Antalyadan dünyaya iqlim xəbərdarlığı: ortaq mövqe tapılmadı
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
COP31-də yekun razılaşmanın əldə olunmaması qlobal ekoloji əməkdaşlığın qarşısında yeni suallar yaradıb
Dünyanın diqqət mərkəzində olan BMT-nin 31-ci İqlim Dəyişikliyi Konfransı (COP31) Türkiyənin Antalya şəhərində mürəkkəb danışıqlardan sonra yekunlaşıb. İki həftə davam edən beynəlxalq müzakirələrə baxmayaraq, dövlətlər iqlim böhranına qarşı mübarizənin gələcək istiqamətlərini müəyyənləşdirən ümumi siyasi razılaşma əldə edə bilməyiblər.
ABC News-un dərc etdiyi məlumata görə, sammitin əsas yekun sənədi fosil yanacaqlardan istifadənin azaldılması məsələsində yaranan fikir ayrılıqları səbəbindən qəbul olunmayıb. Danışıqların nəzərdə tutulan vaxtdan təxminən 44 saat artıq davam etməsi də tərəflər arasında ortaq mövqeyə gəlməyin nə qədər çətin olduğunu göstərib. Beləliklə, Antalya konfransı BMT-nin indiyədək keçirilmiş ən uzun iqlim sammiti kimi tarixə düşüb.
Əsas fikir ayrılığı kömür, neft və təbii qazdan mərhələli imtinanın yekun sənəddə açıq şəkildə əks olunması ilə bağlı olub. Avropa İttifaqı və bir sıra dövlətlər bu məsələnin sənəddə konkret ifadə edilməsini tələb ediblər. Rusiya və Səudiyyə Ərəbistanı isə fosil yanacaqlara birbaşa istinadın sənədə daxil edilməsini dəstəkləməyiblər.
İnkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsi də danışıqların mühüm mübahisə mövzularından biri olub. İqlim dəyişikliklərinin ağır nəticələri ilə üzləşən dövlətlər uyğunlaşma tədbirlərinin həyata keçirilməsi üçün daha konkret və yetərli maliyyə təminatı tələb ediblər.
Avstraliyanın iqlim və energetika naziri, konfransın həmsədri Kris Bouen yekun nəticəni məyusedici adlandırıb. Onun sözlərinə görə, tərəflərin əsas məsələlərdə müəyyən etdiyi qırmızı xətlər arasında körpü yaratmaq mümkün olmayıb.
BMT-nin Baş katibi Antonio Quterreş də ümumi razılaşmanın əldə edilməməsindən dərin məyusluğunu ifadə edib. O, iqlim böhranının təxirəsalınmaz xarakter daşıdığını və elmi faktların heç bir şübhə yeri qoymadığını vurğulayıb.
Bununla belə, Antalya sammitində bütün istiqamətlər üzrə irəliləyişin olmadığı qənaətinə gəlmək düzgün olmazdı. Ayrı-ayrı texniki və təşkilati məsələlər üzrə qərarlar qəbul edilib, iqlimə uyğunlaşma və ədalətli enerji keçidi istiqamətində müzakirələr davam etdirilib. Türkiyənin irəli sürdüyü təşəbbüslərdən biri də 2035-ci ilədək elektrik enerjisinin ümumi son enerji istehlakındakı payının 35 faizə çatdırılması hədəfi olub.
Antalya danışıqlarının nəticəsi bir daha göstərdi ki, iqlim böhranı ilə mübarizə yalnız ekoloji çağırış deyil, həm də ciddi iqtisadi və siyasi məsuliyyətdir. Dövlətlərin enerji təhlükəsizliyi, inkişaf prioritetləri və maliyyə imkanları arasında yaranan ziddiyyətlər ümumi məqsədlərə çatmağı çətinləşdirir.
Lakin planetin gələcəyi ayrı-ayrı ölkələrin mövqelərindən daha böyük məsələdir. İqlim dəyişikliklərinin yaratdığı təhlükələr sərhəd tanımadığı kimi, onların qarşısının alınması da yalnız beynəlxalq həmrəylik, qarşılıqlı etimad və konkret fəaliyyət sayəsində mümkündür.
Antalyada əldə olunmayan razılaşma dünya dövlətləri üçün mühüm xəbərdarlıqdır: təbiətin qorunması məsələsində gecikən qərarların bədəlini gələcək nəsillər ödəməli olacaq.
Nurəngiz Adilqızı
XQ
Baxış sayı:82
Bu xəbər 23 Noyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















