Abşeronda BMW ni yandıran şəxs məhkəmə zalından azadlığa buraxıldı
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Abşeron Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Qulam Qulamovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad olunub.
İttihama görə, hadisə 01 avqust 2024-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsindəki “VİP kafesinin qarşısında qeydə alınıb.
Belə ki, Qulam Qulamovla qonşusu olan zərərçəkmiş Mahal Kərimov (ad, soyadı şərtidir) arasında daha əvvəldən şifahi mübahisə olub. Zərərçəkmiş şəxs idarə etdiyi BMW markalı avtomobillə təqsirləndirilən şəxsin idarə etdiyi “Tofaş” markalı maşını vurub. Bu zaman Qulam avtomobilindəki butulkada olan benzini BMW-nin salonuna və kapotun üzərinə töküb qəsdən yandırıb. Nəticədə o, zərərçəkmiş şəxsə 6800 manat məbləğində ziyan vurub.
Hadisədən sonra Qulam Qulamov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə iclasında dindirilən Mahal Kərimov istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib, təqsirləndirlən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini və ondan şikayət və tələbinin olmadığını, Qulamla barışdığını qeyd edib. O, təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.


