Adının haqqını artıqlaması ilə verən xanım
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İradəlilik - çox ecazkar şeydir. Onun vasitəsilə dağları yerindən oynatmaq mümkündür.
Cek London
"Kitabi-Dədə Qorqud" dastanını çox sevirəm. Ona görə ki, xalqımızın yaratdığı ən mükəmməl dastandır. Bu dastanda soykökümüz olan oğuzlara məxsus təsvir edilən hər şey mükəmməldir. İstər oğuzların tərbiyə sistemi, istər vətən, yurd sevgisi, istər anaya hörmət, valideyn məhəbbəti, bir sözlə, hər şey... Dastanı mənə sevdirən ən mühüm cəhətlərdən biri də orada təsvir edilən mərd, igid, qorxmaz, kişilərlə bərabər söz demək haqqı olan, azad, cəsarətli, yeri gələndə, lazımi anda "yağının bir ucu mənim, bir ucu sənin deyib", döyüşə atılmağı bacaran qadın obrazlarıdır. Və bu qadınların başında duran isə at minməkdə, ox atmaqda kişilərdən heç də geri qalmayan, döyüşlərdə Qazan xana dəstək olan Bayandır xanın qızı Boyu uzun Burla xatundur. Dastanı niyə xatırlatdım? Çünki haqqında xatirələrimi yazdığım İradə xanımı görəndə həmişə dastandakı Boyu uzun Burla xatun yadıma düşürdü....
Onunla virtual olaraq tanış idik, ilk canlı tanışlığımız 2018-ci ildə Bakı Dövlət Universitetində (BDU) oldu. İradə xanımı görən kimi ağlımdan bu fikir keçmişdi: "Sanki Boyu uzun Burla xatundur" və bunu özünə də demişdim. Düzünü deyim ki, İradə xanım Musayevanı təkcə mən yox, çoxları məhz belə adlandırırdı. Sonralar onunla daha yaxından tanış olduqca, yazılarına, Vətən, yurd, dil sevgisinə, cəsarətinə bələd olduqca düşündüm ki, bu bənzəyiş, oxşatma təsadüfi ola bilməz. Burada mütləq bir zərurət, bir bağ var. Çünki İradə xanım təkcə boyu, fiziki görkəmi ilə deyil, mənəvi cəhətdən də Boyu uzun Burla xatuna çox bənzəyirdi. O da yeri gələndə dil, Vətən, yurd, Qarabağ təəssübü çəkilən məqamlarda qorxmadan kişilərlə çiyin-çiyinə meydana atılaraq düşmənə qılınc çalan əsl Oğuz qadınlarından idi, o genin daşıyıcısı, o əqidədə olan insan idi. Sanki o da İradə adını doğulanda yox, məhz iradəlilik, cəsarət, hünər göstərərək Dədə Qorquddan almışdı. Adının haqqını tam mənası ilə verən iradəli xanım idi.
Vurğun Əyyub “Azərbaycan tənqidçiləri arasında niyə məhz İradə xanımı seçdiniz?” sualını belə cavablandırmışdı: “Mən ilk dəfə İradənin adına Vaqif Səmədoğlu haqqında yazısında rast gəldim. Vaqif haqqında tədqiqat aparan belə bir müəllifin olduğunu biləndə çox sevindim ki, qadındır, gəncdir, özü də fərqli yanaşmaları var... Bir müddət fasilədən sonra yenə onun yazıları qarşıma çıxdı. Yenə də çox cəsarətlə və prinsipiallıqla yazdığını gördüm. Təbii, o yazılarla razılaşmaq da, razılaşmamaq da olar. Amma görürsən ki, bu adamın xarakteri və içində ədəbiyyat yanğısı var.
...Son kitabını oxuyanda bildim ki, ona çoxlu hücumlar olacaq. Oldu da! Çünki o, konkret ünvanlar göstərir və sərt tənqid eləyir. Haqqında yazmaqda məqsədim həm onun bir ədəbiyyatşünas kimi qiymətini vermək, həm də onu haqsız hücumlardan qorumaq idi".
Doğrudan da, İradə Musayeva bəzən elə fikirlər səsləndirirdi, yazırdı ki, başqaları nəinki onu dilinə gətirməkdən, ağlından keçirməkdən belə qorxardılar:
"Bizim ədəbiyyatşünaslığın 4-5 "daşlaşmış", "heykəlləşmiş", "bütləşmiş" tədqiqat obyekti var. Yəni əslində, heç ədəbiyyatşünaslığa da məhəl qoymayan, tərifdən doymuş məhlul kimi tox, məmur yazıçılar... Bütün "izm"ləri onların əsərlərində axtarırlar, onların əsərlərindəki bütün detalları, hətta əşyaları, cisimləri simvollaşdırır, mifləşdirir, müqəddəsləşdirirlər... Adam qorxur həm obyektdən, həm subyektdən... Hətta adam az qalır kimisə inandırmağa çalışanda, and içəndə deyə ki, "And olsun filan yazıçının filan əsərindəki qapıya, pəncərəyə, ayaqqabıya, dabankeşə..." Yetər, yetər, yetər... Bu qədər də yox!!!"
Mən İradə xanımın bu cəsarətini, bu təəssübünü sevmişəm və onu təkcə yazılarında yox, birbaşa əməli işində də görmüşəm. 2018-ci ildə yeni orfoqrafiya normaları müzakirə ediləndə "Möhtəşəm dördlüy"ün (Vasif Sadıqlı, Qulu Məhərrəmli, İradə Musayeva, Səadət Şıxıyeva) tərkibində Prezidentə məktubla müraciət edəndə, 2020-ci ildə Bakını ağzına almış əcnəbi dilli reklamlara qarşı etirazını bildirmək üçün Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin (FADMM) təşəbbüsü ilə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gedən 6 nəfərlik (Vasif Sadıqlı, Qulu Məhərrəmli, Könül Bünyadzadə, İradə Musayeva, Nuridə Novruzova, Səməd Vəkilov) komandanın tərkibində Azərbaycan dilinin sıxışdırılmasına etirazını bildirən çıxışlarını da görmüş, şahidi olmuşam...
İradə xanım peşəkar ədəbiyyatçı, tənqidçi olmaqla yanaşı, dilimizin gözəl bilicisi, təəssübkeşi idi. İstər sosial şəbəkələrdə paylaşdığı statuslarda, istər irihəcmli məqalələrində dillə bağlı ən aktual məsələlərə toxunur, çoxlarının dilə gətirməyə qorxduğu məsələləri qabardır, gündəmə gətirir, həlli yollarını tapmağa çalışırdı. Bəzi alimlər kimi, "bu, mənim sahəm deyil, mənə aidiyyəti yoxdur" kimi fikirlər söyləyərək ağzına su alıb oturmaq ona tamamilə yad idi. O, dillə bağlı bütün problemləri analitik təhliletmə bacarığı, fitri istedadı, iti zəkası sayəsində peşəkarcasına analiz edir, problemləri öyrənir və həllinə çalışırdı. Bir zamanlar əlifbamızdakı “ə”, “x”, “q” hərflərinə qarşı çıxıb, ortaq türkcə məsələsini ortaya atanlara deyirdi: “Türk xalqları üçün vahid dil siyasəti ortaq türkcə, ümumtürk ədəbi dili məsələsi XIX əsrdən ortaya atılıb. C.Əfqani, İ.Qaspiralı, daha sonralar isə XX əsrin əvvəllərində Ə.Hüseynzadə və digər ideoloqlar bu fikri siyasi, bədii, fəlsəfi yöndən işləyib hazırladı. Lakin dil praktik fəaliyyət və sərbəst, azad təfəkkür təzahürüdür. Dil tarixi-coğrafi reallıqlar, etnoqrafik baza əsasında təzahür edir. Ona görə də romantik və ifrat türkçülük siyasəti bizim bir millət kimi dilimizi müstəqil ölkə atribututək qorumamıza mane ola bilər. Həm də son illərdə bu ideyanı təkrar ortaya atanlar unudur ki, bizim Cənubi Azərbaycan ayrılığımız da var. Biz dil siyasətimizi bütöv və böyük Azərbaycan məramnaməsinə hesablamalıyıq. Etnik bir qrup kimi Türkiyə tükcəsinin tərkibində əridilmək təkcə dilin deyil, millətin və dövlətin də nüfuzunu aşağı sala bilər".
Bəli, "ifrat türkçülük"... "etnik bir qrup kimi Türkiyə tükcəsinin tərkibində əridilmək... təhlükəsi..." İradə xanımı çox narahat edirdi. Çünki onda irəlini görmə qabiliyyəti var idi. Bu günlə yaşamırdı, gələcəyə hesablanmış fikirlər söyləyirdi.
İradə xanım hələ 23 noyabr 2018-ci ildə feysbukda paylaşdığı bir statusda yazırdı: "Türkiyə türkcəsi" ideyasını ortaya atanların zəhməti "bəhrəsini" verməkdədir. İndi Azərbaycan dilində böyük bir əsər ortaya qoya bilməyən adamlar "Azərbaycan dili adlı dil yoxdur artıq" bəyanatı ilə çıxış edir. Və təəccüblüsü də odur ki, bu dili əridib yox etmək istəyən bəzi "ziyalılar" da bununla razılaşır. Ərazimiz necə əridilib yox olmaq üzrədirsə, dilimiz, dinimiz, məsləkimiz də eləcə heçləşməyə, başqa dillərin tərkibində yox olmağa başlayır. Və məqsədli şəkildə! Bircə sual: Necə olur ki, bu dildə C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir, Ü.Hacıbəyli dahiliklərini sübut edib, fəlsəfələrini, poetika və estetikalarını ifadə edə bildi, siz edə bilmədiniz? Bu dil sizlərə bəs eləmədi? Hansı əqidə və niyyətlə düşünürsünüz ki, bu dildə anlaya və anlada bilmirsiniz? Böyümək üçün ümumtürk axınına qoşulmaq olmaz, müstəqil olaraq o dil ailəsində öz obrazını qoruyub saxlamalısan! Türk dilləri ailəsinin Oğuz qrupunun özəl portretli dili kimi..."
İradə xanım çox şeydən narahat idi. Özü bu narahatlığının səbəbi haqda yazırdı: "...sadəcə, dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız və daima təhlükələr burulğanında müstəqilliyini qorumağa çalışan dövlətimiz üçün narahatıq. Hər şeyi əlimizdən almısınız, bu narahatlığı əlimizdən almağa isə haqqınız yoxdu".
O, həqiqəti yazmaqdan heç vaxt çəkinmirdi, əksinə, bu zaman özünü çox rahat və yüngül hiss edirdi:
"Həqiqəti yazanda, söyləyəndə sanki insanın əl-ayağını bağlayan kəndir açılır və boynuna dolanır... Və özünü elə yüngül hiss edirsən ki, elə bil dar ağacından asıldığın kəndir, uşağlığında səni yellədən yelləncəyin kəndiridir...", - deyirdi.
O, enerjili idi. Sərt tənqid "cəbbəxanası" vardı. Özünün iti zəkası kəskin dili və məntiqi ilə ədəbiyyatla bağlı hər şeyə, bütün hadisələrə münasibət bildirirdi. İradə xanımın öncədən gördüyü, həyəcan təbili çaldığı məsələlər üstündən 5-10 il keçdikdən sonra bəzilərinə çatır, onda onları azacıq narahat eləməyə başlayırdı. Halbuku o məsələləri İradə xanım daha öncədən görüb, nəticənin nəyə gətirəcəyini xəstəyə vaxtında diaqnoz qoyan, müalicə yollarını düzgün təyin edən həkim dəqiqliyi ilə görüb-göstərirdi.
O, vəzifə kreslolarını zəbt edib bir iş görməyən, iş görənlərin isə əl-ayağına dolaşanlara qarşı çox sərt idi. Ona görə də elələrinə sarkazm ilə: "Siz işləməyəndə narahat oluruq, siz işləyəndə daha çox narahat oluruq", - deyirdi.
"Bizi narahat edənlər onların heç vecinə deyil... Gah gedib Türkiyədə muştuluq verirlər ki, Dilaçarın islahatından vəcdə gəlib 60 min sözü dilimizdən çıxarır, əvəzinə 40 min söz daxil edib, ortaq dil yaradırıq. Gah da rus mənşəli varvarizmləri dilimizə daxil etməyin zəruri olduğunu deyərək, sanki Rusiyaya cilvə göstərirlər. Çox diribaşdırlar, göz dəyməsin...", - söyləyirdi.
İradə xanımda sərraf tənqidçi gözü vardı. Ədəbiyyat tənqidçisi kimi ədəbiyyatımızı gözəl bilirdi, yeni yazılmış əsərləri zərgər dəqiqliyi ilə saf-çürük edir, yaxşı və pis cəhətlərini göstərirdi ki, yeni yazmağa başlayanlar bu tənqiddən faydalanırdılar.
H.Cavid deyirdi ki: "Həqiqi ədəbi tənqid vicdan məsələsidir. Sözün tərəzisi tənqidçinin əlindədir".
İradə xanım da elə H.Cavid kimi ömrü boyu ağırlıq, əfəndilik, dözüm, təmkin və prinsipiallıq göstərdi, vicdan məsələsi sandığı tənqidə, ədəbiyyata, qələmə, sözə sadiq qaldı...
Doktorluq dissertasiyasını yüksək səviyyədə müdafiə edən İradə xanımın elmi məsləhətçisi olmuş Rafael Hüseynov İradə xanımı layiqli elmlər doktoru adlandırır, onun doktorluq dissertasiyasının müdafiəsini Nizami muzeyinin müvəffəqiyyəti - İradə xanımın başarısı - illərlə çəkdiyi zəhmətinin bəhrəsi sayırdı: “Və mənim fərəhim - elmi məsləhətçisi olduğum daha bir cavan araşdırıcısı elmlər doktoru zirvəsini fəth edir. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin doktoranturasından keçərək elmi dərəcələr alan... gənc alimlərin heç biri elmdə təsadüfi, müvəqqəti, kənar məqsədli deyildir... İradə xanım onların ən üstünlərindəndir".
Bu gün çox təəssüf və nisgil hissi ilə İradə xanımın feysbukda paylaşdığı bir statusu xatırlayıram: "Vurğun Əyyub hər dəfə məni görəndə deyirdi ki, Allah bizə o qədər ömür versin ki, biz də İradə xanımın qocaldığını görə bilək, gün-gündən cavanlaşır..."
Çox təəssüf ki, hər iki böyük insan bu dünyadan tez köçdü, elə cavan ikən... Nəinki Vurğun Əyyuba, heç kəsə onun qocalığını görmək nəsib olmadı...
Bu gün hər yerdə İradə xanımın yeri görünür...
"Ölüm" sözü İradə xanıma heç cür yaraşmır və mən hələ də bu sözü onun adının yanına gətirə bilmir, həqiqiliyinə inanmıram...
Bu gün baxıb görürəm ki, heç kəs İradə Musayeva ola bilmir. Bunu hər ötən gün daha dərinliyi ilə anlayıram. Necə ki dağdan uzaqlaşdıqca insan onun ucalığını daha aydın görür... Eləcə də ondan ayrıldığımız hər ötən gün İradə xanımın ucalığını bizə daha çox aydınlığı ilə göstərir.
Dost itkisi ağır olur...
İradə xanımı ruhən özümə çox yaxın hiss edirdim. Onda çox böyük Qarabağ yanğısı, Qarabağ təəssübü var idi. Özü ağdamlı idi, (mən yerlipərəst deyiləm) amma bəlkə qan çəkmişdi, torpaq, su, hava çəkmişdi, bəlkə ruhumuzun, fikirlərimizin yaxınlığı çəkmişdi bizi... bilmirəm, ilk tanış olduğumuz gündən ona qarşı çox doğmalıq və yaxınlıq hiss edirdim...
Nə idi İradə xanımı mənə bu qədər sevdirən? Mən İradə xanımın çoxunda görmədiyim cəsarətini xoşlamışdım, kəskin qələmini xoşlamışdım, yaltaqlıqdan uzaq olan xislətini xoşlamışdım, əsərlərə orijinal, həyati, təbii, real yanaşma və nəticəçıxarma qabliyyətini sevmişdim. Ruhun şad olsun. Yaddaşlarda hər tərəfli mübariz, yenilməz iradəli qadın obrazı kimi qalan İradə xanım.
Mən onunla sonuncu dəfə danışanda Ağdamda Haqverdiyev adına Ağdam Dram Tetrının qarşısındakı Fərhad heykəlinin yanıda görüşmək ümidi ilə...", - deyib ayrılmışdım...
İnanıram ki, sözünə həmişə düz olan İradə xanımın ruhu məni orada gözləyir... Mən Ağdama qayıdanda onu məhz həmin heykəlin yanıda görəcəyəm. O, yaddaşımda ilk dəfə necə görmüşdümsə, eləcə də qalıb: "Ucaboy, şax qamətli, işıqlı siması, çöhrəsinə çox yaraşan təbəssümlü, itibaxışlı, kəskinsözlü, dərin zəkalı, adının haqqını tam mənası ilə verən iradəli xanım, ədəbi tənqidimizin Boyu uzun Burla xatunu - cəsarətli və obyektiv tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, İradə Musayeva!
Mənim yaddaşıma o məhz bu cür həkk olunub və bu cür də qalacaq!
Gülyaz Əliyeva
Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədr müavini
Baxış sayı:88
Bu xəbər 12 Dekabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















