ABŞ İrana qarşı maliyyə mühasirəsini genişləndirir: Tehranı hansı sınaqlar gözləyir?
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məlum olduğu kimi, ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bu, Vaşinqtonla Tehran arasında münasibətlərin daha da mürəkkəbləşdiyini göstərir.
Oktyabrın 15-də ABŞ Maliyyə Nazirliyi 16 fiziki şəxs və 10 qurumu yeni sanksiya siyahısına daxil edib. Məhdudiyyətlər İranın beynəlxalq maliyyə əlaqələrini, sanksiyalardan yayınmaq üçün istifadə edildiyi bildirilən bank şəbəkələrini və xarici valyuta mənbələrini hədəfə alır. Eyni zamanda, Hörmüz boğazının açılması ilə bağlı danışıqların nəticəsiz qalması, İranın nüvə proqramı ətrafındakı fikir ayrılıqları və regionda davam edən hərbi gərginlik vəziyyəti daha da ağırlaşdırır.
Bəs ABŞ-nin yeni iqtisadi təzyiq strategiyası hansı məqsədlərə xidmət edir və İranı qarşıdakı dövrdə hansı siyasi və iqtisadi çətinliklər gözləyir?
Bakıvaxtı.az-ın bu və digər suallarını cavablandıran siyasi şərhçi Alim Nəsirovun sözlərinə görə, ABŞ-nin son sanksiya qərarı göstərir ki, Vaşinqton artıq yalnız İranın neft satışını məhdudlaşdırmaqla kifayətlənmir, ölkənin beynəlxalq maliyyə sisteminə çıxış imkanlarını da minimuma endirməyə çalışır. Oktyabrın 15-də açıqlanan qərarla 16 fiziki şəxs və 10 qurumun hədəfə alınması, xüsusilə İraqda fəaliyyət göstərən bankın sanksiya siyahısına salınması bu siyasətin daha geniş coğrafiyanı əhatə etdiyini göstərir. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, həmin maliyyə şəbəkələri vasitəsilə İranla əlaqəli strukturların yüz milyonlarla dollar həcmində əməliyyatlar həyata keçirdiyi iddia olunur. Burada əsas məqsəd təkcə İran iqtisadiyyatına zərbə vurmaq deyil, həm də Tehranın xaricdəki maliyyə tərəfdaşlarını əməkdaşlıqdan çəkindirməkdir. Müsahibimizə görə, Vaşinqton bununla İranla işləyən üçüncü ölkə banklarına da mesaj verir ki, sanksiyalardan yayınmağa yardım göstərilməsi ciddi iqtisadi nəticələr doğura bilər. A.Nəsirov hesab edir ki, bu qərar ABŞ-nin İranı hərbi qarşıdurmadan əlavə, uzunmüddətli maliyyə təcridi vasitəsilə siyasi güzəştlərə məcbur etmək strategiyasının davamıdır.
Dediyinə görə, İran iqtisadiyyatı uzun illərdir sanksiyaların, struktur problemlərinin, inflyasiyanın və milli valyutaya təzyiqlərin yaratdığı çətinliklərlə üzləşir. Yeni məhdudiyyətlər xüsusilə xarici valyuta daxilolmalarını, bank köçürmələrini və beynəlxalq ticarət əməliyyatlarını çətinləşdirərək bu problemləri daha da ağırlaşdıra bilər. ABŞ-nin son qərarlarının diqqətçəkən tərəflərindən biri də dini xeyriyyə şəbəkələrindən mümkün sui-istifadə hallarının maliyyə nəzarətinə cəlb edilməsidir ki, Vaşinqton bəzi belə mexanizmlərin İranla əlaqəli qüvvələrin maliyyələşdirilməsində istifadə olunduğunu iddia edir. Bu isə İran daxilində iqtisadi resursların bölüşdürülməsi, şəffaflıq və hakimiyyətə yaxın strukturların maliyyə fəaliyyəti ilə bağlı sualları yenidən gündəmə gətirir.
“Digər tərəfdən, əhalinin sosial narazılığı, qadın hüquqları ilə bağlı məhdudiyyətlər, həbslər və edamlarla əlaqədar beynəlxalq tənqidlər İran rəhbərliyinin üzləşdiyi problemlərin yalnız iqtisadi xarakter daşımadığını göstərir” deyən müsahibimizə görə, sanksiyaların təsiri artdıqca hakimiyyətin qarşısında həm iqtisadi sabitliyi qorumaq, həm də cəmiyyətdə narazılığın genişlənməsinin qarşısını almaq kimi daha mürəkkəb vəzifələr dayanacaq.

Alim Nəsirov, siyasi şərhçi
“Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, nüvə danışıqlarının dalana dirənməsi və regiondakı hərbi gərginlik ABŞ-nin sanksiya siyasəti ilə necə əlaqələndirilə bilər” sualını cavablandıran siyasi şərhçi qeyd edib ki, hazırda ABŞ-İran münasibətlərində ən ciddi fikir ayrılıqlarından biri Hörmüz boğazının təhlükəsizliyi və onun yenidən tam fəaliyyət göstərməsi məsələsidir. İran tərəfi boğazın açılması ilə bağlı irəli sürdüyü yeddi şərtin nəzərə alınmasını tələb edir, Vaşinqton isə nüvə proqramının danışıqların ilkin mərhələsində müzakirəsinə üstünlük verir. Həmsöhbətimiz bildirib ki, oktyabrın 12-də İran Xarici İşlər Nazirliyi ABŞ-ın təqdim etdiyi cavabın araşdırıldığını bildirsə də, tərəflər arasında əsas məsələlər üzrə razılıq əldə olunmayıb. Eyni zamanda, oktyabrın 14-də yayılan məlumatlarda İranın Hörmüz boğazında gəmilərə qarşı hücum taktikasını dəyişdirdiyi bildirilir ki, bu da beynəlxalq gəmiçilik və enerji bazarları üçün əlavə təhlükə yaradır: “Belə vəziyyətdə ABŞ iqtisadi sanksiyaları artırmaqla Tehranın danışıqlardakı mövqeyini zəiflətməyə çalışır, lakin hərbi gərginliyin davam etməsi diplomatik həll imkanlarını da məhdudlaşdırır. Hesab edirəm ki, İranın nüvə proqramı, Hörmüz boğazının təhlükəsizliyi və regional silahlı qruplaşmalar məsələsi üzrə kompromis əldə olunmadıqca sanksiyalarla hərbi qarşıdurma riski bir-birini gücləndirməyə davam edəcək”.
ABŞ-nin bu siyasətinin İranın Çin, Rusiya və digər ölkələrlə iqtisadi əlaqələrinə təsirinə və yaxın perspektivdəki ssenarilərə gəlincə, həmsöhbətimiz qeyd edib ki, Birləşmiş Ştatların yeni sanksiya siyasətinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, təzyiq yalnız İranın özünə deyil, onunla maliyyə və ticarət əlaqələrini davam etdirən xarici tərəfdaşlara da yönəlir. Sentyabr ayında Rusiyanın VTB Bankının İranla əlaqələrinə görə əlavə sanksiyalarla hədəfə alınması, eləcə də oktyabrda İraq bankına qarşı qərar Vaşinqtonun bu istiqamətdə daha sərt mövqe tutduğunu göstərir. Çin məsələsi isə xüsusi əhəmiyyət daşıyır, çünki İranın enerji ixracı ilə bağlı əlaqələrin məhdudlaşdırılması həm Tehran üçün gəlir itkisi, həm də beynəlxalq enerji bazarlarında əlavə qeyri-müəyyənlik yarada bilər.
“Bununla yanaşı, ABŞ administrasiyasının oktyabrın 15-də bəzi sanksiyalı tankerlərə tətbiq edilən məhdudiyyətlərin yumşaldılması imkanlarını nəzərdən keçirməsi göstərir ki, Vaşinqton özü də enerji qiymətlərinin yüksəlməsinin iqtisadi nəticələrini nəzərə almağa məcburdur. Qarşıdakı dövrdə üç əsas ssenari mümkündür: sanksiyaların daha da sərtləşdirilməsi, vasitəçilər üzərindən məhdud diplomatik razılaşmanın əldə olunması və yaxud danışıqların nəticəsiz qalması fonunda regional gərginliyin yenidən artması. Mənim qənaətimcə, İran rəhbərliyi mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün xarici siyasətdə daha praqmatik qərarlar qəbul etməli olacaq, əks halda iqtisadi təcridin dərinləşməsi ölkənin həm daxili sabitliyinə, həm də regional münasibətlərinə daha ağır təsir göstərə bilər”, - deyə Alim Nəsirov əlavə edib.
Zülfü Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 17 Oktyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















