaq haqqını isə İrandakı hər xalqa ölkənin Əsas Qanunu - Konstitusiya elə 15-ci maddəsində boyun olub.
Gəlir çatır oyunun 25-ci dəqiqəsi. Olur ki, bəzən düz həmin dəqiqədə "Tıraxtur" qol vurur, hərdən də olur ki, o saniyələrdə meydanda əmin-amanlıqdır, qol havası heç hiss edilmir. Amma 25-ci dəqiqədə bütün azarkeşlər qalxır ayağa, 30-40 min adamın səsi eyni sözləri elə qənirsiz gurluqla deyir, sanki eyni anda yüz qol vurulub: "Azərbaycan qızları, göylərin ulduzları".
Niyə 25-ci dəqiqə?
Bu da bir özgə işarədir. 1325-ci il azər ayının 21-də (miladi təqvimlə 1946-cı il dekabrın 12-də) Təbriz bütün tarixinin ən ali bayramını yaşayırdı. Milli hökumət qurulmuşdu, Güney Azərbaycanın və bütöv millətin taleyində büsbütün yeni bir səhifə açılırdı və xalqın hökumətinin ilk qərarlarından biri bu idi: qadınlara azad seçib-seçilmək hüququ verirdi.
O gün ki "Tıraxtur" oynayır, stadion çevrilib olur Azərbaycan meydanı. Matç boyu onminlərin dilində dilimizin ən şirin sözü "Azərbaycan" yeni-yeni şüarlara qarışaraq ən möhtəşəm millət azanı kimi dönə-dönə ucalır: "Azərbaycan diyarımız, "Tıraxtur" iftixarımız", "Sən çağırsan gələrəm mən, Ucal, can Azərbaycan! Eybi yoxdur, ölərəm mən! Sən yaşa, Azərbaycan!"
Onminlərlə insanı vəcdə gətirərək millət andı kimi səslənən bu misraları elə himn sayaq oxumağa sövq edən eşq, meydandakı hər bir "Tıraxtur"lunu da ilhamla doldurub kükrədir, oyun gedişindəcə dünyanın ən təsirli və ən yasaqedilməz dopinqini verərək onları yorulmazlaşdırır, "Haydı, qalib ol! Arxanda dağ var!" inamı ilə qələbəyə aparır.
Onminlərlə insanın təmənnasız sevgisi ilə yoğrulmuş harayı tribunalardan ucalaraq sənə bu tapşırığı verirsə, necə şirə dönməyəsən, necə qapı torlarını yırtıb keçəcək qüvvətlə qollar vurmayasan?!
"Yel yatar, tufan yatar,
Yatmaz "Tıraxtur" bayrağı.
Vur qolları, cır torları,
Azərbaycanın qartalı!"
...Dünyanın əksər ölkələrinin məşhur klubları kimi, "Tıraxtur"da yadelli oyunçular "bəs" deyincədir. Ancaq bunun "Tıraxtur"un milliyyətinə qətiyyən dəxli yoxdur. "Tıraxtur" sırf milli komandadır, Azərbaycan komandasıdır, türk komandasıdır. Bütün varlığı ilə təpədən-dırnağadək özümüzünküdür. Azərbaycan kimliyinin, vətənçi mənliyin bariz timsalıdır. Hansı məmləkətdən gəlməsindən, hansı millətə mənsubluğundan asılı olmayaraq, "Tıraxtur"da oynayanların hamısı azərbaycanlıdır. "Tıraxtur" ona qoşulanı özündə əridib bizimki edə biləndir dənizə qovuşan çay onun özlüyünü dəyişə bilmədiyi qədər!
Artıq 20 ildən çoxdur ki, "Tıraxtur"un oyunçularını idarə edən əsas qüvvə "Tıraxtur" qeyrətidir. Bunu "Tıraxtur" haqqında oxuduqlarıma, yaxından-uzaqdan eşitdiklərimə əsasən yazmıram. 2016-cı ildə Təbrizdə idim. O hoteldə ki biz qalırdıq, "Tıraxtur" da orada yerləşmişdi və sabah oyunları vardı. O vaxt Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə birlikdə idik. Orada Təbrizdəki bir sərginin açılışına gəlmişdik. Mübariz müəllim axşam çay süfrəsi arxasında "Tıraxtur"un oyunçularına "Sabah qalib gəlsəniz, bütün komandaya yaxşı qonaqlıq verəcəyəm", - vədini etdi.
Uşaqlarla söhbət edirdik. Müxtəlif səfər sərgüzəştlərindən, oyun macəralarından bəhs edirdilər. Soruşdum ki, "şöhrətin yükü sizə ağırlıq eləmir?" Cavanlardan ikisi eyni anda mənə təəccüblü nəzərlərlə baxdılar, deyəsən, ürəklərini oxumuşdum.
