Icma.az
close
up
RU
Avropa təhlükəsizliyini niyə Türkiyəyə etibar etmir?

Avropa təhlükəsizliyini niyə Türkiyəyə etibar etmir?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Ankarasız təhlükəsizlik arxitekturası mümkünsüzdür - Qərb reallığı qəbul etməlidir

Son illərdə Türkiyənin beynəlxalq müstəvidə qazandığı siyasi, iqtisadi və hərbi nüfuz onu təkcə regional deyil, qlobal təhlükəsizlik arxitekturasının mühüm oyunçusuna çevirib. Artıq rəsmi Ankara yalnız Yaxın və Orta Şərqdə deyil, bütövlükdə Avrasiya məkanında əsas geosiyasi güc mərkəzlərindən biri kimi qəbul olunur. Həm NATO-nun aparıcı üzvü, həm Qara dəniz regionunun sabitlik dayağı, həm də Cənubi Qafqazda Azərbaycanın strateji müttəfiqi kimi Ankara qlobal təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsi kimi çıxış edir. Türkiyə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan güclənərək beynəlxalq münasibətlər sistemində özünəməxsus çəkisini artırıb.

Lakin paradoks ondadır ki, NATO-nun ən böyük ordularından birinə sahib olan Türkiyə yenə də Avropa məkanı tərəfindən manipulyasiyaya uğradılır - maraqlıdır ki, Avropa İttifaqı (Aİ) bir tərəfdən qlobal güc iddiasında çıxış edir, digər tərəfdən öz təhlükəsizlik sistemini yeniləyərkən kontingentin ən böyük hərbi potensiallarından birinə malik Türkiyəni prosesdən kənarda saxlamağa çalışır.

Avropa Ankaranı niyə “gecikdirir”...

Belə ki, Avropa Komissiyası Türkiyənin SAFE (Security and Defence Fund for Europe) müdafiə təşəbbüsünə qoşulmaq üçün müraciəti ilə bağlı hələlik heç bir qərarın olmadığını bildirib. Bu barədə “Report”un Avropa bürosunun sualına cavab olaraq Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Toma Renye bildirib. O qeyd edib ki, Ankaranın mümkün iştirakı ilə bağlı hələlik heç bir danışıq aparılmır: “Danışıqlara başlamaq üçün Avropa Komissiyası əvvəlcə tövsiyə hazırlamalıdır. Bu tövsiyə Aİ Şurası tərəfindən nəzərdən keçirildikdən və mandat alındıqdan sonra danışıqlardan söhbət gedə bilər”.

Brifinqdə jurnalistlər Aİ-nin ən böyük iqtisadiyyatına malik olan, Ankara ilə müdafiə və sənaye sahəsində daha sıx əməkdaşlığın əsas tərəfdarı olan Almaniyanın təşəbbüsə açıq dəstəyi nəzərə alındıqda vəziyyətin çaşdırıcı olduğunu qeyd ediblər. Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Fridrix Merts Ankaraya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin SAFE-də iştirak perspektivlərini və digər müdafiə tərəfdaşlığı məsələlərini müzakirə edib. Mətbuatın xəbərlərinə görə, Berlin Avropanın cənub-şərq cinahında artan təhdidlər fonunda proqramın “Aİ xaricindəki etibarlı tərəfdaşları” əhatə etmək üçün genişləndirilməsinin tərəfdarıdır. “Türkiyə bizə aid olan bütün xarici siyasət və təhlükəsizlik məsələlərində olduqca vacib oyunçudur. Almanlar və avropalılar olaraq, (digər ölkələrlə) strateji tərəfdaşlığımızı dərinləşdirməliyik və Türkiyə bundan kənarda qala bilməz”, - Merts bildirib.

Öz növbəsində, Türkiyə lideri qeyd edib ki, Avropada təhlükəsizliyin dəyişən şərtləri fonunda müdafiə məhsullarının alınması ilə bağlı problemləri keçmişdə qoyub birgə layihələrə diqqət yetirmək lazımdır.

AK nümayəndəsi isə fikrini belə ifadə edib ki, “biz demirik ki, Türkiyə vacib tərəfdaş deyil və ya onun əhəmiyyətli müdafiə imkanları yoxdur. Lakin SAFE nisbətən yeni bir vasitədir və üzv dövlətlər yalnız bu yaxınlarda ilkin ayırmalar alıblar”. Avropa Komissiyasının yüksək vəzifəli rəsmisi “Report”a qeyri-rəsmi şərhində qeyd edib ki, məsələnin mürəkkəbliyi Aİ dövlətlərinin əsasən NATO çərçivəsində Ankara ilə tərəfdaşlıq etməsinə baxmayaraq, fərqli, hətta kardinal ziddiyyətli mövqeləri ilə bağlıdır.

“Almaniya Türkiyənin iştirakını qeyd-şərtsiz dəstəkləsə də, Fransa buna qarşıdır və bu, onu etibarsız müttəfiq hesab etdiyi və ya hərbi-sənaye potensialına inamsız olduğu üçün deyil. Məsələ ondadır ki, bu halda Fransa 150 milyard avroluq “pirojna”dan kiçik pay alacaq. Kipr və Yunanıstan Türkiyənin Rusiya ilə yaxın əlaqələri kimi digər arqumentlərə istinad edirlər. Lakin əsas arqumentin siyasi olduğu aydındır; onlar qonşularına kökündən qarşıdırlar”, - rəsmi qeyd edib.

Müstəqil siyasət: Avropanın qorxusu...

Qeyd edək ki, Avropanın Türkiyəyə qarşı “ehtiyatlı davranışı” ilk hal deyil - Aİ üzvlüyü ilə bağlı proses buna misaldır. “Köhnə qitə”nin birinci və ən mühüm “hürküsü” isə Ankaranın müstəqil siyasi xətt yürütməsidir. Türkiyə bu gün heç bir qlobal mərkəzin təlimatları ilə hərəkət etmir, öz milli maraqlarına əsaslanan çoxvektorlu siyasət yürüdür. Misal ortadadır: Rusiya-Ukrayna müharibəsi. Müharibə başladıqda Qərb ölkələri vahid cəbhə kimi Ukraynaya maliyyə və silah yardımı axıtdı, Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq etdi. Türkiyə isə fərqli yol seçdi. O, nə Ukraynanı silahla təmin etdi, nə də Rusiyanı müdafiə etdi. Ankara balanslı siyasət apararaq həm Kiyevlə, həm Moskva ilə diplomatik əlaqələri qorudu. Bu siyasətin nəticəsində Türkiyə müharibənin dayandırılması üçün yeganə real vasitəçiyə çevrildi. BMT-nin Baş katibi Antoniu Quterreşin “bu müharibəni dayandıra biləcək yeganə ölkə Türkiyədir” deməsi də təsadüfi deyildi.

Ankara Rusiya və Ukrayna arasında “Taxıl dəhlizi” sazişinin imzalanmasına nail olaraq milyonlarla ton ərzağın dünya bazarına çıxarılmasına şərait yaratdı. Bu, bir tərəfdən humanitar böhranın qarşısını aldı, digər tərəfdən Türkiyənin beynəlxalq diplomatiyada etibarlı tərəfdaş imicini daha da gücləndirdi.

Avropa isə bu prosesdə öz rolunu tam itirdi. Bu səbəbdən Brüssel anlayır ki, Türkiyə nə Brüsselin, nə də digər qütb və ya paytaxtların göstərişi ilə hərəkət etmir. Məhz bu müstəqillik Avropanı narahat edir. Çünki Avropa İttifaqı təhlükəsizlik sistemində “idarə olunan tərəfdaşlar” istəyir, amma Türkiyə belə deyil.

NATO və Avropa arasında gərginlik: Türkiyə faktoru gözardı edilə bilməz

Yuxarıda da qeyd olunduğu kimi, Türkiyənin bu sistemdə yer alması Avropada birmənalı qərar deyil - Avropanın “liderliyi” uğrunda mübarizə aparan Fransa yenə də özünün “ənənələrindən” əl çəkmir. Yeri gəlmişkən, məhz Fransanın nümunəsində hazırda Avropa ilə ABŞ arasında müəyyən siyasi və hərbi ziddiyyətlər açıq şəkildə müşahidə olunur. Bu ziddiyyətlərin mərkəzində NATO-nun maliyyələşdirilməsi və müdafiə məsuliyyəti məsələsi dayanır - qeyd edək ki, Almaniya NATO-nun maliyyələşdirilməsi mexanizmində ÜDM-in 5 faizi nisbəti öhdəliyini yerinə yetirir.

Bəli, ABŞ uzun illərdir Avropanı müdafiə xərclərinə kifayət qədər töhfə verməməkdə ittiham edir. Prezident Donald Tramp açıq şəkildə bəyan etmişdi ki, “Avropa öz təhlükəsizliyi üçün daha çox pul ödəməlidir”. Bu açıqlamalardan sonra “müstəqil Avropa ordusu” ideyası yenidən gündəmə gəldi.

Amma reallıq budur ki, Avropa bu ordunu Türkiyəsiz formalaşdıra bilməz. NATO daxilində ABŞ-dan sonra ən böyük orduya malik ölkə Türkiyədir. Hərbi qüvvələrinin sayı, texniki təchizatı, əməliyyat təcrübəsi və regiondakı təsir dairəsinə görə Türkiyə NATO-nun sütunlarından biridir. Buna baxmayaraq, Brüssel Türkiyənin Avropanın müdafiə sistemində aparıcı rol almasını istəmir. Səbəb sadədir: Türkiyə Qərbin siyasi kontrolunda deyil.

Son illərdə Türkiyə müdafiə sənayesində inqilabi sıçrayış edib. “Bayraktar TB2”, “Akıncı”, “Kızılelma”, “Anka”, “Altay” tankı, “Hisar” zenit sistemi, “Atmaca” raketi kimi texnologiyalar sayəsində Ankara xarici silah asılılığını minimuma endirib - qarşılığında dünyanın ən yeni nizamında ən böyük silah ixracatçılarından birinə çevrilməyi belə planlaşdırır. Türkiyənin dronları Qərbi Afrikadan Şərqi Avropayadək bir çox münaqişə zonalarında öz effektivliyini sübut edib. Avropa üçün bu, həm iqtisadi, həm də siyasi təhlükədir. Çünki Türkiyə bu uğurlarla Qərb silah sənayesinə alternativ yaradır. Avropa bu potensialın bir gün Aİ-nin daxili hərbi balansını dəyişə biləcəyindən ehtiyat edir.

Avropa yeni geosiyasi mərkəzdən çəkinir: Türk Dövlətləri Təşkilatı

Bu məsələdə paralel olaraq yeni nizamda Türkiyənin yeri mövzusu da əsaslı rol oynayır. Belə ki, Türkiyənin yaxından iştirakı ilə formalaşan və ildən-ilə güclənən Türk Dövlətləri Təşkilatı (TDT) qlobal geosiyasətdə yeni güc mərkəzi kimi tanınır. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkiyə arasında əməkdaşlıq formatı son illərdə təkcə mədəni deyil, həm də siyasi-iqtisadi və təhlükəsizlik istiqamətində strukturlaşdırılır. Son Qəbələ Zirvə görüşü TDT-nin konsolidasiya olunmuş şəkildə fəaliyyətini göstərdi. Müzakirələrdə ortaq təhlükəsizlik mexanizmlərinin, müdafiə əməkdaşlığının və nəqliyyat şəbəkələrinin koordinasiyasının gündəmə gəlməsi bu qurumu gələcəyin strateji alyansına çevirir. TDT coğrafi baxımdan Çinlə Avropa arasında yerləşən və enerji, logistika, ərzaq marşrutlarının təhlükəsizliyinə cavabdehlik daşıyan ölkələri birləşdirir. Zəngəzur dəhlizindən (TRİPP) keçməklə  “Orta Dəhliz” - yəni Çin-Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Türkiyə-Avropa marşrutu qlobal ticarətin yeni arteriyasıdır. Bu dəhlizin təhlükəsizliyində Türkiyə və Azərbaycan əsas rol oynayır. Bu vəziyyət Avropanın maraqları ilə üst-üstə düşmür. Çünki Avropa uzun illərdir enerji və logistika axınlarının nəzarətini öz əlində saxlamağa çalışırdı. İndi isə yeni ticarət xətti Avropadan kənarda - Türk coğrafiyasında formalaşır. Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi çəkini dəyişdirən faktordur. Məhz bu səbəbdən Brüssel TDT-nin güclənməsini yaxından izləyir, amma açıq dəstək göstərmir. Avropa anlayır ki, bu platforma yaxın gələcəkdə Avrasiya məkanında yeni təhlükəsizlik sisteminin əsasını qoya bilər - özü də Aİ-nin iştirakı olmadan.

Praqmatik dönüş - Berlindən Ankaraya...

Avropada Türkiyənin əhəmiyyətini dərk edən nadir ölkələrdən biri Almaniyadır. Berlin ənənəvi olaraq Türkiyəyə münasibətdə daha praqmatik və realist siyasət yürüdür. Kansler Mertzin Ankaraya səfəri, vurğuladığı məqamlar son illərdə bu münasibətlərin strateji səviyyəyə qaldırıldığını göstərir. Almaniya baş naziri ilə Türkiyə Prezidentinin görüşündə Rəcəb Tayyib Ərdoğan birgə müdafiə laiyhələrinə toxunaraq bildirmişdi ki, Avropada dəyişən təhlükəsizlik şəraiti nəzərə alınmaqla, müdafiə sənayesi məhsullarının tədarükündəki keçmiş çətinlikləri geridə qoyub birgə layihələrə diqqət yetirməliyik: “Almaniyanın bu sahədə son zamanlar atdığı müsbət addımları, məsələn, “Eurofighter” təyyarələrinin tədarükünü alqışlayırıq”.

Mertz isə Türkiyənin 20 ədəd Eruofighter almaq qərarından məmnunluğunu ifadə edib: “Biz Türkiyəni AB-də görmək istəyirik və istəyirik ki, bu yolda davam etsin. Kopenhagen meyarlarını şərt kimi qeyd etdik... Münasibətlərimizi inkişaf etdirməkdə qərarlıyıq”.

Bəlli olduğu kimi, illərdir Almaniya üçün miqrasiya böhranının idarə olunmasında da Türkiyə əvəzolunmaz tərəfdaşdır. Milyonlarla suriyalı və digər qaçqınlara Türkiyə ərazisində sığınacaq verilməsi Avropaya kütləvi axının qarşısını aldı. Ankara ilə Berlin arasında enerji və sənaye əməkdaşlığı da son illərdə genişlənib. Türkiyə Avropanın enerji şəbəkəsində tranzit mərkəzə çevrilir. TANAP və digər layihələr Avropanın enerji təhlükəsizliyində həlledici rola malikdir. Bu reallığı Almaniya anlayır, amma bütün Avropa miqyasında bu yanaşma hələ dominant deyil. Fransa və bəzi digər ölkələr Türkiyənin bu qədər güclənməsini “Avropanın liderliyinə təhdid” kimi görürlər.

Avropanın Türkiyəyə ehtiyacı var

Göründüyü kimi, artıq qlobal mühitdə təhlükəsizlik anlayışı köklü şəkildə dəyişib - bu, tək hərbi məsələlərdən ibarət deyil. Enerji, ərzaq, su, miqrasiya, ticarət və kommunikasiya təhlükəsizliyi kimi anlayışlar da bu sistemin ayrılmaz hissəsinə çevrilib. Türkiyə bu sahələrin hər birində beynəlxalq statuslu əsas oyunçulardan sayılır. Ankara həm NATO-nun regiondakı dayağı, həm Türk dünyasının lideri, həm də enerji və logistika mərkəzidir.

Avropa isə hələ də keçmişin siyasətini davam etdirir - yəni “öz daxilində birləş, kənarı nəzarətdə saxla”. Amma artıq “kənar” deyilən coğrafiya - Türkiyə, Azərbaycan, Orta Asiya - yeni mərkəzə çevrilib. Bu gün Avropa Türkiyəsiz nə enerji, nə diplomatiya, nə də təhlükəsizlik baxımından sabit ola bilər. Ankara nə Qərbin “forpostu”, nə də Şərqin “peyki”dir. Bu dövlət özünün müstəqil siyasi yolunu seçib - milli maraqlarına, iqtisadi gücünə və hərbi potensialına əsaslanan müstəqil xətt yürüdür. Avropa bunu qəbul etməsə də, reallıq dəyişməz qalır: Türkiyənin Avropaya ehtiyacı yoxdur, amma Avropanın Türkiyəyə var. Və bu reallığı görməmək Avropanı gələcəyin təhlükəsizlik arxitekturasında geri salacaq...

Pərviz SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri