Atamın telefon dəftəri İsfəndiyar Vahabzadə yazır
Icma.az, 525.az saytına istinadən bildirir.
İsfəndiyar VAHABZADƏ
Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür.
Anar
Telefonun ölməsi cismani ölümündən də betərdi. O öldü və hər şey bitdi, qurtardı, amma hər dəfə telefon dəftərini əlinə alanda həmin adamın adının üstündən xətt çəkilməsini görəndə dəhşətə gəlirsən. Çünki bu xətti sən özün çəkmisən. Çünki o, sənə daha lazım deyil. Və bilirsən ki, onun səsini bir daha eşitməyəcəksən. Nə sən ona zəng edəcəksən, nə də o sənə. Niyə? Çünki o, daha yoxdur bu dünyada, ölüb.
lll
Atam heç vaxt mobil telefonlardan istifadə etməzdi. Bilmirəm niyə? Bilmirəm nəyə görəsə mobil telefonlardan zəhləsi gedərdi. "Belə telefonlar əxlaqsız qadınlara oxşayır" deyərdi. Yoox, atam yeniliyin əleyhinə deyildi. Hətta əksinə. Amma bəzi yeniliklərin əleyhinə çıxardı: Əəə... Kişinin evində telefon olar. Yoxsa kişi hara gedirsə, haradan gəlirsə, kiminlə görüşürsə, nə söz danışırsa, özü bilər. Amma kişi harada olur-olsun, belə telefonlar adamı tapır. Lap belə yerin deşiyindən də tapır, çıxardır, dediyini deyir, sözünü də deyir, kişini öz işindən ayırır. Ev telefonlarında demək olar ki, məni soruşan olsa, evdə yoxam. Amma bu telefonlarda mümkün deyil. Onda gərək telefonu söndürəsən. Telefonu açanda isə qarşı tərəfə dərhal siqnal gedir. Onda gərək zəngələşəsən. Mobil telefonlar satqındır, istənilən an sahibini sata bilər. Ev telefonları isə evə sadiqdir, ondan söz almaq mümkün deyil. Nə isə... Belə sözlər deyərdi.
Evimizdə yaşıl rəngli, rəngi bozarmış, səhifələri didilmiş, vərəqləri saralmış bir telefon dəftəri var idi.
Deyirdim ki, ay ata, bu telefon dəftərini dəyişək, yaxşı deyil, ayıbdır.
- Əl vurma, mən buna öyrəşmişəm, bu, mənim telefon dəftərimdir - deyərdi.
Bilmirəm, Azərbaycanın başqa bölgələrində necədir, hər halda mən eşitməmişəm: Şəkidə isə hər kəsin öz ləqəbi var. Hamı öz ləqəbi ilə tanınır. Bizim bu telefon dəftərində hər kəs öz ləqəbi ilə yazılmışdı. Məsələn: Tülkü Kamal, Quşbala Hüseyn, Erməni Mirəli və s. Erməni Mirəli akademik Mirəli Seyidov idi - erməni dilini səlis bildiyindən hamı ona "Erməni Mirəli" deyərdi. O da bu ləqəbindən inciməzdi. Cücə Vaqif, Dovşan Əhmədiyyə, Kazım zdorovıy, Qaz Nuru, Yurist Zəkəriyyə. Zəkəriyyənin heç 8 snif təhsili də yox idi, amma qanunları, xüsusən də notarial qanunları əla bilirdi. Hər sənədə vurulan möhürü ən azı 10-15 dəfə böyüdücü şüşə ilə yoxlayar, heç kimə, heç nəyə inanmazdı. Cuhud Məmmədiyyə. Məmmədiyə əslən cuhud deyildi, sadəcə çox hiyləgər idi, onu aldatmaq mümkün deyildi. Hətta belə bir söz də deyirlər ki, Azərbaycanın hər bölgəsində, istənilən yerində yəhudilər yaşayır, bircə Şəkidən başqa. Niyə? Çünki yəhudilər deyirlər ki, Şəkidə baş çıxarmaq mümkün deyil, bunlar bizdən də bic, bizdən də hiyləgərdirlər...
Amma bu biclikdən nə atamda olub, nə də məndə. Bundan əlavə, çox biabırçı ləqəblər də var ki, onları demirəm. Amma onların heç biri öz ləqəblərindən inciyib-küsən deyildilər. Onların hər birinin adı bu telefon dəftərinə öz ləqəbləri ilə yazılmışdı. Bu telefon dəftəri atam üçün bir dünya idi.
Evimizə bir qız gələrdi. Deyək ki, atamın katibəsi kimi. Atam şeirlərini bu qıza diktə edərdi. O qız da bu yazıları kompüterdə yazar, sonra da elektron poçtla hansısa qəzetə, ya da hansısa nəşriyyata göndərərdi. Öz yazı xətti də əla idi. Bir gün ondan xahiş etdim ki, bu köhnə telefon dəftərinin üzünü təzə dəftərə köçürtsün. Təzə dəftəri almışdım. Qıza onu da demişdim ki, adlarının üstündən xətt çəkilənlərin, yəni dünyasını dəyişənlərin adlarını yazmasın.
İki gündən sonra qız hər iki telefon dəftərlərini mənə qaytardı.
Ay aman, yeni telefon dəftəri köhnəsindən xeyli nazik və kiçik idi. Lap belə deyək: nərmənazik. Dünyasını dəyişən dost-tanışların, qohum-əqrəbanı adları bu təzə telefon dəftərinə yazılmamışdı. Köhnə telefon dəftəri elə bil, köhnə kişilərə, yerli-yataqlı kişilərə oxşayırdı. Köhnə telefon dəftərinə baxdım: dəftər kədərli idi - müdrik, dünyagörmüş, dünyanın hər üzünə bələd, pərişan qoca bir kişiyə bənzəyirdi. Yeni telefon dəftəri isə bərli-bəzəkli... Nə deyim?!
Köhnə telefon dəftərində bütün dünyanın telefon nömrəsi var idi - Mirzə Xəzərdən Əhməd Şmideyə, Çingiz Aytmatovdan Yevgeni Yevtuşenkoya, Oljas Süleymenovdan Namik Kamal Zeybəkə qədər - daha haralardan haralara qədər. Düzdür, o zaman telefon zəngləri ATS vasitəsilə sifariş verilirdi, hər dəqiqəsi də od bahasına. Atam onlarla tez-tez əlaqə saxlayardı - gah onlar zəng edərdilər, gah da atam. Saatın, gecənin, gündüzün fərqi yox idi.
Yeni telefon dəftərini atama verəndə baxdı, əlinə aldı, sonra özümə qaytardı.
- Mənə o köhnə telefon dəftərini verin, oradakı adamlar bütöv bir dünya idilər.

- Ay ata, Məmməd Cəfər, Mirəli Seyidov, Məmməd Arif, Yaşar Qarayev, Əziz Mirəhmədov, Xudu Məmmədov, Məmmədhüseyn Təhmasib, Abbas Zamanov, Tofiq Kazımov, Rəsul Rza, Nəbi Xəzri, Məmməd Araz, Emin Sabitoğlu - onlar yoxdurlar bu dünyada. Sən də onlara zəng eləyən deyilsən ki. Niyə bunları saxlayırsan?
Yavaş səslə, bəlkə də pıçıltı ilə, bəlkə də gözləri dolmuş, qəhərli bir səslə:
- Qaytar mənim köhnə telefon dəftərimi. Bunu isə (təzə telefon dəftərini deyirdi) tullayın getsin. Bir də gözüm görməsin - dedi.
Qəribə adam idi. Yox, köhnə fikirli deyildi. Qətiyyən! Yeniliyin əleyhinə də deyildi. Əlbəttə, yox! Sadəcə dünənlərindən ayrılmaq istəmirdi. Köhnə telefon dəftəri onun dünənləri idi. Sabahlarına isə gümanı yox idi...
lll
Atamgildə oturmuşuq. Söhbət edirik. Amma nə barədə, bilmirəm. Səslər eşidilir, qırıq-qırıq, rabitəsiz sözlər danışır. Birdən atam:
- Ə, dur bir Süleymanı yığ. Əliyarlını deyirəm (professor Süleyman Əliyarlı). Yığ bir danışım onunla, dərdləşmək istəyirəm. Süleyman Əliyarlı bizim tarixi əla bilir. Mahmud da əla bilir, amma o, artıq dünyasını dəyişib (köhnə telefon dəftərində Mahmud İsmayılovun adının qarşısında "imperator" yazılmışdı).
Hmmm.... Ay ata, Süleyman Əliyarlı dünyasını dəyişib, yoxdur bu dünyada, səndən bir neçə il sonra dünyasını dəyişdi.
Atam kədərlə başını buladı. Bir qədər ötdü:
- Hə, onda dur bir Midhəti yığ (akademik Midhət Abbasovu deyirdi). Ondan bir söz soruşmalıyam.
Köhnə telefon dəftərində Midhət adının qarşısında "kişi adam, sonra isə akademik" yazılmışdı. Demək, kişilik akademik adından da qat-qat yüksəkdir, böyükdür.
- Ay ata, o da yoxdur bu dünyada.
Atamla kədərlə mənə baxırdı. Yenə bir qədər ötdü.
Danışırıq, söhbət edirik, amma nə barədə bilmirəm. Birdən atam:
- Yaxşı yadıma düşdü. Dur bir Kissinceri yığ. Atam Şirməmməd Hüseynova həmişə "Kissencer" deyərdi. Bu telefon dəftərində də elə beləcə də yazılmışdı - "Kissencer" (çünki telefon dəftərində başqa Şirməmmədlərin adları var idi deyə onu "Kissencer" yazarmışdı). Dünyada gedən bütün prosesləri, nəyin necə və nə zaman olacağını professor Şirməmməd Hüseynov əla bilirdi, ona görə də atam və dostları Şirməmməd Hüseynova "Kissencer" deyərdilər. Heç nə demədim. Sonra yavaş səslə:
- Ay ata, axı o da dünyasını dəyişib.
Atam mənə baxır, nəsə deyir, qəribə-qəribə adlar çəkir. Və birdən:
- Dur bir Gülhüseyni yığ (şair Gülhüseyn Hüseynğolunu deyirdi). Oğul mənim çox dostlarım olub. Gülhüseynlə mən lap cavanlığımdan tanışam. Dostluq etmişik. Hələ siz bu dünyada yox idiniz. Gülhüseyn qədər bütöv, sınmaz, əyilməz adam hələ görməmişəm. 48-49-cu illərdə həbs olunanda bütün əzablara, işgəncələrə dözüb, tab gətirib, amma mənim adımı verməyib. Nə o, nə də İsmixan (İsmixan Rəhimovu deyirdi). İsmixan yoxdur bu dünyada, bilirəm. Amma bu telefon dəftərində adı durur. Dur, dur bir Gülhüseyni yığ. Doğrudur, sonralar aramızda Gülhüseynlə bir qədər soyuqluq oldu, amma fərq etməz. Gülhüseyn elə Gülhüseyndir. Bütöv, sınmaz, əyilməz bir insandır.
- Ay ata, o da səndən sonra dünyasını dəyişdi, yoxdur bu dünyada.
Atam köks ötürür. Gözləri dolur:
- Ay oğul, çoxdandır səndən soruşmaq istəyirdim, amma sözün düzü, üzüm gəlmirdi. Ötən səfər mən sənə mane oldum. Bilmirəm niyə? Səni çox istəmişəm, dəli kimi istəmirəm. Amma həmişə də sənə qarşı... bilmirəm niyə. Nə oldu sənin akademikliyin, ay oğul. O vaxt, düzdür, sənin müxbir üzv seçilməyinə etiraz etmişdim, amma sonra başa düşdüm ki, səhv etmişəm. Yaxşı, daha olan olub, keçən keçib. Dur, dur, bir Mahmudu yığ (Akademiyanın Prezidenti Mahmud Kərimovu deyirdi). Onunla bir danışım.
- Ay ata, ehtiyac yoxdur. Həm də Mahmud Kərimov da yoxdur bu dünyada, o da dünyasını dəyişib.
- Ay oğul, o ki cavan idi. Ona nə oldu?
- Bilmirəm. Amma nəsə oldu.
Atam kədərlə mənə baxırdı. Bir siqaret yandırdı. Qırıq-qırıq, rabitəsiz səslə:
- Oğul, bu yaxınlarda Vaqifin bir şeirini oxudum. İnan ki, ağladım (Vaqif Səmədoğlunu deyirdi). "Sən mənim doğma anamsan, azadlıq. Mən sənin yad qapırlarda böyümüş balan". Ay aman, nə gözəl və kədərli təsvirdi. Dur, bir onu yığ sözümü deyim. İnan ki, bizim günümüzü bu misralar qədər təsvir edən olmayıb. Dur, bir onu yığ.
- Ata, nə deyim sənə? O da yoxdur bu dünyada, dəyişib dünyasını.
Atam kədərlə başını bulayır.
Yenə də nədənsə danışırıq. Heç nə başa düşmürəm. Birdən deyir ki:
- Yaxşı, bu dünyanın axırı nə olacaq? Aləm bir-birinə qarışıb. Bunu bilsə-bilsə Vəfa bilər. Atası rəhmətlik Mirzağa gözəl alim idi. Amma siyasət-zad bilməzdi (Vəfa Quluzadəni deyir). Dur, bir onu yığ. Bir az söhbət edək. Görək bu qarışıqlıq nə zaman bitəcək?
Heç nə demirəm. Susuram. Diqqətlə mənə baxır:
- Ay oğul, yoxsa o da....
- Hə, ay ata, o da.
Yenə də nədənsə danışırıq.
Atam birdən ayağa qalxır:
- İmamverdini görmək istəyirəm (İmamverdi Əbilovu deyirdi. Telefon dəftərində adı belə yazılmışdı - "İmamverdi nur kündəsi"). Sən məni lap kədərləndirdin. Ürəyim doludur. Əliyə denən maşını çıxarsın, gedirəm İmamverdigilə - Neftçalaya. Bu dünyada heç kəsə deyə bilmədiyimi o kişiyə deyirəm, ürəyimi boşaldıram.
Yavaş səslə:
- Ay ata, otur. İmamverdi Əbilov da yoxdur bu dünyada, o da dünyasını dəyişib. Əli də yoxdur (Əli atamın 43 il şəxsi sürücüsü olub).
Atam oturduğu yerə çökdü:
- Bəs mən bu qədər dərdi kiminlə bölüşüm? Gümanım bircə İmamverdiyə çatırdı. O da yoxdur.
Yenə sükut. Sakitlik. Atam yavaş səslə:
- Ay oğul, bu dərdlər məni boğur. Dünya elə bil ki, boşalıb. Sən lap məni kədərləndirdin.
- Ay ata, nə edim, sən soruşdun, mən də cavab verdim.
- Dur, bir Habili yığ, onunla söhbət edim, könlüm açılsın. Dur, dur, Habili yığ (Habil Əliyevi deyirdi). Darıxmışam onun məzəli söhbətlərindən ötrü.
Dinmədim. Atam yavaş səslə:
- Yoxsa o da?
- Hə, ay ata.
Bir qədər də ötdü. Atam yenə də nədənsə danışırdı.
- Dur, heç olmasa Elçini yığ. Onunla bir məsələni danışmaq istəyirəm. O ki cavandır. Cavan olmalıdır. Yəqin ki, sağdır.
- Yox, ay ata, Elçin də bu günlərdə dünyasını dəyişdi. 83 yaşında. Sənin yaşına qədər yaşadı. Sən də 83 yaşında dünyanı dəyişmişdin.
Hər ikimiz susuruq.
Birdən atamdan soruşuram:
- Sənin telefon dəftərində bir ad da var (qəsdən o adamın adını çəkmirəm. O adam da dünyasını dəyişib. Adının yanında "satqın" sözü yazılmışdı). Atam kədərlə gülümsədi:
- O məni 60-cı illərdə satmışdı. Sonralar mənə işi düşdü. Arvadı xəstə idi. Mən ona kömək elədim. Telefon nömrəsini o zaman götürdüm ki, işlərini həll edəndən sonra ona zəng eləyim deyim. Lazım olan dərmanları tapdım, arvadını xəstəxanaya düzəltdim. İndi neyləsin ki, Allah onu satqın yaradıb? Yaxşı, sən mənim işlərimə qarışma. Dur bir filankəsi yığ (O, filankəsin də adını qəsdən çəkmirəm). Heç olmasa onunla danışım.
- Ay, ata o sağdır. Amma... əqidəsi ölüb. Əqidəsini qəsdən öldürüb. Demək olar ki, yoxdur.
- A bala, o ki hər şeyi başa düşən adam idi, o niyə belə etsin? Mən onu əqidə adamı bilirdim.
- Nə isə.... Bəs filankəs? (onun da adını qəsdən çəkmirəm). Dur onu yığ. O ki...
- Ay ata, sən vaxtı ilə elə onu hey tərfləyərdin. Mən də səninlə mübahisə edirdim. O, sağdır. İstəyirsən onu yığım. Amma o özünü sənin yanında əqidəli adam kimi göstərirdi. Mən isə sənə deyirdim ki, o bu dünyaya əqidəsiz gəlib, əqidəsiz də gedəcək. O öz əqidəsini öldürməyib, çünki onun əqidəsi olmayıb. Əla aktyor olub. Milləti əla aldadıb, barmağına dolayıb. İstəyirsən onu yığım, danış onunla.
- Yox, yığma, istəmirəm.
- Yaxşı, yığmıram, ay ata. Bu dünya sən gördüyün dünya deyil, dünya çox dəyişib, ay ata.
- Ay oğul, bəs siz bu dünyada necə yaşayırsınız?
- Yaşayırıq da, birtəhər yaşayırıq.
- Ay oğul, görürəm dəyişməyən bir sənsən.
- Nə deyim, bəlkə də sən deyəndir.
Atam yavaş şəslə, pıçıltı ilə:
- Dəyişmə oğul, dəyişmə. Amanın günüdür, dəyişmə. Səni necə əkmişəmsə, elə də qal.
Gülür, əlini çiynimə qoyur:
- Möhkəm ol, ay oğul, - Sonra üzünü mətbəxə tərəf tutur. - Ay Dilarə, bir çay gətir. Boğazım lap qurudu.
Yenə də nədənsə danışırıq.
Bir qədər ötür:
- Ay, Dilarə çay nə oldu?
- Ay ata, o da... Ay ata, sən mənimlə o dünyadan danışırsan. Bu gün sənin 100 yaşındır, ay ata. Hamımız səni yad eləyirik. Səni yad eləyənlər sağ olsunlar.
lll
Atamın hüzr günlərində evi ələk-vələk elədim. O boz rəngli telefon dəftərini tapa bilmədim. O telefon dəftəri mənə çox lazım idi. Axı, o kimə lazım ola bilər? Ancaq mənə. Kimdən soruşdumsa, bilmədi. Fikrimdə tutmuşdum ki, atamdan mənə heç nə lazım deyil. Bəzi kitablar, telefon dəftəri və bir də saatı... İşim çətinə düşəndə o saata baxıram. Onun çıqqıltısını eşidəndə sakitləşirəm. Elə bilirəm, atam deyir: Sən heç nədən çəkinib ehtiyat edən oğullardan deyilsən. Heç vaxt qabağından yemə, oğul, mən də sənin yanındayam.


