Açılmayan “Korsika düyünü”
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Parisin imtina etdiyi muxtariyyət narazılıq doğurub
Fransanın qlobal miqyasda insan hüquqları, bərabərlik və demokratiya dəyərlərinin müdafiəçisi kimi çıxış etməsinə baxmayaraq, ölkə daxilində mərkəzləşdirilmiş respublikaçılıq doktrinası ilə fərqli tarixi köklərə malik regionların muxtariyyət tələbləri arasında əsrlərdir səngiməyən dərin ziddiyyətlər mövcuddur. Həmin ziddiyyətin ən kəskin və qanlı təzahürləri Aralıq dənizinin strateji nöqtəsində yerləşən Korsika adasında özünü büruzə verir. Parisin uzun illər boyu tətbiq etdiyi assimilyasiya siyasəti, yerli xalqın mədəni və siyasi iradəsinin nəzərə alınmaması, həmçinin hərbi-təhlükəsizlik tədbirlərinə üstünlük verilməsi adada daimi siyasi böhran mühiti yaradıb.
Tarixi köklərə nəzər saldıqda, Korsikanın Fransa dövlətinə birləşdirilməsinin heç də könüllü proses olmadığı aşkar görünür. Əsrlər boyu Genuya Respublikasının ağır idarəçiliyindən əziyyət çəkən korsikalılar milli qəhrəman Paskal Polinin rəhbərliyi ilə müstəqil Korsika Respublikasını qurmağa nail olmuş və hətta dövrünə görə olduqca demokratik Konstitusiya qəbul etmişdilər. Lakin Genuya hökumətinin maliyyə borcları qarşılığında adanı Fransaya güzəştə getməsi və 1769-cu ildə baş tutan Ponte-Novo döyüşündə Fransa ordusunun adalıların müqavimətini qırması Korsikanın müstəqilliyinə son qoydu. Maraqlı tarixi paradoks odur ki, məhz həmin il adada dünyaya gələn Napoleon Bonapart sonradan Fransa imperatoru kimi tarixə düşsə də, Korsika xalqının böyük hissəsi bu ilhaqı heç vaxt daxilən qəbul etmədi.
Fransa inqilabından sonra formalaşan və bütün ölkə ərazisində vahid millət, dil və mədəniyyət prinsiplərinə əsaslanan mərkəzləşdirilmiş dövlət modeli Korsika üçün mədəni fəlakətə çevrildi. Paris hökuməti adanın özünəməxsus dilini, adət-ənənələrini və sosial strukturunu yad ünsür kimi qəbul edərək sıxışdırmağa başladı. Təhsil ocaqlarında və rəsmi idarələrdə korsika dilinin istifadəsinə qoyulan məhdudiyyətlər ana dilinin nəsillər arasında ötürülməsinə ciddi zərbə vurdu. İqtisadi müstəvidə də ada mərkəzi bürokratiyanın etinasızlığı ilə üzləşdi, yerli istehsal sahələri dəstəklənmədi, iqtisadiyyat demək olar ki, tamamilə mövsümi turizmdən asılı vəziyyətə salındı və ada əhalisi iş imkanları axtarmaq üçün materik Fransaya köçməyə məcbur qaldı.
Mədəni assimilyasiya siyasəti və iqtisadi laqeydlik adada qaçılmaz olaraq radikal müqavimət hərəkatlarının yaranmasına gətirib çıxardı. XX əsrin 70-ci illərindən etibarən sivil etirazların nəticə vermədiyini görən gənc nəsil silahlı mübarizə yolunu seçdi. Korsikanın Milli Azadlıq Cəbhəsi kimi radikal təşkilatlar Parisin adadakı hərbi və inzibati obyektlərinə qarşı silsilə hücumlar və partlayışlar həyata keçirdilər. Fransa dövləti problemi siyasi dialoq və ya sosial-iqtisadi inkişaf vasitəsilə həll etmək əvəzinə, məsələni sırf təhlükəsizlik və hüquq-mühafizə müstəvisinə daşıdı. Kütləvi polis reydləri, siyasi fəalların həbsləri və sərt cəza tədbirləri adada onilliklər boyu davam edən qorxu və gərginlik mühitini daha da möhkəmləndirdi.
Müasir dövrdə silahlı qruplaşmaların fəaliyyətini dayandırmasına baxmayaraq, siyasi müstəvidə gərginlik tamamilə yeni mərhələyə keçib. Korsika cəmiyyəti və yerli parlamentdə təmsil olunan siyasi qüvvələr adaya qanunvericilik səlahiyyətləri verən real muxtariyyət statusunun tanınmasını tələb edirlər. Bu status yerli vergiqoyma, torpaq bazarının xarici spekulyasiyalardan qorunması və dilin dövlət səviyyəsində qorunması kimi həyati əhəmiyyətli məsələləri əhatə edir. Parisdəki mərkəzi hakimiyyət isə Fransa Konstitusiyasının "vahid və bölünməz respublika" prinsipinə istinad edərək bu tələblərə qarşı sərt mövqe tutur.
***
Bu günlərdə Fransa Senatı Korsika adasına muxtariyyət statusunun verilməsini nəzərdə tutan konstitusiya islahatı layihəsini rədd edib. Səsvermədə sənədin əleyhinə 181, lehinə isə 134 senator səs verib.
Məsələylə bağlı Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov mətbuata açıqlama verib. O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu Fransa Senatının Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd etməsini qətiyyətlə pisləyir: “Bu qərar Fransa siyasi dairələrində hələ də hökm sürən müstəmləkəçi təfəkkürün, Korsika xalqının iradəsinə göstərilən açıq hörmətsizliyin və rəsmi Parisin Xalqların öz müqəddəratını təyin etmək hüququ haqqında bəyanatları ilə faktiki siyasəti arasındakı dərin uçurumun növbəti təzahürüdür. 2026-cı il oktyabrın 26-sı Fransa senatında baş verənlər bir daha göstərdi ki, Makron rejimi Korsika xalqının öz siyasi gələcəyini müəyyənləşdirmək, milli kimliyini qorumaq və öz torpağında özünüidarə hüququna sahib olmaq istəyini qəbul etmək istəmir”.
A.Abbasov mətbuata açıqlamasında 4 ildən artıq davam edən siyasi danışıqların, əldə olunmuş razılaşmaların və Korsikanın demokratik yolla seçilmiş nümayəndələrinin ifadə etdiyi iradənin bu şəkildə heçə sayılmasını qəbuledilməz adlandırıb: “Xüsusilə, korsikalıların özünəməxsus tarixi, dil və mədəni kimliyinin, eləcə də doğma torpaqları ilə xüsusi bağlılığının tanınmasını nəzərdə tutan müddəaların qanun layihəsindən çıxarılması Fransa siyasi elitasının Korsika xalqının kollektiv kimliyini tanımaqdan nə dərəcədə çəkindiyini nümayiş etdirir. Fransa bir tərəfdən dünyaya demokratiya, insan hüquqları və xalqların azadlığı haqqında dərs keçməyə çalışır, digər tərəfdən isə öz əsarəti altında saxladığı ərazilərdə xalqların ən elementar siyasi tələblərini belə təhlükə kimi görür”.
Sonda bildirək ki, Fransa Senatının qərarı Parisin mərkəzləşdirilmiş respublika modeli ilə adanın əsrlərə söykənən milli kimlik və özünüidarə tələbləri arasındakı gərginlik yaxın gələcəkdə də aktual olaraq qalacaq. Rəsmi Parisin təhlükəsizlik və assimilyasiya ritorikası üzərində qurulan yanaşması problemi həll etmək əvəzini yalnız dərinləşdirir. Korsika xalqının qanuni hüquqlarının və mədəni muxtariyyət tələblərinin ardıcıl olaraq məhdudlaşdırılması isə həm adadaxili ictimai-siyasi sabitliyi sual altına alır, həm də Fransanın beynəlxalq müstəvidə humanizm və demokratiya carçısı kimi sərgilədiyi obrazına ciddi kölgə salır.
Nəzrin ELDARQIZI
XQ
Baxış sayı:89
Bu xəbər 29 Oktyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















