Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Telman Orucov yazır
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Telman ORUCOV
(Əvvəli ötən şənbə sayımızda)
Hələ qədim dövrlərdə arxitektorların əməyinə yüksək qiymət verilirdi: Bunu əsas götürərək qədim dünya özünün yeddi möcüzəsini ayrıca qeyd etmişdi. Onlar qədim Misir piramidaları, Efesdəki Artemida məbədi, Halikarnasdakı Mavzoley, əslində Nabuhodonosorun saldığı, lakin səhvən adı dəyişdirilmiş Semiramida asılı bağları, Olimpdəki Zevs heykəli və Rodosdakı Gelios (Rodos Kolossu) heykəli və Aleksandriyadakı Faros adasındakı Mayak daxildir. Bu abidələr b.e.ə. III minillikdən həmin eradakı III əsrə qədər olan dövrdə yaradılmışdır. Təəssüf ki, onlardan yalnız Misir piramidaları bizim dövrümüzə gəlib çıxmışdır. İndiki dövrdə bəzi tikililərin də, məsələn, kosmosdan aydın görünən Böyük Çin səddinin də möcüzələr siyahısına salınması təklif olunur.
Deməli, insan ağlı və istedadı hələ 5 min il bundan əvvəldən öz miqyasını göstərən süni varlıqlar yaratmış, onlardan bəziləri qədim dünya tərəfindən möcüzə kimi qiymətləndirilmişdir. Müasir dünya da, məhz belə möhkəm təməl üzərində qurulmuşdur.
Arxitektura, onun müəlliflərinin yaradıcı istedadı hesabına meydana gəlmiş, inkişaf etmiş, şəhərləri ağlasığmayan tikililərlə zənginləşdirmişdir. Ona görə də öz layihələri ilə şəhərləri gözəlləşdirən arxitektorlara daim layiq olduqları ehtiram bəslənməlidir. Əsərləri ideologiyaya xidmət edən və çoxdan unudulan şairlərin, romançıların adı hər cür əbədiləşdirildiyi halda, onlardan daha çox inkişafa xidmət edən bu insanların zəhməti lazımınca qiymətləndirilməmişdir. Mexikoda böyük bir kvartaldakı küçələr dünyanın məşhur filosoflarının və yazıçılarının adları ilə adlanmışdır. Təəssüf ki, arxitektorlar həmin şərəfə nail olmamışdılar. Şəhərimizin mərkəzi prospektləri xalqımızı tanıdan müğənnilərin adını daşıyır, ömrünü yaradıcılığa həsr etmiş memarlar isə unutqanlıq dənizinin sularında batmışlar.
Arxitektor öz ilhamı ilə gözəllik timsalı yaratdığına görə şair sayılmalıdır, o, öz poeziyasının daşlarda, tikilən sənət əsərlərində yazmış, yaradıcılığını insanların yaşadıqları və qürur duyduqları şəhərlərə həsr etmişlər. Memarların zəhməti, yaratdıqları zamanın kölgəsində qala bilər, lakin onların yaradıcılığı mükəmməllikdən xəbər verirsə, heç vaxt gərəksiz sətirə, makulaturaya çevrilmir, onun dəsti- xətti zaman keçsə də, öz əhəmiyyətini itirmir. Gözəlliyi, abadlığı qiymətləndirənlər, onlara həsr olunmuş himn bəstələməlidirlər. Arxitektora bəlkə də heykəl lazım deyildir, çünki o, öz əsərləri ilə özünü abidəyə çevirmişdir.
Bakının keçmişi və bu günü
Bakının yaşayış məntəqəsi kimi b.e.ə. V əsrdə meydana gəldiyi güman edilir, XVIII əsrdən isə şəhər Bakı xanlığının paytaxtı olmuşdur. Şəhərin ilk arxitektura incisi bizim dövrümüzə gəlib çıxmış Qız qalasıdır. XII əsrdə tikilmiş bu uca qala fasadının qeyri-adiliyi ilə, silindir formalı güclü həcmi ilə seçilir. Onun tikilməsi məqsədi barədə bir sıra versiyalar, hətta bayağı və milli mentalitetimizə yad olan səbəblər də irəli sürülür. Sonralar Şirvanşahlar saray kompleksi meydana gəlmişdir. Şirvan sülaləsinin feodal hökmranlığı titulunu alan Şirvanşahlar 799-cu ildən başlayaraq, 7,5 əsr ərzində bu əraziləri idarə etmişdir. İçərişəhər adlanan bu ərazidəki üç həyət Divanxana, Məscid binası, Şərq darvazası kimi tikililərdən ibarətdir. 1435-ci ildən başlayaraq 150 il ərzində tikilən bu ansamblı uca və enli daş divarlar əhatə edir, onların oyuq tipli ucları kənardan diqqəti cəlb edir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda neft istehsalının sürətlə inkişafı şəhərin böyüməsinə də öz təsirini göstərmişdir. 1904-cü ildə polyak arxitektoru tərəfindən indiki Bakı meriyasının inzibatı binası tikilmiş, sonralar həmin küçədə barokko üslubundakı İsmailiyyə binası, daha sonra isə Filarmoniya binası meydana gəlmişdi. Cənubi-şərq tərəfdə Hacı Zeynalabdin Tağıyevin evi də daxil olmaqla, varlı ailələrin yaşayış kvartalı yaranmışdı.
Sovet dövrünün əvvəllərində Proletkultun təsiri altında modern üslubunda Azərnəşrin iri dəyirmi pəncərələri olan binası tikilmişdi, sonralar isə şəhəri gözəlləşdirən eklektik üslubdakı Nizami kinoteatrı və dəniz kənarında yerləşən və qəsri andıran Hökumət evi binaları tikilmişdir.
Bakı yuxarı zonadakı təpələrdə və dənizə enən düzənliklərdə tikilərək böyümüşdür. Təbii landşaft şəhərin mənzərəsinə əlavə cazibədarlıq verir. Bakının Qərblə Şərqin sintezi hesab edirlər.
Şəhər XX əsrin 70-ci illərinə qədər əsasən yaşıllıqdan məhrum idi. Mənzərə heç də yaxşı deyildi. Rus klassiki Maksim Qorki əsrin əvvəlində şəhərdəki mazutlu gölməçələri cəhənnəmin dəhşətli mənzərəsinə bənzətmişdi. Şair Vladimir Mayakovski isə Bakıda olarkən, burada iki cüt bir tək yarpağın olduğunu qeyd etməklə, şəhəri yaşıllıqsız səhra məkanı kimi qəbul etmişdi. Onlar bir əsr sonra şəhərə qədəm bassaydılar, gözlərinə inanmazdı, şəhəri neqativ qaydada təsvir etdiklərinə də hökmən peşman olardılar. Bibiheybət tərəfə gedəndə, üfunət yayan son mazut gölməçələrinin yerində iri Bayraq meydanı yaradılmışdır. Şəhərin ərazisində böyük xərc çəkilməsi hesabına mazutlu gölməçələrin hamısı yoxa çıxmışdır.
Şəhər artıq öz yaşıllığının nisbətən bolluğu ilə də öyünə bilər, bəzi rayonlar əllə salınmış meşələrə bənzəyir. Bakı köhnə səhra libasını yeni, əsl Bahar libasına dəyişdirmişdir. Müasir Sandro Bottiçelli olsaydı, istedadı hesabına Bakımızın nəcib mənzərəsini, öz ilhamlı yaradıcılığı ilə bu dəfə heç də mifik deyil, XXI əsrə məxsus olan real ikinci "Promovera" kimi təsvir edərdi.
Əslində köhnə rus ziyalıları şişirdilmiş, hiperbolzə edilmiş şəkildə də olsa, gerçəkliyi təsvir etməyə cəhd etmişdilər, onlarda qərəz hissi yox idi. Xalqımız və ölkəmiz barədə heç də neqativ deyil, yalnız öz yaxşı münasibətlərini ifadə etməyə çalışırdılar. Müasir rus şovinizminin təbliğatçıları isə paytaxtımıza, bütün xalqımızın ünvanına lənət yağdırdıqları kimi, nifrət bəsləmələri ilə seçilirlər. Həddi aşıb, hətta Bakını rus şəhəri adlandırırlar. XX əsrin əvvəllərində neft istehsalının fəvvarə şəklində inkişafı, çoxlarını bura, yeni El Dorado kimi özünə cəlb etmişdi. Ruslar isə əsasən Bakıya aclıqdan xilas olmaq üçün üz tutmuşdular. Görkəmli opera müğənnisi Fyodor Şalyapin öz xatirələrində məhz Bakıda aclıqla vidalaşdığını qeyd edir. Həqiqətən də Bakı əsl "çörək şəhəri" idi. Ac immiqrantların, şəhəri özlərininki adlandırması yalnız gülüş doğura bilər. Neft mədənlərindəki iranlı dartayçılar da, arzuladıqları çörəyi tapdıqları bu şəhəri, şimaldan gələnlərin iyrənc təbliğat timsalını təkrar edərək, elə həmin qaydada özlərininki adlandıra bilərdilər. Həyasızlıq qızışdıqda, hədd tanımır.
Paradoks ondadır ki, dünyanın iri şəhərlərini neftlə qan arteriyaları kimi təmin edən Bakı çoxlarını varlandırdığı halda, özü abadlıq cəhətdən kasıb olaraq qalırdı. 1905-ci ildə bu şəhər dünya neftinin 50 faizini istehsal edirdi, lakin özü çox ləng inkişaf edirdi. Hətta əsrin ortalarında əsən sərt külək tozu, qumu adamın gözünə doldururdu. İqlim sərbəst qaydada yaşıllığın artmasına imkan vermirdi, su qıtlığı isə belə xoşagəlməyən vəziyyətin əsas səbəbi idi. Respublika rəhbərliyinin səyi ilə 1970-ci illərdə Kürdən iri kəmərlərlə su gətirildikdən sonra şəhərin yaşıllaşdırılması böyük vüsət götürdü. Əhali də yaşadıqları uca mərtəbəli binaları yaşıllığa qərq etmək işində yaxından iştirak etdi. XXI əsrin başlanğıcında isə şəhərin baş planına əsasən bir neçə park salındı, köhnələr də əsaslı surətdə böyüdüldü.
Həqiqətən də, XX əsrin son rübündən başlayaraq paytaxtda yaşıllaşdırma böyük vüsət götürdü, əvvəlki səhra şəhərini andıran səhnədən əsər-əlamət qalmadı. Lakin bu xoş niyyətli proses nöqsansız da ötüşmədi. 1990-cı illərdə restoranların bağlara və parklara orda hücumunu xatırladan basqını baş verdi. Toxunulmazlığı müqəddəs hesab edilən Botanika bağında, həmçinin Zabitlər bağında restoranlar meydana gəldi. Zeytun bağı restoranın ağuşunda boğulmağa başladı. Qarabağa bəslənən həsrət hissləri başqa qəribə bir səmtə yönələrək, onun məşhur nöqtələrinin adları altında, bağlarda və parklarda restoranlar yarandı. Mədəni razı salmağa yönəlmiş qayğıya istiqamətlənmiş obyektlər Dənizkənarı bulvarın sahəsinə də ayaq açdı. Yaxşı ki, bu zərərli fəaliyyətin davam etdirilməsinə yol verilmədi və bəzi bağlar öz bəkarətini qoruyub saxlaya bildi.
XXI əsrin ilk onilliklərində Bakı təkcə ağlasığmayan qaydada böyüməmiş, abadlaşdırılmamışdır, həm də xeyli dərəcədə yaşıllığa bürünmüşdür. Basin və Sovetski küçələrindəki alçaq hündürlükdəki evlər söküldükadən sonra, bu böyük ərazilərdə yeni bağlar salınmışdır. Mərkəzi park yaşıllığı ilə keçmişin yeknəsəng səhnəsini yaddan çıxarmışdır. Qış bulvarı isə abad Fəvvarələr meydanı ilə birlikdə şəhərlilərin qismən əlavə gəzinti yerinə çevrilmişdir. Atatürk parkında çoxlu ağaclar və kollar əkilmiş, bu geniş sahə əsl istirahət zonası xarakterinə yiyələnmişdir. Sahil bağı da yaşıllığı və yüksək təmizliyi ilə diqqəti cəlb edir. Dənizkənarı bulvar özünün hər iki qurtaracağında xeyli genişlənmiş, əvvəlki daş bolluğundan xilas olunaraq, böyük yaşıl vahəyə- oazisə çevrilmişdir. Onun azarkeşləri burada idman gəzintisindən və istirahətdən həzz alırlar. Digər bağlarda da sadə idman avadanlıqları quraşdırılmış, uşaqlar üçün əyləncə mərkəzləri yaradılmışdır. Bu dəyişikliklərə həqiqətən ürəkdən sevinmək olar.
Son 25 ildə Bakının ümumi görkəmi də əsaslı dəyişikliklərlə müşayiət olundu. Şəhərdə 30-40 mərtəbəli göydələnlər ucaldı. Heydər Əliyev prospekti müxtəlif üslublarda və formalarda tikilmiş uca inzibati binaların sərgisinə çevrildi. Dəniz kənarında da yeni formalı ictimai binalar, otellər meydana gəldi. Şəhərin şərq tərəfdən girəcəyini Olimpiya stadionu bəzədi. Dağüstü zonada isə tikilmiş üç Alov qülləsi şəhərin köhnə simvolunu inkar etməməklə, yeni simvola çevrildi. Şəhərin böyük miqyasda abadlaşmasında, gözəlləşməsində, arxitektura cəhətdən zənginləşməsində, bu mühüm siyasətə də şəxsən başçılıq edən respublika Prezidentinin iti zövqü, novatorluq hissi, iradəsi və öz xəttini davam etdirmək səyi bu ürəkaçan metamorfozaların yaranmasında heç də az rol oynamadı.
Təəssüf ki, son dövrlərdə tikilmiş çoxmərtəbəli yaşayış binaları arxitektura rəngarəngliyinə malik olmadığına görə, qəlibdən çıxmış tikililər xarakteri daşıyır. Hansı ki, yaradıcı iş layihəyə düzəlişlər versəydi, şəhərin görkəmi yaxşılığa doğru daha da dəyişərdi. Lakin şəhər əhalisinin mənzilə olan ehtiyacı ön plana çəkildiyindən, həm də sifarişçilərin və podratçıların maddi marağı arxitektura prinsiplərinin kölgədə qoyduğundan, şəhər birtipli görünən göydələn yaşayış binalarının toplumuna çevrildi.
Əlbəttə, belə nöqsanlar öz təsirini göstərsə də, Bakı bütövlükdə son onilliklərdə xeyli böyüdü, abadlaşdı və müasir libasa büründü. Şəhərə gələn turistlər onun heyrətə səbəb olan tikililərini dünyanın məşhur şəhərlərinin yadda qalan inciləri ilə müqayisə edirlər.
Böyüyən və inkişaf edən Bakı problemlərlə də üzləşməli oldu. Şəhərdə vaxtilə faytonların hərəkəti üçün dar küçələr salındığından, avtomobillərin artımı və hərəkətin intensivliyi çox sayda tıxaclar yaranmasına səbəb oldu. Bir vaxtlar tikilən estakadalar müəyyən fayda versələr də, bütövlükdə problemin həllini mümkün edə bilmədi.
Bakı son vaxtlar yalnız inkişafdan yaranan nöqsanlarla mübarizə aparmalı olmuşdur. Sürətli inkişafın qarşısını almaq isə qətiyyən düzgün olmazdı, ona ancaq sevinmək lazımdır. Bakı 2020-ci ildə düşmən üzərində böyük qələbəni hasil edən və Zəfər bayramını təntənə ilə qeyd edən ölkənin və xalqın sevimli paytaxtdır. Şəhərin böyüməsi, abadlaşması, gözəlləşməsi, həyat üçün vacib olan yeniliklərə imza atması hər bir azərbaycanlının qürur mənbəyi olduğu kimi, dostlarımızı da sevindirir. Bakının bu günü onun xoşbəxt mövcudluğundan və gələcəkdə daha geniş üfüqlərə çatacağından xəbər verir. Gələcək nəsillər, heç şübhəsiz, bu illər həmin mühüm dəyişiklikləri həyata keçirənləri minnətdarlıq hissləri ilə yad edəcəklər. Paytaxtımız son illərdə çox gözəlləşmişdir, ölkəmizin gur iqtisadi inkişafı bu prosesin davam edəcəyinə möhkəm əminlik yaradır. Bakı mövcud sakinlər üçün olduğu kimi, gələcək nəsillərdən ötəri də, heç şübhəsiz, real qürur və iftixar mənbəyi olaraq qalacaqdır. Çünki paytaxımız, heç bir mübaliğəyə yol vermədən, xalqımızın əvəzsiz sərvətidir.
Son
11.08.2025-ci il
Baxış sayı:38
Bu xəbər 27 Oktyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















