525ci qəzet Sosial siyasət dövlətin prioriteti olaraq qalacaq
Pərvanə SULTANOVA
[email protected]
Azərbaycan dövlətinin siyasətində sosial sahə hər zaman prioritet istiqamətlərdən birini təşkil edib. Bu siyasətin başlıca məqsədi vətəndaşlarımızın daha yaxşı yaşaması, rifahının yüksəldilməsidir.
Prezident İlham Əliyevin "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır" fikri sosial siyasətin təməlində vətəndaşların rifahının dayandığını bir daha təsdiq edir.
Bu gün Azərbaycan həm dinamik iqtisadi inkişafı, həm beynəlxalq münasibətlər sistemindəki yeri, həm də böyük zəfərə imza atan dövlət olmaqla yanaşı, vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasətə malikdir. Bütün bunlar əlbəttə ki, Azərbaycanı daha güclü edir.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində sosial sahəyə xüsusi diqqət çəkib: "Bildiyiniz kimi, bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik".
Bu o deməkdir ki, Azərbaycan sosial dövlət mahiyyətini davam etdirəcək, bu sahə prioritet istiqamətlərdən biri olaraq qalacaq. Son illərin göstəricilərinə nəzər salanda bir daha bunu görmək mümkündür. Təkcə ötən 6 il ərzində həyata keçirilən dörd sosial islahat paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlər əldə edilib. Xüsusilə minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişləri isə 5 dəfəyə qədər artırılıb. Bununla yanaşı, əmək müqavilələrinin sayının son 6 ildə 600 mindən çox (50 faizədək) artması işçi hüquqlarının qorunması, formal məşğulluğun genişləndirilməsi və əmək bazarında şəffaflığın artırılması baxımından mühüm nailiyyətdir.
Dövlət büdcəsində sosial xərclər ilbəil artır. 2021-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclər 10,3 milyard manat təşkil edirdisə, 2024-cü il üçün bu məbləğ 15,5 milyard manata çatdırılıb, 2025-ci ilin büdcə layihəsində isə 16,9 milyard manat nəzərdə tutulur. Bu göstəricilər qısa müddətdə sosial xərclərin 6,6 milyard manat və ya 1,6 dəfə artdığını göstərir. Sosialyönümlü xərclərin dövlət büdcəsində çəkisinin 41 faizə çatması isə sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. Bu artım, həmçinin vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması, sosial təminat sisteminin gücləndirilməsi və əhalinin həssas təbəqələrinin dəstək alması istiqamətində görülən tədbirlərin əhəmiyyətini vurğulayır. Qeyd etmək lazımdır ki, 2018-ci ildən bəri minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya isə 3 dəfəyədək artıb, bu da əhalinin sosial rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Həmçinin 2018-2024-cü illər ərzində müavinət və təqaüd ödənişlərində 5 dəfə artım qeydə alınıb və 2024-cü ilin sonundakı sərəncama əsasən, bu artım dinamikası 2025-ci ildə də davam etdiriləcək. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının 2025-ci ilin yanvarından etibarən orta hesabla 15 faiz artırılması da bu istiqamətdə atılan mühüm addımlardan biridir.
Bunlarla yanaşı, 2025-ci il üçün təsdiq edilən qanunlarla yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması da sosial təminat sisteminin daha da gücləndirilməsi məqsədi daşıyır.
Cari ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi Azərbaycanın sosial inkişafı və vətəndaşlarının rifahının artırılması məqsədi daşıyır. Bu paket pensiyaların indeksləşdirilərək artırılması da daxil olmaqla, ümumilikdə 3 milyon insanı əhatə edəcək. Həmin şəxslərə yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu islahat paketi ölkənin sosial sahədəki ən mühüm addımlarından biri olmaqla, geniş əhali təbəqəsinin maddi təminatını yaxşılaşdırmağa yönəlib. Sosial islahatlar çərçivəsində, 2018-2025-ci illər ərzində sosial ödənişlərin artırılması məqsədilə ayrılan əlavə illik vəsaitin həcmi 7,6 milyard manata çatıb.
"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə "525"ə deyib ki, Azərbaycan dövləti sosialyönümlü siyasəti ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun əsas məqsədi məhz Azərbaycan vətəndaşının rifahını təmin etmək, onun sosial problemlərinin həllini ön plana çıxarmaqdır.
