Icma.az
close
up
RU
525ci qəzet RƏŞİD ABİDƏSİ Rafael Hüseynov yazır

525ci qəzet RƏŞİD ABİDƏSİ Rafael Hüseynov yazır

Rafael HÜSEYNOV
Akademik

Bu filmi hər biriniz görüb və həmin kino-şəklə bir yox, on yox, bəlkə yüz dəfələrlə baxmısınız. Amma kim deyə bilər ki, dönə-dönə seyr edəndən sonra "Bəxtiyar"dan doyub və ona bir də tamaşa etmək istəmir? Az qala an-an əzbər bildiyimiz bu filmi bizim üçün bunca doyulmaz, cazibəli edən başlıca səbəb bayram ovqatlı həmin ekran əsərinin baş qəhrəmanıdır. Misilsiz müğənnimiz Rəşid Behbudovun parlaq oyunu və məlahətli səsi olmasaydı, bu film çətin ki, belə sehrləyə biləydi.

"Bəxtiyar" filminin ikinci adı da var - "Sevimli mahnı". Bilməyənlər kino tariximizin bir gizlincindən də xəbər tutsun ki, XX yüzildə Sovet dönəmində çəkilən filmlərimizin rus dilinə dublyaj edilənləri az olmayıb və SSRİ ekranında nümayiş etdirilməsi nəzərdə tutulduğundan ümumən bir para filmlərimiz elə əvvəldən rusca çəkilib, sonra ana dilimizə çevrilib. Ancaq "Arşın mal alan" və "Bəxtiyar" müstəsna filmlərimizdir ki, onların ruscası da, azərbaycancası da ayrıca montaj olunub və bir-birini tam təkrarlamır, hərəsinin də incə çalarlarıyla öz gözəlliyi var. Həm o, həm bu variantın belə sevimli alınmasının əsas baisi yenə Rəşiddir ki, var.

O illərdəki kinomuza xas bir xüsusiyyət də bu idi ki, məzmuna, obrazın xarakterinə uyğun olaraq filmin montajı əsnasında bəzən səsi dəyişirdilər. Hətta belə hallara da rast gəlinirdi ki, bir filmdə rol alan hansısa aktyorun səsi başqa aktyorunku olurdu, onun özü isə elə həmin filmdə ayrı bir obrazı səsləndirirdi.

Rəşid Behbudovun həm ruscası, həm azərbaycancası qüsursuz idi - danışığı da, oxusu da. Düşünürəm ki, o filmdə Bəxtiyarı Rəşid özü yox, o çağlarda Azərbaycanda, ya da həmin dövrün istifadə edilən təcrübəsini nəzərə alsaq, Sovet İttifaqının ən güclü aktyorlarından biri ifa edərdisə, sadəcə nəğmələr Behbudov ifasında səslənərdisə, ola bilsin, artistizm baxımından daha cazibəli bir görünüş alınsa da, indi bizimki olan son ideal nəticəyə çatılmazdı. Zənnimcə, hətta həmin nəğmələrin təsir gücü də azalardı. Məhz filmin həm rus, həm azərbaycancasında surəti yaradanın da, danışanın da, oxuyanın da eyni sənətkarda qovuşmasının yaratdığı bütövlük heyranedici bəhrənin ortaya çıxmasına gətirib çıxarmışdır.

Rəşid Behbudovun saysız səhnələrdə verdiyi konsertlər, radio-televiziya çıxışları öz yerində, onun SSRİ boyda nəhəng auditoriyanı fəth edərək yüz milyonların istəklisinə çevrilməsində 1950-60-70-ci illərdə imperiya ərazisində böyük ekranı bəzəmiş həmin filmlərdə yaratdığı surətlərin də həlledici təsiri olmuşdu.

Ancaq "Bəxtiyar" filminin ikinci adının - rus variantındakı başlığının mənə görə rəmzi mənası da var və əslində Rəşid Behbudovun bütün yaradıcılığına aid edilə bilər. Sevimlilik ondan bizə qalan hər mahnının, hər romansın, hər ariyanın əbədi yol yoldaşıdır.

Rəşid Behbudov ata tərəfdən Qarabağın igid-ərənlərindən olan, Şuşa şəhərinin təməlini qoymuş Пənahəli xanın nəslindən - Cavanşirlərdən idi. Ana tərəfdən isə məşhur Vəkilovlardan. İki şöhrətli nəslin övladı olan Rəşid Behbudov öz sevimli mahnılarıyla balası olduğu nəsillərin şan-şöhrətindən qat-qat artıq məşhurluq, şərəflər qazandı. O, sənətimizdə elə bir yüksək zirvəyə çatdı ki, ora kiminsə bundan belə çatması mümkünsüz görünür. Elə bir gözqamaşdırıcı parlaqlığı olan zirvə ki, bizlərə yalnız ona aşağıdan yuxarı məhəbbətlə baxmaq və iftixar etmək qalır.

