Icma.az
close
up
RU
Aygül İsayeva Gürcüstanda ikidilli təhsildəki problemlərlə bağlı dövlət qurumlarına müraciət edib

Aygül İsayeva Gürcüstanda ikidilli təhsildəki problemlərlə bağlı dövlət qurumlarına müraciət edib

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva ikidilli (bilinqval) təhsil sistemindəki mövcud problemlər və həlli yolları ilə bağlı Gürcüstanın Baş Naziri İrakli Kobaxidzeyə, Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadzeyə, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə, Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclər Komitəsinin sədri Mariam Laşxiyə və Gürcüstanın Xalq Müdafiəçisi cənab Levan İoselianiyə müraciət ünvanlayıb.
Newscenter.az-ın xəbərinə görə, Soydas.az müraciəti olduğu kimi təqdim edir.
Müraciətdə deyilir:
“Müəllimlərlə son görüşdə onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi apardıq. Müzakirə edilən mövzulardan biri də ikidilli (bilinqval) təhsil sistemi ilə bağlı idi. İkidilli təhsil sistemi Gürcüstanda qeyri-gürcüdilli məktəblərdə 2006-cı ildən etibarən pilot layihə şəklində tətbiq olunmağa başlanıb. Təəssüf ki, 19 il ərzində bu sistemin effektsiz olduğu üzə çıxıb. 19 ildir qeyri-gürcülər (azərbaycanlılar və ermənilər) üzərində eksperiment aparılır, nəticə effektsiz olsa da, bu sistem hələ də zorla tətbiq edilməyə davam edir. 19 il ərzində çoxsaylı şagirdlərin keyfiyyətli təhsil alma hüquqları pozulub. Bu sistemin effektsiz olmasının ən başlıca səbəblərindən biri keyfiyyətsiz, qeyri-peşəkar kadrların tədris prosesinə cəlb edilməsidir. İkidilli təhsil sisteminin effektsiz olmasına təsir edən faktorlar bunlardır:
Universitetlərdə ikidilli kadrlar hazırlanmadığı üçün bu sahədə ciddi boşluq mövcuddur. Yeni sistemi tətbiq etməzdən əvvəl universitetlərdə ikidilli professor-müəllim heyəti formalaşdırılmalı və tədrisdə ikidilli dərsliklərdən istifadə olunmalıdır. İkidilli professorlar və dərsliklər olmadığı təqdirdə bu sistemi kadr hazırlığı olmadan məktəblərdə tətbiq etmək şagirdlərin keyfiyyətli təhsil almaq hüquqlarını pozmaq deməkdir.
Əgər ikidilli professorlar və müvafiq dərsliklər mövcud deyilsə, bu sistemi müəllim hazırlığı aparılmadan məktəblərdə tətbiq etmək şagirdlərin keyfiyyətli təhsil alma hüququnun pozulması deməkdir.
Müəllimlər Evi universiteti əvəz edə biləcək bir təhsil mərkəzi heç vaxt ola bilməz. 19 il ərzində Müəllimlər Evi tərəfindən bu sistemə cəlb olunan müəllimlər üçün aydın və vahid təlimat hazırlanmayıb. Müəllimlərin sözlərinə görə, Müəllimlər Evinin təlimçiləri bir gün bir təlimat verir, ertəsi gün isə tamamilə başqa göstərişlər təqdim edirlər. Bəs, 19 il ərzində ikidilli təhsil sistemində çalışan müəllimlər və ana dilində dərs deyən əsas müəllimlər üçün yazılı, dəqiq və aydın təlimat hazırlamaq mümkün deyildimi?
Sistemə qeyri-ixtisas fənn müəllimləri və bu sahə üzrə peşəkar hazırlığı olmayan şəxslər cəlb edilir. Gürcüstan Təhsil Nazirliyinin yanaşmasına görə, “ikidilli kadr” — məktəbi Azərbaycan dilində, universiteti isə gürcü dilində bitirmiş şəxs deməkdir. Bu isə tamamilə qeyri-peşəkar yanaşmadır. Universitet səviyyəsində ikidilli proqramlar hazırlanmadığı və ixtisaslı ikidilli kadrlar yetişdirilmədiyi halda, bu sistemi məktəblərdə tətbiq etmək Gürcüstanda yaşayan qeyri-gürcülərin təhsil hüquqlarının pozulması deməkdir.
Dərsliklərdə çox ciddi problemlər mövcuddur. 19 il ərzində normal bir dərslik hazırlanmayıb. Dərsliklərdə kifayət qədər tərcümə səhvləri var. II, III və IV siniflər üçün nəzərdə tutulan Riyaziyyat dərsliyinin, eləcə də V və VI siniflər üçün nəzərdə tutulan “Bizim Gürcüstan” dərsliyinin müəllifləri göstərilməyib. Müəllif əvəzinə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin “Məktəbəqədər və Ümumitəhsilin İnkişafı Departamentinin ekspert qrupu” qeyd olunub. Dərsliklərdə müəllifin adının göstərilməməsi heç bir beynəlxalq qaydaya uyğun deyil və qeyri-etikdir. Həmçinin, ikidilli təhsil sistemi üçün hazırlanan bütün dərsliklərdə mənbələr göstərilməyib. Dərslik hazırlanarkən mənbəyə istinad mütləqdir; mənbənin qeyd edilməməsi plagiarizmdir. Təhsil Nazirliyinin “ekspertləri” belə sadə etik qaydaları bilməli idilər.
V və VI siniflər üçün nəzərdə tutulan “Bizim Gürcüstan” dərsliyinin üzərində “ikidilli təhsil sistemi üçün resurs” yazılıb. Lakin dərslik əslində ikidilli deyil, yalnız bir dillidir. Dərslikdə Azərbaycan dilində bir cümlə belə yoxdur; bütün mətn tamamilə gürcü dilindədir.
İkidilli təhsil sistemində çalışan müəllimlər dərsliklərdə mövzuların çox sadə hazırlanmasından şikayət edirlər. Bu dərsliklərdə mövzular həddindən artıq sadələşdirilir, nəticədə şagirdlər 7-ci və daha yuxarı siniflərdə digər mövzuları öyrənməkdə çətinlik çəkirlər. İkidilli təhsil sistemində bir çox mövzular sadələşdirilmiş formada keçirildiyi üçün yuxarı sinif şagirdlərinin yeni mövzuları mənimsəməsi çətinləşir və bəzən mümkünsüz olur.
Teachersjobs.ge saytında ikidilli təhsil sistemi üçün vakansiyalar elan olunur. Vakansiyalarda müraciət edən şəxsin gürcü dilini bilməsi mütləq, Azərbaycan dilini bilməsi isə yalnız “arzuedilən” kimi göstərilir. “Arzuedilən” o deməkdir ki, vakansiyaya müraciət edən şəxslər Azərbaycan dilini bilməsələr də müraciət edə bilərlər. İkidilli sistem üçün ikidilli kadrların işə cəlb edilməsi mütləqdir. Təəssüf ki, bir sıra məktəblərə Azərbaycan dilini bilməyən gürcülər işə götürülür. Nəticədə 2-ci və 3-cü sinif şagirdləri bir çox sözlərin və terminlərin mənasını Azərbaycan dilində başa düşməkdə çətinlik çəkirlər. Şagirdlər gürcü dilini yaxşı bilmədikləri və bu dildə kifayət qədər söz bazasına sahib olmadıqları üçün onlara dərs deyən etnik gürcü müəllimin izahını başa düşməkdə çətinlik çəkirlər və nəticədə effektiv ünsiyyət qurmaq mümkün olmur. Bu vəziyyət şagirdlərdə stres yaradır. Həmçinin, etnik gürcülər də Azərbaycan dilini bilmədikləri üçün sözün mənasını, qrammatik qaydaları izah etməkdə çətinlik çəkirlər. Vakansiya elan edilərkən ərizəçinin hər iki dili — Azərbaycan dili və gürcü dili — yüksək, akademik səviyyədə bilməsi mütləq olaraq göstərilməlidir.
