Icma.az
close
up
RU
Aqrar elm və təhsilə xidmətdə keçən ömür

Aqrar elm və təhsilə xidmətdə keçən ömür

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

İbrahim Cəfərov – 70

Azərbaycan aqrar elminin və kənd təsərrüfatı təhsilinin inkişafında mühüm xidmətləri olan tanınmış alim, AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Həsən oğlu Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Düdəngə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açmışdır. Gələcək alimin elmi-formalaşma mərhələsi Azərbaycan aqrar təhsilinin aparıcı ocaqlarından biri olan Azərbaycan Kənd Təsərrüfatı institutu ilə bağlı olmuşdur. O, 1979-cu ildə bu ali təhsil müəssisəsinin dinləyicisi, 1980-1985-ci illərdə isə tələbəsi olmuş, 1985-ci ildə institutun bitki mühafizəsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi araşdırmalara erkən maraq göstərən İbrahim Cəfərov 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının Fitopatologiya kafedrasında əyani aspiranturada təhsil almışdır. O, dissertasiya işini vaxtından əvvəl – 1989-cu ildə uğurla müdafiə edərək kənd təsərrüfatı elmləri üzrə elmlər namizədi, alimlik dərəcəsinə layiq görülmüşdür.

Alimin uzunillik fundamental və tətbiqi tədqiqatlarının məntiqi nəticəsi olaraq, 2006-cı ildə “Azərbaycanın çəyirdəkli meyvə bitkilərinin mikobiotası (növ tərkibi, törədicilərin biologiyası, zərərlilik, mühafizə tədbirləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 2010-cu ildə professor elmi adı almışdır.

Bütün yaradıcılıq fəaliyyətini Azərbaycan aqrar elminin və təhsilinin inkişafına həsr edən İbrahim Cəfərovun elmi xidmətləri 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilməsi ilə daha da yüksək səviyyədə dəyərləndirilmişdir. Elmi-pedaqoji fəaliyyətinin əsas hissəssi Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı olan tanınmış alim 1989-cu ildən Fitopatologiya və bitkilərin immuniteti kafedrasında assistent, 1994-cü ildən dosent, 2011-ci ildən professor kimi fəaliyyət göstərmiş, 1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültələrinin dekanı, 2009-2013-cü illərdə universitetdə tədris işləri üzrə prorektor, 2013-2022-ci illərdə rektor vəzifələrində çalışmışdır. 6 oktyabr 2022-ci il tarixindən AR KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktorudur.

Professor İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) rəhbərliyi dövrü ölkəmizdə aqrar təhsilə və elmə göstərilən dövlət qayğısının real nəticələri ilə səciyyələnir. Məhz bu dövrdə dövlətin aqrar sahənin modernləşdirilməsinə yönəlmiş siyasətinə uyğun olaraq universitetdə genişmiqyaslı quruculuq və yenidənqurma işləri həyata keçirilmişdir. Görülən sistemli və məqsədyönlü tədbirlər ADAU-nun ölkənin aparıcı ali təhsil və elmi-tədqiqat mərkəzlərindən birinə çevrilməsində, aqrar sahə üzrə yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynamışdır.

İbrahim Cəfərovun hazırda rəhbərlik etdiyi institut həm bitki mühafizəsi, həm də texniki bitkilərin, əsasən də pambıq bitkisinin becərilmə texnologiyalarının təkmilləşdirilməsi, yeni hibrid və sortların yaradılması istiqamətində ən aparıcı rola malik olan elmi müəssisə olmaqla, əsas fəaliyyət istiqamətlərinə respublika ərazisində açıq və örtülü şəraitdə becərilən kənd təsərrüfatı, meşə, yaşıllıq, dekorativ və dərman bitkilərinin zərərverici və xəstəliklərinin, eləcə də alaq otlarının növ tərkibinin, yayılma arealının, onların pestisidlərə qarşı davamlılığın molekulyar-genetik əsaslarının tədqiqi, başlıca zərərli orqanizmlərə qarşı ekoloji baxımdan təhlükəsiz inteqrir mübarizə tədbirlərinin hazırlanması və s. bu kimi problemlər daxildir. İnstitutda çalışan gənclər üçün tədris və təlimlərin təşkili, əməkdaşlar arasında magistratura və doktorantura səviyyələrində təhsil alanların sayının artması da professor İbrahim Cəfərovun diqqət mərkəzində olan məsələlərdəndir. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 5 fəlsəfə doktoru, 1 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. Hazırda institut əməkdaşlarından 4 nəfəri doktorantura səviyyəsində təhsil alır.

İbrahim Cəfərovun mütəmadi olaraq bitki mühafizəsinin aktual problemlərinə dair təşkil etdiyi dərslər, bu məqsədlə yaradılmış xüsusi auditoriya gənclərin peşəkarlıq səviyyəsinin yüksəlməsində mühüm rol oynayır.

Professor İbrahim Cəfərovun alim kimi əsas xüsusiyyətlərindən biri də onun elmi-tədqiqat proseslərində, o cümlədən tədqiqatların aparılması, elmi-tədqiqatların nəticələrinin ekspertizası, tətbiqi və aprobasiyasında şəxsən iştirakıdır. Vəzifəsindən asılı olmayaraq, bütün əməkdaşların yanında olmaq, kabinet idarəetməsindən uzaq durmaq, xüsusilə bitki mühafizəsi kimi sahədə prosesləri şəxsən, yerində müşahidə etmək və əldə olunan nəticələri bütün maraqlı tərəflərin–tədqiqatçıların, alimlərin, fermerlərin, dövlət qurumlarının iştirakı ilə geniş müzakirəsini təşkil etmək onun fəaliyyətinin əsas prinsiplərindəndir.

Son illərdə institutda keçirilən beynəlxalq və respublika səviyyəli konfranslar bitki mühafizəsinin ən aktual problemlərinin müzakirəsi və həlli istiqamətində səmərəli təkliflərin verilməsi, eləcə də müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

İstər təhsil, istərsə də elmi-tədqiqat sferasında fəaliyyətindən asılı olmayaraq professor İbrahim Cəfərov öz fəaliyyətində əsas tutduğu prinsiplərdən biri elm, təhsil və istehsalatın inteqrasiyasının gücləndirilməsidir.

Professor İbrahim Cəfərovun instituta rəhbərliyi dövrü aparılan elmi-tədqiqat işlərinin nəticələrinin istehsalatda tətbiqinin genişləndirilməsi, bu nəticələrin fermer təsərrüfatlarının real ehtiyaclarını nə dərəcədə qarşıladığının öyrənilməsi istiqamətində məqsədyönlü fəaliyyətlə də səciyyələnir. Belə yanaşma elmin istehsalatla üzvi və sistemli əlaqəsinin formalaşmasına, aqrar sahədə tətbiqi nəticələrin effektivliyinin artırılmasına xidmət etmişdir.

Professor İbrahim Cəfərov respublikada və xaricdə nəşr olunmuş 178 elmi əsərin, o cümlədən 4 dərslik, 4 dərs vəsaitinin müəllifidir. Onun müəllifi olduğu “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı fundamental vəsait kənd təsərrüfatı bitkilərində rast gəlinən müxtəlif xəstəliklər, onların yayılma mexanizmləri və vurduğu zərər, xəstəlik törədicilərinin bioloji inkişaf xüsusiyyətləri, xəstəliklərin formalaşmasına təsir göstərən ekoloji amillər barədə geniş və sistemli məlumat təqdim edən sanballı elmi əsərlərdən biridir. Eyni zamanda, alimin rəhbərliyi ilə institut əməkdaşlarının bitki mühafizəsi sahəsində elmi-metodiki ədəbiyyatın hazırlanmasına diqqətin artırılması nəticəsində bir sıra dəyərli əsərlər meydana çıxmışdır ki, bunlar institutun elmi potensialının və aqrar kadr hazırlığının metodiki bazasının möhkəmləndirilməsində mühüm rol oynayır.

Aqrar təhsilin və elmin inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsidir ki, İbrahim Cəfərov kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (2016), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” (2019), “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” (2019) Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilmişdir. Alim 2016-cı ildə Qazaxıstan Milli Aqrar Universitetinin fəxri professoru, 2016-cı ildə Miçurin Dövlət Aqrar Universitetinin fəxri doktoru, 2018-ci ildə Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru, 2024-cü ildə Qazaxıstan Aqrar Akademiyasının həqiqi üzvü adlarına layiq görülmüşdür.

Beləliklə, çoxşaxəli elmi-pedaqoji fəaliyyəti, səmərəli təşkilatçılıq bacarığı və aqrar elmin inkişafına verdiyi əvəzsiz töhfələri ilə professor İbrahim Cəfərov Azərbaycan elmi ictimaiyyətində özünəməxsus mövqeyə malik görkəmli alimlərdəndir. Onun formalaşdırdığı elmi ənənələr, yetişdirdiyi kadrlar və ərsəyə gətirdiyi fundamental elmi əsərlər bu gün də aqrar sahənin davamlı inkişafına mühüm töhfə verməkdədir.

Dəyərli alimi 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və pedaqoji fəaliyyətində yeni yaradıcılıq nailiyyətləri, Azərbaycan aqrar elminin inkişafı naminə bundan sonra da uğurlu fəaliyyət arzulayırıq.

Qərib MƏMMƏDOV,
akademik

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see319

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see285

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see265

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see265

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see253

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see243

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see223

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see221

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see218

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see207

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see203

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see202

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see201

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see198

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see194

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see194

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see189

Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər Həkim xəbərdarlıq etdi

04 Sentyabr 2026 23:45see177

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see169

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri