AĞ HUN İMPERİYASI
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
(əvvəli BU LİNKDƏ)
...457-ci ildə II Yezdəgirdin ölümündən sonra oğulları III Hörmüz (457-459) və Peroz/Firuz (459-484) arasında taxt uğrunda gedən mübarizədə eftalit hökmdarı Akşunvarın dəstəyini alan Peroz qələbə qazandı. Onun taxta keçməsinə dəstək olan Akşunvar qarşılığında Amudərya çayının sahilindəki Tirmiz şəhərini tələb edir. Beləliklə, 460-cı ildə eftalitlər şərqdə Tarım hövzəsinin qərb hissəsinə, şimalda Amudərya və Sırdərya çayları arasındakı ərazilərə və Tanrı dağlarına qədər olan ərazilərə hakim olurlar. II Yezdəgirdin varisi olan Peroz 459-479-cu illərdə eftalitlər üzərinə uğursuz yürüş etdi. Şah əsir düşsə də, Bizans onun haqqını verdiyinə görə azad edildi. Bir müddət keçdikdən sonra Peroz ikinci dəfə eftalitlər üzərinə qoşun göndərsə də, bu dəfə də əsir düşdü. Şah ikinci dəfə Bizans imperatoru Zenon (474-475, 476-491) tərəfindən satın alınaraq azad edilmişdir. Peroz öz həyatını qorumaq üçün gümüş sikkələrlə yüklənmiş otuz qatır vəd verərək oğlu Qubadı girov vermiş, bir daha müharibə etməyəcəyinə söz verərək oğlunu satın almışdı.
Eftalit hökmdarı Akşunvar Perozu əsarətdən azad edəndə şah bacılarından birini ona ərə verəcəyinə söz verir. Lakin vədinə xilaf çıxaraq əvəzində cariyələrindən birini göndərir. Cariyə isə açıb bütün olanları Akşunvara bildirdikdən sonra buna cavab olaraq Sasanilərdən eftalit sarayına gəlmiş hərbi müşavirlərin bir hissəsini öldürmüş, qalanlarının da qulaqlarını kəsərək Perozun sarayına göndərmişdi.
470-ci ildə Eftalit dövlətində taxta çıxan Günxan ləqəbli Toraman Tigin uğurlu yürüşlər nəticəsində hakimiyyətini Şimali Hindistana qədər genişləndirmiş, dövləti imperatorluğa çevirmişdir. Xaqan Sasani dövlətinin daxili işlərinə müdaxilə edərək himayəsinə aldığı Perozu yenidən Sasani taxtına çıxardı. Peroz öldürülən sərkərdələrinin intiqamını almaq və eftalit hücumlarından birdəfəlik qurtulmaq üçün 479-cu ildə andını pozaraq yürüşə çıxsa da, məğlubiyyətə uğradı. 484-cü ildə Amudərya çayının sahilində eftalitlər tərəfindən məğlub edilən Sasani ordusu darmadağın edildi, Peroz öldürüldü. Nəticədə Heratı, Mərvi, Kabul vadisini, Pəncabı, Qaraşarı, Kuçu, Qaşqarı və Xotanı ələ keçirən eftalitlər sasaniləri illik vergiyə məcbur etdilər. Tarixçılər bu döyüşü təsvir edərkən eftalitlərin sasanilərə qarşı döyüş taktikalarında müəyyən dəyişiklik etdiklərini və dərin quyular qazaraq üzərini ot və alafla örtdüklərini qeyd edirlər. Bununla onlar şah Perozu tələyə salmış, nəticədə yeddi oğlu ilə birlikdə quyulara düşən şah öldürülmüşdür.
Perozun ölümündən sonra varisi Kavad/Qubad (488-531) əmisi Balaşı taxtdan salaraq 488-ci ildə hakimiyyəti ələ keçirdi. Məzdəkilərə qoşulan şah Kavad 496-cı ildə saray əyanları tərəfindən taxtdan salınaraq həbs edilir. Lakin bacısının dəstəyi ilə həbsdən qaçaraq atası kimi eftalitlərə sığınır. Məzdək hərəkatını boğmağa çalışan Toraman Tigin Kavadı 3 il girovluqda saxladıqdan sonra 30 minlik hun süvari birliyi ilə Sasani sərhədlərinə göndərir. Bu yolla hərəkatı yatırmağa müvəffəq olan Kavad Məzdəki tərəfdarları və xalqın yardımı ilə edam etdirdi. 499-cu ildə eftalit ordusunun yardımı ilə Kavad qardaşı Təhması məğlub edərək yenidən taxt-taca yiyələndi, əvəzində Çağaniyan əyalətini xaqana hədiyyə etdi. Kavad eftalitlərin köməyinə külli miqdarda vəsait xərclədiyinə görə sasanilərin maliyyə sistemi böyük çətinliklərlə üzləşdi, eyni zamanda iki ən mühüm ticarət mərkəzi olan Mərv və Herat da itirildi.
Bundan sonra eftalitlər Hindistana yeni bir səfərə hazırlaşdılar. Eftalitlərin bir qismi bu hadisələrlə məşğul olarkən, Əfqanıstan və Hindistandakı qərb qolu olan toramanlılar yuxarıda adları qeyd olunan coğrafiyadakı quşanların ərazisinə daxil olaraq onları məhv etdilər. Toraman Tigin Mərkəzi Asiyanın önəmli şəhərləri ilə yanaşı, Qanq və Yamuna çaylarının sahillərini də ələ keçirmişdir. Bunun ən mühüm sübutu Yamuna sahilində yerləşən Eran şəhərindəki Toraman kitabəsidir. Qeyd edək ki, Malva (Mərkəzi Hindistan) hökmdarı olan Toraman Tiginin başçılıq etdiyi eftalitlərin bu qolu ehtimal ki, 450-ci illərdə Hindiquşdan keçərək indiki Pakistan ərazisində Bolan aşırımını aşmış və əvvəlcə Qəndaharda, sonra Pəncabda məskunlaşmışdılar. Çox güman ki, eftalitlər Mauriya imperiyasından sonra ikinci böyük Hindistan imperiyası olan Quptalar ilə burada qarşılaşıblar. Qupta və eftalitlər bu tarixlərdə sülh içində yaşayırdılar.
502-ci ildə Kavad eftalitlərlə ittifaqda Bizansa qarşı müharibəyə başladı. Eftalit ordusu Bizansın qala və şəhərlərinin tutulmasında fəal iştirak edirdi. Kavadın oğlu I Xosrov Ənuşirəvan (530-579) da eftalitlərlə son dərəcə ehtiyatlı davranır, toqquşmalardan çəkinirdi. Eftalitlər bu məqamdan istifadə edərək VI əsrin əvvəllərində persləri Mərkəzi Asiyadan tamamilə qovub çıxardılar. Artıq keçmiş Kuşan imperiyasının sərhədlərinə yiyələnən eftalitlər 510-cu ildə paytaxtı Pəncab vilayətinin Sakala (Sialkot) şəhərinə köçürməklə dövləti imperiyaya çevirdilər.
515-ci ildə Toraman Tiginin ölümündən sonra taxta oğlu və varisi Mihiraqulu xan keçdi. 515-530-cu illərdə hakimiyyətdə olduğu bilinən Mihiraqulu xan qaynaqlarda Hindistanın ən güclü hökmdarı və yaxud “Hindistanın Atillası” kimi qeyd olunur. Mihiraqulu xan hindu dininə rəğbət bəsləsə də, buddistlərə qəddarcasına davranışları ilə səciyyələndirilir. Toramandan sonra Kəşmir bölgəsini hakimiyyətinə tabe edən Mihiraqulu xan Qupta hökmdarını məğlub edərək Himalay aşırımlarına hakim oldu. Hindistanın Pəncab əyalətindəki Sialkot (Şakala/Sakala) şəhərini öz əyalətinin mərkəzinə çevirən Mihiraqulu Eftalit dövlətinin sərhədlərini Bəlxdən şimala və Mərkəzi Hindistana, hətta Kausambiyə qədər genişləndirdi. Dövlətin rəsmi paytaxtı Kunduz yaxınlığındakı Badiyan şəhəri idi.
Mihiraqulu haqqında müasiri olmuş çinli səyyah Sunq Yun səyahətnaməsində onunla Qəndaharda qaldığı zaman görüşmək imkanı qazandığını yazır. Görüş zamanı söhbətlərdə Mihiraqulunun adı birbaşa çəkilməsə də, sənəddəki dialoqlardan onun xaqanın özü olduğu aydın görünür. Mihiraqulunun ölümündən təxminən bir əsr sonra Hindistan torpaqlarına gələn digər çinli səyyah HsuanTsanq qeyd edir ki, bir əsr keçməsinə baxmayaraq, Mihiraqulu Hindistanın ən qüdrətli hun hökmdarı kimi tanınır, dövlətinin mərkəzi Sialkot (Sakala) şəhəridir və onun buddistlərə münasibəti, məbədləri sökmələri xalq arasında hələ də danışılır. Mihiraqulunun ölümündən sonrakı hadisələr bir qədər qaranlıqdır. Buna görə də Mihiraquludan sonra hakimiyyətin sona çatdığı düşünülür. 550-ci ildən etibarən eftalitlərdə yüksəliş dövrü geriləmə ilə əvəz olunur.
Tədricən oturaq həyata keçən eftalitlərin bir qismi yerli əhali ilə qaynayıb-qarışmışdı. Əhalinin əksəriyyəti artıq şəhərlərdə yaşayırdılar. VI əsrdə Bizans tarixçisi Menandra imperator II Yustinianın sarayına gəlmiş türk səfirləri ilə görüşündə eftalitlərin şəhər tayfası olduğuna dair məlumatlar verilmişdir. VI əsrin ortalarında Eftalit dövlətində Əbruy adlı birinin başçılığı ilə üsyan baş verdi. Üsyan nəticəsində hakimiyyətə yiyələnən Əbruy özünü eftalit çarı elan etdi. Onun “varlılara və aristokratiyaya” qarşı apardığı amansız mübarizəsi əhalinin kütləvi axınına səbəb oldu. Narazı eftalit aristokratiyası türkləri və çinliləri köməyə çağırdı. Türklərin köməyi sayəsində eftalit aristokratiyası Əbruyu taxtdan saldı və işgəncə ilə öldürdü.
Eftalit çarı Qatfar 560-cı ildə onun ərazisindən keçərək Sasani sarayına diplomatik missiya məqsədilə gedən türk səfirlərinin öldürülməsini əmr etdi. Sasani şahı Xosrov Qərbi türk xaqanlığı ilə nigah diplomatiyası quraraq İstəminin qızı ilə evləndi. Bu yolla mövqeyini gücləndirən Xosrov Türk xaqanlığı ilə yaxınlaşaraq 560-cı ildə eftalitlərə qarşı hərbi ittifaq bağladı. 563-567-ci illərdə eftalitlər üzərində parlaq qələbə qazanan İstəmi xaqan Səmərqəndi tutaraq eftalitləri dağlara çəkilməyə məcbur etdi. 565-ci ildə Nesef yaxınlığında baş verən və 8 gün davam edən döyüş İstəmi xaqanın qələbəsi ilə başa çatdı. Məğlub olmuş eftalitlər Qatfarı taxt-dan salaraq Caqanian knyazı Faqonişi onun yerinə seçdilər. Eftalit dövlətinin ərazisi Sasanilərlə Türk dövləti arasında bölündü. Amudəryanın şərq vilayətləri türklərin, Xorasan və Toxarıstan vilayətləri isə Sasanilərin əlinə keçdi. 567-ci ildə Eftalitlər dövlətinə sonuncu zərbəni vurmaqla dövlətin varlığına son qoyuldu. P.Qolden və Qəfəsoğu isə Eftalit dövlətinin 557-ci ildə Türklərlə Sasanilər arasında bölündüyünü qeyd edir.
VI əsrin ortalarında dövlətçilik atributlarını itirən eftalit tayfaları tədricən türk və perslər arasında əriyərək milli kimliklərini itirməyə başladılar. Hindistandakı eftalitlərin qərb qolunun VIII əsrin II yarısından, Kabil ətrafındakıların isə islamın fəthindən sonra tarix səhnəsindən silindiyi məlumdur.
Müxtəlif inkişaf mərhələlərində olan tayfaların silah gücünə hakimiyyətə tabe edilməsi dövlətin möhkəm siyasi təməllər üzərində qurulmadığının göstəricisi idi. Digər türk tayfalarından fərqli olaraq eftalitlər daha tez oturaq həyata keçmişdilər. Bu isə Eftalit ərazilərində ticarət və sənətkarlığın inkişafını, habelə şəhərlərin tərəqqisini sürətləndirdi. Digər bir tərəfdən, “Böyük İpək Yolu”nun əsas qollarının keçdiyi Eftalit şəhərlərində çoxlu sayda ticarət mərkəzləri və karvansaralar mövcud idi. Bu isə eftalitlərin əksəriyyətinin şəhərlərdə yaşadığından xəbər verirdi. Lakin aramsız müharibələr şəhərlərin iqtisadi həyatına zərbə vurur, köçəri tayfaların soyğunçu basqınlarına məruz qalırdılar.
Dövlətin paytaxtı əvvəlcə Bəlx və ya Paykənd, 510-cu ildən Sakala (Sialkut) şəhəri olmuşdur. Eftalit imperatorluğu Hindistana qədər genişləndikdən sonra mərkəzi idarəetmə aparatı şimal və cənub olmaqla ikiyə ayrılmışdır. Şimal eftalitlərinin idarə yeri Əfqanıstanın şimalında –Qunduz yaxınlığında, cənub bölümünün mərkəzi isə Pəncabda idi. Eftalit dövləti çarın ali hakimiyyətinə tabe olub irsi sülalələr tərəfindən idarə olunan yarımmüstəqil mülklərdən ibarət idi. Hər bir mülkün özünün sikkəsi var idi. Mənbələr eftalitlərin üzərində toxar yazısının əks olunduğu metal pullardan istifadə edildiyini yazır. Sikkələr üzərindəki şəkillərdən eftal çar-larının avropoid irqinə mənsub simalarının olduğunu görmək mümkündür. Eftal çarlarının antopoloji quruluşuna nəzər salsaq, onlar uzun burunları, enli gözləri, bığları və saqqalsız çənələri ilə seçilirdilər. Qadınlar hörük bağlayır, ipək qumaşdan paltarlar geyinirdilər. Əhali dəri ilə döşənmiş, divarlarından xalçalar asılmış yurtalarda yaşayırdılar.
Eftalit dövlətində bir neçə yazı növündən –Soqd, Brahma, Baktriya və s. paralel şəkildə istifadə olunurdu. Əfsuslar olsun ki, pullar üzərindəki yazılar istisna olmaqla eftalitlərin dilinə aid yazılı mətnlərə rast gəlinməmişdir.
Eftalitlər arasında müxtəlif dinlərə sitayiş olunurdu. Xüsusilə əhalinin əksəriyyəti maniçilik və məzdəkizm ideyalarına daha çox inanırdılar. Bununla yanaşı, eftalitlər arasında xristianlığın nestorian cərəyanının yayıldığı da məlumdur. Eftalitlər Sasani şahı II Yezdəgirdə qarşı mübarizədə xristian həmrəyliyi ideyasına əsaslanırdılar. Onlar yerli yunan-bütpərəst mədəniyyətinə düşmən münasibət bəsləyir, budda qanunlarına inanmır, bütxanaları dağıdırdılar. Eftalitlər vücudlarını döymə ilə bəzəyir, cəsədləri mumyalayır, tabutlarını qalın ağac gövdəsindən düzəldir və üzərinə müxtəlif heyvan rəsmləri çəkərdilər. Varlı evlərdən vəfat edənləri daş sərdabələrdə dəfn edir, yoxsulları isə qəbirlərdə basdırırdılar. Eftalit cəmiyyətində cəzalar son dərəcə sərt idi. Oğurluq edən şəxslər üçün ən ağır cəza metodu başın kəsilməsi idi. Eftalitlərə məxsus adət-ənənələr, mədəni dəyərlər, törəyə əsaslanan qayda-qanunlar digər xalqların yüksəlişinə səbəb olmuşdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Oktyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















