Icma.az
close
up
RU
Arif Acaloğlu: Uzaq yolların adamı

Arif Acaloğlu: Uzaq yolların adamı

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Görkəmli türkoloq-alimin xatirəsinə həsr olunmuş tədbir keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Kitabxanasında görkəmli türkoloq-alim, filologiya elmlər doktoru, folklorşünas, antropoloq, türk xalqları mifologiyasının tanınmış araşdırmaçısı, tərcüməçi Arif Acaloğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Arif Acaloğlu ilə yaxın münasibətləri olan elm adamları, tarixçilər, filoloqlar və ictimai xadimlər iştirak ediblər. Azərbaycan Türk Ocaqları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış nasir, publisist və tərcüməçi Nəriman Əbdürrəhmanlının Arif Acaloğlunun məqalələri və dostlarının xatirələrindən ərsəyə gətirdiyi "Arif Acaloğlu: Uzaq yolların adamı" kitabının təqdimatı baş tutub.


 “Qanun” nəşriyyatında işıq üzü görmüş topluda Arif Acaloğlunun keçdiyi ömür yolu haqqında xatirələr, yaradıcılığına həsr edilmiş məqalələr və tədqiqatlarından nümunələr, müsahibə və dialoqları toplanılıb. Qeyd olunub ki, bu materialların nəşrdə bir araya gətirilməsi onun həyatı və yaradıcılığı haqqında təsəvvür yaratmaq məqsədi güdür. Kitabın məsləhətçiləri A.Acaloğlunun həyat yoldaşı Sevda Acaloğlu, övladları Turxan Acaloğlu və Türkan Acaloğlu, texnik redaktoru qardaşı Akif Acaloğludur. 


Tədbiri giriş sözü ilə açan Azərbaycan Türk Ocaqları başqanı, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, 1912-ci ildə İstanbulda, 1918-ci ildə Azərbaycanda yaradılan Türk Ocaqları hər zaman türk düşüncə sisteminə, milli şüurun oyanışı prosesinə, türk birliyinin vəhdəti ideyasına öz töhfəsini verib. A.Aşırlı bildirib ki, Türk Ocaqları ideyasının əsas qaynaqlarından bir neçəsi Rusiyadan Türkiyəyə köç edən böyük fikir insanları idi: 

"Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Zəki Vəlidi Toğan, Yusuf Akçura kimi böyük şəxsiyyətlər Osmanlı dövlətinin çöküşünün qarşısını almaq üçün böyük mübarizə aparıblar. Bugün xatirəsini yad etmək üçün toplandığımız böyük türkoloq-alim Arif Acaloğlu da məhz böyük düşüncə insanlarının yolunu davam etdirib. XX əsrin sonlarında Azərbaycanda və ümumiyyətlə Türküstanda başlanan milli azadlıq hərəkatında onun iştirakını şərtlərindən vacib faktorlardan biri o idi ki, həmin insanlar öz fikirləri ilə yeni tarixi şəraitdə böyüklərin qoyduğu yolu təqib edirdilər. Nəriman Əbdürrəhmanlının ərsəyə gətirdiyi kitabda Arif Acaloğlunun məqalələrinin kiçik qismi çap olunub. Bu kitab işin başlanğıcıdır. Gələcəkdə böyük düşüncə insanın elmi fəaliyyəti, elmi irsi də tədqiq olunmalıdır. Arif Acaloğlu Borçalı türkü idi. Örnək Acaloğlular nəslinin nümayəndəsi idi. Bu nəslin nümayəndəsi olan Emin ağa Borçalının adını çəkmək kifayət edir ki, Arif Acaloğlunun hansı kökdən, soydan qidalandığı aydın olsun". 

A.Aşırlı qeyd edib ki, Arif Acaloğlunun 1988-ci ildən sonra Cümhuriyyət ideyasını Azərbaycan toplumunda ön plana çəkməsi, proseslərdə iştirakı onun Cümhuriyyətçi ideyalara bağlılığından doğurdu. 


Kitabın müəllifi, tanınmış yazar, tərcüməçi Nəriman Əbdürrəhmanlı tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Yazıçı kitabın ərsəyə gəlməsində dəstəyinə görə, A.Acaloğlunun həyat yoldaşı Sevda xanıma da minnətdarlığını ifadə edib: "Sevda xanım, kitabın nəşrinin ağırlığını öz üzərinə götürdü. Həmçinin, oğlu Turxan Acaloğluna təşəkkür edirəm ki, hər zaman atasının mirasına böyük qayğı ilə yanaşır. O da atasının yolunu davam etdirir, türk xalqlarının mifologiyasını öyrənir. Arif Acaloğlunun qardaşı Akif Acaloğlu da sağolsun ki, kitabın ərsəyə gəlməsinə yardımçı oldu. Arif Acaloğlunun taleyi kimi doğum günü də çox kosmopolitdir. Əslində martın 27-də anadan olub, sənəddə iyulun 21 yazılıb, başqa sənədlərdə isə aprelin 10-dur. Yəni dünyaya gəlmə tarixi də onun ruhuna, xarakterinə uyğundur. Arif Acaloğlunun fəaliyyəti barədə bir neçə kitab da hazırlıq mərhələsindədir, çapa hazırlanır. Amma hesab edirəm ki, bunlar hələ görülən işlərin yarısıdır. Əsərlərin Türkiyə türkcəsinə çevrilməsinə də ehtiyac var, çünki bu əsərlər bütün türk dünyası üçün faydalıdır. Bu, türk düşüncəsinə, mifologiyasına, türkologiyanın öyrənilməsinə böyük töhfə olardı". 

Filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas, folklorşünas Məhərrəm Qasımlı Arif Acaloğlu ilə bir yerdə böyüdüklərini deyib. Alim bildirib ki, onunla uzun illər birlikdə təhsil alıb, müzakirələr aparıb: "Arifi belə tez itirəcəyimi təsəvvür etməzdim. Heç inanmazdım ki, günün birində qəfildən qeyb olar. Düşünürəm ki, günün birində Bakıda, Ankarada, İstanbulda qarşılaşacağıq. Arif mif dünyasının adamıydı. Arif mənim tələbə yoldaşımdır. Üç Arif var idi. Arif Rəhimoğlu, Arif Əmrahoğlu, Arif Acaloğlu. Onlar təkcə tələbə yoldaşlarım yox, həm də müəllimlərim idilər. Arif Acaloğlu folklorumuzun, türkologiyanın, etnoqrafiyanın dərin bilicisi idi. Arif təkcə Azərbaycan yox, bütün türk dünyası səviyyəsində, Turan miqyasında unikal bir adam idi. Onun əsərləri, danışığı, təhlilləri sıradan alimlər kimi deyildi. Mücadiləçi bir alim, Turanın elm adamı idi. 20-25 yaşlarında da, 40-50 yaşlarında da eyni düşüncədə olub. Dayısı Abbas Abdulladan dərs almışdı. Onu da ehtiramla yad edirik. Milli düşüncəni, tarixi yaddaşı bizlərə mənimsədən adamlardan biri Abbas Abdulla idi və Arifi də o yetişdirmişdi. Arif Acaloğlu milli-mənəvi gücünün sadəcə 15-20 faizindən istifadə etdi. Ondan artığını reallaşdırmaq qisməti olmadı. O adamın içində böyük enerji var idi. Yeriyən bir akademiya, universitet idi. Çox nəhəng bir adamı itirdik. Yoxluğu çox hiss olunacaq". 


Tarixçi-alim Cəmil Həsənli deyib ki, Arifin böyüklüyü həm də ondadır ki, ölümündən sonra əsərləri çap olunur: "Arif Acaloğlu xoşbəxt taleli alimlərdən idi. Çoxdan tanıyırdım Arif bəyi. Həm Bakıda olanda, həm Türkiyədə yaşadığı vaxtlarda əlaqəmiz var idi. İstanbulda uzun-uzadı söhbətlərimiz olurdu. Əminlikə deyim ki, Arif Acaloğlunun qeyri-rəsmi söhbətlərdə irəli sürdüyü elmi müddəalar , fikirlər, mülahizələr gələcək tədqiqatların subyekti olmalıydı. Arif Acaloğlu mifoloji təfəkkürdə yeni bir yol açdı. Onda ümumiləşdirmək imkanları o qədər böyük idi ki, o, türk mifologiyasına lokal, məhdud ərazidən deyil, böyük bir coğrafiyadan yanaşmağı bacarırdı. Arif Acaloğlunun "Kitabi Dədə Qorqud"la bağlı yazdıqları yazılanların təkrarı deyildi, tamamilə yeni baxış bucağı ortaya qoyurdu. Onun Orta Asiya, Sibir, Qafqaz, Türkiyə türkləri ilə bağlı, mifoloji dəyərləri ilə bağlı apardığı tədqiqatlar onun dünyagörüşünün genişliyindən, miqyasından xəbər verirdi. Xoşgörülü, xeyirxah bir adam idi. Öz elmi türk xalqlarına xidmət edən bir ziyalı idi. Təəssüf ki, onu çox tez itirdik". 


Folklorşünas-alim, publisist Əli Şamil bildirib ki, Arif Acaloğlu ilə cəmi bir il birlikdə təhsil alıb: "Yaşda ondan böyük olduğuma görə, biz 5-ci kursda oxuyanda, Arif bəy 1-ci kursda təhsil alırdı. Bizi yaxınlaşdıran aşıq yaradıcılığı oldu. O Borçalıdan, mən Göyçədən olduğumuza görə yaxınlaşmışdıq. Sonra zaman və hadisələr dəyişdi. Arif mifologiyaya yönəldi. Arif bəyin başqa bir xətti də var idi. O, bizim milli azadlıq hərəkatının qurucularından biri oldu. Xalq hərəkatının tarixini yazdıqda bəlkə də Arifin adına rast gəlməyəcəksiz. Çünki onun xalq hərəkatında fəaliyyəti barəsində çox az danışılıb, yazılıb. Arif 1988-ci ildə, Meydan hərəkatı başlayandan əvvəl də gizli təşkilatlarda var idi. Həmin dövrdə milli azadlıq hərəkatına gələnlərin böyük qismi əsasən Güney Azərbaycan problemindən gəlmişdi. Əhval-ruhiyyə o idi. Amma Arif Acaloğlu həmin dövrdə türkçülük məsələsini önə sürən adam idi. Türk dünyasında müxalif fikirli adamlarla görüşərdi, onların arasında körpü yaradardı. 


Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli deyib ki, Arif Acaloğlu kimi böyük bir alimə sadəcə qısa bir çıxışla qiymət vermək, onun bütün yaradıcılığını dəyərləndirmək çox çətindir: "Arif Acaloğlu haqqında düşünəndə hər zaman XX əsrinə əvvəllərini xatırlayıram. O zaman türkçülük yenicə ideya kimi ortaya çıxırdı. Türkiyədə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusuf Akçura kimi türkçülər orada türkçülüyün gələcək məhək daşını formalaşdırırdılar. Bu, öz əhəmiyyətini göstərdi və türk respublikaları öz müstəqilliklərini qazandılar. Ancaq bolşeviklərin gəlişindən sonra sovet ittifaqı türkçülüyü demək olar ki, unutdu. Bir də 1980-ci illərin ortalarından ideya kimi səslənməyə başlandı. Azərbaycandakı gənc türklər ortaya çıxdı ki, onlardan biri də Arif Acaloğlu idi. Təsəvvür edin, 1980-ci illərdə professor Mirəli Seyidov kimi mifoloq və onun yetirməsi Arif Acaloğlu ortaya çıxdı. Mifologiyaya münasibət xalqların öz keçmişinə münasibətini formalaşdırdı. Azərbaycan xalqı da öz mifoloji düşüncəsini formalaşdırdı. 1988-ci ildə Arif Acaloğlu "Azərbaycan mifologiyası antologiyası" adlı kitab çap etdi. Bu kitab sonrakı bütün mifoloqların stolüstü kitabı oldu".

Professor bildirib ki, A.Acaloğlu haqqında danışarkən üç məsələyə diqqət yetirmək lazımdır: "Birincisi, onun insanlığı, ikincisi elmi fəaliyyəti, üçüncüsü vətəndaşlığıdır. Çox az adamlarda bu üç prinsip bir-birini tamamlayır".


Yazıçı, publisist Əlabbas Bağırov qeyd edib ki, o, Arif Acaoğlunu 1973-cü ildən tanıyır: "Beş il birlikdə oxumuşuq. Tələbə dostlarımızın hamısı ona "Acal" deyə müraciət edərdi. Səbəbi o idi ki, bizimlə təhsil alan başqa Arif (Arif Əmrahoğlu -red) var idi, onları fərqləndirmək üçün elə deyirdik". Ə.Bağırov vurğulayıb ki, onun universitetdə qalmasında və doğru istiqamətdə təhsil almasında Arif Acaloğlunun böyük rolu olub: "Arifin ömrü mənim üçün dumanlar içində keçib". 


Tanınmış şair İbrahim İlyaslı bildirib ki, Arif Acaloğlunun İncə dərəsinə özəl münasibəti var idi: "Məmməd İlqarın ona yazdığı şeri vardı. Ağamalı Sadiq və Akif Səmədlə dostluq edirdi. Yaşca onlardan kiçik olsam da, onların çevrəsi çox marağımı çəkirdi. Məmməd İlqarın evində təşkil olunmuş sazlı-sözlü məclisdə bir araya gəldik, daha yaxından tanış olduq".


QHT sədri Qorxmaz İbrahimli deyib ki, Arif Acaloğlunun yoxluğu hamını çox sarsdı: "Arif bəylə ölümündən bir neçə gün qabaq danışmışdıq. Turanla bağlı çox böyük planlarımız var idi. Təəssüf ki, ani bir qəza ilə itirdik. Onun kimi insanların itkisi çox ağır olur. Yüz yaşında da dünyasını dəyişsəydi, yenə bizim üçün böyük itki olacaqdı". 

Folklorşünas Əfzələddin Əsgər 1982-ci ildə aspiranturaya daxil olandan Arif Acaloğlunu tanıdığını deyib: "Ondan sonra dostluğumuz, münasibətlərimiz başlayıb. Arif haqqında deyilənlər haqdır və azdır. O, türk dünyasında kifayət qədər tanınırdı. Yakutiyadan Türkiyəyə qədər hər kəs tanıyırdı".  

 Dövlət xadimi Siyavuş Mustafa bildirib ki, Arif Acaloğlu bir döyüşçü idi, akademik səviyyədə hərbçi idi: "Arif bəy çox sərbəst adam idi. Çox səmimi münasibətləri var idi və əsl türk idi. Türk oğlu türk idi. Bir çox sahədə bilgiləri vardı. Aramızdan getməsi bizi çox məyus etdi". 


 

Siyasi-ictimai xadim Rüfət Muradlı vurğulayıb ki, Arif Acaloğlu haqqında danışmaq bir borcdur: "Müasir dönəmdə elə şəxsiyyətlər var ki, onlar haqqında xatirələri danışmaq həm də vəfa borcudur. Arif bəyi çox erkən itirdik. Onun elmi, ictimai fəaliyyəti yarımçıq qaldı". 

Tədbirdə, ədəbiyyatşünas alim Nikpur Cabbarlı, şair İlqar İlkin, “Soydaş” İctimai Birlyinin sədri Kamran Ramazanlı, yazar Həmid Ormanlı və digərləri də çıxış edərək Arif Acaloğlu barədə öz fikirlərini, xatirələrini paylaşıblar. 

Sonda A.Acaloğlunun qardaş Akif Acaloğlu çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Aprel 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see172

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see138

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see131

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see130

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see127

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see126

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see123

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see121

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see121

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see120

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see113

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see110

Lavrov da Antalyadadır KONKRET

12 Aprel 2025 00:15see109

ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu bildirib

11 Aprel 2025 23:34see109

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see109

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see107

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri