Icma.az
close
up
RU
525ci qəzet Ustad oğlu Ələmdar Cabbarlı yazır

525ci qəzet Ustad oğlu Ələmdar Cabbarlı yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Ələmdar CABBARLI
Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru

Bir həftə sonra - noyabrın 25-də saf havası, sərin suları, yaşıl donlu yal-yamacı, şəfa mənbəyi İstisuyu, nəğməkar, bəstəkar Xan Tərtəri, əzəmətli Dəlidağı, Murovu, quşqonmaz qayaları, Səməd Vurğunun vəsf etdiyi "kəklikli daşları", keçilməz bənd-bərəsi, gədiyi, aşırımı, yeraltı, yerüstü sərvətləri ilə cənnətin özü olan Kəlbəcərin azadlığının dördüncü ili tamam olur. Ulu öndərimiz Heydər Əliyev bu gözəlliklər diyarı haqqında deyirdi: "Allah Kəlbəcərə hər cür nemətlər - gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır". Şükürlər olsun ki, dörd il öncə Vətənimiz özünün ayrılmaz parçasına əbədi qovuşdu. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yenilməz sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əbədi azadlığına qovuşan, elləri qoynuna köçən Kəlbəcər günü-gündən dirçəlir, çiçəklənir, Qarabağda, Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq layihələri nəticəsində enidən qurulur.

Əsrarəngiz təbiəti, bitib-tükənməyən yeraltı, yerüstü sərvətləri ilə dünyaya örnək olan Kəlbəcər həm də mənəviyyat beşiyi, sazın-sözün məkanı, görkəmli insanların yurdu kimi də məşhurdur. Bu əsrarəngiz yurdun mənəviyyat sərvəti sayılan oğullarından biri də Qənbər Şəmşiroğludur...

91 il bundan əvvəl - 1933-cü ilin 16 noyabrında sazın beşiyi Ağdabanda, sözün zirvəsi Dədə Şəmşirin ailəsində dünyaya gələn Qənbər Şəmşiroğlu bütün həyatı boyu mənsub olduğu xalqın, soy-kökün adını ucaltdı, əslinə, nəslinə sadiq və eyni zamanda layiq oldu. "Ustad oğlu şəyird olmaz" - deyiblər. Ustad oğlu kimi böyüdü Qənbər Şəmşiroğlu! Gənclik illərindən başlayaraq elinə-obasına, yurduna şan-şöhrət gətirdi. Ağdam İkiillik Müəllimlər İnstitutunu, Azərbaycan Pedaqoji İnstitutunu, Ali Partiya Məktəbini bitirdi. Məktəb direktoru, sonra Kəlbəcər Rayon İcraiyyə Komitəsinin sədri, Gədəbəy İcraiyyə Komitəsinin sədri, Gədəbəy və Kəlbəcər rayonlarının İcra Hakimiyyətinin başçısı kimi mühüm dövlət vəzifələrində çalışdı. Respublika Ağsaqqallar Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Hələ gənc yaşlarından Qənbər Şəmşiroğlu ona tapşırılan vəzifələrin öhdəsindən ləyaqətlə gəlir, doğma Kəlbəcərin inkişafı üçün əlindən gələni, hətta əlindən gəlməyəni belə edirdi. Əslində isə doğma yurdun doğma insanları ilə birləşəndə, əl-ələ verəndə bu müdrik insanın əlindən gəlməyən, bacarmadığı iş qalmırdı.

Onun nəhayətsiz fəaliyyətinin bir dövrü də Gədəbəylə bağlıdır. Bir müddət Gədəbəy rayonuna rəhbərlik edən Qənbər Şəmşiroğlu Kəlbəcərdə apardığı quruculuq işlərini, ata-babasından, soy-kökündən gələn xeyirxahlıq missiyasını burada da eyni şövqlə, eyni doğmalıqla davam etdirdi. Gədəbəylilər o illəri indi də unutmur və qədirşünaslıqla xatırlayırlar.