19 il ərzində şagirdlərin öyrənməsində ciddi problemlər yaşanıb. Şagirdlərin keyfiyyətli təhsil almaq hüquqları əsaslı şəkildə pozulub. Müəllimlərlə aparılan müzakirələr zamanı məlum olub ki, şagirdlər həddindən artıq yüklənirlər. Məsələn, 1-ci sinif şagirdi Azərbaycan dilini, gürcü dilini və ingilis dilini öyrənir. 5-ci sinifdə isə ikinci xarici dil öyrənməyə başlayır. Azyaşlı uşaqlar, doğma dilində, ana dilində sözün mənasını öyrənmədən, gürcü dilində riyaziyyat, təbiət, “Mən və Cəmiyyət” və incəsənət fənlərinə aid daha çətin mövzuları mənimsəməyə məcbur edilir. Görüşdə iştirak edən müəllimlər qeyd edirlər ki, tədrisin keyfiyyəti və öyrənmə prosesi o qədər effektsiz olur ki, şagirdlər növbəti il məktəbə gələndə gürcü dilində öyrəndiklərinin çoxunu xatırlamırlar.
İkidilli təhsil sisteminə cəlb edilən müəllimlərdən fənn üzrə sertifikasiya imtahanında iştirak etmək tələb olunmur. Bəlkə işə götürülən müəllim sertifikasiya imtahanından yalnız 10% belə bal toplaya bilməz? Sertifikasiya imtahanını verməyən müəllim nə üçün yeni sistemə cəlb edilməlidir? Nə vaxta qədər təhsil sisteminə keyfiyyətsiz kadrlar daxil olacaq?
İkidilli təhsil sisteminə cəlb edilən müəllimlərdən kimsə sertifikasiya imtahanını versə də, onun maaşında heç bir artım olmur. Niyə ikidilli təhsil sistemində dərs deyən müəllimlər sertifikasiya imtahanını verib-verməməsindən asılı olmayaraq stabil, eyni maaş alırlar? Təklif olunur ki, bu sistemdə çalışan müəllimlər üçün sertifikasiya imtahanını vermək 1 il ərzində məcburi olsun və bundan sonra həmin müəllimlərin maaşı “baş müəllim” statusunu alan müəllimlərin maaşı səviyyəsinə bərabər edilsin.
19 il ərzində bu sistemdə heç bir irəliləyişin olmaması, keyfiyyətsiz təhsil sistemi və şagirdlərin keyfiyyətli təhsil alma imkanlarının məhdud olması göstərir ki, sistemdə ciddi yeyinti və korrupsiya mövcuddur. Hadisələr onu göstərir ki, qeyri-gürcüdilli məktəblər müəyyən şəxslər üçün eksperiment sahəsi və pul qazanma vasitəsinə çevrilib. Təəssüf ki, hər il keyfiyyətsiz dərsliklərin çapına xeyli miqdarda vəsait xərclənir. Dövlət büdcəsi nəticəsi olmayan işlərə sərf olunur. 10 ilə yaxındır ki, “təcrübəçi müəllim” statusu olan, 60–70 yaş aralığında müəllimlər gürcü dili üzrə A1, A2 və B1 kurslarına cəlb edilir. Hamımız bilirik ki, bu yaşda yeni dil öyrənmək çox çətindir (sizin 65 yaşında atanız, ananınz və ya nənəniz, babanız bu yaşda Çin dilini öyrənə bilər?). İki həftə sonra həmin müəllimlərdən nə öyrəndiklərini soruşsanız, demək olar ki, heç nəyin yadlarında qalmadığını aşkar edəcəksiniz. O zaman sual olunur, dövlət büdcəsini niyə nəticəsi olmayan işlərə xərcləyirsiniz?
İkidilli təhsil sistemini tətbiq etmək üçün müəyyən şərtlər əvvəlcədən təmin edilməlidir. Sistemin tətbiqi zamanı aşağıdakı suallar araşdırılmalı və mövcud problemlər həll edilməlidir:
İkidilli təhsil sisteminin tətbiqi üçün ana dili və dövlət dilinin fənn olaraq yüksək səviyyədə tədris olunması ilkin şərtdir. Əgər Azərbaycan dili və gürcü dilinin fənn olaraq tədrisində problemlər mövcuddursa, bu zaman ikidilli təhsil sistemini tətbiq etmək məntiqsiz olar. Hər iki dilin tədrisində problem olduğu halda, sistemin tətbiqi təhsilin keyfiyyətinə və şagirdlərin öyrənmə səviyyəsinə mənfi təsir göstərəcək.
