Avropanın Rusiya əndişəsi
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Le Monde” nəşri Moskvanın Aİ-də seçkiləri hədəfə aldığını iddia edir
Avropada Rusiya “fobiya”sı getdikcə dərinləşir. Bir neçə il əvvəl söhbət hərbi təhdiddən, NATO-nun şərq cinahının müdafiəsindən və mümkün hücum ssenarilərindən gedirdisə, indi Moskvanın adı “Qoca qitə”nin siyasi proseslərində daha çox hallanmağa başlayıb. Xüsusilə də seçkilər yaxınlaşdıqca. Bəs, Rusiya qitənin siyasi seçimlərinə necə və nə qədər təsir göstərə bilər?
Fransanın “Le Monde” nəşri yazır ki, Avropa İttifaqında mühüm seçkilər yaxınlaşdıqca hökumətlər Rusiyanın müdaxiləsi ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə etməyə başlayıblar. Nəşrə görə, Fransadan Baltikyanı ölkələrə, Skandinaviyadan Almaniyaya qədər müxtəlif dövlətlər Rusiyanın yerli səviyyədə həyata keçirdiyi hücumlar və dezinformasiya kampaniyaları barədə xəbərdarlıq edir. “Le Monde” qeyd edir ki, Moskvanın apardığı müharibə sadəcə Ukrayna cəbhəsi ilə məhdudlaşmır, məqsəd, həm də Avropa demokratiyasını daxildən zəiflətməkdir: “Sabitliyi pozmağa yönəlmiş əməliyyatlarla bağlı açıqlamalar artıq adi vətəndaşların gündəlik həyatının bir hissəsinə çevrilib. Hökumətlər buna cavab olaraq yeni qanunlar qəbul edir, xüsusi xidmət və kəşfiyyat orqanlarını səfərbər edirlər. Lakin Aİ ölkələri təhlükə siqnalı versələr də, Rusiyadan koordinasiya olunan və bütün qitəni hədəf alan hücumlara qarşı hələ də ayrı-ayrılıqda mübarizə aparırlar”.
Avqustun 20-də Stokholmda keçirilən beynəlxalq konfransda Estoniyanın müdafiə naziri Hanno Pevkur tərəfdaşlarına xəbərdarlıq edərək bildirib: “İsveçdə tezliklə, sentyabrın 13-də seçkilər keçiriləcək. Ardınca oktyabrın 3-də Latviyada səsvermə olacaq. Bizdə isə seçkilər 2027-ci ilin martında baş tutacaq. Bu isə o deməkdir ki, Rusiya cəmiyyətlərimizə təsir göstərmək və gərginliyi artırmaq üçün yollar axtaracaq”.
Polşa XİN-in rəsmisi Henryka Mosçitska-Dendis isə qeyd edib: “Seçkilər etimadsızlıq yaratmaq və cəmiyyətlərimizin dayanıqlığını sınaqdan keçirmək istəyənlər üçün ideal fürsətdir. Biz ayıq-sayıq olmalı, bu cəhdlərin qarşısını almaq üçün tədbirlər görməliyik. Amma bunu birlikdə etdiyimiz halda uğur qazana bilərik”.
Bu yanaşma, əslində, Avropanın qorxusunun nədən ibarət olduğunu göstərir. Böyük təhlükə seçicinin öz seçiminə və həmin seçimin nəticəsinə inamını itirməsidir. Əgər vətəndaş seçkinin nəticəsini əvvəlcədən şübhə altına alırsa, hansı partiyanın qalib gəlməsindən asılı olmayaraq demokratik proses müəyyən mənada zərər görmüş olur. Avropanın müxtəlif ölkələrində artıq bunun fərqli nümunələri müşahidə olunur. İsveçdə seçkilər ərəfəsində saxta videolar və manipulyativ məzmunlar yayılır, Almaniyada siyasi xadimləri və dövlət institutlarını hədəfə alan kiberhücumlar qeydə alınır, Fransada prezidentliyə mümkün namizədlər haqqında süni intellektlə hazırlanmış saxta görüntülər və məlumatlar dövriyyəyə buraxılır. Latviyada isə ölkənin müstəqilliyinin legitimliyini şübhə altına alan fikirlər müşahidə edilir. Maraqlıdır ki, sözügedən kampaniyaların hər biri eyni formada aparılmır. Proses bəzən saxta xəbər, bəzən kiberhücum, bəzən isə sadəcə cəmiyyətdə mövcud olan narazılığın daha yüksək səslə ifadəsi ilə icra olunur. Üsullar dəyişsə də, siyasi və sosial parçalanmanı dərinləşdirmək dəyişməz hədəf kimi qalır.
“Le Monde”nin qeyd etdiyi kimi, Aİ ölkələri Rusiyanın hibrid təhdidlərinə qarşı hələ də ayrı-ayrılıqda mübarizə aparırlar. Halbuki Moskvanın həyata keçirdiyi və ya təşkil etdiyi iddia olunan dezinformasiya kampaniyaları, kiberhücumlar, siyasi manipulyasiyalar və cəmiyyətdə parçalanma yaratmağa yönəlik fəaliyyətlər ayrı-ayrı ölkələrin sərhədləri ilə məhdudlaşmır. Ona görə də bir ölkədə tətbiq olunan müdaxilə mexanizmi digər ölkədə də sınaqdan keçirilə bilər. Bu səbəbdən təhlükənin xarakteri Avropadan daha koordinasiyalı cavab tələb edir. Ayrı-ayrı dövlətlərin öz imkanları hesabına mübarizə aparması əvəzinə, Aİ ölkələri kəşfiyyat məlumatlarını, texniki imkanlarını və təcrübələrini bir araya gətirməli, seçki proseslərinin qorunması, dezinformasiyanın qarşısının alınması və kibertəhlükəsizliyə qarşı mübarizədə güclərini birləşdirməlidirlər. Çünki Rusiyanın təsir cəhdləri bütövlükdə Avropanın demokratik sistemini hədəfə alırsa, ona qarşı ən effektiv müdafiə məhz vahid və koordinasiyalı Avropa mövqeyi ola bilər.
Oxucularımızda sual yarana bilər ki, Rusiyaya qarşı vahid cəbhə qurmaq niyə bu qədər çətindir? Qitənin sənaye nəhəngləri uzun müddət Moskvanın neft və qazına söykənərək öz iqtisadiyyatlarını daha ucuz, sabit enerji ilə təmin etdilər. Ancaq bu münasibətlərin görünməyən tərəfi də var idi. Daha dəqiq desək, Avropa Rusiyadan enerji alarkən, Moskva da Avropada təsir imkanları qazanırdı. Məhz burada Moskvanın mümkün təsir rıçaqları üzə çıxır. Rusiya üçün Avropanın vahid blok kimi deyil, fərqli maraqları və asılılıqları olan dövlətlər toplusu kimi qalması daha əlverişlidir. Çünki parçalanmış mövqelərlə razılaşmaq, onları bir-birindən fərqləndirmək və hər bir ölkənin zəif nöqtəsindən istifadə etmək daha asandır.
Deməli, qarşıdakı seçkilərdə mübarizə həm də həqiqətlə manipulyasiya, etimadla şübhə, demokratik rəqabətlə xarici təsir arasında gedəcək. Avropa üçün əsas sınaq isə müdaxilə cəhdlərini vaxtında aşkar etmək, onların cəmiyyət daxilində siyasi parçalanmaya çevrilməsinin qarşısını almaq olacaq. Əks halda seçki günü verilən səslər dəyişməsə belə, seçkinin yaratdığı siyasi nəticə və ona olan ictimai inam ciddi şəkildə zədələnə bilər.
Nəzrin ELDARQIZI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 Avqust 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















