Almaniyanın gənc nəslindən sistemə sərt mesaj
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
"Gen Z regelt" hərəkatı və Avropanın dərinləşən böhranı
Avropanın sosial və siyasi arxitekturası son illərin ən kəskin sınaqları ilə üz-üzədir. Almaniyada "Gen Z regelt" ("Z nəsli həll edir") hərəkatının çağırışı ilə ölkənin 34 şəhərini bürüyən kütləvi aksiyalar qoca qitənin idarəetmə mexanizmlərindəki dərin çatları bir daha üzə çıxardı. "Der Spiegel" və "Tagesspiegel" qəzetlərinin son yayımladığı məlumatlara görə, ölkə miqyasında təşkil olunan etirazlarda on minlərlə gənc küçələrə axışaraq mövcud siyasi kursa qarşı sərt etirazlarını nümayiş etdirib. Etiraz dalğası bütövlükdə Avropada illərdir yığılan, lakin siyasi elita tərəfindən nəzərə alınmayan sistemli problemlərin kulminasiya nöqtəsi hesab olunur.
Almaniyanın Berlin, Hamburq, Köln, Frankfurt və Münxen kimi aparıcı mərkəzlərində eyni vaxtda baş tutan yürüşlər cəmiyyətin müxtəlif təbəqələrini, xüsusilə də gənc nəsli birləşdirib. Ölkə üzrə aksiyalara qatılanların sayı 160 min nəfəri ötüb. Gənclərin bu cür kütləvi şəkildə təşkilatlanması Almaniya hökuməti üçün gözlənilməz olub. Alman ticarət və işgüzar dairələri mümkün iğtişaşlar səbəbindən paytaxt Berlin və digər böyük şəhərlərdəki mərkəzi mağazaların və şirkətlərin vitrinlərini qoruyucu taxta lövhələrlə bağlamaq məcburiyyətində qalıblar. Sözügedən mənzərə ölkədə hökm sürən inamsızlıq mühitini və gərginliyin miqyasını əyani şəkildə göstərir. Aksiyaların ümumi olaraq dinc xarakter daşımasına baxmayaraq, bəzi iri şəhərlərdə vəziyyət sürətlə gərginləşib və qarşıdurmalara səbəb olub. Xüsusilə Hamburq şəhərində nümayişlərin gedişində küçələrdə barrikadalar qurularaq od vurulub, pol ünvanına pirotexniki vasitələr və müxtəlif əşyalar atılıb. Almaniyanın yerli xəstəxana-polis hesabatlarına görə, asayişi qorumaq və kütləni nəzarətdən çıxmamaq üçün hüquq-mühafizə qüvvələri su şırnaqları, bibər qazı və sərt müdaxilə vasitələrindən istifadə etməli olub. Köln şəhərində də polislə gənclər arasında toqquşmalar qeydə alınıb, bəzi nümayiş marşrutları rəsmi qurumlar tərəfindən qadağan edilib.
Alman gəncliyinin irəli sürdüyü tələblər ölkənin sosial-iqtisadi modelinin əsas sütunlarını hədəf alır. Birincisi, Avropanı bürüyən inflyasiya və yaşayış xərclərinin kəskin artması fonunda gənc nəsil gündəlik həyat xərclərini qarşılamaqda çətinlik çəkir, kirayə qiymətlərinin baha olması isə gələcəyə inamı sarsıdır. İkincisi, ölkə məktəblərinin və universitetlərinin büdcə kəsirləri ilə üzləşməsi, binaların köhnəlməsi və rəqəmsallaşma sahəsindəki geriləmələr təhsil alanların haqlı qəzəbinə səbəb olur. Bununla yanaşı, Almaniya siyasi səhnəsində müzakirə olunan məcburi hərbi xidmətin (Wehrpflicht) bərpası ideyası gənclər tərəfindən qətiyyətlə rədd edilir. Onlar öz həyatlarının və gələcəklərinin hərbiləşdirilmiş siyasətə qurban verilməsini istəmirlər. Ekoloji məsələlərdə isə hökumətin verdiyi "yaşıl keçid" vədlərinin kağız üzərində qalması, real iqlim tədbirlərinin gecikdirilməsi gənc nəslin dövlət aparatına olan etimadını tamamilə yox edib. Göründüyü kimi, Almaniyadakı etiraz dalğası da bütün Avropa İttifaqını əhatə edən geniş miqyaslı sistem xəstəliyinin təzahürüdür. Avropa hökumətləri uzun müddətdir ki, cəmiyyət qarşısında təmkinli vədlər verməklə kifayətlənirlər, lakin yaranan dərin iqtisadi tənəzzülün qarşısını almaqda acizdirlər.
Rusiya-Ukrayna münaqisəsindən sonra kəskinləşən enerji böhranı da Almaniyanın sənaye gücünü zəiflədib, istehsal xərclərini artırıb və dövlətin sosial öhdəliklərini yerinə yetirməsini çətinləşdirib. Eyni zamanda, miqrant böhranının yaratdığı inteqrasiya problemləri və təhlükəsizlik riskləri cəmiyyətdəki qütbləşmanı dərinləşdirir. Hakimiyyət dairələri problemlərin köklü həllinə fokuslanmaq əvəzinə, büdcə vəsaitlərini sosial sektordan və təhsildən yayındıraraq digər sahələrə yönəldirlər ki, bu da əhalinin səbr kasasını daşdıran əsas amildir.
Almaniyada baş verən kütləvi nümayişlər aydın şəkildə nümayiş etdirir ki, ənənəvi siyasi elita cəmiyyətin, xüsusən də gənc nəslin gözləntilərini və dərinləşən narazılığını doğru qiymətləndirməkdə çətinlik çəkir. "Gen Z regelt" hərəkatının 34 şəhəri əhatə edən kütləvi aksiyaları Avropanın mövcud idarəetmə modelinin və sosial-iqtisadi mexanizmlərinin köklü islahatlara ehtiyacı olduğunu açıq müstəviyə çıxarır. Hökumətlərin problemləri dərindən həll etmək əvəzinə, təhlükəsizlik tədbirlərini artırması və inzibati qadağalara sığınması gənclərin siyasi institutlara olan son etimad bağlarını da qoparır. Əgər Almaniya rəhbərliyi və Avropa İttifaqı liderləri cəmiyyətin, xüsusilə də gələcəyi təmsil edən gənc nəslin real tələblərinə adekvat reaksiya verməzsə, hazırda küçələrə sızan narazılıq dalğası tədricən daha geniş sosial təbəqələri əhatə edə bilər. Belə olan təqdirdə qoca qitənin yaxın gələcəkdə qaçılmaz idarəetmə böhranı, dərinləşən siyasi qütbləşmə və uzunmüddətli sistemli qeyri-sabitliklə üz-üzə qalacağı ehtimalı böyükdür.
N.Beydiyeva
XQ
Baxış sayı:78
Bu xəbər 01 Noyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















