Almaniya Cənubi Qafqaza niyə gəldi?
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyanın xarici işlər naziri Yohan Vadefulun Azərbaycan və Ermənistana səfəri Berlinin regiona münasibətində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilir. Görünən odur ki, bu ölkə enerji təhlükəsizliyini, nəqliyyat-kommunikasiya xətlərini və Avropanın Cənubi Qafqazdakı geosiyasi mövqelərini gücləndirməyə çalışır. Bəs bu səfər Azərbaycana nə verə bilər və Avropanın sülh prosesində iştirakı hansı həddə olmalıdır?
Yohan Vadeful ötən gün Azərbaycana səfər edib. Noyabrın 18-də isə onun Ermənistana səfəri nəzərdə tutulub. Bu, Vadefulun Almaniyanın xarici işlər naziri kimi Cənubi Qafqaza ilk səfəridir.
Səfərdən əvvəl Almaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Cənubi Qafqazın tarixi dönüş nöqtəsində olduğu vurğulanıb. Vadeful bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın nümayiş etdirdiyi siyasi iradə və məsuliyyət regionda davamlı sülhün əsasını qoya bilər. O, 2025-ci ildə Vaşinqtonda sülh sazişinin mətninin paraflanmasını mühüm mərhələ adlandırıb və prosesin davam etdirilməsinin vacibliyini qeyd edib.
Nazirin açıqlamasında diqqətçəkən digər məqam təhlükəsizlik, nəqliyyat yollarının açılması, iqtisadi imkanların genişləndirilməsi və regional barışığın təşviqidir. Deməli, Berlin bu səfəri daha geniş geosiyasi və geoiqtisadi strategiyanın tərkib hissəsi kimi nəzərdən keçirir.
Almaniyanın Cənubi Qafqaza marağını anlamaq üçün əvvəlcə onun beynəlxalq sistemdəki yerinə nəzər salmaq lazımdır. Almaniya Avropa İttifaqının ən böyük iqtisadiyyatına, dünyanın aparıcı sənaye və ixrac potensialına malik dövlətlərindən biridir. Eyni zamanda G7 qrupunun üzvü, NATO-nun aparıcı ölkələrindən və Avropa İttifaqının siyasi qərarvermə mexanizmlərində əsas aktorlardan biridir. Berlinin xarici siyasətində iqtisadi diplomatiya, enerji təhlükəsizliyi, çoxtərəfli əməkdaşlıq, Avropa təhlükəsizlik arxitekturası və beynəlxalq hüquqa əsaslanan dövlətlərarası münasibətlər mühüm yer tutur.
Almaniya ABŞ və Çin kimi qlobal güclərlə münasibətlərini qorumaqla yanaşı, Avropanın strateji muxtariyyətinin artırılmasında da maraqlıdır. Rusiya-Ukrayna müharibəsindən sonra enerji təchizatının şaxələndirilməsi, alternativ nəqliyyat marşrutlarının inkişafı və Avropanın Şərq qonşuluğunda sabitliyin təmin olunması Berlin üçün daha aktual məsələlərə çevrilib. Buna görə Cənubi Qafqaz Almaniyanın xarici siyasətində xüsusi əhəmiyyət qazanır. Bunu vacib edəm həm də regionun Avropa ilə Asiya arasında yerləşməsi, enerji resurslarının, ticarət axınlarının və nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji məkan olmasıdır.
Almaniya Federal Xarici İşlər Nazirliyinin səfərlə bağlı yaydığı məlumatda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi vurğulanır. Bildirilir ki, Azərbaycan bu il Almaniyaya qaz ixracına başlayıb. Həmçinin Azərbaycanın Avropaya xam neft tədarük edən mühüm ölkələr sırasında olduğu qeyd edilir.
Qeyd edilən məqamlar Berlin üçün Bakının əhəmiyyətini artıran əsas amillərdəndir. Almaniya Azərbaycanla mövcud enerji əməkdaşlığı ilə yanaşı bərpaolunan enerji, yaşıl hidrogen və aşağı karbonlu iqtisadiyyat sahələrində tərəfdaşlığı da genişləndirmək istəyir.
Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında alternativ logistika marşrutlarının inkişafı baxımından mühüm mövqeyə malikdir. Orta Dəhliz Çin və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan nəqliyyat xəttidir. Almaniya üçün bu marşrutun əhəmiyyəti yalnız yükdaşımaların sürətlənməsi ilə məhdudlaşmır. Söhbət tədarük zəncirlərinin diversifikasiyasından, iqtisadi təhlükəsizlikdən və Avropanın Asiya bazarlarına çıxış imkanlarının genişləndirilməsindən gedir. Azərbaycanın coğrafi mövqeyi, liman və dəmir yolu infrastrukturu, enerji ixracı potensialı Berlinin diqqətini cəlb edən əsas üstünlüklərdəndir.
Almaniyanın Rusiya ilə münasibətləri Ukrayna müharibəsindən sonra ciddi şəkildə dəyişib. Berlin Moskvanın postsovet məkanında təsir imkanlarını qorumaq cəhdlərinə tənqidi yanaşır. Vadeful səfərdən əvvəlki bəyanatında Rusiyanın Cənubi Qafqazda təsirini saxlamağa çalışdığını və region ölkələrinin Avropaya yaxınlaşması ilə bağlı qərarların Moskvada verilməməli olduğunu bildirib.
Bu açıqlama səfərin siyasi məzmununu daha aydın göstərir. Almaniya Cənubi Qafqaz dövlətlərinin xarici siyasət seçimlərində müstəqil qərarvermə hüququnu önə çəkir. Eyni zamanda regionda Avropa İttifaqının siyasi və iqtisadi təsir imkanlarının genişlənməsində maraqlıdır. Deməli, Almaniyanın regiona marağı tək sülhün təmin olunması bağlanmır.
Yohan Vadeful noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin inkişafı və iyul ayında Almaniyaya səfər zamanı əldə olunmuş razılaşmaların icrası müzakirə olunub. Tərəflər siyasi, iqtisadi, investisiya, biznes, ənənəvi və alternativ enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Almaniya xarici işlər nazirinin Azərbaycandan sonra Ermənistana gedəcəyi təsdiqlənib. Bu səfər diplomatik protokolun adi elementi kimi qiymətləndirilməməlidir. Bu ardıcıllıq Berlinin hər iki ölkə ilə paralel münasibətlər qurmaq və sülh prosesində tərəflərlə ayrıca dialoq aparmaq niyyətini göstərir.
Noyabrın 18-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş gözlənilir. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub. Almaniya tərəfinin açıqladığı proqramda Ermənistanın baş naziri Nikol Paşinyanla da təmaslar yer alır. Danışıqlarda Ermənistanın Avropa İttifaqına yaxınlaşması, Azərbaycanla münasibətlərin normallaşdırılması, sülh sazişinin icrası və regional nəqliyyat əlaqələrinin inkişafı məsələlərinin müzakirəsi gözlənilir.
Görünən odur ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi Almaniyanın diqqət mərkəzindədir. Bu, özlüyündə təqlid edilməlidir. Lakin heç bir xarici güc Azərbaycan və Ermənistanın əvəzinə sülhün şərtlərini müəyyənləşdirməməlidir. Sülh prosesi xarici paytaxtların rəqabət meydanına çevrilərsə, onun dayanıqlılığı sual altına düşə bilər.
Azərbaycanın mövqeyindən yanaşdıqda, əsas prinsip dövlət suverenliyinin, ərazi bütövlüyünün və milli maraqların qorunmasıdır. Ermənistan üçün də sülhün davamlı olması müstəqil qərarvermə və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Bu baxımdan Almaniyanın Vadefulun dili ilə səsləndirdiyi “Azərbaycan və Ermənistan öz gələcəklərini özləri müəyyənləşdirməlidir” yanaşması diqqətəlayiqdir. Ancaq bu prinsip praktiki diplomatik davranışda da qorunmalıdır.
Səfərin Azərbaycan üçün əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək mümkündür.
Birincisi, Almaniya ilə strateji tərəfdaşlığın konkret layihələrlə zənginləşdirilməsi üçün siyasi imkan yaranır. Sənaye, texnologiya, alternativ enerji və investisiya sahələrində əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verə bilər.
Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu daha da möhkəmlənə bilər. Almaniyaya qaz ixracının başlanması bu münasibətlərə yeni iqtisadi məzmun verir.
Başqa bir məqam isə ondan ibarətdir ki, Orta Dəhlizin inkişafı istiqamətində Almaniyanın siyasi və iqtisadi marağının artması Azərbaycanın tranzit və logistika imkanlarını genişləndirə bilər. Başlıca məsələ, Bakı-Berlin dialoqu Azərbaycanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri ilə siyasi təmaslarını gücləndirir.
Təbii ki, səfərin real nəticəsini sonradan həyata keçiriləcək layihələr, imzalanacaq müqavilələr, investisiya həcmi və konkret əməkdaşlıq mexanizmləri ilə ölçmək lazımdır.
Birmənalı qeyd edilməlidir ki, Yohan Vadefulun səfəri Avropanın Cənubi Qafqazda artan marağının bir göstəricisidir. Lakin burada bir reallıq da nəzərə alınmalıdır. Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu coğrafiya olsa da, ölkələrin öz milli maraqları, təhlükəsizlik prioritetləri və xarici siyasət seçimləri var.
Elnur ƏMİROV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 18 Noyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