...Rəşid Behbudov sehrləməyi bacarırdı. Qarşısındakı auditoriya istər əlli-yüz nəfərdən ibarət olsun, istər bir neçə min nəfər, istərsə də böyük stadionları dolduran onminlər. O, danışmağa, oxumağa başlayınca bir neçə dəqiqədən sonra kütləni ram edərək öz əsirinə, məftununa çevirməyi bacarırdı. Bu səs yadigarında Rəşid Behbudov valehlərini növbəti dəfə tilsimləyir. İrandadır, Şirazda - dahi söz ustaları Sədinin, Hafizin doğma şəhərində. Sanki adi sözlər deyir. Bəlkə başqası eyni sözləri desə, heç bu effekt alınmaz. Ancaq həmin sözlər axı Rəşidin elə oxusu qədər məlahətli səsində eşidilir, axı bu sözləri deyənin energetikası da həmin kəlmələrə əlavə olunur. Hətta indi də bu sözləri kağızdan oxuyanda bir cür təsir oyadır, həmin sətirləri Rəşid Behbudovun öz səsində lent yazısından dinləyəndə tamam fərqli, həyəcanlandırıcı duyğular yaranır: "Əziz qonşular, dostlar, xanımlar, ağalar! Mən çox şadam ki, konsertimizin proqramı sizin xoşunuza gəldi. Azərbaycan xalq mahnılarını, romanslarını, ariyalarını, bizim bəstəkarımızın və şairlərimizin gözəl əsərlərini qiymətləndirib səmimi qəlbdən alqışladınız. Mən öz adımdan, yoldaşlarımın adından və bütün Azərbaycan elm və incəsənət xadimlərinin adından sizə təşəkkürümü bildirirəm. Arzu edirəm ki, bizim dostluğumuz həmişə var olsun! Dostluğa tərəf gedən bütün yollar güllərlə bəzənsin! Necə ki, siz, əziz dostlar, bir belə gözəl güllərlə bu səhnəni bəzəyibsiniz. Qoy bizim qonşuluğumuz ay kimi təmiz, polad kimi möhkəm olsun!"

...Hər bir azərbaycanlının öz Rəşidi var. Rəşid hər bir azərbaycanlıya öz təkrarsız səsi ilə tam başqa cür görünür və hər kəs ürəyində Rəşidlə tam ayrı bir dildə danışır. Onun oxularını da, özünü də çox sevən bir ağsaqqal dostumuz vardı ki, illər öncə bir uzaq səfərimiz boyunca elə təsadüfdən söhbət Rəşid Behbudovdan düşərkən elə maraqlı xatirələrini bölüşdü ki, bir gün bunları hamınınkı etməyi elə həmin vaxt qət etmişdim. O xatirələr tarixi sənədə çevrilsin deyə hələ 2000-ci illərin başlanğıcında Fəttah Heydərovdan xahiş etdim ki, bir gün görüşək, Rəşidli söhbətlərini lentə alaq. Görüşdük, söz sözü çəkdi, heç əvvəllər mənə danışmadığı yeni təfərrüatlar da yada düşdü. Yazdıq və yazılanlar qalır - yazı insan ömrü kimi etibarsız deyil. Heyiflər ki, artıq Fəttah müəllim özü də xatirədir, onu 2020-ci ilin yayında itirdik.

Fəttah Heydərov 1938-ci il təvəllüdlü idi. Sonradan Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirsə də, iş həyatını mədəniyyətdən başlamışdı, orta məktəbi bitirincə, 17 yaşında Babək rayonunun Güznüt kənd klubunun müdiri olmuşdu. Rəşid Behbudovla da tanışlığı 1960-cı illərin sonlarından, Naxçıvan Vilayət Пartiya Komitəsində təlimatçı işlədiyi günlərdən başlamış, muxtar respublikada mədəniyyət naziri vəzifəsini daşıyarkən yaxınlıqları daha da artmış, etibarlı dostluğa çevrilmişdi.

Rəşid Behbudovun SSRİ Ali Sovetinə deputatlığa namizədliyi Naxçıvanın Şahbuz rayonundan irəli sürülübmüş, seçicilərlə görüşlərini keçirmək üçün görkəmli müğənni Naxçıvana gəlibmiş və onu müşayiət etməyi də cavan təlimatçı Fəttah Heydərova tapşırıblarmış.

"Düzdür, o vaxta qədər Rəşid Behbudovun məlahətli səsini eşidib hamı kimi mən də onun mahnılarına vurğun kəsilmişdim, çəkildiyi filmlərə dəfələrlə baxmışdım, ancaq indi hər gün birlikdəydik, onu yaxından görüb-eşidirdim, həmsöhbət olurduq, müxtəlif görüşlərdə iştirak edirdik, bunu da Allahın mənə bir töhfəsi kimi qəbul edirdim. Seçkilər bitəndən sonra da 1966-cı ildə Bakıya gələrək SSRİ Ali Soveti Millətlər Şurasının deputatı vəsiqəsini də ilk dəfə ona şəxsən təqdim etmək mənə nəsib oldu. O dövrün seçkiləri necə idi, - hamı bilir. Bir qayda olaraq, tək namizəd olurdu, camaat tanıdı-tanımadı, yekdilliklə hamı ona səs verirdi. Rəşid Behbudovsa istisna idi. Hansı kəndə gedirdisə, camaat onu alqışlarla, doğma adamı kimi qarşılayırdı. Rəşid də camaatı salamlayandan sonra çox danışmazdı. Deyirdi ki, sizə mənim bütün sözlərim oxuyacağım mahnılardadır. Başlayardı oxumağa, insanlar o günəcən yalnız radiodan, vallardan eşidib televiziyada seyr elədikləri Rəşidi canlı olaraq qarşılarında görməklərindən vəcdə gələrdilər. Əl çəkmək istəmirdilər ondan, deyərdilər ki, səs nədir, sizə canımız da qurbandır. Xalq onu belə sevirdi".

Sonralar Fəttah müəllim Naxçıvanda Əhaliyə Məişət Xirməti Nazirliyinə də rəhbərlik etmişdi, müxtəlif rayonlarda partiya işində də çalışmış, Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi vəzifəsini tutmuşdu. Elə həmin dövrlərdə də Rəşid Behbudovun Naxçıvana ardıcıl səfərləri və böyük izdihamla müşayiət olunan, mərkəzi stadionda təşkil edilən unudulmaz konsertləri olmuşdu. Təbii ki, həmin gəlişlərin hər birində Fəttah müəllim Rəşid Behbudovla yanaşı idi.

"Bizim xalq sənətkara, sənətə hörmət bəsləyəndir. Naxçıvana o dövrdə başqa aktyorlar, müğənnilər, çalğıçılar da gəlirdi, hamısını da yaxşı qarşılayar, hamısına da hörmət bəsləyərdilər, sevərdilər. Ancaq görürsən ki, adətən biri bir müğənnini, digəri bir başqasını daha çox sevir. Rəşidi isə sevməyən yox idi, o, müqayisədənkənar idi. Onun səsində, şəxsiyyətində elə bir sehr vardı ki, adını eşidincə hamı axışardı, dəvətnamə paylamağa, yaxud da telefonla camaatı çağırmağa ehtiyac qalmazdı. Hamı gəlirdi, yalnız dinləmək deyil, elə görmək üçün can atırdılar".

Fəttah müəllim danışırdı, o zamanlar müntəzəm və saat kimi dəqiq işləyən Naxçıvan-Bakı qatarı ilə Rəşidin hər gəlişində şəhərin dəmiryol vağzalında insanların onu hansı hərarətlə qarşıladığını təsvir edirdi, mən mənliyimlə bu danışılanlardan riqqətə gəlirdim. İndi təsəvvür edin ki, belə qarşılanmaları görən Rəşid Behbudov özü necə fərəhlənir, necə qanadlanırmış.

"Xatirimdə qalan çox-çox təsirli anlar var. Camaat soraq-soraq xəbər tuturdu ki, Rəşidin gəldiyi qatar, tutalım, Ordubad stansiyasında dayanacaq. Qatar perrona yaxınlaşmazdan iki-üç saat əvvəldən yüzlərlə adam əllərində gül-çiçək dəstələri ora toplaşardı. Rəşid müəllim qatardan enəcəkdi, uzaq başı iki-üç dəqiqə orada ayaq saxlayıb ardınca gələn avtomobilə minib tərpənəcəkdi. Camaat bilirdi belə olacaq, enəcək, sadəcə salamlaşacaq, gedəcək. Ancaq əhali, Rəşidi sevənlər elə o iki-üç dəqiqədə məhəbbətlərini ifadə etməkçün iki-üç saatdan da artıq gözləməyə hər dəfə ürəkdən hazır idilər. Bunlar zehnimdə gözəl bir foto kimi həkk olunaraq qalıb. Düzdür, tək-tək də olsa o vaxt şəkillər çəkilirdi. Təəssüf eləyirəm ki, o fotolardan məndə yoxdur, olsaydı, bəlkə indi həmin şəkillərə baxarkən, o fotolarda Rəşidin aşiqi olan ayrı-ayrı tanışları görərkən yadıma başqa xatirələr də düşərdi. Amma Rəşid müəllimin öz arxivində, yəqin ki, həmin fotolar qalmamış olmaz".

Fəttah müəllim 1983-cü ildə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinə gətirildi. O illərdə artıq Bakıda da Rəşid Behbudovla tez-tez görüşürlərmiş. Çünki Mədəniyyət Nazirliyində kollegiya iclasları mütəmadi keçirilirdi, Fəttah müəllim də hər dəfə o toplantılara qatılmaqçün Bakıya gəlirdi. Söyləyirdi ki, kollegiya iclaslarında Rəşid Behbudov sağ tərəfində, Maestro Niyazi isə sol yanında oturarmış. Rəşid müəllim Mahnı Teatrının, Maestro isə filarmoniyanın direktoru kimi həmin yığıncaqlara daimi dəvətli idilər. Demək, azı ayda bir dəfə beləcə, yanaşı əyləşib söhbətləşmək, iclasdan əvvəl və sonra da təmasda olmaq fürsəti vardı. Fəttah müəllim yada salır ki, sovet dövrünün yazılmamış şərtlərinə uyğun olaraq, Mədəniyyət Nazirliyindəki həmin kollegiya iclasları əvvəldən-sona rusca aparılarmış. Ancaq Fəttah müəllim nazir Zakir Bağırovdan xahiş edibmiş ki, ona iclaslarda Azərbaycan dilində çıxış etməyə icazə verilsin: "Zakir Bağırov son dərəcə mədəni, bilikli insan, filosof, əsl mədəniyyət naziri idi. Ondan xahiş etmişdim ki, kollegiya iclaslarında mənə Azərbaycan dilində danışmağa icazə versin. O dövrün siyasi dəbi belə idi ki, lap alababat bilsən də, gərək rusca danışaydın. Mən ruscanı kollegiyada əyləşənlər kimi olmasa da, hər halda bilirdim, fikirlərimi lazımi səviyyədə elə rusca da çatdırmaq imkanındaydım. Ancaq mənə Azərbaycan Mədəniyyət Nazirliyinin məsul yığıncaqlarında yad dildə danışmaq nədirsə çöçün gəlirdi. Əlimdə bəhanəm də vardı ki, əyalətdən gəlmişəm, Zakir müəllim də ipək kimi mülayim, əsl ziyalı insan, lütfkarlıqla mənə fikirlərimi ana dilində ifadə etmək iznini vermişdi. Hər dəfə çıxış edib yerimdə əyləşəndə, ya tənəffüsə çıxanda Niyazi də, Rəşid də məni təbrik edərdilər, xüsusilə Rəşid müəllim hər dəfə qucaqlayardı, "Dilinə qurban olum" deyərdi. Qayıdardım ki, ay Rəşid müəllim, bütün aləm sənin dilinə qurban olur ki, belə şirin oxuyursan. Razılaşmazdı ki, yox, oxumaq başqa, danışmaq başqa. Söyləyərdi ki, belə iclaslarda həmişə ürəyim darıxır, istəyirəm ki, Azərbaycan dili ən yüksək kürsülərdən eşidilsin. Öz aramızda biz dost-tanışla rus dilində danışa bilərik, məişət səviyyəsində, bu, başqa məsələdir, mənim istədiyimsə odur ki, Azərbaycan dili daim layiq olduğu uca mərtəbədə dursun. Sən isə həm ana dilində danışırsan, həm də ütülənmiş rəsmi dildə yox, kitab-dəftər diliylə deyil, əsl xalq dilində, gözəl danışırsan".

...Fəttah müəllim Rəşid Behbudovun Naxçıvana növbəti gəlişlərindən birini, Şahbuza yollanmalarını, həmin səfər vaxtı baş verənləri artıq beyninə hopmuş foto kimi deyil, hər kadrı misilsiz olan bir kinoxronika kimi xatırlayırdı. Artıq mədəniyyət naziri idi, müavinləri, köməkçiləri vardı, Rəşid Behbudovla bağlı müəyyən işləri onlara da həvalə edə bilərdi. Lakin yox, bütün ən vacib işlərini də bir kənara qoyaraq Rəşid Behbudovun Naxçıvana qədəm basdığı ilk dəqiqədən buradan Bakıya yola salınacağı anadək Fəttah müəllim hər an onunla idi.

Rəşid Behbudov Naxçıvanda, həmişəki kimi, daha bir coşqulu konsertini başa çatdırıbmış. Deputat idi, gəlmişkən Naxçıvanın təsərrüfat həyatında baş verən yeniliklərin də yanında olmalı idi. Birlikdə Şahbuza gedirlər ki, orada Naxçıvan çayı üzərində tikilən Vayxır su anbarının inşaat işləri ilə tanış olsunlar. Tikinti aparan nazirliyin rəhbərliyi ilə Fəttah müəllimin yaxınlığı varmış, bu xoş münasibətlərdən istifadə edərək ona ağız açıbmış ki, bu böyük tikintidəki müəyyən mümkün qənaətlər hesabına Şahbuzda bir mədəniyyət evi də inşa etsinlər. Mədəniyyət evinin tikintisi hələ tam başa çatmayıbmış, ancaq Fəttah müəllim iki daşın arasında inşasına nail olduğu həmin binanı elə bir az da qürrələnmək üçün Rəşid Behbudova göstərməyi çox arzulayırmış, ona görə də elə edir ki, su anbarına tamaşa edəndən sonra yollarını bu yeni mədəniyyət evinə tərəf salırlar.

"Dedim ki, Rəşid müəllim, bəlkə elə gələcək konsertlərinizdən biri burada oldu. Gəldik, ən əvvəl səhnəyə baxdı, dərhal iradını bildirdi ki, düzdür, zal sən deyən böyük deyil, 150-200 adamlıqdır, ancaq bu, məsələ deyil, lazım gələr, ayaq üstə də duran olar, qapılar da açılar, lap içəri girə bilməyənlər də eşidərlər. Amma səhnəni mütləq bir qədər də uzatmaq lazımdır. Dedim ki, Rəşid müəllim, axı səhnə bir az genişlənsə, onda tamaşaçıya yer az qalır. Onda sərrast bir söz dedi ki, mədəniyyət tədbiri üçün, konsertdən ötrü əsas zal yox, səhnədir, gərək meydan geniş ola, səhnə böyük ola ki, asudə hərəkət imkanı yarana. Məsələn, mənim teatrım gəlib konsert versə, rəqs kollektivi səhnəyə gələndə mən bir tərəfdə durub oxuyacağam, ancaq onlara hərəkət üçün genişlik mütləqdir, bir küncə sıxılmayacaqlar ki!

Bu minvalla Rəşid müəllimin xahişini və tələbini nəzərə alaraq səhnəni bir qədər qabağa çəkdik. Söz yox, bunu deyəndə Rəşid müəllim yalnız Mahnı Teatrını, öz çıxışlarını nəzərdə tutmurdu. Onlar bir dəfə konsert verib gedəcəkdilər, mədəniyyət evi isə Şahbuzda həmişəlik qalacaqdı.

Ancaq o gün Rəşid müəllimin bir başqa təvəqqesi də oldu. Dedi ki, bu binanın içərisində bir sanitar qovşağı da hökmən olsun. Əlavə də etdi ki, rayonlara, kəndlərə səfərlərim vaxtı hərdən mən, ya hansısa ifaçımız əlini yumaq istəyəndə soruşuram, cavab verirlər ki, kəndin o biri başında, kənd sovetinin həyətində əlüzyuyan yer var, mən də məcbur qalıb oturub maşına gedib əlimi yuyub qayıdıram. Dövr başqadır, belə xidmətlər artıq binanın içində olmalıdır. Gətirdim layihəni, qoydum Rəşid müəllimin qarşısına ki, narahat olmayın, burada hər şey nəzərdə tutulub. Layihəyə baxdı, dedi, bir gedək baxaq görək bu əlüzyuyan yeri necə tikiblər. İnşaatçılarla birgə getdik, qapını açdıq, baxdıq ki, layihədə sanitar qovşağın nəzərdə tutulduğu yeri qarderob ediblər. Rəşid müəllim dilləndi ki, gördün? İş icraçısından xəbər aldım ki, bəs tualet hardadır? Dedi, bu binanın bağ-bağçalı yaxşı həyəti var, həyətin qurtaracağında tikmişik. Rəşid müəllim gülümsündü ki, Fəttah, baxırsanmı, mən deyən oldu. Biz camaatı mədəniyyətə öyrətməliyik, mədəniyyət elə burdan başlayır. Görürsənmi, əlüzyuyan yer hətta layihədə nəzərdə tutulsa da, yenə burdan çıxararaq sanitar qovşağını həyətin ucqarına salıblar. Çünki düşüncənin tərzi belədir, biz bu düşüncəni dəyişməliyik".

Bu, Rəşid idi, yalnız nadir sənətkar deyil, həm də müdrik müəllim olan Rəşid, öyrətmək, daha düz səmtə yönəltmək imkanı varkən belə dərsləri verməkdən heç vaxt usanmayan kamil şəxsiyyət!

...Rəşid Behbudov Azərbaycanın ən lətif şəhər mahnılarını ifa edib. Tofiq Quliyevlə Rəşid Behbudov cütlüyü musiqimizə 1940-50-ci illərdə büsbütün yeni olan, paytaxt ab-havası ilə daşan, şəhər həyatının ritmlərini və ruhunu əks etdirən yeni dalğanı gətirib, onların ardınca bu xətt asta-asta dərinləşməyə, cilalanmağa başlayıb. Ancaq bu yenilikçi üslubu və elə həyatının gedişi ilə də həmişə şəhərə bağlı olmuş Rəşid Behbudov ürəyində də, nitqində də, oxusunda da, öz musiqi fəlsəfəsində də bir el adamı, əsl köhnə qarabağlı kimi qaldı. Bu, Rəşid Behbudovun tələffüzündəki özündən ixtiyarsız bütün şirinliyi ilə qulağı sığallayan sağır nundan tutmuş müğənninin ədalarına, söyləyişlərinə, seçdiyi nəğmələrinədək hər məqamda sezilirdi.

Unudulmaz Heydər Əliyev gənclik illərindən Rəşid Behbudovla dostluq etmişdi və bu ülfətə sədaqətini böyük sənətkarın həyatda olmadığı illərdə də sədaqətlə davam etdirdi. 2001-ci il oktyabrın 13-də Respublika Sarayında Rəşid Behbudovun xatirə gecəsi keçirilirdi. Öndər səhnədə idi, Rəşidli xatirələrini söyləyirdi, çıxışındakı xəfif "dostumu tənha və müdafiəsiz qoymaram" mesajı ilə onun hətta xatirəsinin belə kölgəsini qılınclayan səlahiyyətlilərə barmaq silkələyirdi və Rəşidin əsl xalq adamı olmasının bariz təsdiqləyicisi sayılası incə bir ayrıntı üzərində məxsusi dayandı. Rəşidin oxusundan misal çəkdi ki, əgər müğənni mahnıdakı bayatıda olan misranı səliqəliləşdirərək ədəbi dilə uyğunlaşdırsaydı, elin dediyi kimi, "Qapıda duran oğlana irəhmin gəlsin" kimi yox, "rəhmin gəlsin" kimi səsləndirsəydi, heç vəchlə bunca ləzzətli alınmazdı.

Heydər Əliyev həssas, həm ömrünün 25 ilini həsr etdiyi köhnə peşəsinin, həm zəngin həyat təcrübəsinin, həm də fitrətdən gələn bəsirətliliyinin sayəsində insan içərisinə bələd bir müdrik idi. Yapışdığı bircə sözlə əslində Rəşid sənətinin xalqçı mahiyyətini dəqiqliklə şərh edirdi. Rəşidin o "irəhmin gəlsin" deyimini məhz bir el adamının dediyi şəkildə canlandırması onun məharətlə növbəti dəfə xalqın damarından tutması, eşidənin ürəyindən tikan çıxarması, balaca bir nəğmənin içərisinə Azərbaycan el-elatının bütün göyçəkliklərini yerləşdirmək qabiliyyəti idi.

Və bunları Rəşid xüsusi olaraq bu səmtdə baş sındıraraq etmirdi. Bulağın suyu yerin təkindən, qayaların bağrından hansı təbiiliklə qaynayıb çıxırsa, bütün bunlar da Rəşidin canından, ürəyindən, təfəkküründən, səs tellərindən eyni doğallıqla, eyni doğmalıqla kök alıb gəlirdi.

İkinci, üçüncü, beşinci, yüzüncü Rəşid ola bilməyin, Rəşid kimi sənətkar ola bilməyə yaxınlaşmanın qəlibi məhz budur. Xalqın sevimlisinə dönmək, millətin yaddaşında əbədilik yaşamaq üçün Rəşidin oxu maneralarını, hansısa boğazlarını, keçidlərini təkrarlamağa, onlara bənzədərək ifa etməyə yox, Rəşid sənətinin cövhərində dayanan bu məziyyətə, onun yurda və soydaşlarına ilikdən, qandan bağlılığının təzahürü olan belə xırdalıqlara, belə zərifliklərə dalmaq gərəkdir.

Hələ oxumağı qoyun bir kənara. Şahbuza təşrif gətirmişdi, təzə tikilən o mədəniyyət evində neçə aylar sonra bir konsert verib gedəcəkdi, hətta, ola bilsin, niyə layihədə nəzərdə tutulduğu halda yenə kənarda tikilməsinin höcətini etdiyi sanitar qovşaqdan o gəlişində heç istifadə də etməyəcəkdi, amma sabaha baxırdı.

Bu, ananın gecənin bir aləmində ilahi instinktlə yuxudan hövlnak ayılaraq üstü açıq qalmış balasının üstünə yorğan çəkməsi kimi bir nəvazişdir.

O, millətini qəlbinin bütün telləriylə sevirdi, düşünürdü ki, axı bu mədəniyyət evi mənim kimi hərəsinə Allahın Öz bildiyi qədər istedad bağışladığı və ömrünü sənətə həsr etmiş insanların daim bağlandıqları ünvan olacaq. Rəşid gəldi, bir dəfə əlini yudu getdi. Olsun lap həyətin obiri başında, ora da gedər. Amma bu insanlar Şahbuzda qalacaq, gündəlik işini görəcək, onlar mədəniyyət xadimləridir, mənim həmkarlarımdır, bu xalqın xidmətçiləridir, qoy eyni əziyyəti hər gün çəkməsinlər, qoy rahatlıq hər gün onlarla olsun.

O binaya, Şahbuzdakı həmin mədəniyyət evinə xeyli müddət sonra Rəşid Behbudov bir dəfə də gedibmiş. Vətəndaşlarla görüşü varmış, axşamüstü də konsert olacaqmış. Görüşü başa vurandan sonra Fəttah müəllimlə gəliblərmiş mədəniyyət evinə, onlar hər ikisi bu məkana elə sadəcə bir mədəniyyət ocağı kimi deyil, araya-ərsəyə gəlməsində əməkləri olduğundan hardasa elə bir az övlad kimi, öz əsərləri olaraq yanaşırmışlar. Fəttah müəllim xatırlayırdı ki, konsertin başlanmasına hələ xeyli vardı, mədəniyyət evinin gül-çiçəkli həyətini, otaqlarını gəzib seyr edirdik, bir də gördüm Rəşid yanımda yoxdur: "Narahat oldum ki, bu, hara getdi. Gəldim bir otağa, gördüm orda yox, keçdim o biri otağa, baxdım ki, orda da yoxdur. Çıxdım mədəniyyət evinin girəcəyinə ki, baxım, bəlkə həyətdədir, kimisə görüb, söhbət edir. Bu vaxt onu gördüm ki, səhnədən, pərdənin arxasından buzov səsi gəlir. Məəttəl qaldım ki, kişinin yanında biabır olduq, konsert ərəfəsində gəlib bunu görsə, elə söz deyəcək ki, kalımız tökülüb, dəymişimiz qalacaq. Özlüyümdə fikirləşdim ki, yaxşı oldu Rəşid müəllim içəridə yoxdur, bunu görmədi. Həm də təəccüblənirəm ki, axı bura hər halda rayon mərkəzidir, kənd yeri deyil ki, sağda-solda qoyun-quzu, inək-filan ola ki, gəlib bura da girə. Elə bunu fikirləşirdim ki, gördüm səhnənin pərdəsi aralandı, Rəşid müəllim orda göründü.

Soruşdum ki, Rəşid müəllim, orda neynirsiz? Dedi, mən əzəmətli saraylarda, təmtəraqlı məclislərdə, kral saraylarında, ən böyük şəhərlərdəki çox yüksək səviyyəli konsertlərdə çıxışlar etmişəm. Ancaq istər o konsertlər olsun, istər ən xırda bir kənddə pambıqçılar qarşısında çıxış edim, mən səsimi açmadan, ürəyim istəyən kimi oxuyacağıma əmin olmadan səhnəyə çıxmıram. İndi burada da pərdə arxasında səsimi açırdım. Güldüm, boynunu qucaqladım, Rəşidin böyüklüyünə, ondakı bu ali məsuliyyətliliyə bir daha heyran qaldım".

Əlbəttə, bu, bir misilsiz peşəkarın daim içərisində nəbz kimi çırpınan cavabdehlik, məsuliyyət, borcluluq duyğusundan irəli gələn haldır. Ancaq gümanımca, Rəşidin bu keyfiyyətinin ayrı bir çaları da var.

O, xalqına və qarşısında çıxış etdiyi hər bir tamaşaçıya, dinləyiciyə sonsuz sayğı ilə yanaşırdı. Belə idi ki, ömrü boyu da bundan qat-qat artıq hörməti insanlardan gördü.