O bildirib ki, dövlət başçısının fərman və sərəncamları əsasında xüsusilə 2018-2024-cü illər ərzində icra edilən 4 böyük sosial islahat paketi 4 milyondan çox vətəndaşı əhatə edib. Bu sosial islahatların miqyasını nəzərə alsaq, onların icrasına illik əsasda əlavə olaraq 7 milyard manat vəsait ayrılması mühüm əhəmiyyət daşıyır. Həmin sosial paketlər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, gəlirlərinin artırılmasına və ümumilikdə rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ekspert xüsusilə vurğulayıb ki, istər COVID-19 pandemiyası, istərsə də müharibə dövründə və ya digər maliyyə tutumlu xərclərin artdığı dövrlərdə belə Azərbaycanda sosial xərclər azaldılmayıb, əksinə, artırılıb: "Bunun bariz nümunəsi olaraq 5-ci böyük sosial islahat paketi elan edildi. Prezident İlham Əliyevin ötən il dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam bir daha göstərir ki, dövlət siyasətinin əsas prioriteti vətəndaşların rifahının artırılmasıdır və bu istiqamətdə aparılan sosial islahatlar ardıcıl şəkildə davam etdirilir. Yeni sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, fevralın 1-dən isə əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb.
"Əməkhaqlarının artırılmasında xüsusi məqama diqqət yetirmək vacibdir ki, minimum əməkhaqqının artımı yalnız aşağı maaşlı işçilərə təsir etməklə kifayətlənmir. Bu artım nəticəsində dövlət müəssisələrində çalışan bütün işçilərin əməkhaqları Vahid Tarif Cədvəlinə uyğun olaraq artırılır. Bu isə sosial siyasətin ədalət prinsipi əsasında həyata keçirildiyini və hər bir işçinin əməkhaqqının uyğun səviyyədə yüksəldilməsinin təmin olunduğunu göstərən mühüm göstəricidir. Bu artımlarla birgə 2018-ci ildən bəri minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya isə 3 dəfəyə yaxın artırılıb. Yeni sosial islahat paketində digər sosial ödənişlərin də artırılması nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğinin artırılması üzrə təkliflərini 3 ay ərzində ölkə Prezidentinə təqdim edəcək. Beləliklə, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı və digər sahələri əhatə edən 19 pilləli Vahid Tarif Cədvəlinə əsasən maaşlarda ciddi artımlar tətbiq olunacaq. Nəticədə bu sosial paket ümumilikdə 3 milyon vətəndaşı əhatə edəcək və artımlar üçün illik əsasda əlavə olaraq 1,4 milyard manat vəsait ayrılacaq".
C.Hüseynzadə qeyd edib ki, Prezident İlham Əliyev bir neçə gün öncə yerli telekanallara verdiyi müsahibəsində jurnalistlərin müxtəlif mövzularda ünvanladıqları suallara cavab verərkən xüsusi olaraq vurğuladı: "İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik". Bu fikirlər dövlətimizin başçısının sosial siyasətə verdiyi yüksək önəmin və bunun ardıcıl şəkildə davam etdirilməsinin göstəricisidir. Bu yanaşma ölkənin iqtisadi inkişafından doğan imkanların, ilk növbədə, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsi prinsipini əks etdirir. Prezidentin sözləri bir daha göstərir ki, sosial məsələlərin həlli yalnız iqtisadi göstəricilərlə bağlı deyil, eyni zamanda, dövlət siyasətinin əsas prioritetlərindən biridir. İqtisadi artımla paralel olaraq sosial təminatların yüksəldilməsi və əhalinin sosial rifahının davamlı şəkildə yaxşılaşdırılması ölkənin inkişaf modelinin əsasını təşkil edir. Davamlılıq modelindən danışarkən xüsusi olaraq vurğulamaq lazımdır ki, bu modeli dəstəkləyən alətlər və mexanizmlər son 6 il ərzində ardıcıl olaraq formalaşdırılıb. Məsələn, pensiyaların avtomatik indeksləşdirilməsi sistemi mühüm mexanizmlərdən biridir və bu, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının inflyasiyanın mənfi təsirindən qorunmasını təmin edir. Belə yanaşma dövlətin sosial müdafiə siyasətinin dayanıqlığını və vətəndaş rifahının qorunmasında uzunmüddətli perspektivi əsas götürdüyünü göstərir. Başqa bir mühüm məqam isə ondan ibarətdir ki, sosial islahatlar həyata keçirilərkən əhalinin sosial rifahının qorunması və gücləndirilməsi ilə yanaşı, ədalətli yanaşma və bərabər imkanların təmin edilməsi xüsusi olaraq diqqət mərkəzində saxlanılıb. Bu yanaşma, dövlət siyasətində sosial ədalət prinsipinin prioritet olduğunu və hər bir vətəndaşın inkişaf imkanlarına bərabər şəkildə çıxışının təmin edilməsinə xüsusi əhəmiyyət verildiyini bir daha göstərir".
PƏRVANƏ