Cənubi Qafqaza sülh gəlir...
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Paşinyanın müraciəti - 34 ildən sonra edilən erməni etirafları
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən tarixi görüşdən və Vaşinqton Bəyannaməsinin imzalanmasından sonra Cənubi Qafqaz yeni nkişaf mərhələsinin astanasındadadır. Uzun illər bölgəni gərginlik, müharibə və qeyri-müəyyənlik içində saxlayan faktorlar artıq aradan qalxmaq üzrədir. Azərbaycanın qətiyyətli qalibiyyətilə nəticələnmiş Vətən müharibəsi regionda reallıqları dəyişdirdi, beynəlxalq gücləri də bu reallıqla hesablaşmağa məcbur etdi. Məhz bu kontekstdə Ermənistan rəhbərliyinin də sülh yolunu seçməkdən başqa alternativi qalmadı. Artıq Ermənistan dərk edir ki, regionun gələcək inkişafı üçün sülh və təhlükəsizlik amilləri mütləq şəkildə ön plana çıxmalı, Cənubi Qafqazda əbədi sabitlik hökm sürməlidir.
Yeni dövrün astanasında...
Bəli, artıq 5 ildir ki, yeni inkişaf mərhələsi yaşayan, yeni siyasi reallıqlara əsaslanan Cənubi Qafqaz Azərbaycanın səyi nəticəsində özünün identikliyi ilə beynəlxalq münasibətlər sistemində önə çıxmaqdadır. Bu mərhələ regionun həyatında yeni - sabit, inkişafa yönəlik dövrün başlanğıcı kimi də qeyd edilə bilər. Bu gün yeni dünya nizamının formalaşdığı zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi tanınması qlobal diqqəti bizim coğrafiyaya fokuslandırır. Yeni dövr üçün xarakterik olacaq amillər sırasına qlobal güclərin maraqları və regional dinamika, Azərbaycanın regionun inkişafında və siyasi çəkisinin artmasında lider rolu, Ermənistanın dövlət olaraq özünü təsdiqləməsi üçün şans kimi məsələlər daxildir. Vaşinqton görüşündən sonrakı mərhələ regionda sülh və sabitliyi təmin etmək, həmçinin regional güc balansını təmin edərək dünya miqyasında daha möhkəm siyasi və iqtisadi əlaqələr qurmaqdır. Bunun üçün isə zəmin, şərait və hüquqi müstəvi mövcuddur. Qlobal təhlükəsizliyə verdiyimiz töhfələr bütün mənalarda ümumən Cənubi Qafqaz coğrafiyasının inkişaf perspektivinin əsas ştrixlərinə çevrilib. Yeni nizamda siyasi üstünlüklər iqtisadi diversifikasiya ilə möhkəmləndiriləcək ki, burada da Azərbaycanın rolu birmənalıdır. Yeni iqtisadi format bölgənin ümumi siyasi gücünü artırır - məhz Azərbaycanın apardığı siyasət Cənubi Qafqazın müstəqil aktor kimi çıxışını əsaslandırır. İllərdir ki, bir sıra xarici müdaxilə cəhdlərinə qarşı açıq mübarizə aparan və bütün proseslərdən qalib ayrılan Bakı mühüm presedent yaradır - ümumən bölgə üçün yeni inkişaf istiqamətləri müəyyənləşdirilir. Bölgədəki təhdidləri dəf etmək və yeni siyasi təşəbbüslərlə irəlilətmək məqsədi Azərbaycanın bütövlükdə, bölgə üçün hazırladığı strateji yol xəritəsinə çevrilməkdədir. Bu, həm regional tərəfdaşlığın yeni müstəvidə inkişafına dəstək verir, həm də Cənubi Qafqazın güc mərkəzi kimi özünü təsdiqləməsində əsas yaradır.
Bu mərhələdə Ermənistanın üzərinə düşən məsuliyyət isə sülhə və təhlükəsizliyə xələl gətirməməkdir. Vurğulandığı kimi, qeyri-konstruktiv mövqedən əl çəkməsi, sülhü imzalaması həm də İrəvana kənar qüvvələrin forpostu qiyafəsindən xilas olmaqda kömək edəcək. Bunun üçün isə Ermənistan bölgənin ümumi inkişaf strategiyasının hissəsi olaraq çıxış etməlidir - başqa sözlə, bölgədə gedən proseslərdə “maneolan rol”da deyil, “köməkedici rol”da olmalıdır. Yəni, bütün manipulyativ cəhdlər kənara qoyulmalı, dinc və sülh, heç bir təhdidin olmaması şəraitində yaşamaq üçün hüquqi zəmin formalaşdırmalı, paraflanmış sülh prosesinə sadiqlik nümayiş etdirməlidir.
Müraciətin əsas ana xətti...
Bu mənada, baş nazir Nikol Paşinyanın xalqa son müraciəti diqqəti cəlb edir. Vurğulanmalıdır ki, onun ritorikasında artıq revanşist çağırışlar deyil, əməkdaşlıq, sabitlik və inteqrasiyaya yönəlik mesajlar önə çıxır. Bu, təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün perspektiv sülh dövrünün başlanğıcından xəbər verir. Ermənistanın “düz yola qayıtması”, destruktiv mövqedən imtina etməsi, həm Azərbaycanla münasibətlərin normallaşdırılması, həm də regional əməkdaşlıq platformalarına qoşulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yeni mərhələ həm də beynəlxalq güclərin, xüsusilə Vaşinqtonun vasitəçiliyi ilə bölgədə davamlı sülh və təhlükəsizlik üçün atılan addımların nəticəsidir. Artıq Cənubi Qafqaz xalqları üçün qarşıdakı illər qarşıdurma illəri deyil, inkişaf və əməkdaşlıq illəri ola bilər. Paşinyanın xalqa ünvanladığı son müraciət də bu istiqamətdə verilən siyasi mesajların mühüm hissəsi kimi tarixə düşməkdədir.
Fərqli Cənubi Qafqaz, yeni Ermənistan...
Özünün müraciətində Paşinyan ABŞ-da Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb. O xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar - birincisi, onlar Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar, ikincisi, birgə bəyannamə qəbul ediblər. “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”, - Paşinyan bildirib.
Paşinyan vurğulayıb ki, əldə olunan razılaşmalar iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasına zəmin yaradır. “Biz nəhayət, bir alət kimi müharibəni rədd etdik və istisna etdik. Bu, yeni mərhələnin başlanğıcı deməkdir”, - deyə o əlavə edib.
Göründüyü kimi, Paşinyan öz çıxışında açıq şəkildə etiraf edir ki, Ermənistanın indiyədək tutduğu mövqe (müharibə, terrorizm, təhdid və işğalçılıq) ölkəni təcridə, geriliyə və təhlükəsizlik risklərinə sürükləyib. Onun “sülhdən başqa yol yoxdur” mesajı, əslində, 2020-ci ildən sonra yaranmış geosiyasi nizamın qəbul edilməsinin təsdiqidir. Bu, həm daxildə erməni cəmiyyətinə, həm də xarici tərəfdaşlara verilən vacib siqnaldır.
Ermənistan cəmiyyəti 34 il səhvə yol verib...
Paşinyan, həmçinin bildirib ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp Azərbaycanla münasibətlərin normallaşması prosesində əvəzsiz rol oynayıb: “Bu prosesdə ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının rolunu qiymətləndirməmək olmaz. Məhz buna görə də biz Azərbaycan Prezidenti ilə birlikdə cənab Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək qərarına gəldik”.
Paşinyan, həmçinin bildirib ki, Vaşinqton razılaşması həm Ermənistan, həm də Azərbaycan üçün mütləq uğurdur. “34 illik dövlətçiliyimizin tarixində biz bütün xarici siyasət və diplomatik hadisələri “qələbə və ya məğlubiyyət” miqyasında qiymətləndirməyə çalışmışıq. Hörmətli insanlar, mən cəsarətlə deməliyəm: bu, sualın yanlış formalaşdırılmasıdır. Çünki seçim həmişə qələbə və məğlubiyyət arasındadırsa, məğlubiyyət qaçılmazdır”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, əldə olunan razılaşmalar Ermənistanda dövlət quruculuğu konsepsiyasının əsl təntənəsidir. “Əsas razılığa gələn bütün tərəflərə uğur vəd edən qarşılıqlı razılaşma düsturudur. Vaşinqton razılaşmaları həm Ermənistan, həm Azərbaycan, həm də ABŞ üçün mütləq uğurdur. Bu razılaşma dövlətimizi əsas strategiyasına uyğun olaraq etibarlı, sabit edir, müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirir, bizim rifahımızı və xoşbəxtliyimizi reallaşdırır”, - deyə Ermənistan hökumətinin başqçısı bildirib.
Erməni baş nazirin bu fikri növbəti etirafın anonsudur - Ermənistanın yürütdüyü işğalçılıq, təcavüzkar siyasət 30 ilə yaxın bir müddətdə bölgəsəl birliyin foromalaşdırılmasına maneçilik törətməklə yanaşı, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqla Ermənistan bütünlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yaranmasını ləngidib. Bu isə özlüyündə regionun iqtisadi-sosial potiensialının tam şəkildə açılmasına, qlobal iqtisadi münasibətlər sistemində dayiqliyi yerini tutmasına mane oldu. Paralel olaraq bu proses Ermənistanın bir dövlət kimi özünü sübut etməsinə mane olub - çünki bütün qlobal birlik İrəvanı bu və ya digər şəkildə işğalçı dövlət kimi tanıyıb. Bu gün Azərbaycan Ermənistana həm də özünü müstəqil dövlət kimi xarakterizə etmək imkanı yaradır.