Dövlət vəzifələri, ictimai işlərlə yanaşı, Qənbər Şəmşiroğlunun bir vəzifəsi, bir missiyası da atası - qüdrətli sənətkar, ustad Aşıq Şəmşirin ədəbi-bədii irsinin toplanması, tədqiqi, nəşri məsələləri olub. Bu müqəddəs vəzifəni də qədirşünaslıqla yerinə yetirib Qənbər Şəmşiroğlu. Atası Dədə Şəmşirlə yanaşı, babası Ağdabanlı Şair Qurbanın, ulu babası Miskin Abdalın da irsinin yorulmaz təbliğatçısı olub. Bütün bunlarla bir ömrə bir neçə ömür sığdırmışdı Qənbər Şəmşiroğlu: Qurban ömrü, Şəmşir ömrü, Qənbər ömrü! Və eyni zamanda, Qənbər müəllim bu fəaliyyəti ilə bütünlükdə ozan-aşıq sənətinə, böyük sözə xidmət edirdi. O, bu məsələlərdə təkcə Aşıq Şəmşir ailəsinin varisi kimi deyil, ümumilikdə Azərbaycan ədəbiyyatının, saz-söz sənətinin təəssübkeşi kimi çıxış edirdi.

Kəlbəcər kimi əsrarəngiz gözəllikər diyarında, Dədə Şəmşirin ailəsində, saz-söz mühitində böyüyən Qənbər Şəmşiroğlu özü də, əlbəttə ki, könlünü şeirə-sözə verməli idi. Uzun illər şeir yazmağını gizli saxlayıb Qənbər Şəmşiroğlu. Dədə Şəmşirdən sonra əlinə qələm almaq və şeir yazmaq məsuliyyətinin ağırlığı həmişə onu əhatə edib. Yazdıqlarını da gizli saxlayıb, uzun müddət çap da etdirməyib. Amma Məmməd Araz demişkən:

İstedad elə bir toxuma bənzər

Göyərər bir quru daş üstündə də!

Nə yaxşı ki, bu istedad göyərdi və Qənbər Şəmşiroğlu imzası nüfuzlu qələm sahiblərinin, ədəbi mühitin tanıdığı, bəyəndiyi, qəbul elədiyi bir imza oldu. Miskin Abdalın, Ağdabanlı şair Qurbanın bulağından, Ustad Dədə Şəmşirin əlindən su içmiş, şeir-sənət məbədində böyümüş bir insanın ömrünü şeirə, sözə verməsi əslində, çox təbiidir. Qənbər Şəmşiroğlu şeir yazmaqla mənsub olduğu ünvana bağlılığını, sadiqliyini uca səslə - poeziyanın dili ilə bəyan edirdi. Aşağıdakı misralar onun soy-kökünə, tarixin o başından, yüzilliklərin dərinliklərindən yön alıb gəldiyi ünvanına bağlılığın poetik ifadəsidir:

Ulu babam Miskin Abdal,

Qurban böyük dərya-kamal,

"Şəmşiroğlu" - deyib hər hal:

Ünvanımı gəzdirirəm!

Qənbər Şəmşiroğlu sənətkarlar nəslinə mənsub olub, ustad ailəsində doğulmaqla yanaşı, Kəlbəcər kimi şeir-sənət məbədi olan bir məmləkətdə dünyaya gəlmişdi və bu əzəmətli dağlarda, quşqonmaz zirvələrdə, Səməd Vurğunun vəsf etdiyi "kəklikli daşların" cazibəsində şair olmamaq, şeir yazmamaq mümkün deyildi. Doğulduğu, boya-başa çatdığı mühitin, eləcə də təbiətin yaradıcı insana təsiri şəksizdir və bu mənada Qənbər Şəmşiroğlunu da nəsil şəcərəsindən gələn ilahi təb, Dədə Şəmşirdən aldığı ustad dərsləri ilə yanaşı, Dədə Ələsgərin dediyi kimi, "xeyri də, şəri də yaxşı olan" Kəlbəcər mühiti və əsrarəngiz Kəlbəcər təbiəti şair etmişdi. Qənbər müəllim özü də bunu şeirlərində ustalıqla ifadə edirdi:

Bizə şair deməsinlər,

Kəlbəcər özü şairdi.

Sərt qayası, uca dağı,

Dərəsi, düzü şairdi.

Qənbər Şəmşiroğlu yaradıcılığını mənsub olduğu nəslin, doğulduğu ailənin və eləcə də böyüdüyü mühitin ənənələrindən fərqləndirən bir cəhət də var. Bu ailədə, bu mühitdə çoxları şeir yazır, amma o, hamıdan fərqli olaraq həm də nəsr əsərləri - roman, povest və hekayələr də yazır. Onun "Caninin etirafı" romanı, "Tale oxşarlığı", "Bir gözəlin taleyi", "Adam kimi ölməyib", "Bütövləşmək istədim", "Qızlardan muğayat olun" povestləri və hekayə janrında qələmə aldığı əsərləri özünün orijinal təhkiyə üsulu, zəngin obrazlar sistemi və canlı xalq dilinin, xalq həyatının ədəbiyyata gətirilməsi baxımından olduqca maraqlıdır.

Publisist kimi də tanınır Qənbər Şəmşiroğlu! Onun ölkədə baş verən ictimai-siyasi hadisələrə həssas münasibətini ifadə edən məqalələri, eyni zamanda, memuar xarakterli yazıları müasir publisistikamızın ən yaxşı örnəklərindəndir. Bu yazılarda təqdim olunan həyat həqiqətləri, insan xarakterləri, tarixi sənədlərin işığında verilən faktlar gələcək nəsillər üçün qiymətli bir mənbədir.

Yaradıcılıqla yanaşı, ictimai fəaliyyətində də hər zaman seçildi Qənbər Şəmşiroğlu. Onun rəhbərliyi, ağsaqqallığı ilə yaradılan "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi ölkəmizin ictimai-siyasi, mədəni həyatında hər zaman fəal iştirak etdi. Milli mədəniyyətimizi, mədəni incilərimizi, adət-ənənələrimizi, aşıq sənəti, folklor və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq istiqamətində misilsiz işlər gördü. Qənbər Şəmşiroğlu bu müqəddəs ocaqda ata-babasından gələn xeyirxahlıq missiyasını şərəflə davam etdirdi, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, tələbələrə öz diqqət və qayğısını heç zaman əsirgəmədi. Şükürlər olsun ki, bu xeyirxah missiya indi də davam edir.

Ömrünün müdriklik çağlarında Kəlbəcər nisgilini yaşadı Qənbər Şəmşiroğlu. Kəlbəcərin işğal olunduğu ağır günlərdə el-obanı başına yığıb, onlara hayan durduğu kimi, köçkünlük illərində də böyük bir mahalın qayğılarını çiynində daşıdı. Qənbər müəllim bu illər ərzində torpaqlarımızın işğaldan azad olunacağı günü ən müqəddəs gün kimi gözləyirdi. Qarış-qarış gəzdiyi Kəlbəcər, doğulduğu kənd, Ağdaban faciəsi, babası Şair Qurbanın, atası Dədə Şəmşirin odlara qalanan əlyazmaları gözünün önündən getmirdi. Şəhid bacısı Çimnaz xanımın, Ağdabanda, Kəlbəcərdə, Qarabağda qanına qəltan edilən soydaşlarının intiqamının alınacağını səbirsizliklə gözləyirdi...

Nə yaxşı ki, Qənbər Şəmşiroğlu dünyadan narahat getmədi, tarixi Zəfərimizi gördü, illərlə həsrətində olduğu ata-baba yurdunu ziyarət etdi. Və dünyadan arxayın getdi.

Dünyaya gəlişinizin 91-ci ildönümündə bir daha ruhunuz şad olsun, əziz Qənbər müəllim! Artıq Qarabağımız da, Kəlbəcərimiz də, Ağdabanımız da azaddır! Əbədi məkanınızda nur içində uyuyun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see479

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see330

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see233

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see226

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see226

DÇ 2026 nın açılış mərasimi baş tutdu VİDEO

12 İyun 2026 01:07see200

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see199

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see196

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see189

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see189

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

11 İyun 2026 23:21see180

Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb

12 İyun 2026 01:16see178

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see173

DÇ 2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

12 İyun 2026 01:09see169

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see168

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see168

Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş

12 İyun 2026 03:49see165

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

12 İyun 2026 04:13see163

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see162

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyədə səfərdə olub

12 İyun 2026 03:47see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri