ABŞ də seçki həyəcanı: Trampın partiyasını nə gözləyir?
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilər ölkənin siyasi gündəmində əsas hadisələrdən biri hesab olunur. Seçkilərin nəticələri Konqresdə qüvvələr nisbətinə və Donald Tramp administrasiyasının gələcək siyasi kursuna təsir göstərə bilər.
Bəs mövcud şəraitdə demokratların Konqresdə üstünlük qazanmaq imkanları necə qiymətləndirilir və respublikaçıları hansı amillər çətin vəziyyətə sala bilər?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan politoloq Elçin Xalidbəylinin sözlərinə görə, hazırkı müşahidələr göstərir ki, ABŞ-da seçicilər Prezident Donald Trampın və onun administrasiyasının həyata keçirdiyi xarici və daxili siyasətdən ciddi narazıdırlar. Bu narazılıqlar əsasən iki istiqamətdə cəmləşir:
"Birinci istiqamət ABŞ-ın aqressiv xarici siyasət kursu ilə bağlıdır. Belə ki, Tramp administrasiyası hakimiyyətə gəldiyi ilk günlərdən etibarən yanlış xarici siyasət yürüdür. Ən əsası isə ABŞ-ın ənənəvi müttəfiqlərini narazı salaraq onlardan uzaqlaşmasına səbəb olub. Hətta müəyyən mənada Vaşinqtonun ənənəvi tərəfdaşlarının qlobal rəqiblərlə yaxınlaşmasına şərait yaradıb. Bu isə beynəlxalq müstəvidə ABŞ üçün iqtisadi, ticarət və siyasi problemlər yaradır.
Digər mühüm məqam isə ABŞ-ın Yaxın Şərqdə başladığı müharibədir. Münaqişənin nəticələri Amerika cəmiyyətində mənfi qarşılanır və seçicilərin ciddi narazılığına səbəb olur. ABŞ bu müharibədə qələbə qazana bilməyib, eyni zamanda qarşısına qoyduğu hədəflərə də nail olmayıb. Bütün bunlar cəmiyyətdə hakimiyyətə qarşı narazılığı daha da artırır".
Politoloq bildirib ki, ikinci istiqamət ABŞ-ın daxili siyasəti ilə əlaqədardır:
"Tramp administrasiyasının hakimiyyətə gəldiyi gündən həyata keçirdiyi siyasət ölkə daxilində kəskin etirazlara yol açıb. Amerikalıların həyat şəraiti, yaşayış səviyyəsi və rifah göstəricilərinin pisləşməsi narazılığı gücləndirən əsas amillərdəndir. Yaxın Şərqdəki müharibənin təsiri ilə enerji daşıyıcılarının qiymətlərinin artması da ölkənin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Eyni zamanda, Tramp administrasiyasının daxili sosial-iqtisadi siyasətinin uğursuzluğu seçicilərin hakimiyyətə münasibətini daha da pisləşdirir. Son vaxtlar ABŞ-ın bir sıra ştatlarında Tramp administrasiyasına qarşı kütləvi etiraz aksiyaları keçirilib və bunun davam etdiyi bildirilir. Bütün bunlar göstərir ki, administrasiya nə daxili, nə də xarici siyasətdə ciddi uğurlar əldə edə bilib. Əksinə, həyata keçirilən siyasət seçicilərin hakimiyyətdən narazılığını artırıb".
Politoloq əlavə edib ki, sadalananlar və digər amillər respublikaçıların aralıq seçkilərdə qələbə ehtimalını azaldır:
"Respublikaçılar da mövcud vəziyyətin fərqindədirlər. Nümayəndələr Palatasında üstünlüyü itirmək ehtimalını nəzərə alaraq, əsas diqqətlərini Senata yönəldiblər. Onlar yuxarı palatada çoxluğu qoruyub saxlamağa çalışırlar. Çünki Senata nəzarət Tramp administrasiyası üçün mühüm əhəmiyyət daşıyır. Əgər respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda məğlub olsalar, Tramp prezidentlik müddətinin qalan hissəsində ciddi siyasi çətinliklərlə üzləşə bilər. Konqresin hər iki palatasında demokratların üstünlük qazanması Tramp administrasiyasının təşəbbüslərinin qarşısının alınması, qərarların qəbulunun çətinləşməsi və prezidentin siyasi imkanlarının məhdudlaşması ilə nəticələnər. Məhz buna görə də respublikaçılar Senatda çoxluğu qorumağa xüsusi önəm verirlər. Hazırkı müşahidələr respublikaçıların aralıq seçkilərdə məğlub olmaq, demokratların isə üstünlük qazanmaq ehtimalının yüksək olduğunu göstərir. Bununla belə, seçkilərin yekun nəticələri gözləniləndən fərqli də ola bilər. Səsvermənin nəticəsini əvvəlcədən birmənalı şəkildə müəyyənləşdirmək mümkün deyil. Bütün suallara cavab amerikalı seçicilərin səsverməsindən sonra aydınlıq gətirəcək".
Günəş Fərəh
Azpolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 Oktyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















