Icma.az
close
up
RU
ABŞ ın tarif siyasəti: qlobal ticarətdə nələr baş verir?

ABŞ ın tarif siyasəti: qlobal ticarətdə nələr baş verir?

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

2025-ci maliyyə ilinin doqquz ayında ABŞ Prezidenti Donald Trampın həyata keçirdiyi tarif siyasəti nəticəsində federal büdcənin gömrük rüsumlarından əldə etdiyi gəlirləri rekord həddə çatıb. Maliyyə Nazirliyinin məlumatına görə, əgər yanvarda gömrük rüsumlarından əldə edilən gəlirlər 7,3 milyard dollar təşkil edirdisə, tariflər qüvvəyə mindikcə rəqəmlər artdı. Martda tarif gəlirləri 8,2 milyard, apreldə 15,6 milyard, mayda 22,2 milyard, iyunda 26,6 milyard, iyulda isə 27,7 milyard dollara yüksəldi.

İlk baxışdan görünən odur ki, Tramp hədəfinə müəyyən qədər nail olub. Ölkənin ticarət balansı 2025-ci ilin iyulunda kəskin şəkildə artaraq 78,3 milyard dollara çatıb ki, bu da iyun ayında yenidən işlənmiş 59,1 milyard dollarlıq profisit və 75,7 milyard dollarlıq kəsirlə müqayisədə dörd ayın ən yüksək göstəricisidir. İxrac cüzi, 0,3% artaraq 280,5 milyard dollara çatıb. Bununla belə Birləşmiş Ştatlar neft və istehlak mallarının yüksək idxalı səbəbindən 1976-cı ildən bəri davamlı ticarət kəsiri yaşamağa davam edir. Ən böyük ticarət kəsiri Meksika (16,6 milyard dollar), Vyetnam (16,1 milyard dollar), Çin (14,7 milyard dollar) və Tayvan (13,5 milyard dollar) ilə qeydə alınıb. Super gücün eləcə də AB ilə 8,6 milyard dollar, Hindistanla 5,5 milyard dollar və Kanada ilə 5,4 milyard dollarlıq ticarət kəsirləri var.

Tarif tədbirləri Donald Trampın vəzifəyə başlamasından qısa müddət sonra fevral ayında qüvvəyə mindi. İlk addım fentanilin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya problemi ilə mübarizə zərurəti kimi əsaslandırıldı. Fevralın 1-dən Kanada və Meksikadan idxal olunan mallara 25%, Çindən idxala 10% əlavə rüsum tətbiq olundu. Trampın aprelin 2-də “Azadlıq Günü” adlandırdığı tarix isə ticarət siyasətində dönüş nöqtəsi oldu. Bütün ölkələr üçün 10% baza tarifi, ayrı-ayrı dövlətlər üzrə yüksək tariflər və rüsumlar tətbiq edildi.

Cenevrədəki məsləhətləşmələrdən sonra ABŞ və Çin tarifləri 90 gün müddətinə 30%-ə endirdi, avqustda isə güzəşt daha 90 gün uzadıldı.

İyulun 31-də Tramp qarşılıqlılıq prinsipinə əsaslanan tariflərə yenidən baxılması barədə sərəncam imzaladı. Təxminən 70 ticarət tərəfdaşına qarşı gömrük rüsumlarını 10%-dən 41%-ə qədər yüksəltdi. Kanada üzrə tariflər 35%-ə, Braziliya üzrə 50%-ə, Hindistan üzrə 50%-ə yüksəldildi.

Beləliklə, ABŞ 1930-cu illərdən bəri ticarət tərəfdaşlarına qarşı ən yüksək tarif siyasəti aparmağa başladı. Bu, qlobal iqtisadiyyat üçün dönüş nöqtəsi idi.

Vaşinqtonun tətbiq etdiyi tariflər federal büdcəni artırmaqla bərabər beynəlxalq bazarlarda qüvvələr balansını dəyişib. Ölkələr arasında yeni ittifaqlar və sazişlər bağlanır. Belə ki, Kanada artıq ABŞ ilə müqayisədə Meksikadan daha çox avtomobil idxal edir və Çin soya paxlasının satışında ABŞ-a deyil, Cənubi Amerikaya üstünlük verir. Hindistan və Çin hava səyahətlərini bərpa edərək, nadir torpaq metalları ticarətini artırıblar.

Asiyada iqtisadi əlaqələr gücləndirilib. Artan proteksionizm fonunda kiçik iqtisadiyyatlar qlobal bazarda fəal şəkildə yeni boşluqlar axtarırlar. Peru Asiya ölkələrinə qaragilə ixracını artırır. Eyni zamanda, Yeni Zelandiya, Sinqapur, İsveçrə və Birləşmiş Ərəb Əmirliklərinin də daxil olduğu on dörd ölkəni birləşdirən yeni koalisiya yaradılır. Bu alyans böyük iqtisadi blokların artan təsirinə alternativlər təklif edərək, ticarətləri, investisiyaları stimullaşdırmaq məqsədi daşıyır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə Brüsselin diqqətini AB-nin 76 ticarət tərəfdaşı siyahısını genişləndirməyə yönəldiklərini açıqlayıb. Bundan əlavə Avropa ölkələri 780 milyon istehlakçını təmsil edən Cənubi Amerika qrupu - Mercosur ilə müqaviləni ratifikasiya edir. Sentyabrda AB təxminən on illik danışıqlardan sonra Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı olan İndoneziya ilə də azad ticarət sazişi imzalayıb. Digər tərəfdən İttifaqla Avstraliya arasında 2017-ci ildə başlayan ticarət paktına dair danışıqlar iyundan sürətləndirilib.

“Blumberq”in məlumatına görə, qlobal iqtisadiyyat gözləntilərin əksinə, Donald Trampın tarif siyasəti nəticəsində yarana biləcək tənəzzüldən müəyyən qədər yayına bilib. Yəni ölkələr bu gün qlobal ticarətin 85%-nin Amerika yurisdiksiyasından kənarda aparılmasının mümkünlüyünü nümayiş etdirirlər.

Agentliyin ekspertlərinə görə, qlobal ticarət axınlarındakı dəyişikliklər hələ də inqilabi xarakter daşımır və tədricidir. Misal üçün avqustda Çinin ixracında artım son illərin ən zəif göstəricisi hesab edilir. Bu ilin ikinci rübündə ABŞ-yə tədarüklər 33% azalıb. ABŞ və Çin arasında ticarətin əsas kanalı olan Trans-Sakit okean marşrutu üzrə də yüklərin həcminin təxminən 3% azalacağı proqnozlaşdırılır.

Buna baxmayaraq, Çinin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının 10 ölkəsinə ixracı təxminən 23%, Avropa Birliyinə 10%, Afrikaya isə 26% artıb.

İlin üçüncü rübündə isə ABŞ-a ixrac ötən illə müqayisədə 27% azalıb, lakin digər regionlara daşınmalar sürətlə artıb. AB-yə ixrac 14%, Cənub-Şərqi Asiyaya 15,6%, Afrikaya isə 56%-dən çox yüksəlib. Bu məlumatlar göstərir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı hələ də il üzrə gözlənilən 1,2 trilyon dollarlıq rekord ticarət profisitini əldə etmək yolundadır.

Davis Kaliforniya Universitetinin iqtisadiyyat üzrə dosenti İna Simonovska hesab edir kı, qlobal ticarətin xəritəsi yenidən tərtib edilir:

“Biz bundan sonra da ayrı-ayrı ölkələr, eləcə də regional qrupları arasında daha çox ikitərəfli sazişləri görəcəyik”.

Ölkələrin yeni tariflərə qarşı çıxış yolları tapmağa çalışması qlobal ticarətlə bağlı proqnozların nibkinləşməsi faktıni dəyişmir. Dünya Ticarət Təşkilatı 2025-ci ildə qlobal mal ticarətinin artımı ilə bağlı proqnozunu yenidən nəzərdən keçirib.

Qurum əvvəlki hesabatında oktyabrda 3% artım açıqlamışdısa, hazırda 0,2% azalma gözləyir. ÜTT analitiklərinə görə, bu vəziyyət daha da pisləşə və qlobal mal ticarətinin 1,5% azalmasına gətirib çıxara bilər.

2025-ci ildə Şimali Amerikanın ixracının 12,6%, idxalın isə 9,6% azalacağı proqnozlaşdırılır. Asiyada hər iki göstəricinin orta səviyyədə, 1,6% artacağı gözlənilir. Avropanın ixracının 1%, idxalın isə 1,9% artacağını təxmin edilir.

Təşkilatın analitikləri Çinin bu il Şimali Amerikadan başqa dünyanın bütün regionlarına ixracını 4-9% artıracağını proqnozlaşdırırlar.

Beynəlxalq Valyuta Fondu da 2025-2026-cı illərdə orta hesabla 2,9% artım gözləyir (2024-cü ildəki 3,5 faizlik artım tempindən xeyli aşağı).

Kiel İnstitutunun KİTE modelinə (müxtəlif növ (ticarət) siyasət dəyişikliklərini qiymətləndirmək) əsasən, Donald Trampın ticarət siyasəti ilk növbədə ABŞ iqtisadiyyatına zərər verir. Təklif olunan tariflər ABŞ-ın iqtisadi məhsuldarlığını bir il ərzində təxminən 1,7 faiz azalda, qiymətləri 7 faizdən çox artıra və ixracın təxminən 20 faiz azalmasına səbəb olacaq. Lakin nəzərə alsaq ki, təsirə məruz qalan ölkələrin bəziləri artıq Ağ Evin siyasətinə eyni üsulla cavab verib, bu baxımdan ABŞ-da o qədər də yüksək qiymət artımları gözlənilmir. Lakin ixracda böyük azalma qaçılmaz hesab edilir. İyulda ABŞ-ın orta ixrac 3,8 milyard dollar azalaraq 280,2 milyard dollar olub.

Digər məsələ ABŞ sənayesidir. Trampın sentyabr ayında H-1B işçi vizası üçün 100.000 dollar rüsum tətbiqini təsdiqləməsi əcnəbi işçilərin işə götürülməsi xərclərini kəskin şəkildə artırıb. Sənaye strukturları bizneslərini genişləndirmək üçün ehtiyac duyduqları xarici mühəndis və ya texnikləri cəlb etməkdən çəkinirlər.

Qlobal ticarətdəki yeniliklər iqtisadi artım proqnozlarına da təsir göstərib. BVF-nin apreldə açıqladığı “Dünya İqtisadi Görünüşü” hesabatında 2025-ci il üzrə qlobal iqtisadi artım hədəfi 0,5 faiz bəndi azaldılaraq 2,8 faizə endirilib. Bir çox beynəlxalq maliyyə qurumlarının hesabatlarında ilin sonuna qədər qlobal iqtisadi artımın 2024-cü ildəki 3,6 faizdən 2025-ci ildə 2,6 faizə düşəcəyi irəli sürülür. Qabaqcıl iqtisadiyyatlarda artımın 2025-26-cı illərdə 1,5 faiz olacağı, ABŞ-da isə 2 faizə qədər yavaşlayacağı proqnoz edilir.

İnkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan iqtisadiyyatlarda artımın 4 faizdən bir qədər çox yavaşlayacağı proqnozlaşdırılır.

Ölkələrdəki inflyasiya ilə bağlı proqnozlarda dəyişikliklər məhdud olsa da (2025-ci ildə 4,2 faizə, 2026-cı ildə isə 3,7 faizədək azalacağı gözlənilir), ABŞ üzrə bu göstərici yüksəldilib.

Ekspertlər hesab edir ki, qlobal iqtisadiyyatda uzun müddət davam edən qeyri-müəyyənlik, artan proteksionizm və işçi qüvvəsi ilə bağlı təklif şokları iqtisadi artımın azalmasına səbəb ola bilər. Fiskal zəifliklər, maliyyə bazarlarında potensial korreksiya və institusional əsasların zəifləməsi sabitliyi təhdid edir.

İqtisadi siyasətlə bağlı uzun müddət davam edən qeyri-müəyyənliklər istehlakla bərabər investisiyaları da azalda bilər.

İqtisadçılar Tom Orlik və Ceymi Raş tərəfindən aparılan araşdırmaya görə, tariflər ümumiyyətlə artımı yavaşladır. Onlar hesab edirlər ki, ABŞ üçün bu təsir bəzi əvəzedici amillərlə yumşaq ola bilər. Çində isə ÜDM-in artımının 2026-cı ildə 4,4%-ə qədər yavaşlaması gözlənilir. Bu, ticarət müharibəsindən əvvəl proqnozlaşdırılan 5,6%-lik artımla müqayisədə əhəmiyyətli azalma deməkdir. Ümumiyyətlə 2027-ci ilin sonuna qədər qlobal ÜDM ilə bağlı proqnozların azalmasında əsas pay Çinə düşür.

Analitiklərə görə, tariflər hazırkı səviyyədə qalarsa, qlobal artım 2026-cı ildə 2,9 faizə qədər yavaşlayaq, 2027-ci ildə isə 3,1 faizə yüksələcək. Dünya Bankı da cari il üzrə zəif iqtisadi artım gözləyir. Maliyyə qurumuna görə, qlobal iqtisadi artım göstəricisi yanvarda açıqlanan ilkin proqnoza nəzərən 0,4 faiz bəndi azalıb və 2,3 faiz səviyyəsində qiymətləndirilir.

Ümumiyyətlə son beş ildə qlobal ticarət bir sıra iqtisadi və geosiyasi şokların təsiri altında dramatik transformasiyaya məruz qalıb. Rusiya-Ukrayna müharibəsi, eləcə də digər geosiyasi gərginliklər ticarət axınlarının, xüsusən də enerji və xammal sattışlarında bazar istiqamətlərinin dəyişməsinə səbəb olub.

Sanksiyalar nəticəsində AB ölkələri Rusiyadan yanacaq idxalını kəskin şəkildə azaldıb. Bu, AB-nin enerji balansında ABŞ, Qətər və digər ölkələrin payının artmasına səbəb olub.

Rusiya da öz növbəsində mineral ehtiyatların və metalların Çin, Hindistan və Türkiyəyə tədarükünü əhəmiyyətli dərəcədə artırıb.

Oxşar mənzərə elektronika ticarətində də müşahidə olunur. Rusiyanın elektronika məhsullarının idxalında Çinin payı kəskin artıb, AB ölkələrinin payı isə praktiki olaraq sıfıra düşüb.

BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanıya görə, tariflərin ən az inkişaf etmiş ölkələrə təsiri narahatlıq yaradır:

“Mövcud vəziyyətdə ən az inkişaf etmiş ölkələrin inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksək tariflərə məruz qalır. Həmin dövlətlərin ABŞ-a ixracında 50-60% azalma ehtimalı var. ABŞ onlar üçün çox vacib bazardır. Afrika ölkələri bu vəziyyətdən ikiqat təsirlənəcək, çünki bir tərəfdən yüksək tariflərlə üzləşirlər, digər tərəfdən isə ABŞ-la AGOA müqaviləsi çərçivəsində əldə etdikləri imkanları itirirlər. Bu imkanlar Afrika ölkələrinin istehsal sektorunu inkişaf etdirməyə kömək edir. Ona görə də həssas ölkələr yüksək tariflərin təsirindən azad olmalıdırlar. Ən az inkişaf etmiş 46 ölkə ABŞ-ın ticarət kəsirinin cəmi 1,7 faizini təşkil edir. Bu ölkələrə rüsumların tətbiqi ABŞ-ın öz ticarət kəsirini azaltmaq məqsədinə ciddi töhfə verməyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Oktyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see394

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see314

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see248

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see247

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see229

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see219

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see217

BET Awards 2026: Los Ancelesdə qırmızı xalının ən parlaq obrazları (FOTOLAR)

29 İyun 2026 15:01see212

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see211

Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ

29 İyun 2026 11:07see208

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see207

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see198

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see192

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see191

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see187

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see185

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see181

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see172

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see163

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri