“53 dollarlıq” qlobal enerji ssenarisi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Neftin bazar qiymətinin bu səviyyədə idarə edilməsinin Azərbaycan üçün gözləntiləri
Son aylarda qlobal enerji bazarlarında müşahidə olunan dalğalanmalar, daha çox geosiyasi münaqişələr, məsələn, Rusiya-Ukrayna müharibəsi, hasilat məhdudiyyətləri, tələb-təklif balansının pozulması, eləcə də keçid dövrü ilə bağlı siyasətin yürüdülməsi səbəbindən neft, qaz və elektrik enerjisi qiymətlərində baş verən kəskin, qeyri-sabit dəyişikliklər daha çox diqqət çəkir. Bu isə neftin iqtisadi ehtiyat olmaqla yanaşı, həm də geosiyasi vasitə kimi mühüm önəmini göstərir.
ABŞ-dan gələn açıqlamalar fonunda neftin bir barelinin qiymətinin 53 dollara qədər enə biləcəyi ehtimalının bazar iştirakçıları və enerji ixracatçısı olan ölkələr üçün ciddi müzakirə mövzusuna çevrilməsi də bunun bariz ifadəsidir. Ekspertlər tərəfindən hazırda qiymətlərin 58 dollar ətrafında dəyişdiyi bir dövrdə belə bir eniş ehtimalının həm qlobal iqtisadi proseslərə, həm də neftdən yüksək dərəcədə asılı ölkələrin makroiqtisadi planlaşdırmasına birbaşa təsir edə biləcəyi bildirilir.
Azərbaycan üçün neft qiymətləri ixrac gəlirləri olmaqla bərabər, həm də dövlət büdcəsinin icrası, strateji ehtiyatların idarə olunması və uzunmüddətli iqtisadi sabitlik baxımından əsas amillərdən biridir. Buna görə də “53 dollarlıq neft” ssenarisinin hansı riskləri və imkanları yaratdığına daha dərindən diqqət yetirmək zəruridir. İqtisadçı Arif Hüseynovun da vurğuladığı kimi, ABŞ-ın neftin ucuzlaşmasında açıq iqtisadi maraqları var. Çünki enerji daşıyıcılarının qiyməti ABŞ iqtisadiyyatında inflyasiyanın formalaşmasına birbaşa təsir edən əsas məsələlərdən biridir. Belə ki, benzin və enerji xərclərinin ucuzlaşması istehlak qiymətlərinin artım tempini zəiflədir, bu isə ABŞ-ın Federal Ehtiyat Sisteminin monetar siyasəti üçün daha rahat manevr imkanları yaradır.
Digər tərəfdən, ABŞ üçün ucuz neft qlobal miqyasda siyasi və iqtisadi təsir vasitələrindən biridir. Başqa sözlə, neft qiymətlərinin aşağı düşməsi enerji ixracatçısı olan bir sıra ölkələrin, xüsusilə də geosiyasi baxımdan Vaşinqtonla münasibətləri mürəkkəb olan dövlətlərin gəlirlərini azaldır. Bu baxımdan, Yaxın Şərqdə, o cümlədən İran ətrafında davam edən gərginlik, eləcə də qlobal risklər neft bazarında qeyri-müəyyənliyi daha da gücləndirir.
Qlobal mexanizmlər və Azərbaycan nefti
Respublikamızda istehsal edilən neft keyfiyyət göstəricilərinə görə, beynəlxalq bazarlarda üstün mövqeyə malikdir və adətən, Brent markasına nisbətən 1-2 dollar daha baha satılır. Lakin bu üstünlük ölkəni qlobal qiymət dalğalanmalarından sığortalamır. Dünya bazarında qiymətlər aşağı düşdükdə, Azərbaycan nefti də həmin tendensiyanı izləyir. Çünki qiymətlərin formalaşması müəyyən bir ərazi ilə məhdudlaşmır, bu, qlobal mexanizmlər əsasında baş verir.
Hazırda 2026-cı il üçün neftin qiymətinin 55–65 dollar aralığında olacağı ilə bağlı proqnozlar üstünlük təşkil edir. ABŞ-ın isə bu göstəricini daha aşağı – 53 dollar səviyyəsində görmək istəyi bazarda əlavə psixoloji təzyiq yaradır. Bu, real təklif-tələb balansından daha çox, bazar proqnozlarına təsir etməklə qiymətlərin enişinə zəmin yarada bilər.
Azərbaycanın dövlət büdcəsində neftin baza qiymətinin 65 dollar nəzərdə tutulması hökumətin nisbətən ehtiyatlı dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək yanaşmasını göstərir. Qiymətlərin 55-65 dollar aralığında qalması isə rəsmi Bakı üçün riskli ssenari hesab edilmir. Bu aralıqda qiymət dəyişməsi hökumətin həm cari xərcləri qarşılamaq, həm də strateji layihələri maliyyələşdirmək imkanlarını qoruyur. Belə ki, əgər qiymətlər 53 dollar səviyyəsinə qədər enərsə, bu, büdcə gəlirlərində müəyyən azalmaya gətirib çıxarar. Lakin digər mexanizmlər, məsələn, dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir edilməsi, eləcə də Neft Fondundan transfertlər qiymət enişlərinin təsirini yumşaltmağa imkan verir. Ekspertlərin fikrincə, məhz bu səbəbə görə, belə bir ssenari böhran şərait yaratmır.
Manatın məzənnəsi və makroiqtisadi sabitlik
Neft qiymətləri ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də milli valyutanın taleyidir. Keçmiş təcrübə göstərir ki, kəskin və uzunmüddətli neft ucuzlaşmaları manat üzərində təzyiq yarada bilər. Lakin hazırkı şərait fərqlidir. Azərbaycanın valyuta ehtiyatları kifayət qədər yüksəkdir və Mərkəzi Bankla hökumətin uzlaşdırılma siyasəti mövcuddur. Ekspertlər də bildirirlər ki, neft qiymətlərində mümkün eniş manatın məzənnəsi üçün real təhlükə yaratmır. Cari ehtiyatlar və sabitləşdirmə mexanizmləri qısamüddətli dalğalanmaları kompensasiya etmək gücündədir. Bu isə bazarlara və əhaliyə mühüm sabitliyin qorunacağı kimi psixoloji mesaj verir.
Bununla belə, 53 dollarlıq neft ssenarisi bir daha xatırladır ki, Azərbaycan iqtisadiyyatı üçün əsas çağırış neftdənkənar sektorun gücləndirilməsidir. Neft qiymətlərinin hər enişi ölkədə investisiyanın müxtəlif qurumlar arasında paylanılması, yeni istehsal sahələrinin yaradılması və ya məhsul çeşidinin genişləndirilməsi prinsipinin nə qədər önəmli olduğunu ortaya qoyur. Başqa sözlə, qeyri-neft ixracının artırılması, sənaye və aqrar sektorun inkişafı, eləcə də rəqəmsal iqtisadiyyatın genişlənməsi uzunmüddətli perspektivdə bu cür riskləri minimuma endirir.
Beləliklə, ABŞ-ın neftin ucuzlaşması ilə bağlı mövqeyi qlobal enerji bazarlarında yeni balans axtarışlarını sürətləndirir. Neftin bir barelinin 53 dollara enməsi Azərbaycan üçün müəyyən psixoloji narahatlıq yaratsa da, mövcud iqtisadi mexanizmlər bu ssenarini idarəolunan edir. Əsas məsələ diqqəti qısamüddətli dalğalanmalardan çox, uzunmüddətli strateji hədəflərə yönəltməkdir. Azərbaycanın qarşısında duran əsas vəzifə isə dəyişkən neft bazarlarından asılılığı tədricən azaltmaq və dayanıqlı iqtisadi model formalaşdırmaqdır.
Ekspertlərin fikrincə, ABŞ üçün ucuz neft, ilk növbədə, daxili iqtisadi sabitlik üçün önəm daşıyır. Çünki enerji daşıyıcılarının ucuzlaşması bu ölkədə istehlak xərclərini azaldır, inflyasiya təzyiqlərini zəiflədir və pul-kredit siyasətində manevr imkanlarını genişləndirir. Bu baxımdan neftin ucuzlaşması Vaşinqton üçün bazar məsələsi olmaqla yanaşı, həm də iqtisadi idarəetmə mexanizmidir.
Yuxarıda vurğulandığı kimi, neft qiymətləri üzərində psixoloji təsir də az rol oynamır. Belə ki, bəzən bazarlar real təklif-tələb balansından daha çox, siyasi mesajlara reaksiya verir. ABŞ-dan gələn açıqlamalar da qiymətlərin enişinə dair gözləntiləri gücləndirir. Bu baxımdan maliyyə eksperti Əkrəm Həsənovun manatın məzənnəsi ətrafında yaranan narahatlıqların daha çox psixoloji xarakter daşıması fikri xüsusilə diqqət çəkir. Onun sözlərinə görə, neft qiyməti, hətta 50 dollar üzərində qərarlaşsa da bu, avtomatik devalvasiya anlamına gəlmir. Çünki hazırda Azərbaycanın valyuta ehtiyatları kifayət qədər yüksəkdir və Mərkəzi Bankın müdaxilə imkanları genişdir. Burada əsas məsələ riskin qısamüddətli deyil, uzunmüddətli enişlərlə bağlı olmasıdır. Belə ki, əgər neft qiymətləri illərlə aşağı səviyyədə qalsa, o zaman struktur problemlər ön plana çıxa bilər. Amma mövcud ssenari belə bir təhlükə yaratmır.
İqtisadçı Vüqar Bayramov hesab edir ki, neftin 53 dollara enməsi Azərbaycan üçün ciddi təhlükə sayılmır, lakin diqqətlə izlənilməsinə zərurət var. Ona görə ki, dövlət büdcəsində neftin baza qiymətinin 65 dollar götürülməsi ehtiyatlı yanaşmanın göstəricisidir. Qiymətlərin müəyyən müddət bu həddən aşağı düşməsi isə büdcə gəlirlərinə təsir göstərə bilər, amma bu, ölkələr arasında iqtisadi sabitlik yaratmaq, maliyyə axınlarını tənzimləmək və ümumi büdcə balansını qorumaq istiqamətində heç bir təhlükə doğurmur. Eyni zamanda, Neft Fondu, büdcə qaydası və ehtiyat mexanizmlər qiymət dalğalanmalarının təsirini yumşaldır. Bu, Azərbaycanın əvvəlki dövrlərlə müqayisədə daha dayanıqlı mövqedə olduğundan xəbər verir.
Beynəlxalq maliyyə qurumlarının proqnozları
Beynəlxalq Valyuta Fondu (IMF) hesabatlarında qlobal neft bazarında qiymətlərin orta müddətli perspektivdə nisbətən dəyişkən qalacağını proqnozlaşdırır. Fondun qiymətləndirmələrinə görə, enerji bazarlarında geosiyasi risklər, “yaşıl keçid” və tələb-təklifdə qeyri-müəyyənlik qiymətlərin yüksəlişini məhdudlaşdırır.
IMF Azərbaycanın bu şərtlər əsasında önəmli üstünlüyünü güclü fiskal buferlərdə (dövlətlərin iqtisadi böhranlar, neft qiymətlərinin düşməsi və ya gözlənilməz xərclər zamanı maliyyə sabitliyini qorumaq üçün topladığı ehtiyat vəsaitlərin mövcudluğunda), eləcə də aşağı borc səviyyəsində görür. Hesabatlarda qeyd olunur ki, respublikamızın valyuta ehtiyatları və Dövlət Neft Fondu vəsaitləri qısa və orta müddətdə mümkün şokları kompensasiya etmək gücündədir.
Dünya Bankı (DB) isə daha çox struktur məsələlərinə diqqət çəkir. Bankın region üzrə hesabatlarında vurğulanır ki, neft qiymətlərindəki dalğalanmalar Azərbaycan üçün təhlükəli deyil, lakin uzunmüddətli perspektivdə iqtisadi şaxələndirmənin sürətləndirilməsi vacibdir. DB-nin proqnozunda, eyni zamanda, iqtisadiyyatın qeyri-neft sektorunda payının getdikcə artması isə neftin ucuzlaşacağı təqdirdə, respublikamızın mövqeyinə təsir etməyəcəyini bildirilir.
Beləliklə, ABŞ-nin neftin ucuzlaşmasına yönəlik mövqeyi qlobal enerji bazarlarında yeni balans axtarışlarını gücləndirir. Neftin bir barelinin 53 dollara enməsi Azərbaycan üçün müəyyən fiskal və psixoloji risklər yaratsa da, aparıcı iqtisadçıların fikrincə, mövcud iqtisadi və maliyyə mexanizmləri bu ssenarini idarəolunan edir. Əsas çağırış isə qısamüddətli qiymət dalğalanmalarından deyil, uzunmüddətli struktur asılılıqlardan qaynaqlanır. Bu baxımdan neftdənkənar sektorun inkişafı və iqtisadi diversifikasiya strateji prioritet olaraq qalır.
Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert
ABŞ-ın dünya bazarlarında neft qiymətlərinin daha da ucuzlaşması istəyini bəyan etməsi bu gün dünya mediasında geniş müzakirəyə səbəb olub. Vaşinqtondan gələn açıqlamalar fonunda neftin bir barelinin qiymətinin 53 dollara qədər enə biləcəyi ehtimalı gündəmə gəlib. Beynəlxalq maliyyə institutlarının məlumatlarında qiymətlərin 58 dollar səviyyəsində olduğu bir vaxtda belə bir enişin baş verməsi qlobal iqtisadi proseslərə, xüsusilə də enerji ixracatçısı olan ölkələrə birbaşa təsir göstərəcəyi bildirilib. Eyni zamanda, neft gəlirləri Azərbaycan üçün həm büdcə gəlirləri, həm də iqtisadi planlaşdırma baxımından diqqətlə izlənilən məsələ kimi qiymətləndirilib.
Bəs neftin bir barelinin qiymətinin 53 dollara enməsi Azərbaycan iqtisadiyyatı üçün hansı risklər yarada bilər? Bu suala cavab olaraq deyə bilərəm ki, dünya bazarlarında neftin qiymətində baş verən dəyişikliklər birbaşa Azərbaycanın ixrac neftinin dəyərinə də təsir göstərir. Azərbaycan nefti keyfiyyət göstəricilərinə görə bir çox digər neft markalarından üstündür və bu səbəbdən bazarda brend neftdən 1 dollar, bəzən isə 2 dollar baha satılır.
Qlobal bazarlarda neftin qiyməti aşağı düşərsə, bu proses ölkə neftinin qiymətində də öz əksini tapacaq. Dünya bazarında neft ucuzlaşarsa, bizim neft də həmin tendensiya ilə üzləşəcək. Çünki qiymətlər qlobal mexanizmlərlə formalaşır. Hazırda 2026-cı il üçün neftin qiymətinin 55-65 dollar aralığında olacağı ilə bağlı proqnozlar var. ABŞ isə qiymətlərin daha da enərək 53 dollar səviyyəsində olmasını istəyir.
ABŞ-nin neftin ucuzlaşmasında iqtisadi maraqları var. Çünki enerji daşıyıcılarının qiyməti aşağı düşdükdə inflyasiya zəifləyir və bu da ABŞ iqtisadiyyatı üçün müsbət amil hesab olunur. ABŞ da məhz buna nail olmağa çalışır. Eyni zamanda, Yaxın Şərqdə, xüsusilə də İranda mövcud olan gərginlik, geosiyasi risklər və digər qlobal amillər neft bazarına təsir göstərməkdə davam edir.
Neftin qiymətinin 55-65 dollar səviyyəsində qalması Azərbaycan üçün riskli ssenari hesab edilmir. Hökumət bu qiymət aralığına hazırdır. Düzdür, dövlət büdcəsində neftin baza qiyməti 65 dollar olaraq nəzərdə tutulur. Qiymətlərin ciddi şəkildə bundan aşağı düşməsi isə büdcə gəlirlərinə müəyyən təsir göstərə bilər, lakin bu, kritik və ya idarəolunmaz risk sayılmır. Neft qiymətlərində mümkün eniş manatın məzənnəsi üçün də təhlükə yaratmır. Hazırkı şəraitdə manatın məzənnəsi ilə bağlı hər hansı problem gözlənilmir. Valyuta ehtiyatları və fiskal mexanizmlər bu cür dalğalanmaları kompensasiya etməyə imkan verir.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 24 Yanvar 2026 02:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