"Ağırlıq eləmir nədir, nəfəsimizi kəsir", - dedilər. Əlavə də etdilər ki, bu, namus yükü kimidir. Bizə insanlar o qədər inanır, ümid bəsləyir ki, bu inamı qırmağı günah sayırıq. Bu məsuliyyəti daşımaq çox çətindir. Nail olduqlarımızın əlli faizi ustalığa bağlıdırsa, qalan yarısı da həmin məsuliyyətin, qəlbimizdəki izahı olmayan qeyrət öhdəliyinin hesabınadır.
"Tıraxtur"un kənardan gələni özündə həll edib bizlərdən birinə çevirməsinin örnəyi rumın Vasili Qocadır ki, əvvəlcə İrana traktorqayırma zavoduna müqavilə əsasında bir texniki mütəxəssis kimi gəlibmiş. Gəlir, ezamiyyət müddəti bitir, Buxarestə qayıdır, orada futbolçuluq edir, müdafiədə oynayır və idman karyerasını bitirəndən ikicə il sonra artıq Təbrizə məşqçi kimi qayıdır. Gəlməyinə gəlmişdi, amma bir əli elə Buxarestdə qalırdı - maaşını da buradan yox, Rumıniyadan alırmış - oranın və buranın traktor zavodları arasında bağlaşmaya uyğun olaraq Vasilinin məvacibi oradan ödənilirmiş. Qısa müddət ərzində təbrizlilərlə qaynayıb-qarışır, elə həddəcən ki, "Tıraxtur"çular ona artıq "Vasili əmi" deyə müraciət edirdilər. Türkcəni də, farscanı da elə mənimsəyibmiş ki, daha onun oyunçularla əlaqə qurması üçün vasitəçiyə ehtiyacı yoxmuş, söz "çətənəsi" dolu olduğundan düşündüyünü asudəcə anlada bilirmiş. 1990-cı illərdə, Vasilinin məşqçilik yolunun başlanğıcında onu yaxından izləmiş, həmsöhbəti olmuş, indi İranın idman jurnalistikasındakı ən mötəbər imza sabiblərindən sayılan və bu sahənin "Sədi Şirazisi" adlandırılan Əfşar İbrahim etiraf edir ki, onu "Tıraxtur"un məşq otağında futbolçularla təmasda görərkən rəqib komandanı necə incə peşəkarlıqla "oxuyaraq" oyunçulara anlatmasından daha çox Vasilinin "lüğət ehtiyatının zənginliyinə təəccüblənmişdim".
1990-cı illərdə onun yetişdirdiyi gənclər "Tıraxtur"un sonrakı yüksəlişlərində də sözünü deyir.
Gur saçlı, eşmə bığlı Vasili Qoca elə gendən də təbrizliyə bənzəyirmiş. Vətəninə qayıdandan sonra da təbrizli azarkeşlər onu uzun müddət ehtiramla yad edirmiş.
Ömrünü İranda müasir idman jurnalistikasının quruculuğuna həsr etmiş, bu yolda minnətdarlıqla xatırlanmalı xidmətləri olan və artıq yaşı yetmişi keçmiş Zəncan əsilli yazar İbrahim Əfşar (1952) onillərcə sevimli komandası haqqında çox yazıb və onun son illərdə bu klubdan söz açarkən bir qədər nostalji qarışıq həzinliklə "Tıraxtur"un banilərini, ötən əsrin 70-80-ci illərində parlamış ulduzlarını anaraq onların unudulmasından əndişələnməsini yaxşı anlayıram, pərişan düşüncələrinin alt qatındakı işarələri də gözəlcə tuturam.
Bu duyğuların Quzey Azərbaycandakı insanlara öz yaşadıqları mühitdən tanış olan keçmişi var. Burada vaxtilə Sovetlər İttifaqının tərkibində olan Azərbaycanın məşhur "Neftçi"si vardı. SSRİ qapalı bir rejim idi, nəsil-nəsil insanı siyasi repressiyalar girdabına ürcah edərək milyonların həyatına qəsd etmiş, insanları gözüqıpıq, diliqısa olmağa öyrətmiş, verilmiş icazələr cızığından kənara çıxa biləcək fikirlərini içərilərindəcə çürütmək vərdişlərinə alışdırmışdı. Ancaq "Neftçi"nin oynadığı 40 min tamaşaçı tutan respublika stadionu o məkan idi ki, orada danışıqlarda da, davranışlarda da, qışqırıqlarda da nisbi də olsa sərbəstlik vardı. Oradakı tribunalarda sən bir rus komandası ilə oynayan "Neftçi"ni nə qədər alqışlasan, obirinin ünvanına ən ağır sözləri də bağırsan, bir kimsə səni antirus, antimərkəz siyasəti yürütməkdə, təxribatçılıqda ittiham etməyəcəkdi, bakılılar Ermənistanın "Ararat"ı ilə oynayarkən erməninin ünvanına başqa yerdə dilinə gətirməyə çəkindiyin və ürəyini deşən hansısa sözləri lap sənin kimi bir dəstə başqası ilə bərabər ən gur səslə qışqıraraq desən də, səni millətçilikdə ittiham edərək elə həmin gecə, ya sabahısı gün məhşər ayağına çəkən olmayacaqdı. Futbol çarpışması cərəyan edən stadion yasaqlar cəngəlliyindəki bir ürəkboşaltma adası idi.
