Aqrar sığorta mexanizminin əhatə dairəsi genişləndirilib
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Subsidiya Şurasının qərarına əsasən, əkin və bağçılıq subsidiyası üzrə sığorta tələbləri yenilənib. Bu ildən əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkilərin siyahısına arpa, buğda, çəltik, qarğıdalı ilə yanaşı, günəbaxan da əlavə edilib.
Qeyd edək ki, günəbaxan yerli bitki yağları sənayesinin əsas xammal mənbələrindən biri olmaqla yüksək maya dəyəri və iqlim risklərinə həssaslığı ilə seçilir. Hazırda ölkəmizin müxtəlif ərazilərində 13 min hektardan artıq sahədə günəbaxan bitkisi əkilir. Əkin sahələrinin böyük hissəsi iqlim risklərinin yüksək olduğu Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ regionlarındadır. Bu da həmin sahədə fəaliyyət göstərən fermerlər üçün əhəmiyyətli maliyyə riski yaradır. Həmin risklərin sığorta ilə qorunması həm yerli istehsalın davamlılığını, həm də idxaldan asılılığın azaldılmasını dəstəkləyir. Mütəxəssislərin fikrincə, günəbaxanın sığorta tələbi olan bitkilər arasına əlavə edilməsi bu bitki üzrə əkin sahələrinə dəyəcək zərərlərin kompensasiya edilməsinə, günəbaxan əkini ilə məşğul olan fermerlərin risklərini qarşılamağa imkan verəcək.
Məlum olduğu kimi, Azərbaycanda tətbiq olunan aqrar sığorta mexanizmi dövlət tərəfindən dəstəklənir. Yəni təsərrüfatların sığortalanması üçün tələb olunan vəsaitin 50 faizi dövlət tərəfindən qarşılanır. Bu da fermerlərə cüzi ödəniş etməklə əkin sahələrini sığortalamağa imkan verir. Məsələn, ölkədə iqlim risklərinin ən yüksək olduğu Qarabağ, Gəncə-Daşkəsən və Qazax-Tovuz regionlarında 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq fermerə cəmi 12,15 manata başa gəlir.
Aqrar Subsidiya Şurasının yeni qərarına əsasən əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan sahələrin minimum ölçüsü isə 7 hektar olaraq müəyyənləşib. Mütəxəssislər hesab edirlər ki, sığortalanan əkin sahələrinə minimum tələbin 10 hektardan 7 hektara azaldılması isə son illər iqlim risklərinin kəskin artması və bu sahədə fəaliyyət göstərən təsərrüfatların risklərinin daha yaxşı qorunması məqsədi daşıyır. Yeni qərar nəticəsində aqrar sığorta ilə əhatə olunacaq əkin sahələri genişlənəcək və qorunan təsərrüfatların sayı artacaq. Eyni zamanda, məhsuldarlıq və iqlim risklərini nəzərə aldıqda bu qərar fermerlərə ciddi maliyyə yükü yaratmayacaq.
Aqrar Subsidiya Şurasının qərarı ilə bağçılıq subsidiyası üzrə sığorta tələbi də dəyişdirilib. Yeni qərara əsasən, bağçılıq subsidiyası alınması üçün yeni salınmış meyvə bağları “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq azı 3 il müddətinə sığortalanmalıdır. Bu yenilik yeni salınmış bağların 3 il müddətində sığorta ilə təmin olunmasını və risklərə qarşı daha dayanıqlı olmasını təmin edəcək.
Sığorta tələbinin ilk 3 il müddətinə tətbiq edilməsi təsadüfi deyil. Meyvə bağları ilk 3 il ərzində məhsula düşür və iqtisadi dəyər yaradır. Bu dövrdə təbiət hadisələri – şaxta, dolu, qasırğa və s. bitkilər üçün daha böyük risk yaradır. Sığorta haqqı isə olduqca aşağı olduğuna görə fermerlər üçün, demək olar ki, maliyyə yükü yaratmır.
Eyni zamanda, ilk 3 il ərzində meyvə bağlarının gəlirliliyi aşağı olduğu üçün fermerlər maliyyə risklərinə qarşı həssas olurlar, yəni istənilən səbəbdən yaranan itki onların sonrakı fəaliyyətini təhlükə altına ala bilər. Buna görə də meyvə bağları üçün 3 illik sığorta tələbi investisiyaların qorunmasını və fermerlərin dayanıqlığını təmin edəcək.
Son illər Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri sürətlə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin ötən dövrü ərzində Aqrar Sığorta Fonduna 6 min 622 sığorta müqaviləsi üzrə 77 min hektar əkin ərazisinə zərər dəyməsi ilə bağlı müraciət daxil olub. Bunun da 40 min hektarı dolu riski, 26 min hektarı isə sel-subasma riski ilə bağlı olub. Ümumilkdə isə, 2026-cı il üzrə bu günə olan müraciətlərə əsasən fermerlərə 4,5 milyon manata yaxın zərər ödənişlərinin edilməsi proqnozlaşdırılır. Həmin ödənişlərin 1,5 milyon manatı dolu, 1,1 milyon manatı isə sel-subasma riski üzrə həyata keçiriləcək.
Yeri gəlmişkən, aqrar sığorta mexanizmi kənd təsərrüfatında sabitliyi qorumaqla birbaşa və dolayısı yollarla məşğulluğun təminatına çox mühüm töhfələr verir. Sığorta mexanizmi aqrar sahəni investorlar və banklar üçün daha az riskli edir. Kredit və investisiya axını genişləndikcə yeni iri təsərrüfatlar, emal müəssisələri açılır. Bu da yeni kütləvi iş yerlərinin yaranmasına yol açır. Bitkiçilik və yığım dövründə isə sahələrə minlərlə mövsümi işçi cəlb olunur.
Bu mexanizm aqrar sektoru risklərdən qoruyaraq kənd yerlərində iş yerlərinin saxlanılmasına və yenilərinin yaradılmasına şərait yaradır. Təbii fəlakətlər (dolu, sel, subasma, quraqlıq) nəticəsində təsərrüfatlar zərər çəkdikdə aqrar sığorta fermerlərin maliyyə itkilərini kompensasiya edir. Bu da sahibkarların müflisləşməsinin qarşısını alır və onların yanında çalışan muzdlu işçilərin işlərini itirməməsini təmin edir.
Sığorta təminatı sayəsində məhsul itkisi riski azaldığından fermerlər mövsümi işçilərin əməkhaqlarını rahatlıqla ödəyə bilirlər. Eyni zamanda, risk sığortalandığı üçün kənd əhalisi gəlirlərinin davamlılığına əmin olur. Bu sabitlik insanları doğma yurdlarında qalmağa və kənd təsərrüfatı fəaliyyətini davam etdirməyə təşviq edir. Aqrar sığortanın tətbiqi ilə sığorta sahəsində yeni peşə istiqamətləri yaranır. Məsələn, dəymiş zərəri qiymətləndirmək üçün müstəqil aqrar sığorta ekspertləri hazırlanır və işlə təmin olunurlar ki, bu da birbaşa intellektual məşğulluq deməkdir.
Mirbağır YAQUBZADƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 10 Sentyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