“Ermənistanla Azərbaycan arasında marşrutlar açılır”
“Vaşinqton razılaşmaları nəticəsində Ermənistan təcrid vəziyyətindən çıxır. Bu, son vaxtlar qeyri-mümkün hesab edilən nəticədir”. Bunu müraciətində Paşinyan deyib: “Ermənistanla Azərbaycan arasında marşrutlar açılır. Bu o deməkdir ki, nəqliyyat kommunikasiyalarının bərpası və tikintisi sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və razılaşdırılması prosesləri ilə müşayiət olunmalıdır”. Paşinyanın sözlərinə görə, Ermənistan sərhədi keçmə prosedurlarını sadələşdirməyə hazırdır: “Bu, ilk növbədə həll edilməli olan məsələdir. Bu, bizə yeni narahatlıqlar yaradırmı? Qətiyyən yox”.
Nikol Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi gündəmdədir. O qeyd edib ki, Ermənistan ərazisindən keçməklə Azərbaycan Respublikası ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsinə xüsusi diqqət yetirilib. “Bu, Ermənistan üçün yeni perspektivlər, eləcə də beynəlxalq səviyyədə tanınmış kommunikasiya təminatı və əməkdaşlıq deməkdir”, - o qeyd edib.
Bəli, Ermənistanın siyasi rəhbərliyi artıq etiraf edir ki, vurğulanan kommunikasiya sistemlərinin bərpası, açılması mütləqdir. Çünki yolun açılması Azərbaycandan Azərbaycana rahat və maneəsiz yol olduğu qədər Ermənistan üçün mühüm iqtisadi platformadır. Nəzərdə tutulan marşrutların reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Paralel olaraq Ermənistan bu yolun açılması ilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Bu amil Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Belə ki, Ermənistanın regional ticarət yollarına çıxışını bərpa etməyə və daha böyük iqtisadi məkana inteqrasiya etməyə imkan əldə edəcək. Bu yol vasitəsilə Ermənistan daha böyük xarici bazarlara çıxış imkanı qazanacaq. Paralel olaraq Türkiyə və Azərbaycanla əlaqələri normallaşacaq- bu da özlüyündə, Ermənistan iqtisadiyyatına geniş imkanlar yaradacaq. Yeni logistika və infrastruktur imkanları sayəsində nəqliyyat, ticarət, enerji və xidmət sektorlarında inkişaf sürətlənəcək. Eyni zamanda, Ermənistanda xarici sərmayə artacaq - açıq sərhədlər və sülh mühiti Ermənistan iqtisadiyyatına inamı artıracaq. İqtisadi dalan mühiti aradan qalxacaq.
“Ermənilərin Qarabağa qayıdışı ideyasını real hesab etmirəm”...
Ermənistanın baş naziri bəyan edib ki, yalnız Qarabağ məsələsinin bağlanması Azərbaycanla sülhü mümkün edib. “Mən dedim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm, xalq bu məntiqlə razılaşmırsa, inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi anladınız: Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq. Bəzi qüvvələr Qarabağ məsələsindən sadəcə olaraq, Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”.
Paşinyan Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra Qarabağı könüllü tərk edən ermənilərlə bağlı məsələyə də toxunub. “Mən dəfələrlə açıq şəkildə demişəm: onların qayıdışı ideyasını real hesab etmirəm. Ümumiyyətlə, bu, Ermənistanla Azərbaycan arasında yaradılmış sülhə xələl gətirən mövzudur. Onu yenidən gündəmə gətirmək cəhdləri heç nə verməyəcək və yalnız dövlətlər arasında gərginlik yaradacaq. Ona görə də bildirirəm ki, bəli, bu, sülh üçün yeni və təhlükəli mövzudur”.
Onun sözlərinə görə, bu xəttlə razılaşmayanların hamısı şüurlu və ya şüursuz olaraq yeni münaqişələrdə maraqlı olan qüvvələrin düşərgəsində olurlar.
Paşinyan Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıdığını deyib: “Bu, o deməkdir ki, tərəflər Ermənistan Respublikasının ərazisi ilə Azərbaycan Respublikasının ərazisinin hüquqi baxımdan keçmiş sovet respublikaları olan Ermənistan SSR və Azərbaycan SSR əraziləri ilə eyni olması faktından çıxış edirlər. Bu reallıq sərhədlərin demarkasiyası prosesində öz həllini tapmalıdır”, - Paşinyan bildirib.
Göründüyü kimi, Paşinyanın müraciətində Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya proseslərinə sadiqliyini ifadə etməsi diqqət çəkir. Bu, əslində onilliklərdir davam edən sərhəd mübahisələrinin həllinə aparan yolun başlanğıcıdır. Ermənistan rəhbərliyi anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan ölkə iqtisadi və siyasi sabitliyə qovuşa bilməz. Paralel olaraq Qarabağı könüllü tərk edən ermənilərin qayıtmayacağı ilə fikirlər hələ də köhnə təfəkkürlü, revanşist qruplara mütləq cavab xarakteri daşıyır.
Pərviz İSMAYILOV