Azərbaycan dilinin vəziyyətini təhlil etdikdə bir sıra ciddi çatışmazlıqlar ortaya çıxır:
Orta məktəb təhsili olan 5 nəfər müəllim məktəblərdə Azərbaycan dilini tədris edir.
87 nəfər qeyri-ixtisas fənn müəllimləri Azərbaycan dilini tədris edir.
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanlarının nəticələri aşağıdır. 2022-ci ildə cəmi 239 müəllimdən yalnız 9 nəfər “baş müəllim” statusunu almışdır.
Azərbaycan dili üzrə dərs saatları azaldılıb. Bir çox məktəblərdə Azərbaycan dili həftədə 1 saat tədris olunur, həftədə 2 saat isə Azərbaycan ədəbiyyatı fənninə ayrılır.
2025-ci ildə keçirilən “Azərbaycan dili üzrə I Regional Olimpiada”nın nəticələrinə əsasən, 91 şagird 65 baldan aşağı, 3 şagird isə 65 və daha yüksək nəticə göstərmişdir. 94 şagirdin ədədi ortası 37,77 bal təşkil etmişdir.
2024-cü ildə Azərbaycan dili üzrə keçirilən testin nəticələrinə əsasən, 591 şagird 65 baldan aşağı, 18 şagird isə 65 və daha yüksək nəticə göstərmişdir. 609 şagirdin ədədi ortası 26 bal təşkil etmişdir.
PISA 2022 məlumatlarına əsasən, oxu məzmun xətti üzrə azərbaycandilli şagirdlərlə gürcüdilli şagirdlər arasında bal fərqi 80, azərbaycandilli şagirdlərlə rusdilli şagirdlər arasında isə 95 olmuşdur. Yəni azərbaycandilli şagirdlərin nəticələri gürcüdilli və rusdilli şagirdlərdən xeyli geri qalır.
20 ildir ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanırmır. 20 ildir ki, İlya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan dili və ədəbiyyat” kafedrası bağlanıb.
20 ildir ki, gürcü dilindən Azərbaycan dilinə tərcümə edilən dərsliklərdə Azərbaycan ədəbi dilinin normaları pozulur və ciddi tərcümə problemləri müşahidə edilir.
Yuxarıda qeyd olunanlar Azərbaycan dilinin tədrisi ilə bağlı ciddi problemlərin mövcud olduğunu göstərir. Əgər Azərbaycan dilinin tədrisində ciddi çatışmazlıqlar varsa, bu zaman ikidilli təhsil sistemini tətbiq etmək qətiyyən yolverilməzdir və nəticədə şagirdlərdə savadsızlıq yarana bilər.
Gürcü dilinin tədrisi ilə bağlı vəziyyəti analiz etdikdə aşağıdakı problemlər ortaya çıxır:
Azərbaycan dilindən fərqli olaraq, gürcü dili müəllimliyi üzrə xeyli sayda mütəxəssis mövcuddur. Bu mütəxəssislər həm azərbaycanlılar, həm də gürcülər arasındadır. İbtidai siniflərdə gürcü dilini etnik gürcülər tədris edir. Lakin gürcülər Azərbaycan dilini bilmədikləri üçün ibtidai sinif şagirdlərinə sözlərin mənasını izah etməkdə çətinlik çəkirlər. Nəticədə gürcü dilinin tədrisində müəyyən problemlər yaranır. Problemi həll etmək üçün ibtidai siniflərə gürcü dilini bilən azərbaycanlı müəllimlərin cəlb edilməsi məqsədəuyğundur. Azərbaycanlı müəllimlər sözləri daha düzgün izah edə, həmçinin Azərbaycan və gürcü dilinin qrammatikasını müqayisəli şəkildə şagirdlərə başa sala biləcəklər. Yuxarı siniflərdə isə, şagirdlərdə müəyyən söz bazası formalaşdıqdan sonra, etnik gürcülərin dərs deməsi daha uyğun olardı.
Göründüyü kimi, gürcü dilinin keyfiyyətli və düzgün tədrisində də ciddi problemlər mövcuddur. Bu problemlər həll edilmədən ikidilli təhsil sisteminin tətbiqi məntiqsizdir və şagirdlərin öyrənmə prosesinə ciddi maneçilik törədə bilər.
İkidilli təhsil sisteminin əvəzinə məktəblərdə tədris olunan “Azərbaycan dili və ədəbiyyatı” fənninin, eləcə də “Gürcü dili” fənninin tədrisi gücləndirilə bilər. Hər iki fənnin tədrisinin gücləndirilməsi, istənilən ikidilli təhsil sisteminin tətbiqindən daha effektli olar. Bununla yanaşı, dövlət büdcəsi də boş yerə xərclənməz və vəsait daha faydalı sahələrə sərf oluna bilər. Beləliklə, dövlət büdcəsini də boş yerə talan etməzsiniz və vəsait daha faydalı sahələrə sərf oluna bilər.
Azərbaycan və gürcü dillərinin tədris keyfiyyəti təkmilləşdikdən sonra növbəti addım olaraq universitetlərdə ikidilli proqramların hazırlanması mümkündür. Universitet səviyyəsində ikidilli kadrlar yetişdirilmədən məktəblərdə ikidilli təhsil sisteminin tətbiqi məntiqsiz və qətiyyən qəbuledilməzdir. Universitetlərdə məxsusi olaraq bu məqsəd üçün ikidilli proqramlar işlənib hazırlanmalı, proqramlara ikidilli professorlar cəlb edilməli və universitetlərdə ikidilli dərsliklər hazırlanmalıdır. Bütün bu şərtlər yerinə yetirilmədən məktəblərdə ikidilli sistemi tətbiq etmək, qeyri-gürcülərin təhsil hüquqlarının pozulması deməkdir.
Yeni sistemin tətbiqi üçün valideynlərin və müəllimlərin fikirlərini öncədən öyrənilməli və araşdırılmalıdır.
İkidilli təhsil sisteminin tətbiqi ilə bağlı mövcud problemlərin həlli üçün aşağıdakılar təklif olunur:
Hazırda məktəblərdə tətbiq olunan sistem tamamilə ləğv edilməlidir. İkidilli təhsil sisteminin adı reallığı əks etdirmədiyi üçün bu ad dəyişdirilməlidir. İkidilli kadrlar universitet səviyyəsində hazırlanmadığından, onların əvəzinə mentor və köməkçi müəllim terminləri tətbiq oluna bilər. Mentor əsas müəllim olacaq və dərsi Azərbaycan dilində izah edəcək. Köməkçi müəllim mentorun yanında bir neçə il təcrübə toplayacaq, lazım gəldikdə mentor müəllimi əvəz edə biləcək və dərsi Azərbaycan dilində izah edəcək. Köməkçi müəllim dərsin sonunda lazım gəldiyi təqdirdə 5–10 dəqiqə ərzində mövzular üzrə terminləri yalnız gürcü dilində (ancaq lüğət yazdırmaq) izah edə bilər. Köməkçi müəllimin işə qəbulu üçün həm Azərbaycan, həm də gürcü dili bilikləri mütləq olmalıdır. Bundan əlavə, köməkçi müəllim fənn üzrə mütəxəssis olmalıdır. Qeyri-ixtisas fənn müəllimlərinin sistemə cəlb edilməsi qəti şəkildə qadağan edilməlidir.
İkidilli təhsil sisteminin ləğv edilməsi və yeni terminlərdən (mentor və köməkçi müəllim) istifadə heç kəsin işdən çıxarılması anlamına gəlməməlidir. Hər kəs mövcud işində qalacaq və sistemə əlavə olaraq yeni azərbaycanlı müəllimlər cəlb ediləcək. Yeni müəllimlərin funksiyası əsasən təcrübə qazanmaq, şagirdlərə gürcü dilində bəzi terminləri öyrətmək (lükət) və aradabir əsas müəllimi əvəz etməkdən ibarət olacaq.
Hazırda ikidilli təhsil sistemində istifadə olunan bütün dərsliklər tamamilə ləğv edilməlidir. Bu dərsliklərin bir qismi müəllifləri bəlli olmayan Təhsil Nazirliyinin “ekspertləri” tərəfindən hazırlanıb. Həmçinin, sistemdə istifadə olunan bütün dərsliklərdə plagiarizm aşkarlanıb və mənbə göstərilməyib. Bəzi dərsliklər (məsələn, “Bizim Gürcüstan”, V və VI siniflər üçün nəzərdə tutulan) ikidilli deyil, yalnız gürcü dilindədir. Hər il belə keyfiyyətsiz dərsliklərin çap edilməsi dövlət büdcəsini talamaq deməkdir.
İkidilli təhsil sistemində çalışacaq şəxslərin (gələcəkdə “ikidilli kadr” yox, köməkçi müəllim adlandırılması daha düzgün olardı) işə qəbulu zamanı vakansiya elan edilən saytda ərizəçinin yalnız gürcü dili bilgisinin mütləq olması qeyd olunur. Bu prosedur dəyişdirilməli və ərizəçinin həm Azərbaycan, həm də gürcü dilini akademik səviyyədə bilməsi mütləq şərt kimi göstərilməlidir.
İkidilli təhsil sistemində çalışacaq şəxslər (gələcəkdə “ikidilli kadr” yox, köməkçi müəllim adlandırılması daha məqsədəuyğundur) üçün sertifikasiya imtahanında iştirak işə qəbul edildikdən 1 il sonra məcburi olmalıdır. Sertifikasiya imtahanını uğurla verən müəllimlərə baş müəllim statusu verilməli və maaşları həmin statusa uyğun olaraq artırılmalıdır. Sual yaranır: hansı qanuna əsasən bu müəllimlər aşağı maaş almağa məhkum edilmişdilər?
Azərbaycan dili və gürcü dilinin tədrisinin keyfiyyəti yüksəldilməlidir.
Dövlət büdcəsinin nəticəsi olmayan işlərə xərclənməsinin qarşısı alınmalıdır.
Cənab nazir Givi Mikanadze qeyd edir ki, dövlət qurumlarının apardığı araşdırmalara əsasən, qeyri-gürcü gənclər arasında gürcü dilini yüksək səviyyədə bilənlərin sayı 93%-dir. Əgər gənclər gürcü dilini bu qədər yüksək səviyyədə öyrənirlərsə, o zaman ikidilli təhsil sisteminə nə ehtiyac var?
Hazırda tətbiq olunan ikidilli təhsil sisteminin digər çatışmazlıqları aşağıdakılardır:
Əsas müəllim və ikidilli sistemdə çalışan müəllimlər arasında dərs bölgüsü aparmaq çətinlik yaradır. Nəticədə hər iki müəllim arasında konflikt meydana gəlir.
Dərsliklərin istifadəsi zamanı hər iki müəllim arasında konflikt yaranır; mövzular arasında uyğunsuzluq mövcuddur.
Uşaqlar çox yüklənir və öyrənmə prosesi effektli baş tutmur.
Hazırda tətbiq olunan sistem savadsızlığa yönəlmişdir.
Müəllimlər Evi tərəfindən 19 il ərzində müəllimlərə yazılı təlimat təqdim edilməyib.
Araşdırmaçı Şalva Tabatadzenin tədqiqatlarında Gürcüstanda ikidilli təhsil sisteminin “zəif” formasının tətbiq edilməsi dəfələrlə vurğulanıb. “Zəif” formanın əsas məqsədi ana dilində təhsili tədricən aradan qaldırmaq və yalnız dövlət dilində təhsilə üstünlük verməkdir. Bu isə assimilyasiya deməkdir və iki dilin öyrədilməsinə yönəlmiş siyasətdən xeyli uzaqdır.
Yuxarıda qeyd olunan problemlərin həllində göstərəcəyiniz dəstəyə görə əvvəlcədən təşəkkürümü bildirirəm.
Əlavə: Dəsrliklər və vakansiyanın elan edildiyi saytdakı tələblərlə bağlı məlumatları məktuba əlavə edirəm”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Noyabr 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see187

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see155

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see153

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see147

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see131

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri