Anadolu kəndinin balet ruhu
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Şahanə MÜŞFİQ
Dünyanın mədəniyyət xəritəsində bəzən elə nöqtələr olur ki, onları tanıdıqca mədəniyyətin yalnız böyük şəhərlərdən doğmadığını, əksinə, bəzən ən sakit, ən kənarda qalan bir kəndin dünya miqyaslı bir səhnəyə çevrilə bildiyini anlayırsan.
XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində, Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi proqramına daxil olan "Balet rəqqasları kəndi" adlı sənədli film məhz belə bir möcüzənin izindən gedir. Film sadəcə bir kənddən çıxan kişi baletçilərin uğur hekayəsini göstərməklə kifayətlənmir, eləcə də Türkiyənin Anadolu ruhu ilə dünya sənətinin incəliklərini birləşdirən körpünün yaranma hekayəsini danışır. Bəzən bir kəndin taleyi bir insanın hekayəsi qədər sakit, bir hekayənin yüksəlişi isə bir kəndin tarixi qədər böyük olur. Bu sənədli film həmin böyük hekayənin kameralara köçürülmüş formasıdır.
Anadolu kəndlərinin təsərrüfat səsi, torpaq qoxusu, səhər günəşlə birgə günə başlayan adamların həyət-bacada eşidilən gündəlik işi adətən sənət fenomenlərinin mövzusuna çevrilmir. Lakin bu film göstərir ki, bəzən məhz belə ənənəvi fonlar insanı başqa bir istiqamətə aparan başlanğıc nöqtələri olur. "Balet rəqqasları kəndi"ndə hekayə Çorumun kiçik, təvazökar bir kəndindən başlayır. Bu kənddə baletin nə göründüyü, nə bilindiyi, nə də təsəvvür edildiyi bir dövrdə - 1973-cü ildə sadə təsadüf nəticəsində Əlaəddin Acar adlı bir gənc balet sənətinə qədəm qoyur. Bu addım təkcə onun həyatını deyil, bir kəndin taleyini dəyişdirir. Onun valideynlərinin və böyüklərinin balet sənətini tanımadan, bilmədən, sadəcə "övladımız yatılı məktəbə gedib həyatını qurtarsın" düşüncəsi neçə nəslin taleyini müəyyənləşdirir. Bəli, o dövrdə bir ucqar kənddə uşağın hər hansı bir məktəbdə "yatılı" qalması "özünü xilas etməsi" demək imiş. Xüsusən də, məktəbi bitirəndən sonra dövlət işi ilə təmin şansı varsa, övladının gələcəyini hər şeydən üstün tutan ana-ata üçün tapılmaz nemət olarmış. Məhz bu düşüncə ilə başlayır kəndin kişilərinin balet macərası.
Sənədli filmdə Çorumun Başpınar kəndindən olan gənclərin böyük şəhərlərdə təhsil almalarına baxmayaraq, heç vaxt öz doğma yurdlarını tərk etmədikləri, yay aylarında kəndlərinə qayıdaraq kənd təsərrüfatı və heyvandarlıqda ailələrinə dəstək olmaları, eləcə də kənddəki gənclərə ilham vermələri təsvir olunur.
Filmdə rejissor Fatih Direnin qurduğu incə xətt elə ilk dəqiqələrdən tamaşaçını düşündürür: necə olur ki, baletin intizamlı bədən dili, sərt məşq ritmi, musiqi ilə hərəkətin poetik harmoniyası Anadolu kəndinin həyətində yoğrulan sadə bir həyatla kəsişir? Bu sual filmin əsas dramaturji özəyidir. Film boyunca bu qarşılaşma həm vizual, həm sosial, həm də emosional təbəqələrdə işlənir.
Filmin ən güclü tərəfi kəndin həyat ritmini baletin ritmi ilə paralel göstərməkdir. Bir tərəfdə səhər tezdən qoyunların səsi, torpaq işləri, bostan sulayan qadınlar... Digər tərəfdə isə klassik musiqinin fonunda balet hərəkətləri... Bu iki dünyanın bir kəndin daxilində qovuşması həm tamaşaçıda təəccüb, həm də heyranlıq yaradır. Çünki bu film bir daha sübut edir ki, sənət üçün coğrafi sərhəd anlayışı yoxdur, münbit şərait yarananda ən gözlənilməz yerlərdən belə sənətkar çıxa bilər.
Rejissorun burada məqsədi kəndin içindəki potensialı, gözə görünməyən enerjini ortaya çıxarmaqdır. Quruluşçu operator Evrim İncinin kamerası kənd həyatını romantikləşdirmədən, amma sevgi ilə göstərir. Bu obyektiv yanaşma ekran əsərinin həm səmimiyyətini artırır, həm də sosial dərinliyini təmin edir.
"Balet rəqqasları kəndi" sadəcə bir neçə baletçinin həyatını ard-arda göstərən sənədli film deyil. O, fərdi hekayələri yığaraq bir kollektiv portret yaradır. Kənddə artıq dörd nəslə yayılan balet ənənəsi formalaşıb. Filmdə hər bir gəncin hekayəsi bir tərəfdən şəxsi istək, zəhmət, məşq ritmi, digər tərəfdən isə kəndin qarşılıqlı dəstəyi, ailə inancları və bu yolun açdığı yeni imkanlar fonunda təqdim olunur.
Sənədli filmdə danışan qəhrəmanlar, onların valideynləri, müəllimləri öz səsləri ilə bu kollektivi tamamlayırlar. Rejissorun yanaşması monoloqa əsaslanmır, o, qarşılıqlı dialoq yaradır. İnsanların danışdığı hər hekayə kəndin mədəni dönüşümünün bir parçası kimi səslənir.
Bir valideynin "Biz əvvəllər baletin nə olduğunu bilmirdik, amma övladımız bir addım atdı və biz ona baxıb öyrəndik" deməsi filmin əsas mesajlarından birini gücləndirir. Belə ki, bəzən mədəniyyət cəmiyyətə yuxarıdan deyil, aşağıdan gəlir, bir uşağın cəsarəti bütün bir kəndin dünyagörüşünü dəyişir.
Balet Türkiyədə çox da yayılmayan bir sənətdir. Xüsusən, kişilərin balet sənəti ilə məşğul olması elə də görünməmiş hadisədir. Hətta bu 4 nəslin son nümayəndəsi, ən gənc balet ifaçısı olan Alpərən Dağ belə konservatoriyanın balet ixtisasına qəbul olarkən qrupda tək oğlan olmağın qəribəliyini yaşadığını deyir. Yəni 50 ildən sonra - 2020-ci illərdə böyük şəhərdə hələ də oğlanlar balet sənətinə qəribəlik kimi baxarkən, 1970-ci illərdə Başpınar kəndi gənclərinin hansı çətinliklərə sinə gərdiyini təsəvvür etmək heç də çətin deyil.
Çünki hələ də balet bizim kimi şərq insanı üçün "elit" sənət olaraq görülür. Filmdə isə bu anlayış tamamilə dağıdılır. Kənddən çıxan baletçilər böyük şəhərlərdə təhsil alır, Dövlət Opera və Balet səhnəsində oynayır, xarici ölkələrdə səhnəyə çıxır, amma hər yay yenə kəndlərinə, öz doğma torpaqlarına, ailələrinə geri dönürlər. Bu qayıdış həm mənəvi bağlılıqdır, həm də mədəniyyətin "yalnız şəhərdə doğulur" mifinə qarşı bir cavab.
Bir kəndin içində illər əvvəl açılmış kiçik bir pəncərə zamanla qapıya çevrilir və dörd nəsil gənclər bu qapıdan çıxaraq öz yollarını tapırlar.
Rejissorun vizual dili filmi sadəcə informativ deyil, həm də poetik edir. Məşqlərin gərgin kadrları ilə kəndin səhər şəfəqi arasında qurulan keçidlər filmə ritm verir. Balet səhnəsinin aydın işıqları ilə kəndin çöl işıqları kontrast yaradır. Bu kontrast isə simvolik bir məna daşıyır: sənət zülmətin içində yanan işıq kimidir.
Kamera həm kəndin ucsuz-bucaqsız çöllərinə, həm də səhnəyə eyni məsafədən yanaşır. Bu da rejissorun əsas ideyasını gücləndirir. Yəni rejissor bu kadrlarla sözsüz sübut edir ki, iki dünyanın biri digərindən üstün deyil, hər ikisi eyni dərəcədə dəyərlidir və hər ikisi insanın formalaşmasına xidmət edir.
Sənədli film göstərir ki, bu kənddə balet artıq təkcə bir sənət növü deyil, bir kimlik elementinə çevrilib. İnsanlar öz kəndlərini "baletçilər kəndi" kimi tanıdırlar. Bu özünütəsdiq mədəniyyətin insanlara verdiyi ən böyük ənamlardan biridir. Kəndin gəncləri artıq öz gələcəklərini təsərrüfat və ya başqa ənənəvi peşələrlə məhdudlaşdırmır, əksinə, daha geniş, daha dinamik bir perspektivlə düşünürlər.
Bu dəyişiklik təkcə gənclərə deyil, bütöv icmaya təsir edir. Valideynlər övladlarının önündə açılan imkanları gördükcə öz baxış bucaqlarını genişləndirirlər. Cəmiyyətin mədəniyyətlə tanışlığı birdən-birə artmır, amma bir balet dərsi, bir uşaq uğuru bu tanışlığın toxumunu səpir.
Filmin emosional xəritəsi çox güclüdür. Tamaşaçı təkcə baletin estetikasına yox, həm də kəndin səmimiyyətinə heyran olur. Baletçi gəncin kənd yolunda ayaqlarını isitməsi üçün məşq etməsi, dizlərini ovuşdurması, yaxud qızlarla birgə əzmlə çalışması, kəndin uşaqlarına baletin ilk hərəkətlərini göstərməsi kimi səhnələr filmin emosional tonunu artırır, tamaşaçının gözlərini yaşardır. Həmçinin, Alpərən Dağın anası öz müsahibəsində oğlu ilə qürur duyduğunu, onun bir də doğulsa, yenə də balet artisti olmasını istədiyini elə ürəklə dilə gətirir ki, insan sadə kənd qadınının içindəki sənət eşqinə heyran olur.
Filmin sonunda tamaşaçı düşünür ki, əgər bir ucqar kənddə gənclər heç tanımadıqları, bilmədikləri bir sənətlə - baletlə məşğul olub belə yüksək uğurlar əldə edə bilirlərsə, demək ki, məkanından, zamanından asılı olmayaraq, hər kəsin içində kəşf olunacağını gözləyən bir potensial var.
Filmin bir başqa vacib tərəfi onun mədəniyyət siyasətinə dair dolayı mesajıdır. Dünyanın hər yerində mədəniyyətə çıxış imkanı bərabər deyil. Bölgələrarası fərqlər, təhsil çatışmazlığı, mərkəzləşmiş mədəni struktur kənd gənclərinin potensialını çox zaman "gizli xəzinə" olaraq saxlayır. Bu sənədli film göstərir ki, əgər imkan yaradılsa, istedad hər yerdə cücərib boy atacaq.
Yəni balet burada təkcə bir sənət deyil, həm də gizli potensialın üzə çıxarılmasının metaforudur. Balet bədənini zəhmətlə yoğuran iradənin forması, çətinlik içindən yüksəlişin rəmzidir. Kənddən çıxan gənclər sanki öz həyatlarını da həmin intizamla formalaşdırırlar. Balet onların yalnız hərəkət estetikasını deyil, həm də həyat ritmini dəyişdirir.
"Balet rəqqasları kəndi" təkcə sənədli film deyil. O, mədəniyyətin coğrafiyalardan asılı olmadığını göstərən ilhamverici manifestdir. Filmdə kəndin tozlu yolları balet meydanına, tarlada işləyən əllər isə səhnənin incə jestlərinə çevrilir. Bu dəyişimin şahidi olmaq tamaşaçıya ümid, inam və yaradıcı güc aşılayır.
Bu sənədli film göstərir ki, bir kəndin taleyini bir insan dəyişdirə, bir insanın yolunu bir sənət aça bilər. Anadolunun sakit bir nöqtəsində başlayan bu hekayə indi dünyanın fərqli festivallarına gedir, fərqli ölkələrin tamaşaçılarını düşündürür, ilhamlandırır. "Balet rəqqasları kəndi" bizi həm sənətin, həm insan iradəsinin, həm də cəmiyyət dəstəyinin gücünə inandırır. Kənddən başlayan bu yolun bu qədər uzağa getməsi isə bir daha sübut edir ki, sənət yol tapanda heç bir sərhəd tanımır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 11 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