Məgər "Tıraxtur"lu oyunlardakı güneyli qardaşlarımız eyni hissləri yaşamayıblarmı, yaşamırlarmı?
O şüarları ki "Tıraxtur" oynayanda hayqırırlar, yazıb başları üzərində dalğalandırırlar, eynisini bir küçədə, meydanda etsəydilər, təbii ki, cəza alardılar.
Quzey Azərbaycandakı köhnə nəsil futbolsevərlər Ələkbər Məmmədovu, Əhməd Ələsgərovu, Yaşar və Adil Babayevləri, Kazbek Tuayevi, Anatoli Banişevskini... heç vaxt unutmurlar. Yalnız vaxtilə insanlara gözəl oyunları ilə zövq bağışladıqları üçün yox, həm də qızğın yarışlar əsnasında onlara ürəklərindən tikan çıxaracaq sözləri ucadan söyləyib içərilərindən asılan daşlardan azad olmaq fürsətini bəxş etdiklərinə görə. Bu o imkan idi ki, könüllərdəki azadlıq eşqini iki daşın arasında da qoruyub saxlayır, sönməyə qoymurdu, daha bəxtiyar sabahlara müqəddimələr hazırlayırdı. Bu gün istiqlal qoynundayıqsa, bu səadətdə o unudulmazların da payı var. Məhz belə nazik mətləbləri göz önündə tutaraq "Tıraxtur"un tarixinin həm də azad düşüncənin keçdiyi böyük yolun mərhələləri kimi qəbul edən İbrahim Əfşar rica edir: UNUTMAYAQ! Bugünün "Tıraxtur"çularını tanıyın, sevin, amma artıq ötən əsrdə qalmış onillərdəki parlaqları - Səməd Pursəmədi, İsmayıl Haşimi, Böyükağa Səbbağı, Hesam Gülzarı, Həmid Əllafı, Yaqub Əbazərini, Rza Füruğini, Səməd Rəsulini, Rəhman Qərqişi, Seyid Əfsəhini, Rəhim Məhnəmanı, Mir Məcidi, Əzən Xəlili, Məcid Suzənini, Sədiq Əhmədini, Məşədi Hüseyni... yaddan çıxarmayın.
Çünki "Tıraxtur"un tarixi bu klubun hekayəti olmaqdan savayı, vətənçi duyğuların, milli iradənin, xalq sözünün ucadan eşidilə bilmək gücünün son yarım əsrdən artıq təlatümlü bir zaman parçasında qət etdiyi yoldur. Elə bir yol ki, enişləri də olub, yoxuşları da. Fərəhləri də olub, acıları da. Premyer Liqadan aşağı yendiyi də olub, toparlanaraq yenidən yüksəldiyi də. Güneyin, Təbrizin son 80 ildəki yoluna baxın və o yolla "Tıraxtur"un yolunu tutuşdurun. Çox bənzərliklər görəcək, çox kəsişmə nöqtələri tapacaqsınız.
Sovet dönəmində 1960-cı illərdə Bakının "Neftçi"si yüksək liqada çıxış edəndə və uğurlar qazananda Sumqayıtın aşağı "B" qrupunda oynayan "Polad" komandası vardı. Unudulmaz gülüş ustası, özü də bərk futbol azarkeşi olan Bəşir Səfəroğlu belə bir zarafatlı səhnəcik göstərirdi: guya televizorda gedən maraqlı futbol matçını izləyir, birisi maraqlanır ki, oynayanlar kimdir? Bəşirin cavabı dərhal gülüş oyadır. Deyir ki, Sumqayıtın "Polad"ı Braziliyanın yığma komandası ilə qarşılaşır. Nabələd adam indi o köhnə kinolentdə həmin səhnəni görər, baxanların niyə o sözə ürəkdən güldüyünün səbəbini başa düşməz. Gülüş doğuran o iki komanda arasında, keçmişin qoca təbrizliləri demiş, zəmini-asiman fərq idi.
Amma gün yetişdi ki, Azərbaycanın - Ağdam şəhərinin "Qarabağ" klubu Çempionlar Liqasında çıxış etdi, dünyanın yaşıl meydanlarında hünərlər göstərdi, ən məşhur dünya futbol komandalarını ard-arda məğlubiyyətə uğratdı, avrokubok yarışmalarında pley-off mərhələsinə yüksəldi.
Gün çatdı ki, "Tıraxtur"u artıq yaşı 125 olmuş və dünyanın bir nömrəli klubları cərgəsindəki ən üstünlərdən olan "Barselona" ilə müqayisə etdilər. Bu bənzətməni kimsə 1970-ci illərdə söyləsəydi, eşidənlər qımışardı. Ancaq bu gün deyilir və heç kəs bunu məzələnmək hesab etmir, onları aralarında yer-göy təfavütü olan saymır.
"Qarabağ" Avropa meydanlarında futbol şücaətləri göstərəndə Azərbaycan torpaqlarının beşdəbiri, o sıradan bu klubun şəhəri Ağdam erməniliyin işğalı altında idi, böyük Zəfərimiz hələ qarşıda idi.
"Qarabağ" Avropa şəhərlərinin adı dillər əzbəri stadionlarında qələbələrini çalırdı, bunları bütün dünya görürdü, bütün azərbaycanlılar sevinirdi, sayı bir milyonu ötən işğal zərərdidələrimiz - qaçqınlarımız, köçkünlərimiz sevincdən qəhərlənərək televiziya ekranlarını qucaqlayırdılar.
Bu qələbələr inandırırdı, ümidləndirirdi ki, bütün millətin azruladığı Möhtəşəm Zəfər də uzaqlarda deyil.
Və həmin əzizdən-əziz gün gəldi, Azərbaycan Qarabağ savaşında ZƏFƏRini çaldı.
Əlbəttə, bu Zəfərin ilk müəllifi siyasəti, zəkası, əzmi ilə Azərbaycan dövlətinin başçısı və cəsur Milli Ordumuzdu. Ancaq bu Millət Təntənəsinə gələn yolda zəngləri ilk çalan əldə etdiyi qələbələri ilə "Qarabağ" olmuşdu.
"Tıraxtur" da meydanlardadır, "Tıraxtur" da qələbələr çalmaqdadır, qarşıdan da sabahlar gülümsəməkdədir.
Hücuma keç, üstünlüyü al ələ,
Rəqiblərin meydanını dar elə.
Qalibiyyət inamı yay hər kəsə,
Təbrizimlə, Güneyimlə səs-səsə!
Dərsini ver səni zəif bilənin,
Hərdən sənə üstdən baxıb gülənin.
Hamı görsün sən bir yatmış aslansan,
Coşduğunda sən gur selsən, vulkansan!
İrəli qoş, sıranı yar, qol vur, qol,
Milyonlarla qollar qalxsın, fateh ol!
Atdığın top bütün xalqı oyadır,
Sən millətə ruh verənsən, "Tıraxtur"!
Xalqın sənə daim arxa olubdur,
Elə güvən, sən də xalqa arxa dur.
Sən bu xalqın əzmi, eşqi, "Tıraxtur",
Sən millətin zəfər məşqi "Tıraxtur"!
"Tıraxtur" millətin sevimli nəğməsi kimidir. Artıq onun haqqında silsilə şeirlər də yazılıb, nəğmələr də qoşulub, gələcəkdə yenilərinin olacağına da şəkk yoxdur. Quzeyin də Güneyə, ortaq sevimlimiz "Tıraxtur"a bir ərməğanı olsun deyə bir şeiri də mən yazdım, görkəmli bəstəkarımız Faiq Sücəddinovsa, yubatmadan bu şeiri nəğmələşdirdi.
Musiqiçi ilə idmançı bir-birinə o məqamda çox bənzərdir ki, nə qədər peşəkar olur-olsun, gərək o da, bu da daim məşq edə. Hər yeni məşq səni təzə uğura, arzusunda olduğun ümdə nəticəyə daha bir addım yaxınlaşdırır.
Müasir dünya futbolunun "qızıl ayaqlılar"ından olan braziliyalı Neymarın (1992) söyləyişidir ki, futbol qələbələr və məğlubiyyətlərdən ibarətdir. Əsas odur ki, çətinliklərdən çəkinərək dayanmayasan".
Gücümüzün, qətiyyətimizin, iradəmizin nişanəsi "Tıraxtur"in nə dayanmaq, nə qələbələrdən doymaq fikri var.
"Tıraxtur" elə bir traktor əzmi ilə məşqlərini edir, yaşıl meydanlara çıxır, milləti sevindirən qələbələrini qazanır.
Hər yeni çıxışı, hər yeni qələbəsi ilə ona vurğun Təbrizi də, Güneyi də, bütün milləti də ülvi məqsədlər naminə yeni məşqlərə səfərbər edir.
Usanılmaz Qələbə Məşqlərindən keçən yolunsa gələcək bir məsud gündə Böyük Zəfərə çatacağı labüddür!
24 noyabr 2024.