100 ilin 16 ili İsfəndiyar Vahabzadə yazır
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsfəndiyar VAHABZADƏ
Mən 15 yaşımda, 20 yaşımda
Elə bilirdim ki, 40 qocalıqdır.
50-yə çatıram, vallah başımda
Uşaqlıq havası hələ qalıbdır.
B.Vahabzadə
Vallah, deyirəm ki, Allahın da qəribə işləri var. Elə bil ki, qəsdəndir. Mən heç bir zaman atamın yubileylərində iştirak etməmişəm, qismət olmayıb. 1975-ci il 50 illik yubileyində, avqust ayının 12-də Şəkidə idim. Atamın yubileyində iştirak etmək üçün Bakıdan gəlmişdim. Qəfil telefon zəng çaldı. Dedilər ki, avqustun 16-da təcili olaraq Moskvada olmalıyam (sənədlərim Moskvada idi, xaricə getməli idim). Nə qədər xahiş, nə qədər minnət etdimsə, - olarmı - bir gün gec gəlim - xeyr, nə danışırsınız, filankəs sizi qəbul edəcək, hökmən avqustun 16-da Moskvada olmalısınız. Atamı vaxtından əvvəl təbrik elədim, elə həmin gün Bakıya gəldim, oradan da Moskvaya uçdum. Avqustun 16-sı yubiley mənsiz oldu.
1985-ci il. Əfqanıstadayam. Avqust ayının əvvəlləri, - heç olmasa məni 3-4 günlük Bakıya getməyə icazə vermələrini xahiş etdim, icazə vermədilər. Atamın 60 illik yubileyidir. - Nə danışırsan? Burada olmalısan. Heç yana gedə bilməzsən. Əgər bizdən xəbərsiz bir yana gedib eləsən, tribunala verilərsən. Ömürlük karyeranı itirərsən. Yenə iştirak edə bilmədim. Telefonla təbrik etdim atamı.
1995-ci il. Atamın 70 illik yubileyi. Türkiyədəyəm. Heç cürə gələ bilmədim. Nə qədər çalışdımsa, mümkün olmadı.
2005-ci il. Atamın 80 illik yubileyi. Pakistandayam. Çox vacib görüşlər var idi. Bunların hamısını mən təşkil etməli idim. Hər şeyi özüm həll eləməliyəm. Əlacsız qaldım. Utana-utana atama zəng eləyib:
- Ata, 90 illik yubileyində istəyir iki dünya bir ola, hökmən gələcəyəm və iştirak edəcəyəm.
Atam da gülə-gülə:
- Ay oğul, işində ol. Nə yubiley filan. İşindən yayınma.
2009-cu il. Atam dünyasını dəyişdi.
Yubileylərində ola bilmədim, dəfnində oldum. Demək, mənim alnıma yubileylərdə iştirak etmək yox, dəfndə iştirak etmək yazılmışdır.
2015-ci il. Atamın 90 illik yubileyi idi. İki dünya bir olmadı. Öz yerində qaldı. Atam isə olmadı. Mən də gəlmədim. Atamdan sonra Bakıya gəlmək istəmədim. Atamdan sonra 12 il ərzində Bakıda cəmisi bir, ya iki dəfə oldum.
Bu il atamın 100 illik yubileyidir. Türkiyədə artıq silsilə tədbirlər başlayıb. Deməli, qismət belə imiş. Allah saxlamışdır ki, 100 illik yubileyində iştirak edim. Mən isə...
lll
Həə.... Ay ata, bu il sənin düz 100 yaşın tamam olur. Bitir yox, məhz tamam olur. 100 yaşın mübarək. Bizdən sonra bu dünyaya gələnlər 200 yaşını görsünlər, təbrik etsinlər.
1962-ci ilin may, ya da ki iyun ayı olardı. Birinci sinfi bitirib, ikinci sinfə keçmişdim. Və həmin il Şamaxıda M.Ə.Sabirin 100 illik yubileyi keçirilirdi. Atam məni də özü ilə Şamaxıya aparmışdı. Təzə maşın da almışdıq "Volqa M-21". Bu "Volqa" lap ilk buraxılışlardan idi. Kapotunun üstündə "maral". Südlü qəhvə rəngində olan bu maşın, bəlkə də mənim uşaqlıq illərimin ən böyük və ən ilk iftixar mənbəyi idi. Maşının nömrəsi də, indiyə qədər yadımdadır. 55-82 AU. Dumanlı şəkildə qırıq-qırıq epizodlarla yadıma gəlir ki, maşının arxa oturacağında oturub, elə yol boyu atama sual-sual ardınca yağdırırdım. - Ay ata, 100 yaş çoxdur? Ata, Sabirin 100 yaşı tamam olur? 100 yaş çoxdur, ay ata? Yubiley nə deməkdir? Bəs sənin 100 yaşın nə vaxt tamam olacaq, hə? İstəyərdin 100 yaşın tez tamam olsun? Atam da gülə-gülə:
- Özün yaşayarsan, özün də, görərsən.