Rəşid səsini sevənlərin hər biri həssas insan idi ki, bu gözəlliyin ardınca idi. Sevimli müğənninin avazındakı füsunkarlığı duyacaq qədər nazik olan adamlar, təbii olaraq, bu sənətkarın qarşısında çıxış etdiyi insanlara diqqətini, hörmət-izzətini də tuturdular. Bu da onları Rəşidə daha artıq bağlayır, daha artıq minnətdar edirdi.

Rəşid Behbudov eyni qayğıkeş, hörmətcil münasibəti ətrafındakılara, öz sənət yoldaşlarına, həmkarlarına bəsləyirmiş. Dünya şöhrətli sənətkar idi. Rəhbərlik etdiyi Mahnı Teatrında hər kəs hansı nəhənglə yanaşı olduğunun fərqində idi. Rəşid onların hər biri üçün ideal idi. Əksəriyyəti ilə yaxın olmuşam, bunu öz dillərindən eşitmişəm. Ancaq Rəşidin digər ucalığı bundan ibarətdi ki, heç vaxt özünü yan-yörəsindəkilərin heç birindən yüksəkdə tutmaz, onlardan ayırmazdı. Bu əhvalatı ki, - mənə yenə Fəttah müəllim danışıb, - indi yazmasam, heç bilinməyəcək də. Amma bu elə hekayətdir ki, içərisində ibrət var. Gərək bilinə, yazıla, qala ki, həm çoxlarına dərs ola, həm də əziz Rəşid müəllimi bir az da yaxından tanıyasınız, ona bir daha rəhmət oxuyasınız.

"Rəşid müəllimin və rəhbərlik etdiyi Mahnı Teatrının Naxçıvandakı daha bir təlatümlü konserti başa çatmışdı. Gərək gedib qonaqlarımızla şam edəydik. O vaxt rayon mərkəzində on-onbeş nəfərin otura biləcəyi yaxşı bir yemək-içmək yeri vardı. Kollektiv isə böyük idi. Əvvəlcə təklif olundu ki, Rəşid müəllim, mən, elə ansambldan da bir neçə nəfər aparıcı ifaçısı bu yeməkxanada əyləşək, çalğıçıları, rəqs qrupunu, kollektivin digər üzvlərini isə yaxınlıqdakı fəhlə yeməkxanasına aparsınlar. Dedilər, sizinçün burda, onlarçün orda artıq süfrə açılıb. Rəşid müəllim qəti etriaz etdi ki, mən burda oturmayacağam, dəstəmiz harda, mən də ora gedəcəyəm. Gendən baxan mənə nə deyər?! Lap gendən baxan qalsın o yana, heç vaxt bunu nə mənim ürəyim qəbul edər, nə də boğazımdan tikə keçər ki, mən burda oturum, səfər yoldaşlarım başqa yerə getsin. Hamımız bir yerdə olmalıyıq.

Rəşidin sözünün qabağında kim nə deyəcəkdi ki! Qalxdıq getdik Şahbuzdakı həmin fəhlə yeməkxanasına. Yeməklər, əlbəttə ki, hamısı yaxşı bişirilmişdi, dadlı idi. Hər şey çox yüksək səviyyədə, ancaq fəhlə yeməkxanasıdır da. Çəngəlin biri əyri, birinin hansısa dişi yox, birinin qaşığı böyük, obirisininki balaca. Bizimçün əvvəl getməli olduğumuz yerdən on-onbeş nəfərlik yaxşı çəngəl-bıçaq, boşqablar, nimçələr gətirmişdilər, burda isə vəziyyət belə idi. Rəşid müəllim özü oturub yeməyə başlamazdan əvvəl bir-bir masaları gəzdi, hamıdan arxayın olandan sonra gəlib əyləşdi. Dedi ki, bu çəngəl-bıçağın fikrini eləməyin, rayon yeridir, şəraiti başa düşürəm. Ancaq hamımız bir yerdəyik, indi bizə daşdan yumşaq nə versəniz, nuş canlıqla yeyəcəyəm.

Başladıq yeməyə, təamlar hamısı ləziz, təzə, ətirli, gözəlcə bişirilib, ağız dadı ilə yeyirdik, əyri-üyrü çəngəllər də adama ən bahalı gümüş çəngəllər kimi gəlirdi. Birdən bu rayonun rəhbərlərindən biri qalxdı ayağa, Rəşid müəllimə sarı qanrılaraq dedi ki, mən çox arzu edərdim ustad bizim kefimizi açsın, zənguləsini  qaldırsın.

Rəşid müəllimin başı mənimlə söhbətə qarışmışdı, siftə bu deyiləni nəsə yaxşı eşitmədi. Soruşdu ki, o nə dedi? Həmin səviyyəsiz vəzifəli bunu eşidib bu dəfə bir az da ucadan təkrarladı: "Bəlkə o bayaq konsertdə oxuyurduz e, o cürə burda da qaldırasınız, kefimiz kökəlsin".

Rəşid müəllim dilxor oldu, soruşdu ki, bu nadanı hardan tapıb gətiriblər bura? Malalamağa çalışdım ki, bənd olmayın, kənd adamıdır da, saya danışır, bunlar adət eləyib ki, belə məclislərdə aşıq çağırtdırıb oxudurlar.

Sonra qalxdım Rəşidin sağlığına badə qaldırdıq, onun xidmətlərindən, əvəzsizliyindən geniş danışdım ki, bir az eyni açılsın. Ancaq bivec söz, şit hərəkət onu yaman tutmuşdu. Nə isə, yemək məclisi bitdi, Mahnı Teatrının kollektivi Bakıya qatarla gedəcəkdi, onları avtobusla vağzala yola saldıq. Rəşid müəllimsə sabah səhər təyyarə ilə gedəcəkdi. O vaxt Naxçıvandan Bakıya YAK40-lar gedib-gəlirdi. Gəldik, "Təbriz" mehmanxanasında yerləşdi. Çay içəndən sonra da gördüm ki, eyni açılmır, söz ona bərk dəyib. Dedim, ay Rəşid müəllim, bütün millət sizə pərəstiş edir, indi bir ağılsız cəfəng bir söz deyib, xam hərəkət edib, bunu niyə ürəyinizə salırsınız? Qayıtdı ki, yox e, mən bilirəm, o, səhv elədi. Ancaq axı o da mənim millətimdəndir. Axı mən istəmirəm bizim belə düşünən adamlarımız olsun. Axı niyə hələ də qanmayanlar var ki, sənətkar yemək məclisində oxumaz. O, marçıldada-marçıldada yeyəcək, biz də oxuyacağıq ki, bu yekəqarın vəzifəli, özü demişkən, feyziyab olsun. Mənim borcum harınlamış hansısa vəzifə sahiblərini yox, xalqı feyziyab etməkdir. Kolxozçunun, fəhlənin hüzurunda saatlarla oxuyum, yorulmaram, mən istəmirəm ki, millətimin arasında bircə nəfər də belə adam olsun".

 ...Böyük Heydər Əliyev böyük Rəşid Behbudova hansı rəğbəti bəsləyirdisə, Rəşid müəllimin də Ulu Öndərə sevgisi o qədər dərin idi.

Fəttah müəllim artıq Heydər Əliyevin Moskvada yaşadığı, Kremldə işlədiyi və təzəcə istefaya getməyə məcbur olduğu dövrdə Rəşid Behbudovun Naxçıvana etdiyi səfəri də xatırlayırdı. Həmişəki kimi, konsertləri alqışlar seli içərisində keçibmiş, yola düşməzdən öncə iki köhnə dost dərdləşirmiş.

"Rəşid fikrə getmişdi, dalğın-dalğın dedi ki, bax, Fəttah, əgər Heydər Əliyev olmasaydı, Naxçıvandakı bu konsert verdiyimiz mədəniyyət sarayını kim tikərdi? O olmasaydı, Bakıdakı o sarayı kim tikərdi? Etdiklərinin hamısı indi bizim əlimizdən tutur, tədbirlərimizi keçiririk, qonaqlarımız gəlir, onların yanında üzümüz ağ olur. Nazirlər Soveti sədrinin birinci müavini olanda da o boyda SSRİ-nin işləri ilə yanaşı bir əli Azərbaycanda idi, köməklərini göstərməkdə davam edirdi.

Rəşid bunları səbəbsiz demirdi. O vaxtlar idi ki, Azərbaycanda Heydər Əliyevin əleyhinə müəyyən qüvvələr elə Moskvanın təhriki ilə məkrli işlər aparır, müxtəlif çirkin yazılar təşkil etdirirdilər.

Rəşid müəllim sinəsindəki Sosialist Əməyi Qəhrəmanının Qızıl Ulduzuna işarə edərək dedi ki, qurban olduğum kisəmizdən getdi, hamımızı qəhrəman elədi, vaxtında bunun birini də bura qondurmuş olsaydı, indi heykəlimi də qoyardılar. Gülüşdük, əlbəttə ki, Rəşud müəllim bunu zarafatla deyirdi, elə mən də gülə-gülə davam etdim ki, iki dəfə Sosialist Əməyi Qəhrəmanı olsaydınız, sadəcə büstünüzü qoyacaqdılar, büst balaca bir şeydir, sizin büstə nə ehtiyacınız, siz özünüz elə ən möhtəşəm abidəsiniz".

...Söz yox, gün gələcək ki, Rəşid Behbudovun onun öz böyüklüyünə və sənətinin ülviyyətinə yaraşan abidələri Qarabağda da, Bakıda da, adını daşıyan hansısa məktəblərdə və sənət ocaqlarında da yüksələcək.

Rəşid Behbudov dünənin, indinin və gələcəyin elə müstəsna gözəllik yaradıcılarındandır ki, artıq rəmzə çevrilib. Milli rəmz olmaq ucalığına qalxanlarasa minnətdar yurddaşlar tərəfindən abidələr hökmən yapılır. Lakin yaxın zamandamı, yaxud bir qədər gecmi dikələcək Rəşid Behbudov abidəsinin birini yox, milyonunu Azərbaycan insanı ürəyində lap çoxdan qurub.

Bizə yadigar qoyub getdiyi hər səs incisi özlüyündə ayrıca abidə olan Rəşid Behbudovun yenilməz heykəli tarixin bağrında lap çoxdan var və həmin abidə Rəşid sağ olduqca var olacaq. Bunca sevimli bir səs dünyası doğurmuş Rəşidin sağlığı, diriliyi isə millətimizin, dilimizin ömrü qədər olacaq.

2 dekabr 2024

seeBaxış sayı:84
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri