Aqrar sığorta xurma bağlarını da əhatə etdi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycanda payız-qış mövsümünün əsas meyvələrindən biri də xurmadır. Ölkəmizin meyvə ixracında mühüm yer tutan müxtəlif növ xurmalar təkcə daxili bazarda deyil, xarici ölkələrə də satılır. Ümumilikdə isə, hər il ölkənin xurma bağlarından 220 min tondan artıq məhsul toplanaraq satışa çıxarılır.
Xurma Azərbaycan üçün strateji ixrac məhsulu sayılır. Rəsmi statistikaya əsasən, hər il ölkəmizdən 130–140 milyon dollarlıq xurma ixrac edilir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022–2025-ci illərdə xurma ixracı ölkəmizə yarım milyard dollar gəlir gətirib. Ötən il isə Azərbaycan xarici ölkələrə ümumi dəyəri 144,2 milyon dollar olan 187,5 min ton xurma ixrac edib.
Xurma Azərbaycanın əksər ərazilərində yetişdirilir. Ölkə üzrə xurma bağlarının ümumi sahəsi 16 min hektara yaxındır. Bu sahədə əsas bölgələrdən biri isə Mərkəzi Aran iqtisaqdi rayonudur. Hazırda sözügedən ərazidə 5 min 600 hektara yaxın xurma bağı mövcuddur. Bu da bütün ölkə üzrə əkinlərin 35 faizi deməkdir. Ağdaş rayonunda isə xurma bağlarının sahəsi 2 min 200 hektardan artıqdır. Mütəxəssislərin qənaətinə görə, xurma bağlarının hər hektar üçün məhsuldarlığı rayonlardan və qulluq səviyyəsindən asılı olaraq 5–28 ton arasında dəyişir.
Daxili bazardakı tələbat və ixrac imkanları sayəsində xurma bağları fermerlərin rifahında böyük rol oynayır, bu sahədən gələn gəlirlərdən hər il minlərlə fermer ailəsi faydalanır. Amma baş verə biləcək müxtəlif hallar, o cümlədən təbiət hadisələri xurma bağlarına təsir edə, məhsulun məhv olmasına və fermerlərin gəlirsiz qalmasına səbəb ola bilər. Təsərrüfatları belə hallardan isə Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi qoruyur.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən sığorta mexanizmi 41 bitkinin, o cümlədən 20-yə yaxın meyvə bitkisinin sığortalanmasına imkan verir. Mexanizmin əsas xüsusiyyəti onun subsidiyalı olması, yəni sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsidir.
Xurma yetişdirən fermerlər bağlarını dövlət dəstəyi ilə Aqrar Sığorta Fondu vasitəsilə sığortalaya bilərlər. Hesablamaya görə, məsələn, Mərkəzi Aran regionuna daxil olan Ağdaş rayonunda 1 hektar xurma bağının əsas risklərdən sığortalanması fermerə cəmi 65 manata başa gəlir. Bu hesablamada hektardan 10 ton xurma məhsulu, xurmanın sahədə satış qiymətinin isə 1 kiloqram üçün 60 qəpik olması əsas götürülüb. Beləliklə, bir hektardan gözlənilən məhsulun sığorta dəyəri: 10 min kiloqram × 0,60 manat = 6 min manat təşkil edir. Bu göstəricilər əsasında hesablanan ümumi sığorta haqqı, təxminən, 130 manatdır. Aqrar sığorta haqqının 50 faizini dövlət maliyyələşdirdiyinə görə fermerin ödədiyi məbləğ cəmi 65 manat olur.
Başqa sözlə, fermer 6 min manatlıq xurma məhsulunu əsas risklərdən qorumaq üçün ildə cəmi 65 manat ödəyir. Bu məbləğ xurma bağlarına çəkilən illik xərclərdən qat-qat aşağıdır. Belə ki, 1 hektar məhsuldar xurma bağında gübrələmə, dərmanlama, budama, suvarma, torpağın becərilməsi və digər aqrotexniki tədbirlərə çəkilən illik xərc təxminən, 2 min-2 min 500 səviyyəsində götürüldükdə 65 manatlıq sığorta haqqı bu məbləğin cəmi 2,5–3 faizinə bərabərdir. Başqa sözlə, fermerin xurma bağının əsas risklərdən sığortalanmasına ödədiyi məbləğ onun illik qulluq xərclərindən, təxminən, 30–38 dəfə azdır.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 20 Oktyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