lll
Həə... Mən yaşadım və gördüm. Çox şeyləri gördüm, çox şeyləri başa düşdüm. Gördüm ki, sən demə.... Eh, 100 yaş nədir ki, .... əslinə qalsa, heç nə. Yaşanılan hər gün, bir insan ömrü üçün 100 il nədir ki,... Amma yoox... Əgər lap düzünə qalarsa, 100 yaş çoxdur. Özü də lap çoxdur. Lap insanı bezdirənə qədər çoxdur. Həm də atam özü tez-tez deyərdi ki, 70 yaşdan artıq yaşanılan hər gün Allahın sənə verdiyi hədiyyədir. Hədiyyənin isə gərək qədrini biləsən.
Onda belə çıxır ki, 70 il hökmən, məcburən yaşamalısan ki, sonra da bu hədiyyəni alasan. Yox. O vaxtlar mən o fikirlərlə razı deyildim. Bunu ona elə öz sağlığında da deyirdim. O da deyərdi ki, - Ay bala, 70 yaşına qədər yaşa, sonra bu barədə öz övladlarınla mübahisə edərsən.
Nə deyim... Hə... Düz deyirmiş. İndi mən artıq demək olar ki, hədiyyələrlə yaşayıram. Əslinə baxsan, elə 50 yaş özü də, lap elə 70 yaş da, fərqi yoxdur. Hər neçə yaşın olursa olsun, lap elə doğulduğun gündən ta elə bu günə kimi, hər günümüz elə Allahın bizə verdiyi hədiyyəsi deyilmi? Əlbəttə, hədiyyəsidir.
Amma Allah bu hədiyyələri bəzən... Hm... Bəzən yox... Elə çox vaxt, elə böyük əzab və əziyyətlərlə, elə böyük zülmlərlə bizə verir ki. Sonra da onu bizə böyük bir zülmlə yedizdirir. Və biz də bu əzab-əziyyətli, müsibətli, məşəqqətli hədiyəni çox böyük çətinliklə, udquna-udquna, illər boyu yeyib qurtara bilmirik. Udub qurtarandan sonra da, uzun müddət boğazımızda yarası qalır. Amma bəzən də eh... bəzən də elə gözəl hədiyyələr verir ki, elə onu da gün ərzində tez yeyib qurtarırıq. Heç dadı damağımızda qalmağa belə vaxt da tapmır. Amma hər halda hədiyyə elə hədiyyədir. Hədiyyənin pisi-yaxşısı olmur. Əgər belə, bu cür hər şeyi saf-çürük eləsən, onda heç yaşamağına belə dəyməz. Hər halda, bu hədiyyələr ötürdüyümüz və yaşadığımız günlər vasitəsilə xatırlanır. Çünki xatırlanacaq şeylər çoxdur və var. Amma o xatirələr daha donub. Hərəkət eləmir.
lll
Hə... İndi nəvələrimə deyirəm. Ulu babanızın 100 yaşı tamam olur. Bax gələrsiniz ha... (nəvələrim xarici ölkədə yaşayırlar). Düz 100 yaşı tamam olur.
Uşaqlar da təəccüblə:
- Uy da, ay baba 100 il. 100 il çoxdur? Lap çoxdur? Bəs sənin 100 yaşın nə vaxt tamam olacaq?
Mən də gülə-gülə:
- Yaşayarsınız, özünüz də görərsiniz deyirəm.
İndi isə bir məsələni başa düşdüm ki, heç bir elmi-texniki tərəqqi, heç bir inkişaf insan ömrü qədər, yaş qədər heç kimdə bu qədər təəccüb doğurmur. Nə qədər dünya dəyişsə də belə, bu cür suallar deyilir, soruşulur. Və deyiləcək və soruşulacaq. Cavab isə yoxdur. 100 yaş çoxdur, yoxsa az. Bunu isə heç kim bilmir.
