Aslan Aslanov: Heydər Əliyev məktəbi mənim üçün ən böyük universitet olub
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Aslan Aslanov-75
Azərbaycan jurnalistikasının tanınmış simalarından olan Aslan Aslanovla təsadüfi bir görüş illər əvvəl AZƏRTAC-da birlikdə çalışdığımız qısa, lakin yadda qalan dövrü yenidən xatırlatdı. Həmin xatirələr təkcə şəxsi anları deyil, eyni zamanda ölkə jurnalistikasının məsuliyyətli və mürəkkəb mərhələlərini də yada saldı. Onun peşəkar fəaliyyət yolunu və milli media tarixində tutduğu mövqeyi xarakterizə edən bir sıra mühüm məqamları qeyd etmək yerinə düşər: Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra müxtəlif mətbuat orqanlarında çalışıb,1992-ci ildən fəaliyyətini Azərbaycan Dövlət İnformasiya Agentliyində – AZƏRTAC-da davam etdirən Aslan müəllimin, xüsusilə ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm mərhələlərinin işıqlandırılmasında xüsusi rolu olub, agentliyin aparıcı müxbiri sonralar baş redaktor, baş direktor və agentliyin İdarə Heyətinin sədri vəzifələrində şalışıb.
O, Azərbaycan media tarixində milli informasiya siyasətinin formalaşdırılması və beynəlxalq media əlaqələrinin genişləndirilməsi sahəsində mühüm xidmətləri ilə seçilən şəxslərdən olub. Fnun fəaliyyətinin ən önəmli istiqamətlərindən biri isə Azərbaycan və Türkiyə arasında informasiya əməkdaşlığının möhkəmləndirilməsi, ortaq media məkanının formalaşmasına verdiyi töhfələr olmuşdur. Onun rəhbərliyi illərində AZƏRTAC beynəlxalq informasiya məkanında da etibarlı və nüfuzlu mənbə kimi tanınıb, dünyanın aparıcı xəbər agentlikləri ilə əməkdaşlıq əlaqələrini genişləndirib. Agentliyin Dünya Xəbər Agentlikləri Konqresi, eləcə də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) kimi mötəbər qurumlarda fəal təmsil olunması məhz bu strateji yanaşmanın nəticəsidir.
Azərbaycan jurnalistikasına verdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, “Tərəqqi” medalı, “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri ilə təltif olunub, Həsən bəy Zərdabi, “Qızıl qələm”, “Ali Media” kimi nüfuzlu mükafatların laureatı olb. Media və informasiya sahəsinə həsr olunmuş bir sıra fundamental kitabların müəllifidir.
Uzun illər AZƏRTAC-a rəhbərlik etmiş, Azərbaycanın ən çətin və taleyüklü dövrlərində agentliyin fəaliyyətinə istiqamət vermiş təcrübəli media rəhbəri müsahibimizdir.
- Aslan müəllim, AZƏRTAC-da jurnalist fəaliyyətinizin başlanğıcı 1993-cü ilin iyununda yaşanan taleyüklü bir dövrə təsadüf edir. Nədənsə o illəri yada salmaq istədim və soruşmaq istərdim: həmin günlərdə baş verən hadisələr və dövrün gərginliyi yaddaşınızda necə qalıb?
– 1993-cü ilin iyun günləri Azərbaycan tarixinin ən taleyüklü mərhələlərindən idi. Mən AZƏRTAC-da işə təzəcə qəbul olunmuşdum. İyunun 10-da agentliyin rəhbərliyinin yanında keçirilən iclasda məlum oldu ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyev Bakıya gəlib və Elmlər Akademiyasında görüş keçirəcək. Qərara alındı ki, həmin görüşü işıqlandırmaq üçün fotomüxbir Oqtay Məmmədovla mən göndərilim. Açıq desəm, həm məsuliyyət, həm də həyəcan hissi yaşayırdım. Çünki hər kəs anlayırdı ki, həmin günlərdə Azərbaycanın taleyi həll olunur.
– Heydər Əliyevlə ilk görüşünüz necə baş verdi?
– İyunun 11-də Heydər Əliyev İsmailiyyə binasının qarşısında avtomobildən düşəndə mən artıq hiss edirdim ki, bu anlar sadəcə jurnalist fəaliyyəti deyil, tarixlə üz-üzə dayanmaqdır. Həmin gün ABŞ və Böyük Britaniyanın səfirləri ilə, sonra Elmlər Akademiyasının Rəyasət Heyəti ilə görüşlər oldu. Günün sonunda Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu ilə görüş üçün Türkiyə səfirliyinə yollandı. Məhz orada foyedə jurnalistlərlə qısa söhbət zamanı Heydər Əliyev məndən soruşdu: “Sən hansı təşkilatdansan?” AZƏRTAC-ın əməkdaşı olduğumu bildirdikdə, yazdıqlarımla maraqlandı və “Göstər görüm nə yazmısan” dedi. Həyəcanla bloknotumu ona uzatdım. İlk xəbərimin başlığı belə idi: “Görkəmli dövlət xadimi Heydər Əliyev ABŞ və Böyük Britaniyanın səfirləri ilə görüş keçirib”. Bloknotumu alıb baxdı. Birinci informasiyanın sərlövhəsini oxuyub gülümsədi və dedi: “Elə bilirsən sənin rəhbərlərin bu xəbəri buraxacaqlar?” Bu, media reallığını çox dərindən bilən bir liderin mesajı idi.
– Bildiyim qədər həmin dövrdə Heydər Əliyevin ölkə daxilində və xaricdə keçirdiyi görüşləri yaxından izləmək və işıqlandırmaq Sizə həvalə olundu...
– Bəli, həmin gündən sonra, təxminən on il ərzində ulu öndər Heydər Əliyevin ölkə daxilində keçirdiyi rəsmi görüşlərin, iclasların, qəbul mərasimlərinin, eləcə də xarici səfərlərinin böyük hissəsinin informasiya təminatı mənə həvalə olundu. Bu, jurnalist üçün həm böyük etimad, həm də son dərəcə ciddi məsuliyyət idi. Mən bu proseslərin mərkəzində olmaqla təkcə xəbər yazmır, eyni zamanda dövlət idarəçiliyinin, diplomatiyanın və siyasi qərarların necə formalaşdığını canlı müşahidə edirdim.
Xüsusilə Heydər Əliyevin dünyanın ən nüfuzlu dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə bəzən iki-üç saat davam edən görüşlərində iştirak etmək mənim üçün əvəzsiz təcrübə idi. Həmin görüşlərdə irəli sürülən arqumentlər, aparılan müzakirələrin məntiqi, siyasi düşüncənin dərinliyi jurnalist baxışımı köklü şəkildə dəyişdi. Bu illər ərzində mən yalnız peşə vərdişləri qazanmırdım, həm də strateji düşünməyi, hadisələrə geniş kontekstdən yanaşmağı öyrənirdim. Elə buna görə də o dövrü mən özüm üçün xüsusi bir məktəb, bənzəri olmayan bir təcrübə mərhələsi hesab edirəm və bunu simvolik olaraq “Heydər Əliyev universiteti” adlandırıram.
– Ulu öndərin media və informasiya siyasəti ilə bağlı Sizə verdiyi ən önəmli tapşırıqları necə xatırlayırsınız?
- Heydər Əliyevin AZƏRTAC qarşısında müəyyənləşdirdiyi əsas vəzifə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv, dəqiq və operativ şəkildə çatdırılması idi. O, informasiyanın müasir dövrdə sadəcə xəbər yox, dövlətin siyasi, diplomatik və ideoloji güc alətlərindən biri olduğunu çox yaxşı bilirdi. Məhz buna görə də Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, Azərbaycan qlobal informasiya məkanında kənarda qalmamalı, beynəlxalq media sistemində öz layiqli yerini tutmalıdır.
Bu yanaşma təkcə prinsipial mövqe deyildi, eyni zamanda konkret strateji hədəflərlə müşayiət olunurdu. Bir söhbətimiz zamanı Heydər Əliyev açıq şəkildə bildirdi ki, AZƏRTAC beynəlxalq informasiya platformalarına inteqrasiya etməli, aparıcı xəbər agentlikləri ilə bir sırada dayanmalıdır. Xüsusilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına – OANA-ya üzvlüyün vacibliyini vurğuladı. O dövrdə ölkədə bu təşkilat haqqında məlumatlı insanlar barmaqla sayılacaq qədər idi. Lakin Heydər Əliyev qlobal informasiya axınlarının gələcək istiqamətlərini qabaqcadan görür, OANA-nın yalnız regional deyil, beynəlxalq informasiya siyasətində mühüm rol oynayacağını dəqiq qiymətləndirirdi.
Ulu öndər hesab edirdi ki, AZƏRTAC bu kimi platformalarda təmsil olunmaqla təkcə xəbər mübadiləsində iştirak etməyəcək, eyni zamanda Azərbaycanın mövqeyini, maraqlarını və reallıqlarını birbaşa dünya auditoriyasına çatdırmaq imkanı qazanacaq. Bu baxış sonradan özünü tam doğrultdu. AZƏRTAC-ın beynəlxalq təşkilatlara üzvlüyü və fəal fəaliyyəti agentliyi regional çərçivədən çıxararaq qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevirdi. Heydər Əliyevin uzaqgörən informasiya siyasəti bu gün də AZƏRTAC-ın fəaliyyətində əsas yol xəritəsi kimi qalmaqdadır.
– Bu baxışların nəticəsi sonradan reallaşdımı?
– 2004-cü ildə AZƏRTAC OANA-ya üzv oldu, 12 il sonra isə bu təşkilata rəhbərlik etdik. 2016-cı ildə isə Bakı eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresinə və OANA-nın XVI Baş Assambleyasına ev sahibliyi etdi. AZƏRTAC hər iki qurumun rəhbəri seçildi. Bu hadisə təkcə agentliyin deyil, bütövlükdə Azərbaycanın informasiya tarixində dönüş nöqtəsi oldu.
– Beləliklə, AZƏRTAC uzun illər beynəlxalq media qurumlarında Azərbaycanın səsi oldu. Bu məsuliyyəti necə dəyərləndirirsiniz?
– Beynəlxalq media məkanında Azərbaycanı təmsil etmək təkcə peşəkar fəaliyyət deyil, eyni zamanda böyük siyasi və mənəvi məsuliyyətdir. Bu müstəvidə atılan hər addım, deyilən hər söz, yayımlanan hər informasiya ölkənin imicinə, onun dünya ictimaiyyətində necə qəbul olunmasına birbaşa təsir göstərir. Reuters, Associated Press, Agence France-Presse, TASS, Yonhap kimi qlobal informasiya nəhəngləri ilə eyni platformada, eyni masada təmsil olunmaq yüksək jurnalist peşəkarlığı ilə yanaşı, güclü dövlətçilik düşüncəsi və milli maraqları dərindən dərk etməyi tələb edir.
Belə bir mühitdə emosiyalara və ya birtərəfli yanaşmalara yer yoxdur. Əsas prinsip hər zaman faktlara söykənən, dəqiq və məsuliyyətli informasiya təqdim etməkdir. Biz çalışmışıq ki, Azərbaycanla bağlı xəbərlər yalnız mövqe xarakterli deyil, beynəlxalq jurnalistika standartlarına cavab verən, mənbələrə əsaslanan və inandırıcı arqumentlərlə zəngin olsun. Çünki qlobal informasiya məkanında etibarlılıq ən böyük kapitaldır və bu etibarı qazanmaq illərin ardıcıl, prinsipial və peşəkar əməyini tələb edir.
Eyni zamanda, beynəlxalq media müstəvisində iştirak ölkənin informasiya təhlükəsizliyinin də ayrılmaz hissəsidir. Azərbaycan həqiqətlərinin, xüsusilə mürəkkəb geosiyasi proseslər fonunda, təhrif olunmadan dünya auditoriyasına çatdırılması strateji əhəmiyyət daşıyır. Bu baxımdan məqsədimiz yalnız xəbəri yaymaq deyil, həm də ölkəmiz haqqında obyektiv təsəvvür formalaşdırmaq, Azərbaycanın səsini qlobal informasiya axınında eşidilən və qəbul olunan səsə çevirmək olub. Bu yanaşma həm AZƏRTAC-ın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, həm də Azərbaycan mediasının dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmasına xidmət edib.
– Cümhuriyyətin yadigarı olan AZƏRTAC-ın tarixi ilə bağlı ən mühüm tədqiqatların müəlliflərindən biri kimi tanınırsınız. Bu istiqamətdə araşdırmalara başlamağınıza nə səbəb oldu?
– Açığı, Azərbaycan mətbuat tarixinin son dərəcə mühüm bir mərhələsini özündə birləşdirən AZƏRTAC və onun zəngin keçmişi haqqında məlumatların azlığı məni həmişə düşündürürdü. Bu agentlik Cümhuriyyət dövrünün canlı yadigarıdır, lakin uzun illər onun tarixi ya fraqmentar şəkildə təqdim olunmuş, ya da ümumiyyətlə diqqətdən kənarda qalmışdı. Eyni zamanda yaxşı bilirdim ki, informasiyanın dövlət idarəçiliyində və beynəlxalq münasibətlərdə roluna hər zaman xüsusi önəm verən ulu öndər Heydər Əliyev hələ sovet hakimiyyəti illərində AZƏRTAC-ın maddi-texniki bazasının və peşəkar kadr potensialının möhkəmləndirilməsini daim diqqətdə saxlayıb. Məhz həmin dövrdə AZƏRTAC sovet məkanında ən mükəmməl infrastruktura malik iki informasiya agentliyindən biri idi.
Bütün bu amillər məni bu mövzunu sistemli şəkildə araşdırmağa sövq etdi. Nəticədə AZƏRTAC-ın yaranma və inkişaf mərhələlərini əhatə edən, həm ölkə daxilində, həm də xarici mətbuatda dərc olunan yüzdən artıq məqalənin, eləcə də media və informasiya siyasətinə həsr olunmuş monoqrafiyaların müəllifi oldum. “Heydər Əliyev və AzərTAc”, “AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol”, “AzərTAc-90”, “Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri”, “Dövlət siyasətinin informasiya təminatı” kitabları da bu araşdırmaların məntiqi davamı kimi ortaya çıxdı.
Bundan əlavə, “İnformasiya yaradıcılığı: Standartlar və yeni yanaşmalar” əsərinin ali təhsil müəssisələri üçün dərslik kimi təsdiqlənməsi və Ankarada nəşr olunaraq gənc jurnalistlərə tövsiyə edilməsi mənim üçün xüsusilə dəyərli oldu. Hesab edirəm ki, AZƏRTAC-ın tarixinin yazılması təkcə bir media qurumunun deyil, bütövlükdə Azərbaycan dövlətçiliyinin informasiya salnaməsinin qorunmasına xidmət edir.
– İndi ömür yolunuza baxanda daha çox nə ilə fəxr edirsiniz?
– Mən 50 ilə yaxın Azərbaycan jurnalistikasında çalışmışam. Ən böyük fəxr hissim dövlətimə və peşəmə sədaqətlə xidmət etməyimdir. Əgər bu illər ərzində AZƏRTAC-ın dünya informasiya məkanında mövqeyi möhkəmlənibsə, gənc jurnalistlər üçün peşə məktəbi formalaşıbsa, deməli, əməyimiz hədər getməyib. Jurnalist üçün ən vacib keyfiyyət vicdan, məsuliyyət və dövlət maraqlarını anlamaqdır. Texnologiyalar dəyişir, formatlar yenilənir, amma peşə prinsipləri dəyişmir.
-Maraqlı müsahib oldunuz, çox sağ olun.
Müsahibəni hazırladı:
Namiq Qədimoğlu
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 16 Avqust 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















