Ay valideyn, bir başını qaldır, bir uşaq otağına keç!
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mətanət Məmmədova
Valideyni məsuliyyətsiz, diqqətsiz olan uşaqlara çox yazığım gəlir. Dəfələrlə söyləmişəm bunu. Təəssüf ki, bu pak, sevgiyə, diqqətə ehtiyacı olan, öz yolunu seçə bilməyən, nəzarətsiz qaldıqca həyat onun üçün müxtəlif təhlukə mənbəyinə çevrilən uşaqları Ulu Tanrı belə valideynlərə də verir. Və bu valideynlər həmin uşaqları öz məsuliyyətsizliyinin qurbanına çevirir. Mən belə uşaqları “Allah ümidinə buraxılmış uşaqlar” adlandırıram.
Allahsa sadəcə onları qoruyur, təhlükədən uzaq tutur. Lakin günboyu əllərindən düşməyən telefonu onlardan ala bilmir. Saatlarla əyləşdikləri kompüter qarşısından qaldıra bilmir. Vaxtaşırı oynadıqları mənbəyi bilinməyən oyunlardan uzaqlaşdıra, oyun zallarından ayaqlarını kəsə bilmir.
Bütün bunlar valideynin vəzifələridir. Valideyn olmadan düşünməyə ehtiyacı olan, bu böyük məsuliyyəti üzərinə götürə biləcəyinə qərar verən insanın vəzifələridir. Görünür, belələri sadəcə ailə quran, dünyaya gətirdiyi uşaq barədə əsla fikirləşməyən valideynlərdir ki, onların övladları hər gün rəqəmsal dünyanın qurbanına çevrilir, telefona zilləşən gözləri korlaşır, kompüter qarşısında əyləşməkdən onurğa sütunu donqarlaşır.
Valideyn isə öz işinin arxasındadır. Nə bir kərə başını qaldırıb uşağın nə işlə məşğul olduğuna baxır, ya da bir kərə uşaq otağına keçib “övladım burada nə işlə məşğuldur?”,-deyir. Müasir dövrdə sanki bir öhdəlikdir, uşaq dünyaya gəldi, danışmağa başladı, valideyn telefonunu uşağın əlinə verir, ağlayan uşaq telefonla sakitləşdirilir, yeməkdən imtina edən uşaq telefon hesabına qeyri-ixtiyari ağzını açır, bir qədər böyüdükdən sonra isə valideyn bir telefon alıb ona verir. Bu, sanki müasir dövrün valideynlik borcudur.
Uşaq məktəbə telefonla gedir, dərsi pozur. Sosial şəbəkələrdə gəzir, qarşısına çıxan bütün kontentləri görür. Burada müxtəlif çağırışlara da qoşulur. Bir də baxırsan ki, uşaq əldən gedib, valideynin isə bundan əsla xəbəri yoxdur. Çünki valideyn yerində olmayan valideyndir. Uşaq üçün nəyin normal, nəyin anormal olduğunu anlamayan, amma guya övladını əzizləyən valideyndir. Lakin bircə dəfə “əzizim əzizdir, tərbiyəm ondan da əzizdir” misalını xatırlamaq istəməyən valideyndir.
Belələri nə bircə dəfə başını qaldırıb ətrafı əsl valideyn gözü ilə seyr edir, nə də bircə dəfə uşaq otağından bütün evə yayılan vahiməli səsə doğru gedir. O vahiməli səs nədir, bilirsinizmi? Uşaqlarımıza proqramlaşdırılmış şəkildə təqdim edilən oyunlar, filmlərdir. O filmlər ki, kadrları vəhşət və dəhşət saçır, qan su yerinə axır, insan insanı baltalayır, qılıncdan keçirir, başını kəsir, daha nələr, nələr...
Mənim övladım nə ilə məşğuldur o otaqda, bunu aradabir fikirləşin, əziz valideynlər. Mənim uşağım saatlardır, oyun zalına yollanıb, bir zəng vurum, görüm, niyə gəlmir, başı nəyə qarışıb,- deyə fikirləşin, əziz valideynlər. Körpələrinizi telefonla yedirəndə, əllərinə telefon verib onları işıq şüalarına məruz qoyanda, səhv etdiyinizi bircə dəfə anlayın, əziz valideynlər.
Sabah övladınız təkliyə çəkiləndə, depressiyaya məruz qalanda, intihara can atanda, “bu uşaq niyə belə etdi”,- deyəcəksiniz. Bəli, heç düşünmədən belə deyəcəksiniz. Heç bircə dəfə də özününzü günahkar hesab etməyəcəksiniz. Bu günahı kənarda axtarmağa başlayacaqsınız: müəllimi suçlayacaq, sinif yoldaşlarından şübhələnəcək, dostları hədəfə alacaqsınız. Ey günahkar valideyn, bir özünə nəzər sal. Ətrafa təkcə baxma, həm də görməyə çalış.
Dünənki hadisə bütün belə valideynləri silkələməlidir. Onlarla “Roblox” kimi oyun platforması var. Hər biri, inanın, psixoloji vəziyyətə mənfi təsir göstərən zərərli məzmun və çağırışlarla doludur. Uşaqları nəzarətsiz qoymayın, onlar tez təsirə düşə bilirlər. Nə üçün məsuliyyətsizliyinizdən övladınızı itirəsiniz ki?..
Bizim dövlət bizi özümüzdən çox düşünür. Ötən aylarda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərə əsasən gələn ildən 16-18 yaş arası uşaqların sosial media və rəqəmsal platformalardan istifadəsi zamanı valideyn razılığı və nəzarəti mexanizmləri tətbiq olunacaq. Belə ki, 16-18 yaşlı yeniyetmələrin fərdi rəqəmsal hesablarında qanuni nümayəndələrin (valideynlərin) aktiv nəzarətini təmin edən funksionallıqlar yaradılır; sosial şəbəkələr və rəqəmsal platformalarda istifadəçilərin yaşını yoxlamaq üçün müvafiq texniki üsullar tətbiq edilir; "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunların tələblərinə, o cümlədən 16–18 yaşlıların hesablarına nəzarət və yaş məhdudiyyəti qaydalarına əməl etməyən platformalar üçün İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbirləri müəyyən edilir.
Uşaqlar dövlət üçün vətəndaş, ölkənin gələcəyidirsə, valideyn üçün uşaq bunlarla yanaşı, həm də onun canından bir parça, gözünün nurudur. Belə isə aradabir başınızı yuxarı qaldırın. Vaxt yoxdur, deyirsinz? Sosial şəbəkələrdə dostlarla, rəfiqələrlə söhbətlərdən, serial izləməkdən, çoxsaylı rəqəmsal qruplarda boş-boş müzakirələrdən vaxt kəsin, uşaqlarınıza ayırın. Onların sizə ehtiyacı var!
Baxış sayı:119
Bu xəbər 15 Sentyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