Atam şir bürcünün bitməsinə 6 gün qalmış dünyaya gəldi. Dolça bürcünün bitməsinə 8 gün qalmış isə, dünyasını dəyişdi. Düz 16 il bundan əvvəl (Mən bu bürclər məsələsinə o qədər də inanmıram. Amma indi sözdür də deyirlər). Və bu 16 ilin civarında o qədər mühüm hadisələr baş verdi ki... (İndi əgər bu hədiyyələr məsələsinə inansaq, demək, Allah atama 13 il, 5 ay, 24 gün hədiyyə vermişdir). İndi ay ata, sənsiz keçən bu 16 ili çək-çevir edəndə görürsən ki, bu illər ərzində o qədər mühüm hadisələr baş verib ki və bütün bu mühüm hadisələr bu 16 ilə necə sığışa bildi? Bu 16 ildə elə bil ki, dünya birdən-birə dəyişdi. Dünya həm boşaldı, həm də doldu. Qohum-qardaş, nəsil-əqraba, hamı bir-bir, iki-bir bu dünyanı tərk etməyə başladılar, dünyalarını dəyişdilər. Ay bala, bizə nə oldu? Kimin nəfsinə keçmişik? Gözə gəlmişik? Amma heç fikirləşmirdim ki, bir yandan boşalan bu dünyaya, o biri yandan da təzə qohum-qardaşlar əlavə olunur. Təzə nəsillər gəlir, qohum-qardaşlar təzələnir. Amma o boşluqlar dolurmu? O boşluqları təzə nəsillər doldura bilirmi? Təzə nəsil... Deyək ki... Həə.... Doldurur. Bizim üçünsə... Şəxsən mənim üçün yox. Çünki bizi, o dünyalarını dəyişən nəsillərlə çox maraqlı hadisələr bağlayır. Təzə nəsil isə o ötən hadisələri ancaq bizlərdən eşidirlər. Bəziləri onlar üçün maraqlı olur, bəziləri isə yox. Biz isə çalışırıq ki, bizim keçmişimizin hər günü onlar üçün maraqlı olsun. "Biz başqa cür edərdik, belə etmək yaramaz, olmaz, bizim dövrdə filan məsələ başqa cür olardı (Axı necə olurdu? Pis olurdu, yoxsa yaxşı olurdu?). Hə, bax onu isə heç özümüz də bilə bilmirik, heç vaxt da bilməyəcəyik. Biz bu cür belə yaşayırıq".
Bəs bizim bugünkü belə yaşayış tərzimizi atam görsə idi, görəsən, o, nə deyərdi? Çox şey eşitmək istəyərdim. Axı, o rəhmətlik bizim müəyyən yaşımızdan sonra heç bir işimizə müdaxilə etməzdi, qarışmazdı. Özünüz bilərsiniz, - deyərdi.
lll
O dünya bu dünya, cənnət və cəhənnəm. Mən belə ritorik suallara bəzən inanıram, bəzən də inanmıram. Bəzən də, ürəyimdə qalmış, atamdan soruşmadığım suallarım var ki (belə suallar çoxdur, lap çoxdur, özü də, gündən günə də artır). İndi heyifsilənirəm ki, axı niyə o vaxtlar bunların cavabını atamdam soruşmamışdım (Həm də hardan biləydim ki, zaman dəyişdikcə, nə və nə zaman, o və nələr necə olacaq). Və bilirəm ki, ürəyimdə qalan, hələ də öz aktuallığını itirməyən, bütün bu günü-gündən artan suallarımın cavabını heç vaxt da bilməyəcəyəm. O sualların cavabını bilməkdən ötrü özümü aldadıram ki, o dünyanın varlığına inanım. Və nə zamansa, o biri dünyaya gedərəmsə, hökmən bu sualların cavabını atamdan soruşum. Əlbəttə, bu soruşacağım sualların heç biri nə məişət mövzusunda, nə də ki, yaşayış barəsindədir. Nə atam məişət adamı olub, nə də mən məişət adamıyam. Yox.
Bəzən də gecələr, çox vaxt işlədiyim vaxt, otağımda oturub siqareti siqaretə calayıb, atamla söhbət edirəm. Qəribədir, çox qəribədir. Bunu mən kimə desəm, inanmaz. Bəzən onun səsini də eşidirəm. Söhbət qızışır. Söhbət öz məcrasından çıxıb, mübahisəyə də çevrilir.
- Oğul bəsdir, bəsdir dedim sənə...
- Axı niyə... Filan iş filan cür...
- Ona görə ki...
- Niyə axı, niyə ki?..
- Bəsdir dedim sənə. Sənin bilmədiyin şeylər çoxdur, bildiklərin də başına bəla olur.
- Əgər bəla olacaqdırsa, niyə bunları mənə deyirdin, izah edirdin, başa salırdın?
- Başa düş, səhv etmişəm. Sən isə öz övladına bunları öyrətmə. Heç vaxt demə. Qoy rahat yaşasınlar. Sən isə rahat yaşaya bilmirsən. Günah məndədir.
- Yox ata, sən heç bir günahı olmayan bir nursan.
Saatlarla çəkən bu mübahisələrdə, birdən atamın səsinə ayılıram. Başımı yazı masasının üstündən qaldırıb ətrafa baxıram. Otaq duman içindədir. Siqaret tüstüsündən göz-gözü görmür. Külqabı siqaret kötüyü ilə dolu idi. Bu siqaret kötükləri atamın dediyi kimi, "hədəfinə dəyməyən arzu-niyyət oxları idi". Təəccüblə öz-özümə - Bu qədər siqareti mən çəkmişəm? Yoox. Ola bilməz. Yəqin ki, atam çəkib. Həm də mən atamın yanında heç vaxt siqaret çəkməmişəm axı. Yenə də, mübahisəmiz yarımçıq qaldı, heç nə soruşa bilmədim. Atam çəkilib getdi.
Bəzən fikirləşirəm ki... İndi həyatdır da... Bir gün gələn, bir gün də gedir. "Gələn qalmaz, gedən gəlməz əcəb sirr" olan bu dünyadan, o dünyaya getsəm, necə olacaq? Mən lap belə milyon adamın içindən, atamı görən kimi tanıyaram, çünki o, 83 yaşında dünyasını dəyişəndə, saçları düm ağ, beli də bir qədər bükülmüş (əyilmiş yox, bükülüb-yığılmış), barmaqları şümşad, nurdan yaranmış bir kişi idi. Gözəl yatımlı səsi də var idi. O səs indi də qulağımdadır. O dünyada necə vardırsa, eləcə də qalacaq. Heç nə dəyişməyəcək. O dünyada daha yaşa dolmayacaqdır ki. O dünyada yaşamır axı (Hardan bilirsən ki? O biri dünyada həyat yoxdur, olmusan orda?). Və necə vardırsa, eləcə də qalacaq, dəyişməyəcək. Çünki deyilənlərə görə, o dünyada qocalmaq yoxdur, qocalan burda qocalır. O isə məni görsə, bəlkə də heç tanımadı da. Çünki atam dünyasını dəyişəndə mənim 54 yaşım var idi. Saçlarım ağ-qara idi. Çox ağarmamışdı. Belim də bükülməmişdi. Belim indi yəqin ki, bir qədər bükülüb. Üzüm qırışmamışdı, indi üzüm də qırışmağa başlayıb. Yəqin ki, əvvəl-əvvəl tanımayacaq məni. Mən də deyəcəyəm ki, mənəm də... Sənin oğlunam. Tanımadın? Bax... Saatını da göstərəcəm.
- Bax ay ata, sənin vaxtı ilə taxdığın saatdır da... Səndən sonra bunu düz... ildir ki mən taxıram. Bax, bu saat çıqqıldayanda elə bil sənin səsini də eşidirəm. Bu çıqqıltı elə bil sənin sağ tərəfində yerləşən ürəyinin döyüntüsüdür (Vəsiyyət etmişəm ki, məni bu saatla birgə dəfn etsinlər).
Həə... Həyatda olduğu kimi, bir qədər gözlərini qıyıb, sonra bəlkə məni tanıdı. Həmişə uzun müddət ayrılandan sonra, məni görəndə sevincdən gözləri dolardı. Qollarını açıb məni qucaqlayardı.
- Ay bala, de gəl çıx da...
Yəqin ki, yenə məni görən kimi gözləri dolacaq. Amma indi bilmirəm, bu, sevinc göz yaşlarıdır, yoxsa həsrətin göz yaşları. Yoxsa... Yəqin ki, daha deməyəcək - ay oğul, gəl çıx da. Sonra mənə diqqətlə baxıb deyəcək (bunun yuxusunu da dəfələrlə görmüşəm).
- Ay oğul, saçların, nə yaman ağarıb? Ay oğul, sən nə yaman dəyişmisən... Nə yaman yaşlaşmısan. Bəs sən nə tez gəldin buraya? Axı, sən orda hələ qala bilərdin. Axı hələ sənin vaxtın deyildir.
- Axı, nə mənası var ki... Ay ata. Axır-əvvəl gəlməli idim də. Bəlkə də ürəyimdə saxladığım o sualları ondan soruşacağam. Yox... Mənası yoxdur, hər şey qurtarıb. Həyat bitib axı. Ondan soruşub bildiklərimi (Axı... Kimə nə sübut edəcəm ki?). Həmişə olduğu kimi soruşmayacaq - İşin-gücün nətəhərdir, ay oğul? Çünki, mən artıq onun yanındayam. Burda isə nə iş var, nə də ki güc.
lll
Bir neçə il bundan əvvəl yaman bərk xəstələnmişdim. Lap belə çabalayırdım. Hərarətim lap 40-ı da ötmüşdü. Elə hey atamı çağırırdım, sayıqlıyırdım. Birdən burnuma armud qoxusu dəydi. Ötən yazılarımda da, elə həmişə deyirəm ki, atamdan armud qoxusu gəlirdi. Mənim armud qoxulu atam. Başımı qaldırdım. Hm... Vallah atamı gördüm. Billah atamı gördüm. Atam mənə armud gətirmişdi. Birdən çarpayımın böyründəki dolaba baxdı. Vaxtilə özünün taxdığı saatını gördü, gülümsədi. Əlini alnıma qoydu, sonra dedi ki, hələ yanıma gəlməyə tələsmə. Hələ sənin bəzi görüləsi işlərin qalıb, onları gör qurtar. Sən təbiətcə tərs və inadkar adamsan, işlərini görüb qurtarmayana qədər əl çəkən deyilsən. Bir də yuxuna gəlib bu barədə danışarıq. Birdən qəfil ayıldım. Gözümü açanda artıq hava işıqlaşmışdı. Çox təəccüblüdür, otaqdan armud qoxusu gəlirdi. Atam da yox idi. Hərarətim də keçmişdi. Çox təəccüblüdür...
lll
Hə... Yadımdandan çıxmışdı. Deyirlər axı, insan yaşadığı dünyaya bir neçə dəfə gəlir. Hər halda bu sözü bir neçə dəfə eşitmişəm, həm müxtəlif kitablardan oxumuşam, həm də bunu belə süjetli filmləri də görmüşəm. Bəlkə də, elə-belə insanların özlərinə təskinlik vermək üçün, uydurduqları, dedikləri sözdür də. İndi ay ata, belə bir şey əgər doğrudursa və mən də indi sənin yanında olsaydım, yaşadığın dünyaya səndən sonra gəldiyim kimi və əgər hər şey də növbə ilədirsə, demək, sən məndən əvvəl o köhnə vaxtilə yaşadığımız dünyaya qayıdacaqsan. Mən yenə də tək, sənsiz qalacağam. Çox xahiş edirəm, məni tək qoyma və məni də o köhnə dünyaya qayıdanda özünlə gətir. Və əgər mən sənsiz öz növbəmdə köhnə dünyamıza qayıtsam, nə sən məni tanıyacaqsan, nə də mən səni. Növbə çatan kimi, məni də özünlə gətirərsən. Dünya sənin gördüyün dünya deyil. Səndən sonra dünya çox dəyişib. Dünya çox çətin dünyadır. Dünya sən gördüyün dünya deyil.
"İnsanların yaşaması üçün ən təhlükəli olan yer dünyadır".
Eynşteyn
lll
Atam mənə həmişə deyərdi:
- Oğul, necəsən, nə cürsən, kimlərinsə xoşuna gəlirsən, kimlərinsə yox, xasiyyətin pisdir, ya yaxşıdır, bu, sənin öz işindir, özün bilərsən. Amma bir xasiyyətin xoşuma gəlir, alqışlayıram. Aciz adam deyilsən, heç kimin də qabağından qaçan oğullardan olmamısan. Həmişə öz sözünü demisən. Amma hamı ilə belə olma. Mən bu dünyada olmayandan sonra, öz səviyyəndə olmayanların cavabını vermə, onları sayma. Adamı öz səviyyəsində olmayanlar məhv edir.
- Yox, ay ata. Səndən sonra heç nəyə fikir vermirəm. Səviyyədə olanların da, olmayanların da, hamısının cavabını verirəm. Elə ona görə də dözmədim, yanına gəldim.
lll
Atamgilə gedirəm. Atamgil Hüsü Hacıyev küçəsində, o mənim həmişə müqəddəs bildiyim binada yaşayırlar. Həyətdəki tağdan birdən maşınımız çıxdı. Atam məni görüb əl elədi, dayandı.
- Ay oğul, hara gedirsən, otur bir yerdə gedək.

